Bir nömrəli şəbnamə
Page 1 of 3
Bugünkü iclasda Rus-İran məktəbinin müəllimi, gənc inqilabçı Əkbər Əkbərov da iştirak edirdi. Gündəlik müzakirədə bircə məsələ dururdu. O da bizim gələcək fəaliyyətimizi müəyyənləşdirməkdən ibarət idi. İclası Hacı Əli ağa idarə edirdi. Yoldaşlardan bir çoxu sədrin irəliyə atdığı «nə yolda hərəkət etməliyik?» sualına qarşı uzun-uzadı danışdılar, hamıdan sonra mən söz aldım:
– Biz Məhəmmədəlinin İrana kimlər tərəfindən və nə məqsədlə gətirilməsi haqqında geniş kütlə arasında izahat işləri aparmalıyıq. Biz camaata inqilabın tamamilə məğlub olmadığını, məşrutə hökumətinin möhkəm olduğunu, məşrutə ordusunun düşmənə fayiq gələcəyini, ingilis və rus intriqası ilə ciddi mübarizə aparılması lüzumunu anlatmalı, Təbrizdəki Məhəmmədəli tərəfdarlarına meydan verməməliyik.
– Hansı vasitə, hansı qüvvə ilə? – deyə Mirzə Əhməd soruşdu. – Müxbirüssəltənənin qüvvəsi iləmi? Biz görürük ki, yerli hökumətdə heç bir qüvvə yoxdur. Müxbirüssəltənə öz başını saxlamağa qadir deyildir. Bugün-sabah onu ruslar Təbrizdən qaçmağa məcbur edəcəkdir.
– Biz öz qüvvəmizlə çalışacayıq, – deyə mən onları inandırmağa çalışdım. – Biz gizlin mətbuat vasitələrindən istifadə etməliyik. Bizim səkkizinci, doqquzuncu illərdə düzəltdiyimiz hektoqrafiyalar, mətbəə alətləri hələ işdən düşməmişdir, şəbnamələri yenə də işə salmalıyıq. Təbriz camaatı gizlin mətbuatı, xüsusən şəbnaməçiliyi sevir.
Məşədi Kazım ağa da nə qədər para lazımsa, verəcəyini vəd etdi.
Bir çox müzakirədən sonra sabahdan şəbnamələrin nəşrinə şüru edilməsinə qərar verildi.
Birinci şəbnamənin mündərəcəsini düzəltmək və çap etmək işi mənə və Rus-İran məktəbi müəllimi Əkbər Əkbərov yoldaşa tapşırıldı.
Bundan sonra isə şəbnamələri nə yollarla yapışdırmaq məsələsini müzakirə etdik.
Bu barədə qərar çıxarıldı: şəbnamələrin yayılmasında Rus-İran məktəbinin tələbələri, dərnəklərdə iştirak edən 28 nəfər gənc, Tütünçüoğlu ilə Həsənağanın verəcəyi 15 nəfər tanınmış mücahid, daha sonra nəzmiyyədə çalışan yüz nəfər inqilabçı gənc iştirak edəcəkdi.
Mən bir məsələ daha irəli sürüb:
– Yoldaşlar, – dedim, – mühüm bir məsələ var ki, biz onu tamamilə unutmuşuq. Şəbnamələr divara yapışdırıldığı təqdirdə bizim bir çox zəhmətlərdən sonra düzəltdiyimiz Nəzmiyyə təşkilatının vəzifəsi ağırlaşacaqdır. Ruslar iki ayağını bir başmağa taxaraq şəbnaməçilərin tapılmasını tələb edəcək. Müxbirüssəltənə isə bizim Nəzmiyyə rəisini, Əmir Heşmət yoldaşı çağırıb təzyiq edəcək və şəbnaməçiləri istəyəcəkdir. Bu barədə sizin fikriniz nədir?
Yenə də sükut iclası bürüdü, sanki Əmir Heşmətin özü də yatmışdı, yuxudan ayıldı.
Mənim bu təklifimdən sonra bəziləri şəbnamənin buraxılmamasını məsləhət gördülər, bəziləri də heç bir fikir söyləmədən sükuta dalmışdı.
Bir çox müzakirədən sonra şəbnaməni hazırlamaq, onun intişarı haqqında bir daha düşünmək qərara alındı.
Gecə saat birdə iclasdan sonra Əkbərov yoldaş ilə bərabər Rus-İran məktəbinə getdik. Orada olan balaca mətbəə vasitəsilə şəbnamə buraxmağı məsləhət gördük.
Şəbnamələr hazır idi. Onları divarlara yapışdıracaq adamlar da müəyyən yerlərə toplaşmışdı.
Yapışdırılan yerlərin siyahısını nəzərdən keçirdim, doğrudan da, intixab edilən yerlər, xalq çox olan gediş-gəliş yerləri idi. Siyahını Əmir Heşmət düzəltmişdi.
- Acı körpüsündə ruslar tərəfindən düzəlmiş Culfa-Təbriz şosesinin qapısı
- Poçtxana
- Rus konsulxanası
- İngilis konsulxanası
- Avstriya konsulxanası
- Dəvəçi qapısı
- Nöbər məhəlləsi
- Qum bağı tərəfləri
- Qarı körpüsü
- Şahzadə bağının ətrafı, rus ordusunun yerləşdiyi yerlər
- Şəşgilan
- Bağ-meşə keçən bəndlərin və döngələrin ağzı
- Saman meydanının yanları
- Sahib-divan bağı
- Şəmsülüləmanın qapısı
- Gəcil ağzı
- Acıdil qapısı tərəfləri
- Alaqapı, cəbbəxana ətrafları
- Sürxab
- Kələntər qapısı
- Əmirxiz
- Bank bağı
- Tacirbaşı məscidi
- Qara Məlik küçələri
- Seyid İbrahim məqbərəsi
- Seyid Həmzə bəstinin yanları
- Talibiyyə mədrəsəsi ağzı
- Misgər bazarı
- Rasta bazar
- Hacı Səfərəli mədrəsəsi qapısı
- Mirzə Həsən ağa müctəhidin qapısı
- Ağa Mirzə Kərim küçəsi
- Hacı Mirzə Sadıq küçəsi
- Şıx Əbdürəhim Kuleybərli
- Hacı Mirzə Əbdülhəsən Surxablı
- Quruçay tərəfləri
- Hacı Mirzə Cavad küçəsi
- Qara ağac
- Hökmüvar tərəfləri
- Ağa Bağır məscidi
- Məscidiyyə xiyabını
- Rasta küçə
- Ərk yanları
- Leylabad
- Əmir Teymur
Bunlardan əlavə, meydanlarda və məscidlərin yanında da şəbnamələrdən yapışdırılması qərara alındı.
Konsulların qapısına yapışdırılacaq şəbnamələr Həsənağa və Tütünçüoğluna tapşırılmışdı.
İntibahnamələr 1911-ci il iyul ayının 28-də şəhərin divarlarında olmalı idi.
Gündüz saat on ikidə evdə oturub qadın azadlığı cəmiyyəti üçün proqram tərtib etmək istəyirdim. Bu barədə Nina ilə məsləhətləşmək üçün onun yanına getməli idim. Məşədi Kazım ağa mənə imkan vermədi. O, yanıma gəldi. Daima fövqəladə bir xəbər eşitdiyi zaman o mənim yanıma gələrdi.
Bu dəfə sevincək dedi:
– Afərin bizimkilərə, şəbnamələr müvəffəqiyyətlə yapışdırılmışdır. Bir nəfər də tutulmamışdır. Sevindiyimdən şəhərin yarısını dolaşmışam. Bütün şəhər camaatı divarların dibinə yığılıb şəbnaməni oxuyur, konsulların qapısına rus əsgərləri qoyulmuşdur. Xalqın üsyanından qorxurlar. Xalq hər yerdə: «Rədd olsun çar ordusu, rədd olsun çar müstəmləkəçiliyi» – deyə qışqırır. İngilislər haqqında da etiraz səsləri eşidilməkdədir. Qacarların xəyanəti haqqında da danışanlar çoxdur.
– Başqa bir yenilik yoxdurmu? – deyə soruşduqda, o:
– Bir şey eşitmədim, ancaq bunu bilirəm ki, hökumətin əmrinə görə, bütün Təbriz nəzmiyyəsi ayaq üstündədir. İşin açılmasından qorxuram, – deyə fikrə getdi.
– Qorxmağa lüzum yoxdur. İş açılsa da, bizim qələbəmizlə qurtaracaqdır, – dedikdə o, təəccüblə mənim üzümə baxdı.
Çayı tez içib dışarı çıxdıq.
Yolumuz Göy məscid qabağından idi. Orada divara vurulmuş şəbnaməni bir daha gözdən keçirdim:
«Təbriz camaatı! Siz bir tərəfdən daxili əks-inqilab, o biri tərəfdən də çar və ingilislərlə olan mübarizədə qalib çıxdınız. O qalibiyyəti sizdən almaq üçün ingilis və çar hökumətləri İrandan qovulmuş Məhəmmədəlini təzədən İrana gətirirlər.
Lakin bilməlisiniz ki, bununla inqilab məğlub olmayacaqdır. İstər ingilislər, istərsə çar hökumətinin özü Məhəmmədəlinin qalib gələbilməyəcəyinə, taxtı və tacı əldə edəməyəcəyinə əmindir. Onlar bununla məşrutə hökumətini qorxudub Məhəmmədəlinin onlara verdiyi imtiyazlara bir daha imtiyazlar əlavə etmək istəyirlər. Onlar bilirlər ki, sabiq şah bir neçə vəhşi Şahsevən, Türkmən, Cəfərbay, Talış, Mikayıllı, Hacıxocalı, Canxanlı, Poladlı və başqa başıpozuq qəbilələrin vasitəsilə qalib gəlmiş inqilabı əzə bilməyəcəkdir. İran hökuməti İngiltərə-Rusiyanın 20 avqust müqaviləsini pozduqlarını və sabiq şahı müdafiə etdiklərini göstərərək kəskin bir nota vermişdir.
Yuxarıdakı hökumətlər isə Məhəmmədəlini bir ixtilalçı kimi deyil, bir müharibə edən tərəf kimi tanıdıqlarını İran hökumətinə xəbər vermişlər.
Təbriz camaatı! Siz bilirsiniz ki, bir neçə ay bundan əvvəl Rusiya hökuməti bir dəfə də bu cür bir macərada bulunmuşdu. O, Rəhim xan Cəlbiyanlı vasitəsilə bir neçə şəhəri qarət etdirmişdi.
Bilirsiniz ki, Yefrem və Sərdar Bahadır Rəhim xanı tamamilə əzib Rusiyaya qaçmağa məcbur etdilər.
Bilirsiniz ki, Rəhim xan hadisəsindən sonra rus zabiti Darab Mirzə sabiq şahın adından məşrutəçilərə elan-hərb etdi, siz bilirsiniz ki, Çarkar kəndi yanındakı müharibədə məşrutəçilər Darab Mirzənin ordusunu əzdi. Hətta Darab Mirzəni məhv etmək imkanını əldə etdi.
Təbriz camaatı! Siz bilirsiniz ki, ancaq rus kazakları Darab Mirzəni məşrutəçilərin əlindən aldı və əvəzində məşrutə ordusunun komandanı Əli xanı da öldürdü.
İndi çar hökuməti Məhəmmədəlinin üzünü bəzəyib meydana salmışdır. Təbriz camaatı, bütün qüvvənizlə məşrutənin müdafiəsinə çalışmalısınız, bütün bu macəra İranı tamam bir müstəmləkə halına salmaq istəyən ingilis və Rusiyanın əli ilə düzəlir.
Məşrutə ordusunun yardımına qoşun! Düşmən Tehran üzərinə hücum etməkdədir.
Məşrutə ordusu düşməni Tehrana buraxmamaq üçün Tehrandan hərəkət edib irəliləməkdədir.
Müstəmləkəçilərlə və onların əlində alət olan daxili əks-inqilab ilə mübarizəyə hazırlaşın! Təbriz yenə də öz keçmiş qəhrəmanlığını göstərməlidir.
Şəbnamə heyəti – təhririyyəsi».
Şəbnamə oxuyanların danışdıqları şəbnamənin nə kimi təsir bağışladığını göstərməkdə idi.
– Şəbnaməçilik ən doğru yoldur.
– Doğrudur. Açıq mətbuatda bu sözləri yazmaq olmaz.
– Əlbəttə, yazmaq olmaz. Ağa, buna ingilis, buna urus deyərlər. Bizim bir parça kağızdan başqa nəyimiz vardır?
– Gədə, səsini kəs! Hər iş kağızdan çıxır da! Bu kağızı divara sənin kimi bir adam yapışdırmayıbdır? Bunu yazan özgə iş də görə bilər.
– Burada yenə ingilis-rus barmağı var. Ağa Həsən, nənəmin qəbri haqqı, bunun vasitəsilə bizi sınamaq istəyirlər. Bu cür kağızları görəndə göz yumub keçmək lazımdır.
– Bəsdir gözümüzü yumduq. Bəlanın böyüyü də gözümüzü yummaqdan gəlməmişmi? Məşrutə hələ diridir, o öz düşməninə yenə də qalib gələ biləcəkdir. Təbriz üsyanını qaldıranlar da ölməmiş. O fikir də hələ diridir. Mən Zeynal yenə də deyirəm ki, bunu yazanlar ilə bərabər ölümə gedərəm. Bu kağız göstərir ki, bizimkilər işləməkdədir.
– Afərin Zeynal! Mən də deyirəm, hərəkatın rəhbərləri bizi yenə də yadından çıxarmamışlar.
– Sənin başından qovurma qoxusu gəlir. Hazırda Təbrizin İran şəhəri olduğuna kim inana bilər? Gədə, necə məşrutə? Ağa, necə rəhbər? Rəhmətliyin oğlu, başın imperator bayrağının altında dura-dura yenə də axmaq fikirlərdən əl çəkməmisən.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-bir-nomreli-sebname
Use ← → keys to move, R for a random poem
More by this author
Evə axşam saat on birdə qayıtdım. Nina məni görən kimi:– Miss Hannanın evinə getməlisən, ikinci kərədir ki, sənin dalınca adam göndərmişdir, bəlkə, ona bir hadisə üz vermişdir, – dedi.
Oktyabr inqilabıOktyabr inqilabı qaçqınlıqda və gizlində yaşayan firqə üzvlərinin Təbrizə qayıtmasına səbəb oldu. Oktyabrın axırlarında çağirilan firqə iclasının gündəlik müzakirəsində Oktyabr inqilabından sonra firqənin xətt-hərəkəti müzakirə olunurdu. Hazırkı vəziyyət barəsində firqə üzvlərindən bir çoxları danışdı. Hamıdan sonra mən söz alıb danışdım:– Əziz yoldaşlar, – dedim. - Hazırda Rusiyada nə çar hökuməti, nə də Kerenski hökuməti yoxdur. Rusiyada hakimiyyət Sovetlərin əlinə keçmişdir. Artıq Azərbaycan kəndlisi Rusiyadan gələn istilaçı və rus kəndlisinin qardaşlıq köməyini gözləməlidir. Biz son günlər rus soldatının azadlıq uğrunda uzun illər çarpışan Azərbaycan xalqına göstərdiyi qardaşlıq məhəbbətini öz gözümüzlə gördük. Bir az əvvəl çar generallarının komandası ilə Azərbaycan xalqını qorxu altında saxlayan soldatlar bu gün öz silahını həmin qəsbkarlara və istilaçılara qarşı çevirmişdir. Əziz yoldaşlar! İran torpağı İran kəndlisinindir. Kəndlini torpağa, fəhləni fabrik və zavodlara sahib etmək üçün firqəmiz özünə təzə iş və təzə mübarizə planı düzəltməlidir. Firqə şah hökumətinə qarşı qəti mübarizə tədbirləri görməlidir, çünki şah hökuməti və üsuliidarəsi davam etdikcə, torpağı onun feodallarının və mülkədarlarının əlindən alıb kəndlilərə vermək mümkün olmayacaqdır, çünki şahın özü də və onun soyğunçu vəzirləri də böyük mülkədardır. Biz işçi və kəndlilərimizin möhkəm ittifaqını düzəltməli, firqəmizin silahlarını möhkəmlətməliyik. Biz bir məsələni də qeyd etməliyik: bu məsələ mövhumat məsələsindən ibarətdir. Mövhumat şah hökumətinin və əcnəbi kapitalistlərin əlində güclü bir silahdır. Onlar bəzən top-tüfəng ilə edə bilmədiklərini mövhumat vasitəsilə edirlər. Biz bunu Səttar xan hərəkatı zamanında da, indi də təcrübədən keçirmişik. Onlar bir çox mövhumatçı ruhaniləri öz əllərində silah kimi saxlamaqdadırlar. Biz xalqın gözünü açmalı, mövhumat, avamlıq, savadsızlığa qarşı amansız mübarizə etməliyik! Azərbaycan kəndlisi və fəhləsi demokrat firqəsinin rəhbərliyi sayəsində gec-tez şah üsuli-idarəsinin boyunduruğunu öz üzərindən atacaqdır. İngiltərə, Amerika, Almaniya və Türkiyə dövlətlərinin istilaçı siyasətinə qarşı aparılan mübarizəni şah hökumətinə qarşı aparılan mübarizədən ayırmaq lazım deyil, çünki bütün əcnəbi müstəmləkəçilər şah hökumətinə və onun rüşvətxor məmurlarına arxalanırlar. Mübarizəni ciddiləşdirmək və onu kəskin bir hala gətirmək üçün firqənin sağlamlığina diqqət vermək lazımdır. Çünki şəxsi mənafe üçün firqə sırasına daxil olmuş tacirlərin varlığı ilə şah hökumətinə və onun feodallarına qarşı mübarizə təşkil etmək çətindir. Bunu da qeyd etmək lazımdır ki, kəndlilər arasında apardığımız iş kifayət dərə- «ədə deyildir. Səttar xan hərəkatı zamanında bu işin bünövrəsi qoyulmuşsa da 11-ci illərdən sonra çox zəifləməyə başlamışdır və bizim başımız xalqın daxili və xarici düşmənləri ilə mübarizəyə qarışdığından biz son zamanlar kəndlilərin siyasi və ictimai tərbiyəsi ilə çox az məşğul oluruq, bu bizim öz işimizdə buraxdığımız böyük nöqsandır.
ZavoddaZavodun işə başlamaq siqnalı verilmişdi, lakin fəhlələr hələ işə başlamamışdılar.Ayrapet, Əsgər və Məmməd Pavluşanın başına yığışıb, Tbilisidən gətirilmiş «Kvali» qəzetini harada oxumaq üçün məsləhətləşirdilər. Vasya da onlara yanaşdı. Qəzeti oxumağı axşama qoyub ayrıldılar.
Gizli ədəbiyyatHamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər.Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb: