Page 1 of 2

Hacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.

Bu gün həmin qorxulu günlərdən birisi idi.

Hacı hələ yatmışdı. Texniklər məktəbinin direktoru Mixaylovski Hacının görüşünə gəlmişdi. Hacı Mixaylovskini gecə paltarında qəbul etdi.

O, bir gizlin müşavirə üçün gəlmişdi. Müşavirə salonundakı telefonla qubernatorun evi ilə tez-tez danışılırdı. Hacı tez-tez dəstəyi götürüb danışır, yenə yerinə qoyurdu.

Vəziyyət bu günün qorxulu bir gün olduğunu göstərirdi. On səkkiz nəfər gənc qulluqçu qız yataq otağının dəhlizində durub xanımın yuxudan oyanmasını gözləyirdi.

Hacının evinə vaxtından əvvəl gələnlərin sayı artırdı. Xanımın vaxtından əvvəl yuxudan oyanaraq, qulluqçuları səsləmədən Hacı ilə telefonla danışması, qulluqçuları heyrətə saldı. Hacının yataq otağı ilə xanımın yataq otağındakı telefonların səsini ancaq yatmaq zamanı eşitmək olardı. Səhər tezdən telefonla danışmaq ən az və təsadüfi hadisələr zamanında eşidilirdi.

Mixaylovski Hacının yanından ayrılıb xanımla görüşmək üçün gözləmə salonunda oturmuşdu. Hacı arasıkəsilmədən qubernator ilə danışırdı.

Mixaylovski olduqca həyəcanlı idi. O, özü üçün bir məşğuliyyət axtarırdı.

Jenya, Mixaylovskinin səhər tezdən gəlməsi və Hacı ilə müşavirədən sonra xanımla görüşmək istəməsi ilə maraqlanır, onun ətrafında fırlanır, bu barədə bir şey öyrənmək istəyirdi.

Mixaylovski gənc və gözəl qızın tez-tez gəlib-getdiyini və ona dərin nəzərlər saldığını görüb, saçını və yaxalığını sahmana salmağa başladı, Jenyanı səslədi:

– Gözəl qız, xanımın yuxudan durmasına çoxmu qalmışdır?

Jenya saata baxıb dedi:

– Xanım yuxudan çoxdan ayılmışdır, lakin adi vaxtına hələ yarım saatdan da çox qalmışdır.

Mixaylovski qıza sual verməyə başladı:

– Siz burada nə vəzifəsində işləyirsiniz?

– Mən xanımın paltarını idarə edirəm.

– Hacının paltarının idarəsi də sizin öhdənizdədirmi?

– Xeyr, onun üçün başqası vardır.

– Savadlımısınız?

– Dörd sinifli şəhər məktəbini bitirmişəm.

– Harada?

– Krasnoyarsk şəhərində.

– Nə üçün bundan artıq oxumadınız?

– Ailəmizin başçısı vaxtından əvvəl öldüyündən, daha oxumaq mümkün olmadı.

– Oxumağa rəğbətiniz vardırmı?

– Həddindən artıq!

– Elə isə nə üçün oxumursunuz?

– İşləməklə oxumaq bir yerdə mümkün deyil.

– Zənnimcə xanım da, Hacı cənabları da sizin oxumanıza mane olmazlar.

– Elə olursa mən özümü xoşbəxt hesab edərəm.

– Siz məni tanıyırsınızmı?

– Xeyr, tanımıram, lakin xanımın və Hacının yanında sizin hörmətli bir zat olduğunuzu bilirəm.

– Mən texniklər məktəbinin direktoruyam. Mixaylovskiyəm. Yalnız Hacı deyil, bütün Bakı milyonçularının, hətta cənab qubernatorun hörmət bəslədiyi bir zatam.

– Hörmətinizin dərəcəsi bundan da yüksək olsun!

– Mərhəba! Ədəbli qızsınız. Sizə qulluqçu qız demək yaraşmır. Lakin Hacının evində qulluqçu olmaq böyük bir şərəfdir. Siz bu şərəfi təqdir etməlisiniz. Xüsusən, onun xanımının xidmətində olmağın özü bir səadətdir. Bu səadətə hər kəs nail ola bilməz. Sizin xanımın özünü də imtahanlara mən hazırlamışam. İndi deyin görüm, gimnaziyaya hazırlanmaq istəyirsiniz?

– İstəyirəm!

– Elə isə siz məqsədinizin yerinə yetirilməsi işini mənə tapşırınız.

– Kəmali-məmnuniyyətlə!

– Mən xanım ilə də bu barədə danışaram. Siz müəyyən saatlarda məktəbə gələ bilərsinizmi?

– Xanımın icazəsi olursa, gələ bilərəm.

Söhbət zamanı Mixaylovski Jenyanı başdan-ayağa qədər gözdən keçirirdi. Jenyanın hərəkətləri onu titrədirdi.

Jenya Mixaylovski ilə tanış olmasından şadlanırdı. Bu tanışlıqla o, texniklər məktəbindəki tələbələrlə, hətta III Aleksandr adına olan gimnaziya tələbələri ilə də tanış ola biləcək, onların arasında iş aparacaq idi. Bakıda gənclər arasında çox az iş aparılırdı. Xanımın zəngi vuruldu. Jenya yataq otağına girdi.

Mixaylovski, Hacı və xanımın çay stolunun başında oturmuşdu.

Hacı Mixaylovskiyə dedi:

– Ümumi tətil qorxulu tətildir!

Xanım heç də vəziyyətini dəyişmədən:

– Ayaqyalınlar! Murdarlar! — dedi və qaşıqla qaymağı Mixaylovskinin qabağındakı boşqaba qoydu.

Öz fabrikində başlanan tətildən Hacının hələ xəbəri yox idi. Bir stəkan çay içməmişdi ki, telefonun zəngi səsləndi. Hacı dəstəyi tələsik götürdü:

– Bəli, Hacı özüdür... Bəli, bəli, eşidirəm! Sözü qısa de görüm nə var? Tətil?.. Hamısı? — Hacı dəstəyi yerinə qoydu. — Fabrikdə tətil başlamışdır.

Xanım:

– Alçaqlar! Ayaqyalınlar! — deyib Hacının çayını təzələdi və soruşdu:

– Şendrikovçular bir iş görmədilərmi?

Hacı:

– Onlar da tətildə iştirak edirlər, — dedi, — bunsuz da olmazdı, yoxsa fəhlələr onların ətrafından çəkilərdilər. Mən Levi də bura çağırmışam. Çayı tez qurtarmaq lazımdır.

– Çaya çağırsaydın yaxşı olmazdımı?

– Tez gələrsə, zərəri yoxdur!

– Əyni-başı təmizdirmi? Adam yanında özünü apara bilərmi?

– İntelligentdir, centilmendir.

Telefonun zəngi səsləndi. Hacı sözünü yarımçıq qoyub dəstəyi götürdü, əlinin titrəməsindən, rənginin ağarmasından qorxulu bir xəbər aldığı görünürdü.

Dəstəyi yerə qoydu, adəti üzrə başının təpəsini sığalladı və sözünü çox təəssüfedici bir halda başladı:

– Dəyirman da tətil etmişdir; fabrikdəki iranlılar da tətilə qoşulmuşlar. Hələ paroxodlarda nə olduğundan xəbərim yoxdur. Heç şübhə yoxdur ki, bu xəstəlik hər tərəfə sirayət eləyəcəkdir.

Hacı sözünü qurtarmamışdı ki, Levin gəldiyini xəbər verdilər. Xanım getdi. Lev çay içə-içə sözə başladı.

– Bəli, Hacı, necə ki, sizə ərz etmişdim, elə də oldu.

Hacı soruşdu:

– Tətilin başında duranlar kimlərdir? Hansı firqələrdir?

– Bolşeviklər, menşeviklər, daşnaqlar və hinçokistlərdir.

– Daşnaqlar bizə söz vermişlər. Tətildə axıra qədər iştirak edə bilməyəcəklər.

– Elədir, Hacı. Onlar təmiz adamdırlar, onları bolşeviklərlə müqayisə etmək olmaz. Onlar öz adamlarını qandırmağı bacarırlar.

– Eserlər nə fikirdədirlər?

– Onlar azdırlar. Əhəmiyyətləri yoxdur.

– Bu tətilin tələbləri nədir?

– Tələblərin surətini yazıb gətirmişəm.

Lev qoynundan bir kağız çıxarıb oxudu. Tələblər on üç maddədən ibarət idi:

  1. Səkkiz saatlıq iş günü.

  2. Fasiləsiz işlərdə üç növbət üsulu.

  3. Ailəsizlərə bir, ailəlilərə iki otaq.

  4. Tibbi kömək müəssisə hesabına olmalıdır.

  5. Xəstələnənlər yarım günün maaşını almalıdırlar.

  6. Yayda buzlu və qaynanmış su olmalıdır.

  7. Fəhlə mənzillərindəki taxta çarpayı yerinə dəmir çarpayı olmalıdır.

  8. Maaşın sexlərdə paylanması məsələsi qaydaya salınmalıdır.

  9. Bir il işləmiş fəhlələrə müəssisə hesabına bir ay məzuniyyət verilməlidir.

  10. Fəhlə balalarından ötrü məktəb açılmalıdır.

  11. Ezamiyyə və yolxərci verilməsi qanunu qəbul edilməlidir.

  12. Fəhləni işdən çıxardıqda iki həftəlik maaş verilməsi və ya iki həftə qabaq o xəbərdar edilməlidir.

  13. Tətil günlərinin maaşı tamamilə verilməlidir.

Hacı xırda gözlərini Levin ağzına dikib diqqətlə qulaq asırdı, Lev sözünü bitirdikdən sonra Hacı saqqalını əli ilə sığallayaraq:

– Ola bilməz! — dedi. — Birinci maddə ilə on ikinci maddəni tamamilə oradan çıxarmalıdır. Doqquzuncu və on üçüncü maddəni heç eşitmək də istəmirəm. Altıncı maddə ilə üçüncü maddəyə gəldikdə, bunları bəlkə müəssisə sahiblərindən bəziləri boynuna götürdü. Dördüncü, səkkizinci, on birinci maddə isə fəhlələri yolundan azdırmaq və onlara təslim olmaq deməkdir. Bu maddələrin heç birisini cənab qubernatorun yanında oxumaq olmaz. Siz gərək bu tətillərin tələblərini özünüz düzəldəydiniz.

Lev bir az düşündü, rəngi qızarmış və xəcalətli bir halda:

– Hacı cənabları, doğru buyurursunuz, — dedi. Lakin tətil komitəsində iştirak edənləri razı salmaq mümkün deyildir. Xüsusən, bolşeviklərin tələbləri daha kəskindir.

– Bolşeviklərdən kim iştirak edir?

– Alyoşa Caparidze, Vanya Fioletov və Stepani.

– Menşeviklərdən kimdir?

– İlya, Taras, bir də mən. İlyanın ancaq adı vardır, özü iştirak etmir.

– Erməni firqələrindən kimdir?

– Tiqran Arutyunyans, David Ter-Danielyan, bir də Minas iştirak edirlər.

Hacı tənqidedici bir surətdə dedi:

– Görünür ki, komitədə qəti səsə malik deyilsiniz. Mən şəxsən sizə tərəfdaram, çünki siz ziyalı adamlarsınız. Sizinlə yola getmək mümkündür, menşevik tərbiyəsi hər bir fəhlə üçün lazımdır. Lakin oxuduğunuz tələblər fəhlələrin yoldan çıxarıldığını göstərir. Cənab Lev! Siz hələ uzun müddət fəhlələr arasında işləməlisiniz. Sizin içərinizdə ziyalı adamların çoxluğu bizə böyük ümidlər verir. Özünüz də ziyalısınız. Ziyalı adamla yola getmək və iş düzəltmək o qədər də çətin deyildir. Yenə də sizə deyirəm: çox işləməlisiniz! Ətrafınızdakıların sayını nə qiymətə olursa-olsun artırmalısınız. Sizin bolşeviklərlə olan mübarizə üsullarınızdan xəbərim yoxdur. Mənə qalırsa, birinci növbədə bolşevik natiqlərini mədənlərdən qovmağa çalışmalısınız; bu da nə döymək, nə də söyməklə mümkündür. Siz onları avam fəhlələrin nəzərində ləkələndirməlisiniz, onları pis adamlar kimi göstərməlisiniz, böhtanlarla və başqa yollarla onları fəhlələr arasında nüfuzdan salmalısınız.

Bu barədə hər nə qədər pul lazım olursa, vermək mümkündür. Mən bütün Bakı varlıları tərəfindən sizə söz verirəm. Özüm də birinci kömək olmaq üçün pul ayırıram. Bu barədə qubernator cənabları ilə danışmışam, yenə də danışaram. Cənab qubernator sizdən arxayındır. Əyri yolda işləmədiyinizi də bilir. Siz özünüz də çalışın ki, cənab qubernatorun sizin haqqınızda olan bu fikri get-gedə möhkəmlənsin. Sizə bir də tapşırıram: tətildə yaxşı iştirak etməlisiniz. Tətilin içinə soxulmadıqca ona təsir edə bilməzsiniz, onu yıxa bilməzsiniz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets