Page 2 of 2 · 50%

Pavluşanın rəngi qızardı, alnının damarları qabardı, barmaqları ilə saçlarını yuxarı darayaraq:

– Sən mənim qəlbimdəki qarışıq, məchul və müəmmalı düşüncələr yaranan səbəbləri də mənə deyə bilərsənmi? — deyib Jenyanın əlini əlinə aldı.

Gənc qız özünə məxsus bir əda ilə titrəyərək:

– Deyə bilərəm! — dedi. — Ancaq sən onu da bilməlisən ki, hər sözü dillə deməzlər, bəzi sözləri baxışdan da oxumaq mümkündür.

Jenya bu sözləri dedikdən sonra gözlərini stolun üstünə endirdi, susdu, üzündəki qırmızılıq və bədəninin qeyri-təbii hərəkəti utandığını göstərdi.

Pavluşa yenə əvvəlki fikirlərinə qayıtmışdı, düşünürdü. Jenya ilə qurmaq istədiyi həyata müəyyən şəkil verməyə tələsirdi. Xeyli fikirləşdikdən sonra qarşısındakı soyumuş çayı götürüb içdi.

Jenya ayağa qalxaraq:

– Qoy sənə isti çay gətirim, — dedikdə, Pavluşa sarı saçlı bu gənc qızı bir daha gözdən keçirdi.

Jenya da içəri otağa keçmək istərkən, başını çevirib Pavluşaya baxdı.

Jenya çay hazırlamaqda ikən, Pavluşa yaşadığı ailənin bütün varlığını xəyalında canlandırırdı. İki kiçik otaqda yerləşən dörd nəfərlik ailənin malik olduğu şeylər: bir paltaryuyan qab, üç taxta kürsü, iki taxta çarpayı, bir samovar, üç stəkan, bir çuğun qazança, iki də köhnə saxsı qabdan ibarətdi. Otaqların birisində Jenya ilə anası, o birisində isə Pavluşa ilə Sergey Vasiliç yatırdı. Pavluşa bu yoxsul vəziyyəti gözdən keçirdikdə, Sergey Vasiliç yadına düşdü, öz-özünə sual verdi: «Görəsən bütün Bakıda Sergey Vasiliç kimi də fəqir və yoxsul bir adam varmı?» Pavluşa çox düşündü, nəhayət, sualın cavabını yenə də özü verdi. «Bəli vardır! — dedi. — Ən yoxsul, ən fəqir adam odur ki, Sergey Vasiliç kimi bir yoxsulun himayəsində yaşayır. Həmin yoxsul da mənəm! Heç bir şeyə malik deyiləm. Bu fəqir və yoxsul ev mənim varlığımla daha yoxsul görünür».

Pavluşa bu fikirlərin təsiri ilə utanıb tərlədi.

Jenya bir stəkan çay gətirib onun qabağına qoydu. Pavluşa onu bir daha gözdən keçirdi. Əvvəlki fikirlərindən onda bir nişan da qalmadı. Öz-özünə: «Bu evdə nə böyük bir zənginlik vardır!» dedi.


Tiflis komitəsi Tiflis menşeviklərinin çıxardığı «Kvali» qəzetinin fəhlə sinfinə siyasi mübarizə düşüncəsi verə bilməməsini nəzərə alaraq Bakıda gizli qəzet çıxarmaq və gizli mətbəə təşkil etmək üçün 1901-ci ildə Lado Ketsxoveli yoldaşı Bakıya göndərmişdi.

Lado Bakıda gizli mətbəə təşkil etmək, fəhlə sosial-demokrat partiya komitəsi, dərnək və özəklər düzəltmək üçün çalışırdı.

Gizli mətbəənin yeri hazırlanmışdı. Lado Tiflisə gedərək, mətbəəyə lazım olan şeyləri almaq və pul gətirmək istədiyi zaman, əcnəbi məmləkətlərdən Bakıya gətirilən gizli ədəbiyyatı artırmaq və onları dərnəklərə dağıtmaq üçün hektoqrafiya düzəldilmişdi.

Jenya, Trafçenkonun düzəltdiyi hektoqrafiya ilə maraqlanır və bütün gününü sabunçulu Qiyasın evində keçirir, gizli ədəbiyyat çap etmək işində çalışırdı. Jenya həm vərəqələri çap edir, həm də onları aparıb lazımi yerlərə və ayrı-ayrı yoldaşlara paylayırdı.

Jenya adəti üzrə yenə hektoqrafiyada çalışdığı zaman qapıda duran gözətçi:

– Jandarmlar gəlir! — deyə səsləndi, özü də divardan aşıb qaçdı.

Otaqda bir Simon, bir də Jenya qalmışdı. Onlar heç də şaşırmadılar. Jenya əvvəlcə çap olunmuş vərəqələri qoynunda gizlətdi. Sonra da otaqda hazır etdiyi zibilləri hektoqrafiyanın üstünə tökdü, süpürgəni onun üzərinə qoydu, lazım olan bütün alətləri vedrəyə tökdü və taxta döşəməni yumağa başladı.

Jandarm və polis nəfərləri qudurmuş köpək kimi otağa soxuldular. Otağın yuyulmasını görüb kürsü üstündə oturdular, işin qurtarmasını gözlədilər. Onlar, həm Simonu, həm də hektoqrafiyanı əldə edəcəklərinə əmin idilər.

Jenya otağı çox soyuqqanlılıqla yuyurdu; nə Simonun, nə də polislərin necə baxdığını, necə oturduğunu nəzərə almırdı.

Otağı yuyub bitirdi. Üstünə süpürgə qoyduğu və zibil yığdığı hektoqrafiyanı bayıra apardı, qayıdıb islanmış meşok parçasını vedrəyə saldı, vedrəni otaqdan çıxartdı, sonra qayıdıb Simona dedi:

– Ağa, daha başqa bir buyruğunuz varmı?

Simon:

– Xeyr — dedi. — Gedə bilərsiniz. Alın, bu da sizin zəhmət haqqınız. Bağışlayın, yalnız əlli qəpik verə biləcəyəm.

Jenya əlli qəpiyi cibinə salaraq:

– Çox razıyam, — deyib eşiyə çıxdı.

Polis nəfəri bığlarını buraraq ona baxdı və jandarm nəfərinə göz vurub yavaşdan:

– Yaman deyil! — dedi.

Jandarm nəfəri də:

– Bəli! — deyə dişlərini ağartdı.

Jandarm onbaşısı Simondan soruşdu:

– Otaq sənindirmi?

– Bəli, mənimdir!

– Buranı axtarmalıyıq, mənim göyərçinim. Bəlkə də bizə zəhmət vermədən özünüz vərəqələr çap etdiyiniz hektoqrafiyanı bizə təslim edəsiniz? Bu sizin cəzanızı da yüngülləşdirmiş olar.

Simon:

– Mənim özüm də sizin əbəs yerə zəhmət çəkib gəldiyinizə təəssüf edirəm! — dedi — Ancaq yenə də şübhə qalmamaq üçün evi axtarmağınızı rica edərdim.

Polis nəfərləri qapının qabağında durmuşdular.

Jandarmlar, ac köpək sümük üzərində çalışan kimi, Simonun otağını alt-üst etməyə başladılar. Axtardıqca, tez-tez bir-birinin üzünə sualverici bir surətdə baxırdılar. Onlar burada vərəqə çap olunduğuna gözləri ilə görmüş kimi inanırdılar.

Hər yerə baxıldı. Yorğan-döşəyin içi, köhnə paltarların cibləri, döşəmələr, tavanlar, köhnə peçlər, müxtəsər, evdə nə varsa ortalığa tökülüb yoxlanıldı. Nəhayət, jandarm onbaşısı kürsünün üstündə oturdu, fikrə getdi. Qapı yanında oturan polis nəfəri mürgüləyirdi. Milçək burnunun yanındakı ət xalın üstünə qonurkən, əlini qaldırıb milçəyi qovur, yenə də mürgüləyirdi.

Jandarm onbaşısı əlini dizinə vurub dedi:

– Şeytan qızı! O, bizi aldadıb, bütün lazım olan şeyləri otaqdan çıxartdı!

Polis nəfəri bu səsə ayıldı, bığlarını düzəltməyə başladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets