Mahru və Smirnov
Page 2 of 2 · 50%
– Əriniz bu xəbəri eşidərsə, sizdən narazı qalmazmı? Həyatınızda bir pozğunluq törəməzmi?
Mənim sualıma qız qəti bir səslə:
– Mən öz qəlbimi vermişəm, bütün İranı və xüsusən inqilabçı Təbrizi verməmişəm, – dedi.
– Əqidəniz bu isə xalqın qeydinə qalıcı və səmimi qəlbinizi təbrik edirəm. Mən sizə inanıram.
– Mən də sizə inanıb gəlmişəm. Sizin adi bir təbrizli olmadığınızı bilərək gəlmişəm.
O bunu deyib jaketinin cibindən bir parça kağız çıxardı və:
– Bunu da oxuyun! – deyə mənə uzatdı. Kağızı alıb oxudum:
«Əlahəzrət Qafqaz canişini tərəfindən göndərilən əmrnaməyə görə, Təbriz nəzmiyyə təşkilatı tərksilah edilməlidir.
Alayınızın hərbi hazırlığını təmin etməli və xüsusi əmri gözləməlisiniz.
Azərbaycan işğal ordusunun komandanı
Snarski
25 oktyabr 1911-ci il».
Oxuduqdan sonra əmrnaməni qızın özünə qaytardım, qız alıb yenə də jaketinin cibinə qoyaraq qalxdı və vidalaşıb getdi.
Hüseynəli əmiyə bura qadın gəlməsi haqqında heç bir kimsəyə söyləməməsini tövsiyə etdim. Təkcə oturub düşünürdüm:
«Bir rus zabitinə, hətta onun vətənini tapdamaq üçün gələn rus zabitinə ərə gedən, onu sevən bir qızda olan inqilabi namusun bircə faizi Hacı Mehdi ağa Küzəkünani kimi adamlarda olsaydı, onlar Hacı Səməd xanı Təbrizə hakim gətirmək üçün Marağaya getməzdilər», – deyirdim.
Mən yenə də Əmir Heşmətin düzəltdiyi planları çıxarıb baxmaq istədikdə küçə qapısı döyüldü. Kağız-paranı yığışdırıb yerinə qoydum.
Bu dəfə gələn Nina idi. O, kədərli idi. Sözlü adama oxşayırdı, içəri girər-girməz:
– Bu gün məsələ tamamilə aydınlaşdı, – dedi, ingilis konsulu da razılıq vermişdir. Nəzmiyyə çox şübhəli olduğundan onu tərksilah edəcəklər. Konsulxanada olan məlumata görə, Təbrizdə 25 min silah vardır. Onları da tələb edəcəklər.
– Qoy tələb etsinlər, – dedim, – silahların dəyərlisi bizim əlimizdədir, bu da silahların siyahısıdır.
Nina siyahını gördükdə: – Bu silahları daşıyanlar olsaydı, daha yaxşı olardı, – dedi.
– Onlar da vardır. Gözəl Ninam, hər şey hazırdır. Konsula dərs verəcək və onun yanlış siyasət nəticəsində böyük fəlakətlərə meydan verdiyini dünyaya bildirəcəyik, lakin bütün bunlar zərərsiz olmayacaqdır. Çar hökumətinə qarşı silahlı üsyan düzəldən rəhbərlərin də bir çoxunu itirəcəyik. Lakin bu üsyan zəruridir. Bu olmalıdır, çar hökumətinə Azərbaycan inqilabının bitmədiyini, onun davam etdiyini bildirmək lazımdır.
– Doğrudur! – deyə Nina cəsarətlə əlavə etdi və yenə düşünərək, – ah, bilmirəm, axırımız necə olacaq, – dedi.
– Axırımız məsud, gələcəyimiz bəxtiyardır, – dedim.
– Bu sözləri mən də deyirəm, lakin hadisələrin cərəyanı bizimlə hesablaşmır. Deyilmi? – deyə Nina soruşdu.
– Yox, Nina, – dedim, – hazırkı hadisələr bizimlə hesablaşır, çünki o hadisələr təsadüfi hadisələr deyildir. Onlar bizim iradəmizlə hesablaşmaya bilməz, onu biz yaradırıq!
Biz bu söhbətdə ikən qapıda bir fayton dayandı.
Gələn Ələkbər yoldaş idi.
Qapını vurdum, miss Hannanın qulluqçusu qapını açdı, amerikalı qızı görmək üçün icazə istədikdə:
– Xanım sizi icazəsiz qəbul etməyi tapşırmışdır, – dedi.
Mən qızın kiçik salonuna girdim. O, saçlarını açıb çiyinlərinə atmışdı, məni görərkən qalxıb o biri otağa keçmək istədi, fəqət mən:
– Tez gedəcəyəm, rahatsız olmayın, – deyə onu saxladım.
– Hara gedəcəksiniz? Sizə söyləyəcək sözüm vardır.
– Dinləyirəm.
– Tələsməyin, söyləyəcəyəm.
Mən onun sözlərini eşitməmiş gedə bilmirdim. O isə məni saxlamaq üçün söhbətləri başqa yerlərdən başlayırdı.
Gecə saat ikinin yarısında süfrəyə oturdu, mən də çarəsiz oturdum. Bu gecə gənc qızın süfrəsində şərab vardı, bu, birinci dəfə idi.
Mən tez-tez saata baxırdım.
– Ayıq qalmağı saatdan öyrənməlisən, – dedikdə yenə də qızın köhnə fəlsəfələrə keçəcəyini bilirdim, bu kimi sözlər qulaqlarımda adi sözlər kimi təsir bağışlayırdı.
– Doğrudur, yuxusuz qalmağı saatdan öyrənməlidir, – dedim. – Mən daima saatdan yuxusuzluq öyrənməyə çalışsam da, miss Hannadan səbirsizlik öyrənməyə çalışmayacağam.
Qız hazırcavablıqla:
– Görünür ki, mən də səndən soyuqqanlılıq öyrənməliyəm, – dedi.
Qız bu sözündən sonra fəlsəfəsinə keçmək üçün imkan tapdığını zənn edərək:
– Heç kəs mənim kimi xoşbəxt deyildir, – dedi, – Amerika konsulxanasının hər bir üzvü, hətta konsulun arvadı Mariya, Friksonun arvadı Sara belə mənə həsəd apararaq, məni dünyanın ən xoşbəxt bir qızı hesab edirlər. Bununla bərabər onlar məni soyuqqanlı, bacarıqsız hesab edirlər. Guya mən sənin ruhunu oxşaya bilməmişəm, səni əyləndirməyi, ruhunu ələ almağı, səni həyatdan razı salmağı bacarmırmışam. Daha doğrusu, mənim həyatı düzəltməyə qabiliyyətim yox imiş. Lakin nə Sara, nə də Mariya səni tanımır, sənin qəlbini, ruhunu, mətanətini, dəmir iradəni olduğu kimi anlamır, onlar səni bir yəhudi, yaxud bir ingilis kimi ölçürlər.
Qız yavaş-yavaş öz şikayətlərinə keçdi, öz bacarığından, mənim laqeydliyimdən bəhs etdi. Mən onun dediklərini təsdiq edir və oxşayırdım. Lakin eyni zamanda özümə bəraət qazandırmağı da lazım bilirdim.
– Doğrudur, – dedim, – bəlkə də, sizi anlamayanlar bu kimi zənlərdə bulunar. Lakin belə deyildir, sevgi ilahəsi! Sənin kimi qızlara az-az təsadüf olunur, mənə gəldikdə isə soyuqqanlı deyil, səbirli və mətanətli olmağı sevirəm, çünki həyat qurmaq üçün vaxt lazımdır. Tədrici sevgi daha sevimli olar.
Qız bir ah çəkərək yanındakı şərab piyaləsini qaldırıb bir az içdi, onun gözləri tam mənası ilə bir sərxoş gözünə bənzəyirdi. Mən onu danışdırmaq məqsədilə:
– Gözəl mələyim, heç yeni bir xəbər varmı? – deyə soruşdum.
Qız sərxoş gözlərini gözümə dikərək:
– Səni sevindirəcək bir yenilik yoxdur, – dedi.
Artıq Hanna dodaqlarını dodaqlarıma toxunduracaq dərəcədə mənə yaxın idi. Əlində soyduğu almadan bir parça mənim dodaqlarıma gətirib dedi:
– Bu günlərdə böyük hadisələr gözlənir, çar ordusu nəzmiyyəni tərksilah etdirəcək, şəhərə ultimatum verib silahları istəyəcəkdir. Çar siyasəti əleyhinə işləyənlər həbs ediləcəkdir.
Qız şərabdan bir udum da içdi, mənə də içirtdi və sözünə davam edərək:
– Sən mənə inanmırsanmı? – soruşdu.
– İnanıram. Hannam, inanıram! Lakin təəccüb edirəm, – dedim. – Bu kimi xəbərləri rusların ürəyindən qoparıb Amerika konsulxanasına gətirən adam nə qədər cürətli adamdır.
– Doğrudur, Amerika dolları çox bacarıqlıdır. O heç qorxmaz, heç bir çətinliyin qarşısında başını əyməz! Sən onu bilməlisən ki, konsulxanaların hamısında bu alış-veriş vardır. Rus konsulunun şifrəçisi Sergey Vasilyeviç yeddi hökumətin konsulxanasından maaş alır. Çox təəccüb etmə, belələri konsulxanaların hamısında vardır. Ona görə də sirlər açılmır, çünki konsulxanalarda casusların hamısı bir-birini tanıyır, bir-birinin sirrini açmır. Kim bilir? Bəlkə, bizim Amerika konsulxanasında da belələri çoxdur. Diplomatlar bunsuz yaşamaz, konsul konsulun axşam nə etdiyini bilməzsə, öz səfirinə xəbər verməzsə, o, mahir diplomat hesab edilməz. Bir şey varsa, o da şeytanlıq, casusluq və xəfiyyəçilikdir.
Qız artıq nəşələnmişdi, içir və oxuyurdu. Nəhayət, yenə söhbəti ailə həyatı qurmaq əməlləri ilə düyünləməyə başladı. Mən onu sakit etmək üçün:
– Biz artıq birimiz digərimizi öyrənməkdəyik, sevgimizi əsaslandıracaq ünsürlər də doğmaqdadır. Sən də, mən də özbaşımıza deyilik, ailə başçılarının rizası əldə edilincə, bizim həyatımız müəyyən çərçivəyə girəcəkdir.
Qız qalxdı və mənim əllərimdən tutub ayağa qaldırdı:
– Dur gəl, – dedi, – ailə başçılarının rizasını əldə etdiyimə dair vəsiqəni sənə göstərim.
Qız bağlı bir şkafı açdı, üzərində insan kəlləsi şəkli olan kiçik bir şüşə çıxardı, mən onun zəhər olduğunu anladım, özümü bilməməzliyə vuraraq:
– Əcəba, bu şüşənin içərisindəki nədir? – deyə soruşdum.
– Bu, dərmandır. Bu, insana həyatında bir kərə lazım olur, – deyə qızın başı gicəldi, hələ dərman əlində idi, mən onu gətirib yerində oturtdum. Şüşəni əlindən aldım, qız başını çiynimdən qaldıraraq dedi:
– Bu dərman ailə başçılarının inadına, övladların sevgisi ilə hesablaşmamalarına cavabdır, – deyə birdən-birə şüşəni məndən alıb açmağa başladı, mən onun nazik əllərini tutub öpdüm, şüşəni cibimə qoydum, qız hıçqıraraq ağlamağa başladı. Səsinə ixtiyar qadın yatağından qalxıb gəldi, o da qıza baxaraq ağladı, iki əlləri ilə başını tutdu və məni qandırmağa başladı:
– Bu gün evlərindən məktub almışdır. Məktubu alan kimi ağladı, sonra məni şərab aldırmağa göndərdi, bu, birinci hadisədir, – dedi.
Mən miss Hannaya bir az su içirdim. Yenə də masanın başında oturub oxşadım. Əlimi saçlarında, vücudunda gəzdirdim. O mənim boynuma sarıldı və:
– Onu ver mənə! – deyə bir daha ağladı.
– Sən ağıllı qızsan, yaşamaq lazımdır. Sən mənim üçün də yaşamalısan, sən özün bu fikirdə deyilmi idin?
Mən onun əllərini oxşayıb, saçlarını alnından kənara çəkməkdə davam etdikcə, o da ağlayıb və gözünün yaşları ilə yaxalığımı islatmaqda idi.
Heç şübhə yoxdur ki, qız öz ailəsindən ümidsizliyinə səbəb olacaq bir məktub almışdı. Yəqin ki, amerikalı qızın atası, anası onun bir iranlı ilə evlənməsinə razı olmamışdılar.
– Gözəl Hanna, – dedim, – səbir et, həyatdan səadətlər gözləməlisən. Gəncsən... Bəlkə də, gələcək sənin ümidlərini qıran mənələri aralıqdan qaldıracaqdır...
Qız qoynundan bir məktub çıxarıb açdı, bir az əvvəlindən, bir az da ayağından büküb aralıqdan bir neçə sətrini oxudu:
«Sənə hörmət bəsləyən, sənin varlığını müdafiə edən Əbülhəsən bəyə səmimi salamlarımızı söylərsən. Lakin Hanna, onu da bilməlisən ki, hörmətə qarşı sevgi deyil, hörmət lazımdır. O hörməti sevmək dərəcəsinə çatdırmaq bir amerikalı qıza yaraşan vəzifə deyildir...»
Qız məktubu oxuduqdan sonra masanın üzərinə atdı və:
– Onların vəzifəsi bitmişdir. Mən özüm həyatı qurmağı bacarıram, – dedi.
Həzrət Sahib məscidinin minarəsindəki azançı, «həyyə ələssəlat» deyərək təbrizliləri yuxudan qaldırdıqda miss Hanna da başı çiynimdə olaraq uyumuşdu.
Mən onun rahatlığını pozmamaq üçün çox oturdum, günəş əlvan şüşəli Şərq pəncərəsindən düşərək, otağın içərisini bəzəyincəyə qədər oturdum.
Qızı ancaq günəşin gözqamaşdırıcı şüaları yuxudan oyandıra bildi. O ancaq bunu dedi:
– Əfv et, səni rahatsız etdim.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-mahru-ve-smirnov
Use ← → keys to move, R for a random poem
More by this author
«Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix».*Sədi.*
GörəsənMənim xəyalıma bir şey gəlir:«Tayms» qəzetəsinin yazdığından belə məlum olur ki, bu il hacıların cibindən otuz milyon manat pul çıxıb əcnəbi paraxod sahiblərinin cibinə girdi.
VurhavurHərdən xəyalıma belə bir şey gəlir:Əgər bir vilayətə yolun düşdü və istəyirsən biləsən ki, bura müsəlman vilayətidi ya yox — bax gör adam döyürlər ya yox. Əgər döyürlər — bil ki, müsəlman vilayətidir.
ZərafətHərdən mənim xəyalıma belə bir şey gəlir.«İrşad»ın sütunlarında gözümüzə sataşdı ki, iki il bundan irəli Bakıda aclar üçün cəm olunan qırx beş min manatın yarısı xərcləndi, amma yarısı hələ xərclənməyib durur.
Poems by other poets
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,