Vaqe olur Misrin kölə satılan bazarında. Tacirlər öz kölələrinə təmiz libas geyindirib saxlamışlar. Yusifin ağası Malik isə öz arxadaşları ilə bərabər, Yusifə bahalı paltar geyindirib satmaq üçün saxlamışdır.

Malik — (Yusifə)
Halın nədən oldu bəs pərişan?
Hər odlu baxışların bir üsyan.
Üsyanı, inadı at özündən,
Qan yaşları tökmə çox gözündən.
Hər kəs sənə baxsa, eylə hörmət,
Hazırda vəzifən işbu xidmət.
Şad ol yenə parlasın camalın,
Haqqımda böyük cəfa bu halın.

Yusif — Hansı işə söylə şad olum mən?
Heyrət məni qarşılar bu yerdən.
Bunlar nəçidir? Nədir bu bazar?
Mən şad olamam bu yerdə naçar.

Xadim — Son mərhələdir, çox etmə nala,
Ta inciməsin baxan bu halə.

Xəfra — Baxma yerə, ey nəhali-növrəs,
Sevdir özünü baxanda hər kəs!
Səndə hanı mən görən təbəssüm?
Gül, cəzb ola məhzərində mərdüm.

Yusif — (Xəfraya)
Eyb etmə bu odlu ah-zarə,
İnsan qoyulurmu ehtikarə?
Aqil bu həyata ağlamazmı?
Söylə mənə, bu cəfalar azmı?

Malik — Anla, sənə verdim əlli dirhəm,
Gəl rəhmə, yamanlıq etmə sən həm!
Gər versə zərər mənə bu sövda,
Olmaz sənə də səadət əsla.
Olmazsa əgər bu yerdə bazar,
Köç etməliyik İraqa naçar.

Yusif — Var məndə birər böyük həqiqət,
Dinlə məni, al bu işdən ibrət!
Mən bir neçə həftə bundan əvvəl,
Rahat yaşayan zaman mükəmməl,
Həp bir əbədiyyət hiss edərdim,
Zira yox idi bir özgə dərdim.
Qılmışdı məni əhatə ne’mət,
Hər mənzərəm ayrı bir məsərrət.
İndisə dəyişmişəm cahanı,
Mən’ eyləmə etdiyim fəğanı.
Mən qulluğa etməmişkən adət,
Məndən tələb etmə ayrı halət.
Təbdil olacaq sənin də halın,
Qıl çarə varınsa gər məcalın.
Bir gün sən özün olanda məhkum,
Anla, nə çəkib əlində məzlum.
Ancaq nə çıxar bu anlamaqdan?
Bir iş bacarırsan eylə əl’an.

Bir dəstə misirli qadın — Ey taleyi zülfü kimi qarə,
Söylə, nə səbəb bu ahu zarə? Faş eylə nədəndir e’tirazın,
Sən qulsan əgər nədir bu nazın?

Qadınlardan Azib — Hər qədri mənim varımsa malım,
Məhv olsa əgər bütün cəlalım,
Gər malik olam bu gül cəmalə,
Min nifrət ola o mülkü malə.
Gər varsa həyatı kainatın,
Sənsiz nə vəfası var həyatın?!

İkinci qadın Tutmas — Tapsa gər evim səninlə zinət,
Dünyaya dəyər bu canlı sərvət.
Ömrümdə olam səninlə xoşdil,
Bir sadə düşünçədən nə hasil?

Kişilər dəstə ilə oxuyur.

Sat bu qulu olma çox məəttəl,
Öz başına açma burda ənkəl.
Var şübhə bunun qul olduğunda,
Sat, saxlama xalqı öz yanında.
İncitmə bunun tut ehtiramın,
Təhqir eləmə, eşit kəlamın.

Kişilərdən Tutmazis — Qul olmadığın duyarsa millət,
Tədibini əmr edər hökumət.
Sat, saxlama, hər nə versələr al.
Hirsin səni etməsin çox ifal.

Malik — (Gülür)
Yox qorxu mənə bu sözlərindən,
Xof eyləmədim bu lafdan mən.
Etməz mənə bir sitəm hökumət,
Mən etməmişəm bu işdə sirqət.
Yox birçə səbəb bu qilüqalə,
Quldur mənə, almışam qəbalə.
Bir işdə ki, var qəbalə, höccət,
Aydın burada bütün həqiqət.

Yusif — Dünyada bütün bu macəralar,
Təzvirli, süslü iddialar,
Min hilələrin, min ixtilafın,
Min iç üzü qanlı e’tilafın,
Məncə o kağızdır istinadı,
Kağız çıxarır bütün fəsadı.
Olsaydıq əgər xatadan ari,
Qalmazdı bunun bir e’tibarı.
Bə’zilər olub o qədri ərzəl,
Bir parça kağız da ondan əfzəl.
Bir-birlərinə çox e’timadı,
Bir parça kağızdır ittihadı.
Eylərsə bu gün bir əhdi imza,
Bir hərb qılar yarın mühəyya.
Bir fitnə çıxarsa asimanda,
Bişək bu kağızdadır komanda.

Züleyxa öz əri ilə gəlir. Ətrafını kişi və qadın qulluqçuları almışdır.

Qulluqçular oxuyurlar — Yoldan çəkilin, gəlir Züleyxa,
Hüsnündə, vəcahətində tənha.
Heç kimsə dayanmasın çəkilsin,
Hər bir qədəminə gül səpilsin.

Gülpirlər — Getsin daha qalmasın bir insan,
Dursun o uzaqda, baxsın heyran.

Züleyxa qullara baxa-baxa gəlib Yusifin qarşısında dayanır.

Züleyxa — (Əzizi-Misrə)
Xaliq mənə verməmiş bir övlad,
Olsun ürəyim onunla bir şad.
Bu ölkədə namım itməsin ta,
Olsun evimin çırağı bərpa.
Zira məni sevməmiş təbiət,
Övlada qoyub cahanda həsrət,
Düşməz ələ böylə bir gözəl qul,
Hər bir hərəkatı məncə məqbul.

Əzizi-Misir — (Züleyxaya)
Hər qədri gözəlsə bu pərizad,
Ondan sənə lakin olmaz evlad.
Ayrılmasa heç zaman yanından,
Ancaq bu deyil sənin qanından.
Eylərsə əgər səninlə ülfət,
Yalnız analıqdadır məhəbbət.
Əylənçədən ötrüdür fəqət bu,
Bel bağlama özgə oğludur o!

Züleyxa — (Ərinə)
Bu barədə dinləməm nəsihət,
Al bu qulu gər varımsa hörmət.
İstərsən olam səninlə həmraz,
Al bu qulu, qıl məni sərəfraz.
Məndən bunu alsa gər camaət,
Evdə salaram böyük qiyamət.
Gər varsa yanında ehtiramım,
Olsun bu gərək mənim qulamım!

Əzizi-Misir — (Əlini Malikin cibinə qoyur)
Al hər nə ki, qiymət istəyirsən,
Hər şərtin olarsa hazıram mən.

Züleyxanın xidmətçi qadınları Yusifin əlindən tutub apara-apara oxuyurlar:

Ağlama, bizdə sən şad olarsan,
Qüssədən, qəmdən azad olarsan.
Bu Züleyxa sənin öz anandır,
Anandan da sənə meyribandır.
Ağlatma bizləri göz yaşından,
Qulluq fikirlərin at başından.

Gedirlər.

Pərdə düşür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mədain xərabələrində

Böyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər.Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi.

9 min
İnad

Əlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı:“Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır.

13 min
“Mələkə”

Mələkənin taxt-rəvanı Həmədanın Təbriz qapısına yetişdiyi zaman Qətibə taxt-rəvanın ipək pərdəsini qaldırıb darvaza başına baxdı və ipək parçanın üzərinə yazılmış bu sözləri oxudu:“Toğrul paytaxtı öz sevgili mələkəsini salamlayır”.

8 min
Nəsihət

Toğrulun xəyanəti və idarəsizliyi yenə də Yaxın Şərqdə böyük bir rahatsızlığın zəminəsini qoyurdu. Hökumət cənub, cənub-qərb və cənub-şərq tərəflərində yaşayan qonşu hökumətlərlə bağlanmış müqavilələri pozmağa və tanımamağa başlamışdı.Hüdudların müdafiə edilməsi tədbirlərindən birisi də Şimali Azərbaycan xalqının ruhunu və onların Toğrulun siyasətinə tərəfdar olub-olmamalarını öyrənməkdən ibarət idi. Bunun üçün də Qızıl Arslan qardaşı oğlu Əbubəkri Şimali Azərbaycan səyahətinə göndərmişdi. Çünki azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. Birinci olaraq onun vəliəhd təyin edilməsini Azərbaycan xalqı təsdiq eləmişdi.

13 min

Poems by other poets