Miss Hannanın yanına gedərkən Məşədi Kazım ağaya təsadüf etdim. Bu axşamkı iclasa Hacı Əli, Mirzə Əhməd, Əmir Heşmətdən başqa kimsənin çağırılmamasını tövsiyə etdim.

Amerikalı qadın Hannanın yatdığını xəbər verdi. Mən balkonda oturub Ninanın konsulxanadan gətirdiyi rus qəzetlərini oxumaqla məşğul oldum. Bir az sonra qulluqçu qadın miss Hannanın yuxudan qalxdığını və məni soruşduğunu söylədi.

Mən onun qəbul otağına girərkən o, tualet otağında idi. Beş dəqiqədən sonra çıxdı, gəlib əlimi sıxdı və:

– Danışdıqlarım yadımdadır, – dedi, – qızdırmanın nəticəsində deyil, şüurlu olaraq danışırdım. Hər şey yadımdadır. Sizin bir saat əvəzinə iki saat yarım yubandığınızı da bilirəm.

– Doğrudur, – dedim, – lakin tez gəlsəydim də, burada oturub gözləyəcəkdim, bununla da sənin qonaq haqqındakı qeydsizliyin meydana çıxacaq və səni məhcub buraxacaq idi.

Qız tərs-tərs üzümə baxıb:

– Yenə də qonaq kimi, hətta bir diplomat qonaq kimi danışırsız, – dedi.

– İndi özünüzü necə hiss edirsiz? – deyə söhbəti dəyişmək üçün soruşdum.

Hərarətim sönmüşdür, yüngül nəfəs alıram, buna baxmayaraq, həyatım həbsxana həyatıdır. Bir mənəm, bir də xidmətçi qadın. Bir nəfər də olsun, tanışım yoxdur, – deyə şikayətləndi.

Mən daha səmimi görünmək üçün ona «sən» deyə müraciət etdim:

– Səni öz yaşında, öz boyunda bir qızla tanış edəcəyəm, hazırlan, sabah axşam yeməyinə onlara gedəcəyik. Sən Şərqdə görmədiyin bir ailə ilə tanış olacaqsan. Təbrizdə yaşayırsan, lakin xam kərpicdən tikilmiş damların içərisini bilmirsən. Zatən xaricdən Təbrizə gələnlərin hamısı belədir, onlar Şərqi zahiri görünüşləri ilə mühakimə edirlər. Əfv edərsiniz, amerikalıların özü də Şərqi kitablardan oxuyur.

– Bunun səbəbi nədir? – deyə miss Hanna soruşdu.

– Çünki amerikalı və avropalılar Şərqə ancaq pul qazanmaq, müstəmləkə zəminələri hazırlamaq, torpaq, bazar əldə etmək üçün gəlirlər. Cahangirlər Şərqi müstəmləkə qayırmaq üçün onu vəhşi, mədəniyyət düşməni, ixtilalçı, tərbiyəsiz göstərməlidir; bu da onlara «mədəni avropalıları» və Şərqdə yaşayan «mədəni millətləri» müdafiə bəhanəsi ilə Şərqin işğal olunması imkanını verir. Hazırkı Təbrizin vəziyyəti də bunu sübut edir. Təbrizdə hansı avropalını öldürdülər?

– Heç kəsi! – deyə qız cavab verdi.

– Hansı rus təbəəsi və rus tacirini öldürdülər?

– Mən eşitmədim!

– Bəs ruslar Təbrizə nə bəhanə və nə haqq ilə girmişlər? Onlar aylardan bəri hökumət qoşunu ilə müharibə edib, öz inqilabı uğrunda ölməyə hazır olanların vətənini nə üçün işğal etmişlər? – deyə davam etdim. Çünki ruslara, ingilislərə Şərqdəki inqilab hərəkatı əl vermir. İnqilab başlıca olaraq bu iki hökumətin mənafeyinə zərbə vurur. Bunun üçün də ingilislər və ruslar «Təbrizdəki xaricilərin malı, canı təhlükə altındadır, – deyə «canavarlar vətəni» olan Təbrizi «xilas etmək üçün gəlmiş» və bütün Azərbaycanı çar xəfiyyələri ilə doldurmuşlar. Sən, Hanna, Şərqi kitablarda, kapitalist və cahangir dövlətlərə satılan «ədiblərin» əsərində oxumuşsan. Bu gün Şərqi yaxından görüb tanış olursan, Təbriz xalqının əxlaqı ilə hüdud xaricində gördüyün çar zabitlərinin əxlaqını müqayisə edib, Şərq xalqını vəhşi və mədəniyyətsiz hesab edənləri tənqid etməyə haqqımız vardırmı?

– Əlbəttə, vardır! – deyə qız cavab verdi.

– Şərq haqqında yazanlar cahangir dövlətlərdən aldıqları maaşın tələbi ilə yazırlar. Dünya kapitalizminin mənafeyi bunu tələb edir. Onu yeni bazarlar, torpaqlar, imtiyazlarla təmin etmək bütün kapitalist yazıçılarının iş planlarına daxildir.

Miss Hanna «doğrudur» – deyə sözlərimi təsdiq etsə də, gözlərinin laübalı bir tərzdə yol çəkməsindən tamamilə fikrimə zidd olduğunu hiss edirdim. Nəhayət, o:

– Madam ki, kapitalizmin inkişafı bunu tələb edir və haman yazıçılar, diplomatlar da bu tələbi ödəməyə çalışırlar, o zaman biz onları nə haqla tənqid edə bilərik? – Qız bunu dedikdən sonra mənə cavab verməyə imkan buraxmadan sözünə davam etdi, üzündə mənə qarşı bir töhmət hiss edilməkdə idi: – Heç şübhə yoxdur ki, rus sosial-demokratlarının təsiri altına düşmüşsən. Kapitalizmin inkişafı elə bir zərurətdir ki, ona yardım edənlər həmişə tərəqqipərvər iş görmüş olurlar. Marks proletar hakimiyyəti fikrini meydana atdığı zaman kapitalizm quruluşunun vəziyyəti, hətta dünyanın xəritəsi belə bugünkü şəklində deyildi. Buna görə də Marksın fikirlərini kapitalizmin indiki dövrünə tətbiq etmək doğru deyildir.

Miss Hannanın siyasi siması artıq aydınlaşmışdı. Onun haqqındakı düşüncələrim doğrulmağa başladı, onun İngiltərə və Rusiya ilə aparılan mübarizədə bizə verdiyi yardımın mənası da anlaşıldı.

– Gözəl Hanna! – deyə sözünü kəsdim və nəvazişlə cavab verməyə çalışaraq: – Marks haqqında yürütdüyün mülahizəyə baxmayaraq, məsələnin əsl mahiyyətini anlamamışsan, – dedim. Bu sözlərimdən qız diksinərək doğruldu, o məndən ilk dəfə idi ki, belə bir söz eşidirdi. O, sevdiyi, bəlkə də, bir gənc tacir olduğu üçün sevdiyi adamdan belə sərt bir cavab eşitdiyinə heyrət edərək üzümə baxdı.

– Doğrudur, Marksdan sonra dünyanın xəritəsi, kapitalizm dünyasının vəziyyəti dəyişmişdir. Lakin sən burada böyük bir həqiqətə qarşı göz yumursan. Bugünkü kapitalizm Marks dövrünün kapitalizmi deyilsə, kapitalizmin düşməni olan və bu sinifli, istismarçı cəmiyyətin əsasını, onun dövlət aparatını darmadağın edərək istismar bilməyən sinifsiz sosializm cəmiyyəti qurmaq uğrundakı mübarizədə üzərinə böyük tarixi vəzifələr düşən proletariat da Marks dövrünün proletariatı deyildir. O daha çox mütəşəkkil olmuş, qüvvətlənmiş, onun cərgəsindən inqilabi hərəkatı idarə edəcək böyük rəhbərlər yetişmişdir. Kapitalistlər yeni istismar üsulları düşündükcə proletariat da yeni mübarizə yolları düşünür və bu yollarla qalibiyyət əldə edəcəyinə inanır. Proletariat təpədən-dırnağına qədər silahlanmış kapitalistlərlə mübarizə aparmaq üçün kəskin bir silaha istinad edir.

Qız dik üzümə baxmaqda davam edərək tələsik:

– O hansı silahdır? – deyə soruşdu.

– O silah Marksın proletar inqilabı nəzəriyyəsidir.

Qızın üzümə dikilmiş gözləri bir az da geniş açıldı:

– Bir tacir olduğunu bilməsəydim, sosial-demokrat işçi ilə oturduğumu zənn edərdim, – dedi.

– Belə bir zənnin doğru çıxması səmimi sevgiyə mane ola bilərmi?

– Sevgi müəyyən bir vaxta qədər davam edə bilər.

– Məsələn, nə vaxta qədər?

– Bir sevgi, iki əqidə daşıyan iki gənc biri digərini təslimə məcbur etməkdən aciz olarsa, vəziyyət əvvəlki şəklində qalarsa, o vaxt sevgi davam edə bilməz. Çünki sevgi özü də bir əqidədir, lakin sən öz sözünü bitirmədin.

Onun əlini tutaraq davam etdim:

– Deyirsən ki, dünya xəritəsi Marksın dövrünə nisbətən dəyişmişdir. Bu belədir. Lakin dünya xəritəsinin dəyişməsi, bir kapitalistin, yaxud bir cahangirin yerini digər bir cahangirin işğal etməsi kapitalizm cəmiyyətinə aid olan xüsusiyyətləri aradan qaldırmır. Əksinə olaraq, dünya xəritəsinin Marksdan sonra aldığı bugünkü vəziyyəti, imperializm dövrünün bütün xüsusiyyətləri, kapitalizm ziddiyyətlərinin daha dərin mənasında kəskinləşdiyini inkaredilməz faktlarla sübut edir. Bütün bu faktlar isə böyük Marksın kapitalizm cəmiyyəti haqqında dediklərini tam mənası ilə təsdiq edir. Burada açıqcasına etiraf etmək lazımdır ki, dünya proletariatının, müstəmləkə xalqları və bütün zəhmətkeşlərin, kapitalizmin ağır pəncəsindən, onun günü-gündən artan hərtərəfli istismarından qurtarmaları üçün yeganə bir yol vardır.

– O hansı yoldur? – qız tələsik soruşdu.

– Marks göstərən yoldur ki, bu da proletar inqilabı yoludur. Bu yol ilə kapitalistlərin hökmranlığını yıxıb proletar diktaturası yaratmadan, insanın insan tərəfindən hər hansı bir şəkildə olan istismarına nəhayət vermək mümkün olmayacaqdır.

Miss Hanna daha sual vermirdi, onun baxışları bu məsələni bitirməyi tələb edirdi.

– Söhbətimiz uzun çəkdi, özümüz hiss etmədən gəlib haralara düşdük.

– Səni fövqəladə yorduğum üçün üzr istəyirəm, mənə qalırsa, sevdiyin bir adamla məfkurə və əqidə məsələsini aralığa atmaq da doğru deyildir. Dünyanı bizim ikimiz düzəldə bilmərik, – deyərək miss yenə də sevgi nəğmələrini oxumağa, gündəlik sözləri təkrara başladı.

Mən iclas çağırdığım üçün miss Hanna ilə vidalaşıb çıxdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Həmdünyan

Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.

18 min
Naxçıvan

Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.

32 min
Toğrulun qətli

Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.

4 min
Kaman

Nüsrətəddin özünü hər cəhətdən təmin olunmuş hesab edirdi. Məmləkətin hüdudlarında tam bir dinclik hökm sürməyə başlamışdı.Qütlüğ İnanc Xarəzmşahın qüvvəsi ilə Toğrulun vücudunu aradan qaldırdıqdan sonra dörd dəfə Azərbaycana hücum etmişdisə də, dördündə də Qəzvin və Zəncan altında əzilərək, nəhayət, Xarəzmşah məmləkətinə qaçmışdı.

9 min

Poems by other poets