Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.

Yusif — (Züleyxaya)
Mənzur nədir bu işrətindən?
Bu halət uzaqdır ismətindən.
Şəhrətli, kamallı bir qadınsan,
Bu hala riza olurmu nisvan?
Nifrətlənirəm bu macəradən,
Bu halətı görmək istəməm mən.

Züleyxa — Dünyada bu gördüyün məsərrət,
Ancaq sənə oldu burda qismət.
Bir ne’mət olub sənin nəsibin,
Hazırda bütün cahan rəqibin.
Sən sevmədiyin bu şanlı mənzər,
Heç bir kəsə olmamış müyəssər.

Yusif — Qarşımda duran gözəl qadınlar,
Məhkumədir, oynamaqda naçar.
Öz zövqünə eləmişsən alət,
Məncə bu da bir dərin səfalət.
Bunlar nədən ötrü rəqsə gəlmiş?
Bi şübhə ki, zövqüdən deyilmiş.
Çılpaqların əldə etsə fürsət,
Eylər bu sönük həyata nifrət.
Bir sən’ət ikən bu oynamaqlar,
Çılpaqlığa bəs nə məqsədin var?
Əfsus ki, burda incə sən’ət
Şəhvətlərə eylər indi xidmət.

Züleyxa — Səndə de görüm nədir bu xülya,
Nisvan nə üçün yaranmış aya? Sən bir kişisən məhəbbətin yox,
Biganəsən eşqə, ülfətin yox.
Anla məni, olma qəlbi sadə,
Bu sevgidən eylə istifadə.
Səhv etmə! Gərək bütün qadınlar,
Bir zövqi səlimi oxşasınlar.
Çılpaqlığa sən darılma hərgiz,
Bir ailədən, bir evdəniz biz.
Paltar yox ikən keçən zamanda,
Çılpaq yaşadıq bir aşiyanda.
Çılpaqlara çox da etmə töhmət,
Paltar bizə bir izafə zinət.

Yusif — Heyrətlənirəm bu fəlsəfəndən,
Mənzurimə aşina deyilsən.
Olmazsa əgər qadında ismət,
Aqil kişi eyləməz məhəbbət.
Fikrində nişanı yox hicabın,
Heç təhlükədən yox ictinabın.
Divanəsən öz təriqətində,
Əxlaq unuduldu söhbətində.

Züleyxa — Paltarsız olan deyil bədəxlaq,
Əxlaqı sən anlamırsan ancaq.
Hər bir yeni inkişafımızda,
Bir ayrı qiyafə doğdu bizdə.
İnsanda fəqət bu son təhəvvül,
Bir fitnə doğub ki, rəf’i müşkül.
Cəmiyyətə girmədikcə nisvan
Ərlər dəxi ayrılıb qadından.
Yoxdur adı müştərək həyatın,
Erkək, dişi kəsmiş irtibatın.
Erkəklə qadın tutarsa ülfət,
Əxlaqsız adlanır nihayət.

(Məclisə)

Rəqqasələr oynasınlar hala,
Boş fəlsəfələrdə var nə mə’na?

Rəqqasələr rəqs edirlər. Bayırdan bir dəstə qadın səsi eşidilir. Züleyxa rəqs edənləri dayandırır. Misrin aristokrat qadınları oxuya-oxuya içəri girirlər

Qadınlar — (Züleyxaya)
Olsaydın əgər sən bir əsilzadəyə məftun,
Bu eşqə qoyub qiymət olardıq hamı məmnun.
Sevsəydin əgər Misrdə sən varlı bir insan
Olmazdın özün axırı eşqində peşiman.
Ancaq elə bir zat ilə tutdun bu gün ülfət,
Faş olsa bu eşqin edər aləm sənə nifrət.

Qadınlardan Tadoxina — Bir qul ki, onun indiyədək kimliyi məchul,
Cənnətdən uçub gəlsə deyil bizlərə məqbul.
Bir kimsə əgər versə mənə Yusifi nisbət,
Ölləm belə təhqir ilə sağ qalmaram əlbət.
Bir hüsn ilə məşhuri-cahan olsa da bir zat,
Sərvətlə gərək eyləsin öz varlığın isbat.

Aponet — Mən istədiyim olmasa bir gündə müheyya,

Qiloğana — Göydən düşə pulsuz kişi sevməm onu əsla

Xanşensut — Pulsuz mələk olsa olamaz qəlbimə hakim,

Tadoxina — Pulsuz kişinin söylə görüm eşqi nə lazım?

Aponet — Pulsuz kişi hər etsə mənə varlığın ithaf,

Qiloğana — Pul yoxsa onun eşqi fəna, sevgisi boş laf!

Xanşensut — Hər kəs mənə altunları qoymazsa müqabil,

Tadoxina — Ruhun verə, olmaz yenə də vəslimə nail.

Züleyxa — Yox zərrəcə qiymət o əsilzadə sözündə,
Hər bir əzəmət olmalıdır şəxsin özündə.
Bir söylə nə gördüm o əsilzadə ərimdən?
Ölsəm də fənalıqları çıxmaz nəzərimdən.
Eşq olmasa təkmil olamaz varlığı zatın,
Zira quru sərvətlə üzü gülməz həyatın.

Tadoxina — Ruhunda böyük fitnə yaratmış bu xəyalat,

Aponet — İqbalını tə’min edəməz eşqlər heyhat!

Qiloğana — Xam olma, səadət bulmazsan bu qulunda,

Xanşensut — Tezliklə zəbun olmalısan eşq yolunda.

Züleyxa — Mə’zur tutun, çünki çıxıb mənliyim əldən,
Bir aşiqəm ölsəm də çəkilməm bu əməldən.

Tadoxina — İnsanları bir hüsn ilə məhv etmiş idin sən,
Sərkəştələrin olmuş idin eşqinə düşmən.
Hər bir qədəmində sənə bir eşq müheyya,
Daş qəlbilisən bir kəsə rəhm etmədin amma.

Aponet — Bir söylə görüm səndə ikən hüsnü vəcahət,
Bu hüsn ilə bir kimsəyə verdinmi səadət?

Qiloğana — Tuğyan edərək bir çoxunun eşqini atdın,
Bir gənc ikən öz varlığını sərvətə satdın.

Xanşensut — Hər kəs səni sevsəydi qovub eşqə gülərdin.

Tadoxina — Kəndin belə hər ləzzəti sərvətdə bilərdin.

Züleyxa — Mən bir qız idim eşq sözün anlamayırdım,
Onda kişinin eşqini bir hiylə sanırdım.
Hər kimsə mənə etsə idi eşqini e’lan,
Zənn eylər idim ismətimə yapdı bir üsyan.
Bir çoxlarıtək mən dəxi öz hüsnümə məğrur,
Didarım ilə eyləmədim bir kəsi məsrur.
Mən sevgini bir xariqə bilməzdim əzəldən,
Əfsus buraxdım keçən imkanları əldən.
Min eşq səpilsəydi əgər rəhgüzərimdə,
Baxdıqca oyunçaq görünərdi nəzərimdə.
Çünki yox idi onda mənim sevdiyim insan,
İndi məni bir eşqə düçar eylədi dövran.

Tadoxina — Mən dinləmərəm bir daha xain kişilərdən.

Aponet — Artıq o adı dinləməyi sevməyirəm mən.

Qiloğana — Bir qız kimi olsan ona min hiss ilə təqdim,

Xanşensut — Öz varlığını qılsan onun zövqünə təslim,

Tadoxina — Bi mehridir, axırda səni aldadacaqdır,

Aponet — Sevsən də səni sevməyəcəkdir, atacaqdır.

Qiloğana — Onlar düzəldib bizləri öz nəfsinə alət

Xanşensut — Ərlərdən imiş cümlə qadınlarda səfalət.

Züleyxa — Saydıqlarınızdan deyil ol sevdiyim afət,
Hazırda salar sizləri də damə o ləbət.

Tadoxina — Hər gördüyünü sevsə əgər dəhrdə nisvan,
Qalmaz qadının hüsnünə qiymət qoyan insan.
Hər bir qadın öz gördüyünə qılsa məhəbbət,
Bişübhə ki, dünyamız olar xaneyi-vəslət.
Bir hüsnü vəcahətlə qadın olmasa məğrur,
Eşqində onun əczə olurmu kişi məcbur?

Qiloğana — Kölgən kimi tapdanmalı, məhv olmalı daim,
Yıx qəlbini, rəhm eyləmə, çünki o da zalim.
Verməz kişilər bir də sənin eşqinə mə’na,
Sal hicrə ki, hicranı sevir eşq ilə sevda.

Yusif və sair qulluqçular əllərində meyvə xonçaları məclisə daxil olurlar. Qadınlar Yusifi görərkən heyrətlənirlər.

Züleyxa — (Yusifi göstərir)
Mən söylədiyim yanımda peyda,
Ar etməyərək qılın tamaşa.
Sevdazədəyəm yox ictinabım,
Sinəmdəki eşqlər hicabım.
Mən qailəm öz şəriətimdə,
Sabitqədəməm təriqətimdə.
Artıq mənə kimsə sahib olmaz,
Laf eyləmirəm, qadın satılmaz.
Bir duyğu ikən bəşərdə sevda,
Eşqində qadın olurmu rüsva?
Bir ər ki, cəfadayam mən ondan,
Artıq yaşayış deyildir asan.
Ərlik nə demək, nədir bu sözlər?
Mənzur deyil sevilməyən ər!

Yusif — (Züleyxaya)
Hərgiz verəməm bu eşqə mə’na,
Mətləb niyə məncə bir müəmma.
Söylə kimədir bu canfədalıq,
Kimdən diləyirsən aşinalıq?
Get sev kimi istəyirsən artıq,
Sat işvə cahana, Misri yıx, yıx!
Ac xalqa o çeşmi-dilşikarı,
Qoy gənclər etsin intiharı.
Qoy pənbə yanaq cahana gülsün.
Həsrətlərə intəha qoyulsun.
Ancaq məni eylə burdan azad,
Zira deyiləm bu cilvədən şad.
Bir zərrə də olsa sevmirəm mən,
Get sev kimi sevmək istəyirsən!

(Yusif sözünü qurtarıb qaçır.)

Züleyxa ilə bütün qadınlar dalınca oxuya-oxuya məclisdən çıxırlar.

Ərlərdə, qadınlarda bir eşq olmasa bərpa,
Gülməz bəşəriyyət, sarılar zülmətə dünya.
Hər eşq budur, bundan ibarətsə, Züleyxa,
Bişübhə ki, aləm kəsilər aşiqi-şeyda.
Dünyada əgər olsa məhəbbət mütəqabil,
Sevdanı danıb ömr edəməz bir kişi qafil.

Çıxırlar.

Pərdə düşür

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şairin son sözü

Axşam çağı idi. Günəşin istiliyi axşam küləkləri qarşısında məğlub olaraq, get-gedə təsirini itirirdi. Səyahət vaxtı keçirdi, çay kənarına səyahət üçün gələnlər çəkilib gedirdi. Şair də qalxıb çayın kənarı ilə şərqə doğru döndü. Musa dəyirmanının ətrafındakı söyüdlükdən qalxıb Səncər meydanına tərəf getdi. Bu zaman onu arxadan bir nəfər səslədi:– Möhtərəm şair, bir az ayaq saxlayın.

14 min
Qızıl Arslan

Eldəniz oğlanları Azərbaycanı idarə etməyə başlamışdılar. Cənub-qərbi Azərbaycandakı itaətsizlik, Marağa hakimi Qara Süngərin məğlubiyyəti nəticəsində təsviyə olunmuşdu. Qızıl Arslan Təbrizdə oturub Şimali Azərbaycan məsələləri ilə məşğul olduğu zaman, yerli hakimlər yerlərin vəziyyəti barəsində hökmdara bir çox əsassız məktublar göndərirdi. Onlar öz mövqelərində qalmaq üçün məmləkətdə mövcud olan narazılıqların səbəbini gizlədirdilər. Buna görə də Nizami Qızıl Arslandan şeir və ədəbiyyata dair aldığı məktubun cavabında məmləkətin vəziyyətini yazmış və narazılıqların səbəbini qismən aydınlaşdırmışdı.Nizami öz məktubunda məmləkətdə mövcud olan üsyanların yararsız olan hökumət üsul-idarəsi nəticəsində yaradıldığını və məmləkətin islahata möhtac olduğunu, xalqın etimadını itirmiş yerli hakimlərin isə dəyişilməsi lüzumunu qeyd etmişdi.

12 min
Süleymani

On dörd gecəlik ay, bu qara xəyanəti görməmək üçün başını qara buludların yorğanına çəkib gizlənmək istəyirdi.Mavi fəzanın hovuzunda çimən ulduzlar da qara qətifələrə bürünərək öz yatağına çəkilirdi. Daima pəncərələri döyməyə adət edən Gəncə küləkləri şəhər xalqını bu qara hadisədən xəbərdar etməmək üçün öz şiddətini dayandırmışdı. Gecə olduqca sakit və durğun idi. Hər şeydə bir sükut hiss edilirdi. Sanki bütün təbiət Əmir İnancdan sükut əmrini almışdı. Saray da yatmışdı. Nə həyətdə, nə də dəhlizdə cınqırını çəkən var idi. Cariyələr otaqlarının çıraqlarını söndürmüşdülər. Uzun və geniş dəhlizin baş tərəfində yanan piy çırağı da sönürdü. Lakin xacə Müfid adəti üzrə oğru pişiklər kimi dolaşıb, saray xalqı yatan otaqların qapısını qoxulayırdı. O, Dilşadın otağının qapısında durdu, onun otağının açarını əlindəki başqa açarların içərisindən asta-asta tapmaq istərkən Dilşad oyandı, titrəməyə başladı, çünki gecənin bu vaxtında xacə Müfid heç bir zaman könülaçan bir xəbər gətirməzdi. Bu vaxt cariyələr ya istintaq edilməyə, ya cəza verilməyə, ya da Əmir sərxoş olduğu zaman onu əyləndirməyə aparılırdı.

12 min
Aran

Gəncə şəhərində böyük bir həyəcan var idi. Azərbaycanda mövcud olan itaətsizliyi ləğv etmək üçün göndərilən İraq və fars qoşunundan 5 min nəfər də Aran ölkəsində yerləşdirilmişdi. Atabəy Məhəmməd tərəfindən göndərilən bu dəstə Əmir İnancın göstərişi ilə hərəkət edir, vaxtilə vergidən boyun qaçıran kəndliləri cəzalandırır və qarət edirdi. Həbslərin və sürgünlərin sayı-hesabı yox idi. Minbərlərdə xəlifə Toğrul və Atabəy Məhəmməd adına xütbə oxutdurmamaq üstündə üsyançı kəndliləri qırıb məhv edirdilər. Lakin Gəncə şəhərində mövcud olan itaətsizliyi təsviyə etmək mümkün olmamışdı; çünki Gəncə ziyalıları və orada toplanmış xalq rəhbərləri, özlərinin yerli hökumət tərəfindən aldadıldığını yəqin edincə, acıqlanmış və itaətsizliyə başlamışdılar.Vaxtilə, – sürgün edilmişdir – deyə şöhrət tapan Gəncə xətibi Məkkədən qayıdıb şəhərə gəlmişdi. Xalqın intiqamından qorxub Şirvanşahların himayəsinə pənah aparan müridlər Gəncəyə yığışıb, əllərində ağac, dəstələrlə küçələri gəzir və qabaqlarına keçənləri döyüb təhqir edirdilər. Alimlər, şairlər, incəsənət işçiləri camaat gəzən yerlərə, məscidlərə və səyahət yerlərinə getməkdən məhrum edilmişdilər. Müridlər Məhsəti xanımın Gəncədən köçürülməsi üçün yenə də Əmir İnanca müraciət etməyə başlamışdılar. Lakin Əmir İnanc Azərbaycan hökmdarı Qızıl Arslanın şeir və ədəbiyyata qiymət qoyduğunu, Məhsəti və Nizamiyə hörmət bəslədiyini eşidincə xətibə məsələni anlatdı, müridlərin bu təcavüzünə imkan verə bilməyəcəyini xatırlatdı. Xətibin Gəncəyə qayıtmasilə xalqın hökumətə qarşı bəslədiyi nifrətin alovları bir daha artmış oldu. Əmir Gəncədə təzə bir üsyan çıxmasına imkan verməmək və biət almaq üçün Gəncə xalqına rəhbərlik edənləri məscidə dəvət etmişdi. O, xalqı həm qorxutmaq, həm də təzə xanədana itaət etdirmək üçün nəsihət vermək istəyirdi. Məscidə Fəxrəddin də dəvət edilmişdi. Dilşadın ona göndərdiyi məktub onun Əmirə qarşı mövcud olan şübhələrini azaltmışdı. O, məktubun Dilşad tərəfindən yazıldığına inanırdı. Məktub Dilşadın öz xəttilə yazılmışdı. Fəxrəddin Əmirin çağırdığı müşavirədə iştirak etsəydi, Əmirin əleyhinə çıxış etməməli idi. Onun çıxışı hər halda Dilşadın vəziyyətini ağırlaşdıracaq, bəlkə də, Əmir onların izdivacına verdiyi razılığı geri götürəcək idi. Fəxrəddin bunları düşünürdü.

11 min

Poems by other poets