Page 2 of 2 · 50%

– Bəs biz nə etməliyik? – deyə Nina soruşdu.

– Biz kütlələri İran Sosial-Demokrat firqəsinin ətrafında toplamalı, rusların hiyləsini işfa etməli, siyasi macəraların qarşısını almalı, inqilabi hərəkatın güclənməsinə çalışmalıyıq. Burada sizin üzərinizə daha mühüm bir vəzifə düşür. Siz bizim təşəbbüslərimizi möhkəmləndirməlisiniz.

Nina sözümə qüvvət verərək:

– İran inqilabı Rusiyada baş verən beşinci il inqilabının yavrusudur, onu ruslar da boğmağa çalışır. Biz indilik böyük bir ağacın kiçik budaqları ilə mübarizə aparırıq. Lakin Rusiyanı öz kölgəsi altına almış, budaqlarını Şərqin hər tərəfinə uzatmış bu ağac kökündən qoparılmayınca, biz mübarizədə qalib çıxa bilməyəcəyik, – deyə ayağa qalxdı, otağın içərisində bir-iki baş gəzindikdən sonra: – Qalx, dışarı çıxalım, qalx, ürəyim partlayır! – dedi.

– Məqsədin nədir? – deyə soruşdum.

– Gəzməyə gedək.

Təhminə xanım:

– Getsəniz də, evə tez qayıdın, gecdir, – dedi.

– Uzaq getməyəcəyik, ya sizə gedib qızları görəcəyik, ya da yoldaşın təzə evini görməyə gedəcəyəm, – deyə Nina onu arxayın etdi.

Dışarı çıxdıq. Təhminə xanımın evi yolumuzun üstündə idi. İçəri girdik. Nina qızlara və gəlinləri Nazənin xanıma müraciətlə:

– Tez geyinin, qonaq gedirik, – dedi.

– Hara? – deyə Nazənin xanım soruşdu.

– Yoldaşın təzə mənzilinə. Biz oranı görməmişik, o bizi qonaq çağırmışdır.

Qızlar və gəlin heç bir söz demədən getdilər. Həsənağa da bizi müşayiət etdi. Yol uzunu mən düşünürdüm: evdə hər şey mümkün idi, lakin mənzilimə ilk dəfə gələn qızlara və gəlinimizə bir hədiyyə vermək lazım idi.

Həyətə girərkən Hüseynəli əmi bizi qarşılayıb:

– Ay bala, harada qaldın? – deyə məndən çox nigaran qaldığını bildirdi.

– Gedəndə demirsən ki, hara gedirəm, ağagildən də dörd dəfə gəlib soruşublar.

Hüseynəli yanımdakı Təbriz qadınlarına bənzəməyən dörd nəfər qadını görüb təəccüb etdi, o gah mənə, gah onlara baxmağa başladı.

Hüseynəli əminin arvadı Səriyyə xala da burada imiş, o da irəli gəlib qızları gözdən keçirdi və yavaşca ərinə:

– Oxşuyurlar da, oxşamırlar da, saçları qaradır, matuşqaya oxşamırlar, – dedi.

Hüseynəli əmi yavaşca ona acıqlanıb:

– Arvadlığına salma. Sənin nə borcun vardır, – deyə gülləri sulamağa məşğul oldu.

Nina və qızlar əvvəlcə həyəti gəzdilər. Nina həyəti daha maraqla gözdən keçirirdi.

Otaqları da gəzdik. Sonra hovuzun önündəki masanın ətrafında oturduq.

Bu gün bağça suvarıldığından hovuza çox su buraxılmışdı, fəvvarə şiddətlə vururdu. Hüseynəli yenə də Səriyyə xala ilə danışır və dalaşırdı. Yenə də mübahisə qızların rusluğu üzərində gedirdi.

Bir az keçdikdən sonra Məşədi Kazım ağanın xidmətçisi gəlib məni soruşdu. Hüseynəli əmi ona:

– Ağa gəlibdir, qonaqları da vardır, – deyə cavab verib yola saldı.

Ninanın ev və bağça çox xoşuna gəldi. Odur ki, «Mənim üçün də belə bir həyət tapmalı idin!» – deyirdi.

– Dəyişdirmək mümkündür, – dedikdə fikrini dəyişib etiraz etdi.

– Mənə belə həyət yaramaz. Hovuz vardır, Məcid üçün qorxuludur, – dedi.

Məşədi Kazım gəldi. Həyətə girmək üçün icazə istədi, mən özüm onu qarşılayıb masanın yanına gətirdim, qızlara və gəlinə müraciətlə:

– Bu zat mənim yaxın dostum Məşədi Kazım ağadır! – dedim.

Sonra masa başında oturanları bir-bir Məşədi Kazım ağayla tanış etdim.

– Bu mənim yoldaşım və haqqında sizə söylədiyim Nina xanımdır. Bunlar da mənim bacılarım Sənubər və Töhfə xanımlardır, bu da bizim möhtərəm gəlinimiz Nazənin xanımdır.

Məşədi Kazım ağa gözlərinə inanmırdı. O, xəyalına gətirə bilmədiyi şeyi həqiqətdə görürdü. Təbrizli qızları başıaçıq, avropalı qiyafəsində olaraq kişilərlə bir masa başında oturmuşdu. Hələ qızların Nina ilə rusca danışmaları Məşədi Kazım ağanı tamamilə heyran buraxmışdı. Məşədi Kazım ağa gördüklərindən çox məmnun idi. Çünki o da Təbrizdə qadın açıqlığının birinci tərəfdarlarından idi.

Mən aralıqdakı sükutu pozaraq Məşədi Kazım ağanı danışdırmaq istədim və:

– Deyin görək, yeni nə xəbər vardır? – dedikdə onun dəsmalını çıxarıb gözlərini sildiyini və ağladığını gördüm.

O, sevincindən ağlayırdı:

– Məni bağışlayın, – deyirdi, – üzr istəyirəm, sizi narahat etdim, indi mən özümü tamamilə başqa bir dünyada hiss edirəm. Elə bil ki, bu gün mən yüz il bundan sonrakı İranı görürəm. Əcəba, gözümün qarşısında oturanlar bədbəxt, əsir Təbrizin qızlarıdırmı? – deyərək yenə də ağlamağa başladı. Mən ona ürək verərək:

– Bəli, iranlı qızlarıdır, – dedim, – Ninanın yoldaşları, mənim doğma bacılarımdan artıq sevdiyim qızlardır. Bu da mənim qardaşım Həsənağanın rəfiqəsi Nazənin xanımdır. Oxumuş və yeni tərbiyə almış qızlardır.

– Siz bunların miqdarını artırmaq üçün çalışmalısınız.

– İranın mədəni, siyasi intibahçı, inqilabçı nəslini ancaq bu kimi qızlar yaradacaqdır. İranda qadın açıqlığı, mədəni qadınlığın tarixi bizim qarşımızda oturan bu gənclərlə başlayır.

– Biz bu gəncliyi böyütməyə və inkişaf etdirməyə çalışmalıyıq.

Məşədi Kazım ağa hələ də qızların ona bağışladığı təsirdən özünü ala bilməmişdir. Danışa bilməyirdi.

– Çox böyük işlər görülmüşdür, – deyirdi. – Bizim heç bir şeydən xəbərimiz yox imiş. Bizim qadın açıqlığı barəsindəki fikrimiz yalnız xəyallarda dolaşırdı.

– Təbrizdə belə bir cəmiyyət var idimi? – deyə soruşdum.

– Bəli, düzəltmişdik, işimiz qabağa getmədi, adına cürbəcür böhtanlar atdılar, ünvanımızı gah «əleyhüm cəmiyyəti» (yəni lənətullah əleyhümilcəmi) qoydular, gah da «cəmiyyəti-ba ünvan» dedilər, müxtəsər ki, işimiz qabağa getmədi.

– Üzvlərinizdən Təbrizdə çoxdurmu?

– Çoxdur!

– Onları bir yerə toplamaq, yenidən işə başlamaq və cəmiyyətin dayanmış işini canlandırmaq lazımdır, – dedim.

Vaxt keçirdi. Qızlar və Nina evə dönməli idi, xüsusən Nina Məciddən nigaran idi. Məşədi Kazım ağa bir az əvvəl kiçik qapıdan öz evinə getmişdi. Bir az sonra onun yenə qayıtdığını gördük. Onun dalınca dörd nəfər qadın qulluqçusu, hərəsinin əlində bir zərrin boğça olaraq gəlib həyətdə durdu. Mən qızları ötürmək üçün küçəyə çıxdıqda qadınlar da boğçaları götürüb bizim dalımızca gəlirdilər.

Boğçaların üçünü Təhminə xanımın evinə, birini isə Ninanın evinə gətirdilər. Bunlar Məşədi Kazım ağanın qiymətli hədiyyələri idi.

Sonradan öyrəndiyimə görə, boğçalarda zərif alman corabları, ipək parçalar, ipək dəsmallar, gümüş redikülllər, brilyant üzüklər və sair şeylər var imiş. Ninanın hədiyyəsi içərisində əlavə olaraq bir almazlı qolbaq, dəxi, vardı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Rəhim xan

Rəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı.Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar.

3 min
Təbriz qadınları

Nina son zamanlarda tənqidi çox sevirdi. Gah kütlə arasında iş aparılmamasından, gah qadınların inqilab hərəkatına cəlb edilməməsindən, ara-sıra inqilabın din təsiri altında olmasından danışıb bizi tənqid edirdi.İndi də inqilabçılarda cəza qanununun olmamasını, inqilabi qanunların həyata keçirilməməsini tənqidə başlamışdı.

19 min
Ziyafət

Bu gün bizi Abdulla xan qonaq çağırmışdı. Abdulla xan, xüsusən qafqazlılara çox hörmət bəsləyirdi. O, keçmişdə böyük mülkədar idi. O, inqilabın qələbəsindən nicat gözləyirdi. Böyük və varlı düşmənlərinə inqilabın qələbəsi ilə qələbə çalacağını düşünürdü. Əlindən alınan kəndləri geri qaytaracağına ümid bəsləyirdi. Məni neçə kərə qonaq çağırmışdı. Neçə kərə mənzilimə də gəlmişdi. Bu dəfə başqa qonağı olmadığını söylədiyindən Ninanı da özümlə bərabər aparmağı qərara aldım.Bizi evinə aparmaq üçün Abdulla xanın özü gəlmişdi.

11 min
Nina və Səttar xanın qadınları

Nina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı.Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq.

9 min

Poems by other poets