Məhərrəm gəldiyi üçün şeyx Qəni şəxsən məscidin döşənməsi işlərində iştirak edir.

Toplandı yenə məşhədilər yanına şeyxin,
Salsın hamı bir para cibişdanına şeyxin.

Əlhəmd ki, məscidlər olur xaneyi-vəslət,
Evlənmək üçün başlanıyor xırda ticarət.
Huridən alır kəbləyilər gündə yüz övrət,
Bir söz demərəm doğrusu qılmanına şeyxin,
Böhtandı bu iyrənçi iş ünvanına şeyxin.

Hammalları da eyləyəcək huriyə damad,
Nəqd pul verir onlar da alır nisyə bir arval,
Dünyada əzab qalmadı şeyxin evi abad,
Min şükr edəcək xalq bu ehsanına şeyxin,
Toplandı yenə məşhədilər yanına şeyxin.

Hurini bəzər şeyx ağa moizədə hər dəm,
Ağzı sulanıb xalqın olur haləti bərhəm,
Əlmuzdun alır toyda bu məşşatə müəmməm,
Zira yaraşır məs’ələ vicdanına şeyxin,
Layiqdi bu ərz etdiyim ünvanına şeyxin.

On gün başa-baş tozlu həsir üstə müsəlman,
Vaxtın keçirər vəslilə ol quli-biyaban,
Zövq eyləyə qılmanla başı örtülü nisvan,
Artıq nə deyim dinçi müsəlmanına şeyxin,
Layiqdi deyən sözlərim ünvanına şeyxin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire