Şairin son sözü
Page 2 of 2 · 50%
Qətibə bu sözdə başını qaldırıb yalvarıcı bir surətdə dedi:
– Şair, mənə inan, nə atam, nə də anam mənim xoşbəxtliyimə mane ola bilər. Sən özün bilirsən ki, onlar bu işdən xəbərdardırlar.
Nizami çox gözəlcəsinə bilirdi ki, o, Qətibənin sevgisinə razılıq versə belə, bu hadisə yenə də baş tutmayacaqdır, çünki Əmir İnanc xalqa rəhbərlik edən şəxsiyyətlərin hər birisini bir vasitə ilə aldatmağa və bununla da sabiq nüfuzunu əldə etməyə çalışırdı.
Əmir İnanc Qətibənin Nizamiyə hüsn-rəğbət göstərməsinə yol verməklə bərabər, onu Hüsaməddinə də vəd edirdi; Dilşadı Bağdada göndərməyə hazırlandığı halda Fəxrəddinin də başını aldadır və Dilşadın Fəxrəddinlə olan tanışlığına maneə törətmirdi.
Lakin Qətibə atasının bu siyasətindən xəbərdar deyildi, buna görə də şairi, ata-anası tərəfindən maneə törədilməyəcəyinə inandırırdı.
Qətibə titrək və həyəcanlı bir səslə:
– Mən bu gün şairdən qəti cavab almaq qərarına gəlmişəm, – dedikdə Nizami dərin bir fikrə qərq oldu. Bunun üçün Qətibə soruşdu:
– Nəyi düşünürsən?
– Bir qəlbi tikmək üçün başqa bir qəlbi yıxmağın mümkün olub-olmamasını düşünürəm. Təbiət bir qəlbin iki tərəfə bölünməsi imkanını yaratsaydı, mən heç də vicdan əzabı çəkməzdim.
Qətibə şairin nə demək istədiyini dərhal hiss edərək söylədi:
– Bir qəlbin iki tərəfə bölünməsinə hansı qız razı ola bilər?!
– Mən çox təəssüf edirəm ki, gənclərdən bir çoxunun qəlbi özündə olmadığı zaman, gözəl qızlar onların qəlbini tələb edirlər. Nə edəsən, qəlb elə bir şey deyil ki, birinin əlindən alıb, o birisinə verəsən.
– Doğrusunu söylə, sən qəlbini mənə verməyəcəksənmi?
– Birisinə doğru demək üçün başqasına yalan deməyə məcbursan. Lakin mən bunu vicdanıma sığışdıra bilmirəm. Doğrusu budur.
– Mən səni gözəl, yaraşıqlı bir gənc olduğun kimi, sənətkar bir şair olduğun üçün də sevdim.
– Zənnimcə, yoxsul bir şairə bu qədər böyük əhəmiyyət vermək yersizdir. Mənə verdiyiniz bu qədər əhəmiyyət, göstərdiyiniz səmimi hörmətlər məni daha da rahatsız edir. Özünüz söyləyin! Mənə qarşı bu qədər sevgi və ehtiram bəsləyən bir qızı mən necə aldada bilərəm?
Qətibə Nizaminin əlini yenə də əlinə aldı və dedi:
– Mən istəyirəm ki, o nəfis şerlərin ilhamı məndən alınsın. Sənin ilham dənizindən çıxan nadir incilər, bir kəndli qızının boynundan yox, Qətibənin boynundan asılsın. Daha doğrusu, sənin bütün Şərqdə qazana biləcəyin şöhrətin şəriki olmaq istəyirəm. Mən sənin yaratdığın xəzinənin divarları sarı samanla suvanmış palçıq otaqlarda çürüməsini istəmirəm. Mən səni daxmalardan, həqir otaqlardan çıxarıb ali saraylar, kaşanələr, malikanələr, təntənə və dəbdəbələr sahibi etmək xəyalındayam. Mən istəyirəm ki, bütün Şərqdə məşhur olan nəcib Qətibənin dünyası səninlə bir daha şərəflənsin. Sən bundan sonra xəlifə babamın – müqəddəs Müstərşidbillahın şairi sifətilə Bağdad dünyasını ələ alacaq, tarixin məşhur şairi Əbü Nəvvas və Əbülətahiyələrin əldə etmiş olduğu şərəfi qazanacaqsan. Bundan sonra sənin şerlərini lal, kar meşələr yox, bəni Abbas xəlifələrinin təntənəli sarayları eşidəcəkdir.
Qətibə zənginliklərdən, saraylar və malikanələrdən danışdığı zaman Nizami düşünür və xəfif-xəfif gülürdü. Lakin Qətibənin onu tez-tez yoxsul deyə təkrar etməsi, xüsusən onun evinin fəqirliyindən danışması, hətta Rənanın adını çəkdiyi zaman "bir kəndli qızı" deyə onu təhqir eləməsi Nizaminin acığına gəldi və ona bu məzmunda bir şeir oxudu:
"Fəqir bəxtəvərəm, şairəm, zəbərdəstəm,
Cahan kiminsə qoy olsun, mən onda sərbəstəm.
Həqiqət əhliyəm, hər eybdən mübərrayam.
Əgər dağılsa bu dünya, mən ayrı dünyayam.
Əgər həyat üçün aləm həyata yalvarsa,
Dağılsa, yansa bəşər, kainata yalvarsa,
Fəqət mən ölsəm, əzilsəm də iczə idl açmam,
Qəza gəlirsə də, gəlsin, mübarizəm, qaçmam".
Qətibə dərhal şairin acıqlandığını hiss edərək onu sakit etməyə çalışdı:
– Sən mənim sözlərimə əbəs yerə mənfi məna verirsən; mən səni yüksəltmək istərkən təhqir etmək istəmədim. Nə edim? Madam ki, sən məni rədd etmək üçün bəhanə axtarırsan, o zaman mənim dediklərimi təhrif edə bilərsən. Həm də ki, şairsən, yaradıcısan...
Qətibə yarım saatdan artıq danışdı. Sevgi dastanlarını cürbəcür qafiyələr və məzmunlarda oxudu, o ağladı, güldü, nazlandı, acıqlandı, yenə də şairdən müsbət bir cavab ala bilmədi. Nəhayət, əlini Nizaminin əlindən çəkərək, göz yaşları ilə ayrılmaq istərkən, Nizamidən bu sözləri eşitdi:
– Qızlarda baş verən bu kimi hallar keçici hallardandır. Onlar sürətlə sevdiyi və düşünmədən insana bağlandıqları kimi, sürətlə, düşünmədən insandan ayrılar və unudarlar.
Nizami ayrılıb getdi. Qətibə isə olduğu yerində quruyub qalmışdı. Bir az keçəndən sonra o qayıdıb söyüd kötüyünün üstündə oturdu, düşünməyə, beyni qızmağa və düşüncələri alovlanmağa başladı. Sevgisi böyük bir intiqam hissilə alovlanır, bu qədər alçalmasına qarşı öz-özünə nifrət edirdi.
Hüsaməddin uzaqda dayanıb, Qətibə ilə Nizami arasında gedən söhbətlərə qulaq asırdı. O, Qətibənin yalvarışların Nizaminin ona verdiyi cavabı eşidir və ümidləri yenidən canlanırdı. Hüsaməddin, Nizaminin ailə təşkili barəsindəki fikirlərinə xüsusi qiymət verdiyi üçün öz-özünə belə düşünürdü:
– Şair doğru deyir. Bir qəlbi birisindən alıb o birisinə vermək çox çətindir.
Lakin bu fikir Hüsaməddini tamamilə qane salmırdı, çünki o özü dəlicəsinə sevir və bütün bu fəlsəfə onu təmin etmirdi.
Hər halda o, Nizamidən razı idi. Bir neçə gün əvvəl Nizaminin verdiyi sözlərdən onun səmimi olduğunu hiss etmişdi.
O şad bir halda Qətibənin yanına gəldi, adəti üzrə qıza baş əyib:
– Axşamınız xeyir olsun! – dedi.
Qətibə cavabında:
– Çox razıyam! Get xəbər ver qulamlar taxtımı bura gətirsinlər, – dedi.
– Meşənin sıx yeridir. Ağacların şaxələri taxtın çiyində aparılmasına imkan verməz. Yaxşı olardı ki, bir neçə qədəm söhbət edə-edə gedəydik.
Qətibə ayağa qalxdıqda Hüsaməddin ona dedi:
– Mən zənn edirəm ki, xanımın bugünkü səyahəti həmin bu söyüd kötüyü ilə əbədi olaraq vidalaşmaq üçün idi.
Qətibə cəld ona tərəf dönüb:
– Sən özünü bir qəhrəman hesab edirsən, – dedi. – Lakin yaralanmış bir adama yara vurmaq mərdlik və qəhrəmanlıqdan uzaq bir işdir.
– Mən sizə yara vurmaq istəmədim. Ancaq sizin səhvlərinizin nə kimi bir nəticə verdiyini sizə anlatmaq istədim. Şair çox gözəl dedi. Təbiət bir qəlbin iki tərəfə bölünməsi imkanını yaratmamışdır.
– Mənim üçün fəlsəfə danışma, təbiətin imkan vermədiyi heç bir şey yoxdur, hər şeyi insan yaradır.
– Siz mənim nəsihətlərimə inansaydınız, bugünkü görüşü təşkil etməzdiniz. Şair də sizi bu qədər açıqcasına rədd eləməzdi. İndi mənə deyin görüm yenədəmi onu sevəcəksiniz?
– Xeyr, sevməyəcəyəm, inanın, indi o mənim düşmənimdir. Mən ona öz Rənası ilə xoşbəxt yaşamağa imkan verməyəcəyəm. Hətta mümkün olarsa, onu məhv etdirib öldürəcəyəm. Lakin onun qəbrində oturub ölənə qədər ağlayacağam. Mən nə sevgini, nə də təhqiri unudacağam. Sən də mənim yaxamdan əl çək. Mən babamın müqəddəs ridasına and içirəm, heç bir kəsə sevimli qadın olmayacağam. Onunla yaşaya bilmədim, heç bir kimsə ilə də yaşaya bilməyəcəyəm, çünki insan ömründə ancaq bir kərə sevə bilər. Mən bundan sonra hər kəsə baxsam, onu qucaqladığımı hiss edəcəyəm. Hər kəslə olsam, sanki onunla olacağam. İndi sən də məndən uzaqlaş, çünki mən nə sənin, nə də onun deyiləm.
Hüsaməddin Qətibənin bu sözlərinə istehza ilə güldü:
– Yüksəkliyi aşağılarda arayan adamlar özünü daima aşağılarda görməlidir, – dedi.
Qətibə bunun cavabını verməyə imkan tapmadı, çünki qulamlar onun taxtını irəli gətirmişdi. O, bir saat bundan əvvəl bu taxtın üzərinə oturub böyük bir ümidlə meşəyə gəldiyi halda, indi ümidsiz və təhqir olunmuş bir surətdə taxta oturub meşədən çıxırdı. Əlvan ipəklər və zərzivərlə bəzənmiş taxt Qətibə üçün qorxulu bir tabutun qənaətini verirdi.
Kənizlər və cariyələr taxt qabağında qəhqəhə ilə güldüyü zaman, Qətibə qəlbdən ağlayır və acılar içində qıvrılırdı.
O, meşədən çıxdı. Lakin bu son gediş deyildi. O sonra hər gün yenə də meşəyə gəlir və haman söyüd kötüyünün üstündə oturub düşünür və keçən günləri xatırlayırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-sairin-son-sozu
Use ← → keys to move, R for a random poem
More by this author
Əhməd şah xəl olunandan sonra istəyir Tehrandakı əmlakını satsın.*Satmışam hər yanı ancaq ləfzi-İranım qalıb.
Üləma məmləkətiİranda dərəbəylik bid’əti olaraq kəndlilər: ağanın izni olmamış evlənə bilməzlərmiş.*Ölkə əvvəldən olub bir üləma məmləkəti
Şahi-İranİran şahı Birendə çay kanarında tamaşa etdiyi vaxt hammalın dalından düşən dəmirin səsini qurşun hesab edib yıxılmış, polislər hüşə gətirmişdir. («Sitareyi-İran» qəzeti).*Etdi səfər dolansın işrətdə şahi-İran,
İrana gələndəİranda Müşirüddövlə kabinəsinin yıxılması, Rzaxan diktaturasının məhkəmlənməsi səbəbilə şah yenə də Avropa səfərinə hazırlaşır.*Gülməz bu üzüm doğrusu İrana gələndə,
Poems by other poets
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.