Page 2 of 3 · 33%

– Bu sözlərin yeri deyil. Hələ kimlərin məğlub, kimlərin qalib gələcəyini bilmək olmaz.

Məscidlərin qapısında daha böyük izdiham var idi. Təbrizin mollası, taciri, hambalı, dükançısı, ayaqqabı silənlərinə qədər işini buraxıb şəbnamələrin ətrafına toplaşmışdı. Birisi ucadan, hətta yüz nəfərin eşidəcəyi qədər ucadan oxuyur, başqaları da qulaq asırdı.

Biz orada ayrıldıqda Əmir Heşmətin nəzmiyyələri küçələrə çıxıb şəbnamələri divarlardan qoparmaqda idi, ancaq onlar durub gözləyir, şəbnamə oxunub qurtardıqdan sonra qopanırdılar. Bununla da rus konsulunun məhəlli hökumətə nota göndərdiyi və təzyiq göstərdiyi məlum olurdu.

Çar himayəsində olanlar, çarın səmimi rəiyyətləri və onların sırasından çıxan fəxri casuslara gəldikdə, onlar da zəhərlənmiş siçanlar kimi biri digəri ilə burunlaşır, o tərəfə-bu tərəfə qaçırdılar.

Şəbnamənin bütün Təbriz xalqını ruslara və ingilislərə qarşı böyük bir nifrətlə ayağa qaldırdığı bizdə böyük bir ruh oyandırmışdı. Bizi maraqlandıran iki məsələ idi. Onlardan birisi konsulxanalardakı düşüncələr, o birisi də Əmir Heşmət nəzmiyyəsinin özünə bəraət qazandırıb, qazandırmaması idi. Çünki Müxbirüssəltənə rus və ingilis konsullarının təzyiqi nəticəsində nəzmiyyə rəisi olan Əmir Heşməti sıxışdıracaq və şəbnaməçilərin tapılmasına tələb edəcək idi.

Biz bu fikirdə ikən Hacı Səfərəli mədrəsəsinin yanından keçirdik. Nəzmiyyə mədrəsəni dörd tərəfdən mühasirəyə almışdı. Yenə də cürbəcür sözlər eşidirdik:

– Şəbnamələri burada düzəltmişlər. Nəzmiyyə içəridə axtarışa başlayıbdır.

– Bura bir vaxt müstəbid tələbələrin yuvası idi.

– İndi də elədir.

– Buradakılar Mirzə Kərim imamcümənin gözlərinin işığıdır, sağ əlidir.

– Burada bir hiylə vardır. Hərgah burada bir şey tapsalar da, bu, Mirzə Həsən müctəhidin, o namusəlman köpəkoğlunun işidir. Çünki onun Mirzə Kərim ağa ilə arası yoxdur. Bu vasitə ilə ağanı ləkələmək və imperatorun yanında bədbəxt etmək, nəzərdən salmaq istəyirlər.

– Allaha təvəkkül, görək necə olacaqdır. Mən heç inana bilmirəm. Mirzə Kərim ağanın müridləri bu cür işi görməz.

Biz danışılan söhbətlərə qulaq asdığımız zamanda düşünürdük.

Əcəba, Əmir Heşmət Müxbirüssəltənənin və rus konsulunun fikirlərini şaşdırmaq, eyni zamanda rusların öz əlləri ilə onlara tərəfdar olan bir neçə mədrəsə köpəyini tələyə sala biləcəkmi?

Bu halda on nəfər nəzmiyyə ilə Əmir Heşmət mədrəsədən çıxdı. Onların arasında dörd nəfər məşhur əks-inqilabçı tələbə də var idi. Nəzmiyyənin əlində ağ bezdən tikilmiş bir kisə gördük, hamı kisənin içində şəbnamə olduğunu zənn edirdi, kisənin üzərində belə bir yazı oxunurdu:

«Bidaneyi əla, əmanəti ümdətülmüctəhidin və əhlülhəqiqin Hacı Mirzə Həsən ağa, damaiqbaləhü».

Mədrəsə qarşısında toplananlar və bunların arasındakı Mirzə Kərim ağa tərəfdarları bir səslə:

– Ağa, bu Mirzə Həsən laməzhəbin hiyləsidir. Bu, günahsız tələbəni bədbəxt etmək istəyir.

– Ağa, bunu Mirzə Kərim ağanın düşmənləri düzəldibdir.

Hər tərəfdən bu cür səslər eşidilirdi. Bu vaxt Əmir Heşmət camaata müraciətlə dedi:

– Ağalar, həyəcana və bəzi nalayiq sözlərə ehtiyac yoxdur. Nəzmiyyə idarəsi məsələni lazımınca təhqiq edəcəkdir. Müqəssir olmayanlara cəza verilməz və şəbnamə olan kisə ilə bərabər tələbələri də nəzmiyyə idarəsinə apardı.

Hələ tez idi. Nə Ninanı, nə də miss Hannanı görmək və konsulxanalardakı vəziyyəti öyrənmək mümkün olmayacaq idi. Tələbələrin tutulması, kisənin Mirzə Həsən ağaya mənsub olmasının da konsulxanada nə kimi fikirlər oyandırdığını bilmək maraqlı idi.

Hər halda, mən bunu ancaq saat dörddə öyrənə biləcək idim. Çünki qızların hər ikisi işdə və vəzifə başında idi. Buna görə də biz birlikdə Məşədi Kazım ağanın ticarət odasına gəldik. Burada böyük bir izdihama təsadüf etdik. Məşədi Kazım qulağıma pıçıldayaraq dedi:

– Bunlar Amerika ticarət müəssisələri ilə alış-veriş edən tacirlərdir. Malların hamısını aldığımı və amerikalıların ticarəti dayandırdıqlarını anlayıblar. İndi məndən bir şey qoparmağa gəliblər. Oturun, yaxşı diqqət edin, görün necə fırıldaqlar çevirəcəkdir.

Tacirlər Məşədi Kazım ağanı aldadaraq, onun əlində olan mallardan bir qismini qoparmaq üçün biri digəri ilə götür-qoy edib dilləşdikdən sonra gəlmişdilər. Onlar mal söhbəti etmir və Məşədi Kazım ağadan da mal istəmirdilər. Bir azdan sonra onlardan birisi bir teleqram çıxarıb oturanlara göstərdi və dedi:

– İndi bu saat Amerika konsulxanasında idim. Kredit və mal buraxılması üçün Vaşinqtondan teleqram alındığını söyləyirdilər. Özümə də teleqram gəlmişdir.

Bunu deyərək yenə də qoynundan bir teleqram çıxarıb oxudu:

«Təbrizdəki malları satıb rədd elə. Vaşinqtondan İrana bir böyük partiya mal göndərildi».

Digər bir tacir də çox soyuqqanlılıqla:

– İğtişaşdır. İndi hansı ağılsız anbarında mal saxlaya bilər. Kim deyir ki, Təbriz bazarı sabah talanmayacaqdır? – dedi.

Daha bir başqası:

– Amerikalılar da axmaq adam deyildir, – dedi, – elə bir şey olmasaydı, malları başlarından rədd etməzdilər.

– Amerika mallarının əhəmiyyəti də yoxdur. Çünki ingilis və rus malları sel kimi axıb İrana gəlir.

Tacirlər bu söhbətləri zəncir həlqəsi kimi biri digərinin quyruğuna düzürdülər. Məşədi Kazım ağaya gəldikdə, sanki o bu söhbətləri heç də eşitmirdi. O bütün İran tacirlərində olan bir xüsusiyyətlə:

– Ağaya çay gətirin, cənaba qəlyan verin. Ağanın mərhəməti artıq, ağaya təşəkkürümüz vardır. Mərhəmətinizi əsirgəməyin. Ağa, biz sizin kiçiyinizik. Ağanın fərmayişi dürüstdür. Hər halda, bizim hücrəmizi müşərrəf buyurmuşsunuz. Ümidvarıq ki, yenə də təşrif buyuracaqsınız, – deyir və gözünün ucu ilə mənə baxırdı.

Mən, doğrudan da, belə bir tacir məclisini birinci dəfə gördüyümdən olduqca maraqlanırdım. Nə isə Məşədi Kazım ağanın bir tacir olduğuna baxmayaraq, müvəffəqiyyət qazanması ilə maraqlanırdım. İran tacirləri içərisindəki demokratların hamısı bunun kimi əliaçıq və inqilaba sadiq deyildi. O, tacirləri çox nəzakət və iltifatla qarşılayır və bir kəlmə də olsun mal barəsində danışmayırdı. Bir şey qopara bilməyəcəklərini duyduqlarından tacirlər birər-birər dağılıb getməyə başladılar.

Tacirlər çıxıb getdikdən sonra Məşədi Kazım ağa mənə müraciətlə:

– Beladır yoldaş, – dedi, – məqsədimizin irəli getməsi üçün pul yardımı verən bir təşkilat yoxdur. Biz gərək pulu öz cibimizdən götürək. Pulu da bizim yerdə belə qazanmaq olur. Ticarət fırıldaqçılıqdır. Hər kəs bunda mahirsə, o, qalib gələ bilər. Madam ki, həyatın quruluşu beladır, mən də gərək o quruluşun hökmü ilə rəftar edəm. Mən də gərək yalan deyəm, and içəm, mən də gərək tacirlərin dilini işlədəm. Mən bilirəm ki, məsləyimiz buna yol vermir. Amma bir Kazım ilə iş keçməz.

– Doğrudur, – dedim, – yerli ticarətin qanunu bunu tələb edir. Sizin müsbət tərəfiniz də odur ki, qazancınızın bir hissəsi xalqın azadlığı yolunda sərf olunur. Bu da sizin bütün nöqsanlarınızı örtür. Bu da sizi heç vaxt unutdurmayacaqdır. Mən Təbrizdə inqilabçılıq iddiasında olan bir çox tacirlərin mücahidlərə maaş parası toplandığı vaxt bir şey bəhanə edərək döyüşdüyünü, əncüməni atıb getdiyini də görmüşəm.

– Mənim nəinki qazancım, hətta sərmayəm də inqilab yolunda sərf oluna bilər. Məni Hacı Əli ağadan bir daha soruşun. Mən sizin hər əmrinizə hazıram, – deyə Məşədi Kazım ağa məni əmin etməyə çalışdı.

Biz evə yenicə gəlmişdik. Nahar süfrəsi açılmaq üzrə idi. Nina içəri girdi və:

– Mən artıq buranı tanımışam, konsulxanadan çıxıb düz bura gəlmişəm, – deyə üzümə tərs-tərs baxdı. – Nə üçün evə nahara gəlmirsən? Hər gün sənin dalınca bura gəlməkmi lazımdır? Bu gün səninlə ciddi danışacağam. Aramızdakı anlaşılmazlıq ləğv edilməlidir. Belə olmaz. Doğrusu, evlərin ikisindən birini ləğv etməliyik, – dedi və sükuta daldı. Nina acıqlı idi. Onu sakit etmək üçün:

– Bilirsən, gözəl Nina! Evlərin ikisi də sənindir, – dedim. – Konsulxana, işin şübhəsini qazanmamaq üçün bizim bu evi saxlamağımız lazımdır. İclasımız da burada olur, qonaqlar da bura gəlir, xüsusən yaxın günlərdə Ələkbər yoldaş da qayıdıb gələcəkdir. Biz bu evlərin birini deyil, ikisini də ləğv edəcəyik. Hələlik sənin konsulxanada gizli şöbə müdiri təyin olmağın bizə böyük yardım edir. Bu xidməti və hazırkı vəziyyəti davam etdirməyi bizim inqilabi fəaliyyətimiz tələb edir. Nə sən, nə də mən burada həmişəlik qalmayacayıq. Mənə qalırsa, sənin bu barədə rahatsız olmağına heç də lüzum yoxdur. Müstəmləkəçilərin ayağı altında əzilən Təbrizə yardım və onu müdafiə üçün bu kimi müvəqqəti sıxıntıları çəkməliyik. Səni qeyri-müəyyən bir vəziyyətdə qoyduğumdan özüm də utanıram. Mən də gəncəm, mən də gözəl həyat qurmağı sevirəm, mən də sevdiyim yoldaşım ilə bir gənc kimi məsud yaşamaq və gəzmək arzusundayam. Lakin harada, nə vasitə ilə, hansı şəraitdə? Lakin inanıram ki, biz buna imkan bulacağıq, buradan qələbələrlə gedəcəyik. Biz Təbrizi, Təbriz isə bizi yaxşı adla xatırlayacaqdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Miss Hanna gedir

Evə axşam saat on birdə qayıtdım. Nina məni görən kimi:– Miss Hannanın evinə getməlisən, ikinci kərədir ki, sənin dalınca adam göndərmişdir, bəlkə, ona bir hadisə üz vermişdir, – dedi.

4 min
Oktyabr inqilabı

Oktyabr inqilabı qaçqınlıqda və gizlində yaşayan firqə üzvlərinin Təbrizə qayıtmasına səbəb oldu. Oktyabrın axırlarında çağirilan firqə iclasının gündəlik müzakirəsində Oktyabr inqilabından sonra firqənin xətt-hərəkəti müzakirə olunurdu. Hazırkı vəziyyət barəsində firqə üzvlərindən bir çoxları danışdı. Hamıdan sonra mən söz alıb danışdım:– Əziz yoldaşlar, – dedim. - Hazırda Rusiyada nə çar hökuməti, nə də Kerenski hökuməti yoxdur. Rusiyada hakimiyyət Sovetlərin əlinə keçmişdir. Artıq Azərbaycan kəndlisi Rusiyadan gələn istilaçı və rus kəndlisinin qardaşlıq köməyini gözləməlidir. Biz son günlər rus soldatının azadlıq uğrunda uzun illər çarpışan Azərbaycan xalqına göstərdiyi qardaşlıq məhəbbətini öz gözümüzlə gördük. Bir az əvvəl çar generallarının komandası ilə Azərbaycan xalqını qorxu altında saxlayan soldatlar bu gün öz silahını həmin qəsbkarlara və istilaçılara qarşı çevirmişdir. Əziz yoldaşlar! İran torpağı İran kəndlisinindir. Kəndlini torpağa, fəhləni fabrik və zavodlara sahib etmək üçün firqəmiz özünə təzə iş və təzə mübarizə planı düzəltməlidir. Firqə şah hökumətinə qarşı qəti mübarizə tədbirləri görməlidir, çünki şah hökuməti və üsuliidarəsi davam etdikcə, torpağı onun feodallarının və mülkədarlarının əlindən alıb kəndlilərə vermək mümkün olmayacaqdır, çünki şahın özü də və onun soyğunçu vəzirləri də böyük mülkədardır. Biz işçi və kəndlilərimizin möhkəm ittifaqını düzəltməli, firqəmizin silahlarını möhkəmlətməliyik. Biz bir məsələni də qeyd etməliyik: bu məsələ mövhumat məsələsindən ibarətdir. Mövhumat şah hökumətinin və əcnəbi kapitalistlərin əlində güclü bir silahdır. Onlar bəzən top-tüfəng ilə edə bilmədiklərini mövhumat vasitəsilə edirlər. Biz bunu Səttar xan hərəkatı zamanında da, indi də təcrübədən keçirmişik. Onlar bir çox mövhumatçı ruhaniləri öz əllərində silah kimi saxlamaqdadırlar. Biz xalqın gözünü açmalı, mövhumat, avamlıq, savadsızlığa qarşı amansız mübarizə etməliyik! Azərbaycan kəndlisi və fəhləsi demokrat firqəsinin rəhbərliyi sayəsində gec-tez şah üsuli-idarəsinin boyunduruğunu öz üzərindən atacaqdır. İngiltərə, Amerika, Almaniya və Türkiyə dövlətlərinin istilaçı siyasətinə qarşı aparılan mübarizəni şah hökumətinə qarşı aparılan mübarizədən ayırmaq lazım deyil, çünki bütün əcnəbi müstəmləkəçilər şah hökumətinə və onun rüşvətxor məmurlarına arxalanırlar. Mübarizəni ciddiləşdirmək və onu kəskin bir hala gətirmək üçün firqənin sağlamlığina diqqət vermək lazımdır. Çünki şəxsi mənafe üçün firqə sırasına daxil olmuş tacirlərin varlığı ilə şah hökumətinə və onun feodallarına qarşı mübarizə təşkil etmək çətindir. Bunu da qeyd etmək lazımdır ki, kəndlilər arasında apardığımız iş kifayət dərə- «ədə deyildir. Səttar xan hərəkatı zamanında bu işin bünövrəsi qoyulmuşsa da 11-ci illərdən sonra çox zəifləməyə başlamışdır və bizim başımız xalqın daxili və xarici düşmənləri ilə mübarizəyə qarışdığından biz son zamanlar kəndlilərin siyasi və ictimai tərbiyəsi ilə çox az məşğul oluruq, bu bizim öz işimizdə buraxdığımız böyük nöqsandır.

3 min
Zavodda

Zavodun işə başlamaq siqnalı verilmişdi, lakin fəhlələr hələ işə başlamamışdılar.Ayrapet, Əsgər və Məmməd Pavluşanın başına yığışıb, Tbilisidən gətirilmiş «Kvali» qəzetini harada oxumaq üçün məsləhətləşirdilər. Vasya da onlara yanaşdı. Qəzeti oxumağı axşama qoyub ayrıldılar.

19 min
Gizli ədəbiyyat

Hamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər.Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb:

23 min

Poems by other poets