İyul tətillərinə qarşı
Page 1 of 2
Tətillərə qarşı soyuqqanlılıqla hərəkət edən yerli hökumətin siması dəyişdi. Polis və neft sənayeçiləri öz arxasında silahlı çar qoşununu gördülər.
Qoşun yavaş-yavaş xırda yığıncaqları dağıtmağa başladı.
Polis yenə də həyasızlığa təkan verdi, küçələrdə ayrı-ayrı və xırda fəhlə dəstələrini döyməyə və qamçı zoruna dağıtmağa üz qoydu. Lakin tətil yenə də ruh yüksəkliyi ilə davam edirdi. Şəhər susuzdu. Su verən maşınlar dayanmışdı. Kazaklar su işçilərini qamçı və qılınc vasitəsilə işlətməyə başladılar.
Elektrik stansiyası çoxdan dayanmışdı. Burjuaziyanın böyük salonlarında gözü qamaşdıran işıqlar görünmürdü. Burjuaziyanın toplandığı və kef çəkdiyi klub, Kazino və Metropol otelinin salonları da qaranlıqda qalmışdı.
Elektrik stansiyalarını matroslar vasitəsilə işə saldılar. Konkanı işlətmək üçün küçə səfillərini topladılar. Hər konkada iki nəfər tüfəngli soldat oturdu. Dəmiryol ustaları Zakaspidən gətirilmiş bir tabur qoşun vasitəsilə işlədilirdi.
Hökumət dəmiryol fəhlələrinin qulluqdan çıxarılmasını elan edirsə də, haqq-hesabını almaq üçün ancaq 18 nəfər yazılır, çalışmaq istəyənləri yoldaşları döyür, jandarmlar isə «Rədd olsun çar jandarmları!» sədaları ilə qarşılanırlar.
Dəmiryol müdiri ilə danışmaq üçün üç min nəfərlik bir fəhlə dəstəsi yola düşdü. Onlar depoya çatıncaya qədər dörd-beş min nəfər oldular. Neft sahibkarları ilə də müzakirə başlandı. Balaxanı fəhlələrinin tələbnamələri hazırlanıb sahibkarlar sovetinə verildi.
Verilən tələblər qismən bir-birinə oxşayırdı. Neft sahibkarları bu tələbnamələri müzakirə edib dedilər: «Bu tətil deyildir. Bu fəhlələrin bir hissəsinin o biri hissəsinə təzyiq etməsidir».
Bununla da fəhlələrin tələblərini əsasən rədd etdilər. Neft sahibkarları və fabrik-zavod sahibləri Plevenin Peterburqdan göndərdiyi əmrə itaət etməkdə idilər:
«İşçilərə heç bir güzəştə gedilməsin!»
Bu əmr gəldikdən sonra liberal burjua çar polisinin qucağına atıldı.
İyulun 13-də hökumət şəhər və mədənlərin divarlarına belə bir elan yapışdırdı:
«Hər kəs iyulun 14-də səhər saat 6-da işə gəlməsə, qulluqdan çıxarılmış hesab ediləcəkdir. İşlər başlandıqdan sonra fəhlələrin ehtiyacı nədə olduğuna baxılıb mümkün olan qədər təmin ediləcəkdir».
Hökumət, bildirişi ilə fəhlələrə heç bir şey vermədiyinə baxmayaraq, şirkət müdirləri bu elanlarla da razılaşmadılar. Onlar özləri yığışıb başqa bir saziş düzəltmək istəyirdilər; sahibkarlar isə bunu qətiyyən rədd etdilər, bunun qorxulu olduğunu söylədilər. Buna görə də əvvəlcə xırdaca güzəştlərə getmək istəyən şirkətlər belə, «heç bir güzəştə getməməli!» şüarını meydana atdılar. Hökumətin və burjuaziyanın bu hərəkətinə qarşı fəhlələr həyəcana gəldilər, mədənlər yandırıldı. Fəhlələrin verdikləri tələblər o qədər zəruri tələblər idi ki, müəssisə sahibləri gec-tez onları qəbul etməli idilər.
Polis və qoşunun təzyiqinə baxmayaraq, qəhrəman və inadkar fəhlələr mədən dairəsindən çıxmadılar. Polis və qoşun mədənləri müdafiə etmək istəsə də, hökumətin əmrindən acığlanan fəhlələrin qarşısını almaq mümkün olmadı.
Məsələnin ciddi olduğunu, hökumətin «güzəştə getməmək» barəsindəki əmrinin qorxulu və yanlış olduğunu ən əvvəl Nobel şirkəti anladı və bir təmimnamə buraxdı.
«Nobel qardaşları şirkətinin müdiriyyəti tərəfindən:
Bütün qulluqçu və fəhlələrin nəzər-diqqətinə!
Nobel qardaşları şirkəti, özünün dörd yüz illik mövcudiyyəti ərzində zəhmət şəraiti və işçilərin halını yaxşılaşdırmaq üçün əlindən gələn tədbirləri görmüşdür. Müdiriyyət bunu da qeyd edə bilər ki, maaş təyin etmək və fəhlələrin halını yaxşılaşdırmaq işində Nobel şirkəti bütün neft şirkətlərindən irəlidə gedərək daim fəhlələri təmin etmişdir. Ümumi tədbirlərdən ötrü şirkət ayrı-ayrı fəhlələrin də ricalarını dinləyərək əməl eləmişdir.
Hal-hazırda fəhlələr öz ehtiyaclarını bildirmək üçün qanuna və müdiriyyət rəyinə müvafiq olmayan bir yol intixab etmələrinə baxmayaraq, onların tələbnamələrinə baxılmış və baxışın nəticəsi onlara bildirilir:
Bayramların sayı hökumət tərəfindən təsdiq edilən normaya qədər azaldılacaq və ya bayram günlərinin siyahısı elan ediləcəkdir.
Bayram axşamları iş bir saat tez qurtaracaqdır.
Maaşlar iş üstündə veriləcəkdir.
Ezamiyyətə göndərilən adamlara maaşa nisbətən gündəlik pulu veriləcəkdir.
Zavod və mədən emalatxanalarında bu qış xüsusi yerlər tikiləcəkdir; (burada fəhlələrin paltarları qoyulmaq üçün şkaflar, kub, əluzyuyan, yemək vaxtı emalatxanada qalan fəhlə üçün stol və stul qoyulacaqdır). Bu yerdə işə tez gəlmiş fəhlələrin iş zamanına qədər oturub gözləməsi də mümkün olacaqdır.
Fəhlələrdən daimi heyət təyin edilmişdir. Bunlara haqq-hesab dəftərçələri verilmişdir. Zavod və mədən emalatxanalarında çalışan şagirdlər fəhlə dərəcəsinə keçiriləcək, maaşları isə qabiliyyətlərinə görə təyin ediləcəkdir.
Fəhlələrin sığorta edilməsi, xəstəlik zamanı və şikəst olduğu vaxt müavinət edilməsi qanunu hökumət tərəfindən təsdiq edilmişdir.
Bu qanunu elan etmək üçün Neft Sahibkarları Şurası tərəfindən hazırlanmış kassa nizamnamələrinin təsdiqi gözlənilir. Bu nizamnamələr təsdiq olunduqdan sonra fəhlələrin xəstəxana və sığorta kassaları təxirsiz olaraq işə başlayacaqdır.
Səyyar doktorların və mamaların sayını artırmaq, xəstələri rahat faytonlarda aparmaq, kitabxana, qiraətxana, xalq evləri, poçta-teleqraf kontorları açmaq, məktəblərin sayını artırmaq məsələsinə gəlincə, bunlar hər bir neft sahibkarının ümumi işi olduğu üçün tədricən icra ediləcəkdir. Şirkət bu şərtlərin neft sahibkarları şurası tərəfindən təmin edilməsi üçün əlindən gələn tədbirləri görəcəyini vəd edir.
Fəhlələrin öz ehtiyaclarını qanuni bir surətdə bildirmələri üçün həmin il iyul ayının 10-da müəssisələrdə fəhlələr şurası təşkil etmək xüsusunda hökumət tərəfindən təsdiq edilmiş nizamnaməni öz zavod və mədənlərində tətbiq etmək üçün şirkət icazə almışdır.
Fəhlələr şurası seçmək üçün bütün fəhlələr dərəcələrə bölünəcək və öz aralarından nümayəndə seçəcəklər.
Bu nümayəndələr, fəhlələrlə şirkət arasında vasitəçi olaraq fəhlələrin yaşayış vəziyyətinə aid məsələləri aydınlaşdıracaqdır.
Şuranın seçilməsi cənab Bakı qubernatoru tərəfindən təsdiq edilmiş qanuna görə avqustun 25-dən sentyabrın 24-nə qədər olacaqdır. Oktyabrın birindən şura işə başlayacaqdır. Şura haqqındakı qanunlar fəhlələrə bildiriləcəkdir».
İyul tətilləri bitdi. Hökumət fəhlə sinfinin qazandığı müvəffəqiyyətləri jandarm qamçıları gücü ilə boğmağa müvəffəq olsa da, əsas qələbəni fəhlə sinfinin əlindən ala bilmədi.
O qələbə fəhlə sinfinin həmrəylik qələbəsindən ibarət idi. İyul tətilləri zamanı bu həmrəylik nəticəsində tətil hərəkatı o qədər genişləndi ki, tətil komitəsi hərəkatı idarə etməkdən aciz qaldı. Bu tətillərdə bir çox müəssisələrin fəhlələri ancaq başqa müəssisələrdəki yoldaşlarını müdafiə etmək üçün tətilə qoşuldular.
Bu tətilin qazandığı qələbələrdən birisi də ən geridə qalmış və təşkil olunmamış minlərlə yoxsul və küçə səfillərinin hərəkata qoşulmasından ibarət idi. Hamballar, küçə süpürənlər belə öz səsini fəhlələrin ümumi səsinə qarışdırdılar.
Çar hökuməti ümumi həmrəyliyi pozmaq məqsədilə dustaqxanaların sayını artırmağa, həmrəylik yaratmaq işində çalışan fəhlə rəhbərlərini tutmağa başladı.
Bakıda tutulan fəaliyyətli və dəyərli fəhlə rəhbərlərinin içərisində gənc Montin də var idi. Bakı jandarmeriyası Montini avqustun 11-də tutmuşdu.
Avqust ayında çar jandarmlarının terroru başlandı. Yalnız Bakıda deyil, bütün Zaqafqaziyada fəhlə rəhbərlərini tutmağa və sürgünə göndərməyə başladılar.
Avqust ayının 23-də Jenya şəhərdə idi. O, Tiflisdən gələn yoldaşlarla görüşdü. Oradan gətirilən xəbərlər Jenyanı son dərəcə mütəəssir etdi. Əsgəri, Vasyanı, Ayrapeti və başqalarını tapdı. Pavluşaya xəbər verilməsini də onlara tapşırdı.
Balaxanı — Sabunçu dairəsində Sergey Vasiliçin evinə toplanıb, Tiflisdən gətirilən xəbərləri oxumaq üçün sözləşdilər. Jenya da öz evlərinə getməyə məcbur idi. Sergey Vasiliçin xəstəliyi şiddətlənmişdi.
Axşama bir neçə saat qalmış hər birisi başqa yolla Sergey Vasiliçin evinə yığıldılar.
Məmməd də kənddən gəlmişdi. Sergey Vasiliçkilə üzüm, incir və çörək gətirmişdi.
Sergey Vasiliç ancaq bu gün Montinin tutulması xəbərini eşidib, Pavluşadan soruşdu:
– Tiflisdən nə xəbər var?
– Elə bir xəbər yoxdur.
– Ladonu buraxıblarmı?
– Xeyr, buraxmayıblar.
– Bəs Koba yoldaş haradadır?
– Onu da tutublar.
Sergey Vasiliç bir ah çəkərək dedi:
– Daha kiminiz qaldı ki?
Jenya ehtiyatlı bir surətdə dedi:
– Onlar dustaqxanada olsalar da, bizə rəhbərlik edəcəklər. Lakin zalım çar jandarmları Lado yoldaşa dustaqxananı da çox gördülər.
Jenyanın bu sözü yalnız Sergey Vasiliçi deyil, hamısını heyrətə saldı. Ayrapet soruşdu:
– Tiflisdən bir xəbərmi var?
Jenya:
– Bəli, var... Tiflisdən gələn qəmli bir məktub və onunla bərabər göndərilən oçerki sizə oxuyacağam.
Ayağa qalxdı və redikülündən bir kağız çıxarıb oxumağa başladı:
«1903-cü il, 17 avqust.
Günəş «Müqəddəs Ninanın» üzüm ağacından qayrılmış əsasını müdafiə etməkdə olan Siyon soborunun yüksək gülləsi üzərində durduğu, əski Tiflisin dar və əyri-üyrü küçələrinə baxdığı, yeraltı kanallara bənzəyən örtülü bazarları işıqlandırmaq istədiyi vaxt, onun parlaq və əlvan zərrələri insanın qəlbinə əvvəlki nəşələri verə bilmirdi.
Qanlar, qurbanlar verən tarixin bütün façiələrini qucağında kəzdirən, min beş yüz il müddətində bir çox feodalların əlinə keçən, Xəzər atlılarının dırnaq səsini dinləyən, Hunların dəhşətini zehnində yerləşdirən, Bezansın xaçları kölgəsində gələn silahlarına başını verən, İran şahlarının axınları qarşısında milli varlığını məzarlara kömən, monqolların mal quyruğundan qayrılmış qamçılarına qabırğalarını açan, ərəb komandanının 24 saatlıq ultimatumuna təslim olan, səlçuq türklərinin istila günlərini görən əski Tiflis heç bir zaman günəşi bu gün olduğu kimi heyrətli, həyəcanlı görməmişdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-iyul-tetillerine-qarsi
Use ← → keys to move, R for a random poem
More by this author
Nina heç gözləmədiyim bir zamanda Məcidi və Təhminə xanımı götürüb şam yeməyinə gəlmişdi.Bu gəliş səbəbsiz deyildi, daima fövqəladə və mühüm bir hadisə baş verdiyi zaman Nina məni başqa yerdə tapa bilmədiyindən evimə gələrdi.
Miss Hannanın məktubuMən Məhəmmədəlinin İrana gətirilməsi xəbərini lazımınca təhqiq etmək üçün miss Hannanın evinə getməyi qərara almışdım, bu barədə Amerikanın fikrini bilmək çox əhəmiyyətli idi.Mən içəri girdikdə miss Hannanın qulluqçusu Nəsir əlində bir məktub olaraq dışarı çıxırdı.
Böyük qazancBugünkü iclas Məşədi Kazım ağanın evində idi. Məhəmmədəlinin İrana gətirilməsi və bundan Tehranın xəbərdar olub-olmaması məsələsi müzakirə ediləcəkdi. İclasda yalnız Hacı Əli, Əmir Heşmət, Mirzə Əhməd, Məşədi Kazım ağa iştirak edəcəkdi.İkimiz oturub yoldaşları gözləyirdik. Mən əvvəlcə Məşədi Kazım ağaya amerikalıların fikrini bildirdim.
Miss Hanna Şərq haqqındaMiss Hannanın yanına gedərkən Məşədi Kazım ağaya təsadüf etdim. Bu axşamkı iclasa Hacı Əli, Mirzə Əhməd, Əmir Heşmətdən başqa kimsənin çağırılmamasını tövsiyə etdim.Amerikalı qadın Hannanın yatdığını xəbər verdi. Mən balkonda oturub Ninanın konsulxanadan gətirdiyi rus qəzetlərini oxumaqla məşğul oldum. Bir az sonra qulluqçu qadın miss Hannanın yuxudan qalxdığını və məni soruşduğunu söylədi.
Poems by other poets
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
BülbülBu sevda oddur müşkülBəhəqqi surəi-İncil
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,