«Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür!

...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır».

Zaqafqaziya Müttəfiq Komitəsi, 1905-ci ilin yanvarında, mütləqiyyətə qarşı silahlı hücum zəruriyyətini irəli sürərək yuxarıdakı şüarı buraxmışdı. Qafqaz Müttəfiq Komitəsi yorulmadan fəhlə və kəndliləri silahlı üsyana çağırırdı.

«İnqilabın rəhbəri, onun bayraqdarı... inqilabın həqiqi ruhlandırıcısı — proletariatdır».

«...İndi, proletariat inqilaba can atdığı bir zamanda, inqilaba şüurlu surətdə rəhbərlik etmək istədiyi bir halda, onun sinfi interesləri, onun üzərinə rəhbərlik həvalə etdiyi bir zamanda, proletar partiyasının vəzifəsi üsyan işini təşkil etmək və bununla proletariatın həqiqi rəhbərliyi üçün zəminəni möhkəmlətməkdir». Qafqaz müttəfiq partiya komitəsi buraxdığı intibahnaməsində deyirdi: «Partiyamızın bilavasitə vəzifəsi üsyan təşkil etməkdir...

Yalnız bizim partiya üsyan təşkil etdiyi zaman və deməli, proletariat inqilabın həqiqi rəhbəri kimi çıxışda bulunduğu zaman, yalnız o zaman biz köhnə qaydaların darmadağın edilməsindən layiqincə istifadə edə bilərik; yalnız o zaman gələcək azad Rusiya möhkəmcəsinə bərkiyib sosialist həyatı, «adilanə» vəd edilmiş torpağa doğru özümüzə layiqli surətdə yol aça bilərik...»

Qafqaz bolşeviklərinin Leninin rəhbərliyi ilə başlanmış çıxışları rus-yapon müharibəsində çar ordusunun məğlubiyyəti nəticəsində başını itirmiş və beşinci il inqilabı ərəfəsində durmuş çar mütləqiyyətini düşündürməyə və qudurğan təşəbbüs dalınca getməyə vadar etməkdə idi.

Çar hökuməti Bakı fəhlələri arasında böyük bir həmrəylik olduğunu Bakıda baş vermiş iyul və dekabr tətillərində gördü. Hökumət, birinci növbədə fəhlələrin sinfi duyğularını zəhərləmək, onların həmrəyliyini pozmaq, bununla da Zaqafqaziyanı millətlər müharibəsinin səhnəsinə çevirməyi qərara almışdı. Zaqafqaziyada baş verəcək milli toqquşmalar bolşeviklərin silahlı üsyan məqsədlərini pozacaq və onları Ümumrusiya inqilabına qoşulmaqdan məhrum edəcəkdi.

Çar hökuməti bu məqsədlə Bakı general-qubernatoru Nakaşidzeni Zaqafqaziya məsələsini həll etmək üçün Peterburqa çağırmışdı.

Çar hökuməti fəhlələrin həmrəyliyini pozmaq, onları bolşeviklərin nüfuzu altından çıxarmaq üçün cürbəcür çarələr düşünmüşdü. Xəfiyyələri, menşevik şendrikovları səfərbərliyə alıb, bolşevik rəhbərliyinə qarşı müharibə açmışdı.

Bolşeviklər tətillərin daha da davam etdirilməsini fəhlə hərəkatına bir zərbə kimi qiymətləndirərək, işə başlamağı məsləhət gördükləri zaman, menşeviklər bunun əleyhinə çıxırdılar.

Menşeviklər tərəfindən İlya və Lev Şendrikovlar «Fəhlələr aylardan bəri tətil edirlər, indi onların işə başlaması xəyanətdir» deyərək bolşeviklərin rəhbərlərini tənqid etməyə, onları avam fəhlələrin nəzərində etibardan salmağa çalışırdılar.

Bolşeviklər məsələnin iç üzünü lazımınca bildiklərindən hər yerdə təbliğat aparmaqla: «Tətilin bundan artıq davam etməsi burjuaziyanın əlinə silah verməkdir» deyirdilər.

Doğrudan da tətil bir az davam etsə idi, fəhlələr tətil komitəsinin icazəsi olmadan işə başlayacaq, bununla da burjuaziyanın bütün təkliflərinə boyun əyəcək idilər.

Menşevik başçıları ilə daşnak başçıları, hökumətin milli qırğınlar törətmək üçün zəminə hazırladığını bildikləri zaman bu fitnənin tez həyata keçirilməsinə çalışırdılar. Onlar bolşeviklərin silahlı üsyan şüarından istifadə edərək, nümayişlərin silahlı olması məsələsini meydana atdılar.

Daşnak başçıları: «Biz heç vaxt fəhlə sinfinin burjuaziyaya boyun əyməsinə razı olmayacağıq. Qoy bolşeviklər bizim Yerevandan alacağımız silahlar gəlincəyə qədər dayansınlar, silahlar gəldikdən sonra burjuaziya bizim qarşımızda diz çökməyə məcbur olacaqdır...» deyirdilər.

Bolşeviklər tərəfindən çağırılmış iclasda Şendrikov İlya ikinci kərə söz alıb danışdı, bolşeviklərin rəhbərlərini nüfuzdan salmaq istədi:

– Hər vaxt sol xətti-hərəkət götürən bolşevik rəhbərləri nədənsə indi tamamilə sağlaşmışlar. Mən daşnakları tamamilə haqlı hesab edirəm.

İlya Şendrikovun sözündən sonra Əsgər çıxış etdi:

– Belə çıxışların siyasi mənasını biz çox gözəl bilirik! Biz bilirik ki, tətili davam etdirmək, burjuaziyanın əlinə silah vermək deməkdir.

Hökumətin milli qırğın hazırlamaq istədiyi və buna zəminə aradığı bir zamanda, biz Bakıda silahlı nümayiş edilməsi məsələsini lazım bilmirik. Mən daşnaklara deyirəm, qoy menşeviklər də eşitsinlər: bu fikirlərin özü də mədənləri yandırmaq fikri kimi bir fitnəkarlıqdır. Biz deyirik ki, daşnakların və menşeviklərin bu fikri çar polisinin fikrindən əsla fərqli deyildir.

Biz silahlı üsyanın lazım olduğunu, menşeviklərdən ayrıldığımız gündən bəri meydana atmışıq. Necə oldu ki, silahlı üsyan məsələsi üstündə bizdən ayrılan menşeviklər bu gün silahlı üsyan məsələsini meydana atırlar? Necə olur ki, bir necə gün bundan əvvəl tətili içəridən dağıtmaq üçün Bibiheybətin və Balaxanının bəzi geridə qalmış fəhlələrindən istifadə edən və burjuaziya ilə əlbir işləyən, burjuaziyanın örtülü paketlərini alan cənablar bu gün tətilin davam etdirilməsini tələb edirlər? Bu bizə aydındır! İndi fəhlələrin təşkilatını və onların həmrəyliyini pozmaq istəyən Bakı polisi tətili davam etdirməyə çalışır.

Cənablar! Sizin silahlı üsyanınız müxtəlif millətlərdən ibarət olan Bakıda qubernator Nakaşidzenin istədiyi nəticələri verə bilər.

Əsgərin çıxışı iclasda bir dönüş yaratdı, bu da mərkəzdən gəlmiş partiya nümayəndəsinin çıxışına səbəb oldu:

– Mən Bakıya gələndən sonra, Bakıda gizli təşkilat içərisində daha bir gizli təşkilat olduğu qərarına gəldim. Mənim yaşadığım otelə iki nəfər gəlib məni soruşmuşdu. Onlarla görüşdükdə onlar özlərini Nobel qardaşları neft şirkətinin nümayəndələri adlandırdılar. Onlar mənə dedilər:

– Sizin, Rus Sosial-Demokrat Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi olduğunuzu bilirik. Biz sizin partiyanız üçün otuz min manat verməyə hazırıq.

Mən onlardan soruşdum:

– Bu pulu siz nəyin müqabilində partiyaya verirsiniz?

– Bunun müqabilində partiya dekabr tətillərini iki həftəyə qədər daha uzatmalıdır.

Bu sözlər onların dediklərinin eynidir. Mən onlardan boyun qaçırmaqla, gizli təşkilatla heç bir əlaqəm olmadığını söylədim. Onlar vidalaşıb getdilər. Mən də həmin gün otelimi dəyişdim.

Həmin adamlar yenə də gəlib məni tapdılar. Bu dəfə otuz min manat əvəzinə əlli min manat təklif etdilər. Mən yenə də boyun qaçırdım, Sosial-Demokrat Partiyası ilə əlaqəm olmadığını söylədim.

Yoldaşlar, indi siz yaxşı fikirləşin! Mənim Sosial-Demokrat Partiyası nümayəndəsi olduğumu onlara kim xəbər vermişdir? Buna görə də biz, birinci növbədə öz sıralarımıza nəzər yetirməliyik.

Ayrapet söz alıb daşnak partiyası başçılarına hücum etdi. Daşnak partiyasının keçmişini və hazırkı işini təsvir edərək dedi:

– Mənim savadım burada daşnak və menşeviklər tərəfindən danışanların savadından çox-çox azdır. Mənim savadlanmalı olduğum vaxtların hamısı vışkalarda keçmişdir. Buna baxmayaraq, mən yaxşı-yamanı bir-birindən ayıra bilirəm, kimin nə məqsədlə danışdığını anlayıram.

Yoldaşlar! Bakı fəhlələrinin başlıca tərkibi yerlilərdən, ermənilərdən, tatarlardan və iranlılardan ibarətdir. Bu göstərdiklərimin bəziləri milliyyət cəhətincə bir olsa da, dil və adət cəhətincə bir-birinə oxşamayan adamlardır.

Bakı fəhlələrinin tərkibində olan iranlılar yerli proletariatın ən geridə qalanı və mədəniyyətsizdirlər. Bizim bəlamız burasındadır ki, İrandan işləməyə gələnlər özünü buradakı zəhmətə təhkim etmək istəməmişlər. Onlardan bir çoxu pul qazanmaq üçün Bakıya müvəqqəti gəldiyindən təşkilata qoşulmaq istəmir, qoşulsa da, tətil zamanlarında başqalarına baxmayıb, burjuaziyanın yağlı dillərinə aldanaraq tətili pozur və öz yoldaşlarına düşmən olur. Ermənilər, yerlilər, iranlılar və tatarlar arasında dini və milli ixtilaflar onların sinfi idrakının inkişaf etməsinə də mane olur ki, bu da onların arasında həmrəylik yaratmaq işində çətinlik törədir. Belə bir vəziyyətdə olan Bakı proletariatını təşkil etmək və onun mənfəəti üçün düzəltmək istədiyimiz həmrəyliyin nə qədər böyük zəhmətə başa gəlməsi də bəllidir. Yoldaşlar, hazırda o həmrəylik yaradılmışdır.

Bakıda, kənd ilə əlaqəsini hələ kəsməmiş olan, kəndin adət və mövhumatını özü ilə bərabər şəhərə gətirən, hətta onu şəhərdə də davam etdirmək istəyən azərbaycanlı və erməni kəndliləri də böyük bir kütlə təşkil edirlər.

Erməni kəndlilərinin Zaqafqaziyada nisbətən gözüaçıq olduğuna baxmayaraq, onların ümumi və sinfi hərəkatdan geridə qalması səbəbsiz deyildir. Mən burada daşnaklar və onların arxalandığı erməni burjuaziyası haqqında danışacağam, buna görə də erməni proletariatının inkişafına mane olan və onların sinfi idrakını dumanlandıran, onları proletariatın ümumi və siyasi hərəkatından ayıran səbəbləri göstərəcəyəm.

Yoldaşlar! 70-ci ildən başlayaraq erməni əhalisinin, xüsusən ziyalılarının diqqət-nəzərini cəlb edən, Türkiyədəki «erməni məsələsi», Ermənistanın bərpa edilməsi məsələsi və bu yolda aparılan təbliğat olmuşdur. Bu məsələni ortaya atan və bu işdə fəaliyyət göstərən erməni milli təşkilatları — hinçakist və daşnaklar olmuşdur.

Daşnak başçıları yerlərindən səsləndilər:

– Bu məsələnin yeri deyil, bəsdir! Bizə tarix lazım deyil!

Bu səsə qarşı erməni fəhlələrinin səsi eşidildi:

– Qoyun danışsın! Qoyun erməni fəhlələri öz dost və düşmənini tanısın! Danış, yoldaş Ayrapet, danış!

Ayrapet sözünə davam etdi:

– Bunu qeyd etmək lazımdır ki, «erməni məsələsi» ətrafında yaradılmış olan bu təşkilatların Rusiyada, Zaqafqaziyada erməni yaşayan yerlərdə, Türkiyədə göstərdikləri fəaliyyət çox pis hallar törətmişdir. — Yenə də daşnaklar etiraz etdilər. Ayrapet əhəmiyyət verməyib sözünə davam etdi. — Bu təşkilatların başlıca təşkilatçıları Rusiya erməniləridir. Rusiya ermənilərinin arasında Türkiyə Ermənistanının azad edilməsi təbliğatından başqa, onlar bir qədər praktiki işlər də görürlər: məsələn, pul toplayır, Türkiyə Ermənistanına silah göndərir və adamlar yola salırlar. Bu təşkilatın Zaqafqaziyanın və Rusiyanın müxtəlif şəhərlərində komitələri və yardım komitələri də vardır.

Erməni burjuaziyasının və erməni ziyalılarının arasında belə bir düşüncə yaranmışdı ki, guya erməni proletariatı Rusiyadan heç bir şey gözləməməlidir. Daşnak və hinçakist partiyası başçılarının fikrincə erməni proletariatının nicatı yalnız «Ermənistanın istiqlaliyyəti» nəticəsində yaradılacaqdır. Rusiyadakı qurtuluş səslərini və başlanmış olan fəhlə hərəkatının gurultularını hinçakist və daşnaklar anlamaq istəmirlər. «Rusiya erməni proletariatı üçün yabançıdır» — şüarını daşnaklar və onların həmməsləkləri hər yerdə yayır və müdafiə edirlər.

Erməni «inqilabi» partiyasının erməni kəndli və proletariatına: «Türkiyə erməniləri tədricən kəsilib məhv edilir, onlar əzab çəkir, müstəqil Ermənistan vücuda gələrsə, orada səadətlər doğacaqdır», deməsi erməni xalqının bir çox hissəsini yoldan çıxartdı. Proletariat və əzilmiş kəndlilər öz əzab və zəhmətlərini unudub məfkurə ilə məşğul olmağa başladılar. Ümid və fəaliyyətlərini «qurtuluş» mənbəyi olacaq yeni Beytülmüqəddəsə sərf etdilər.

Yoldaşlar! Bu hal erməni kəndli və proletariatına sinfi vəziyyətini düzgün düşünməyə imkan vermir, onu həqiqəti görməkdən məhrum edir. Təəssüf ediləcək bir şey vardır ki, erməni milli partiyaları bu həqiqəti anlamaq istəmirlər. Daşnaklar bu son günlərdəki hərəkətlə yenə də erməni fəhlə və kəndlilərini öz dallarınca aparmağa, Türkiyədə erməni xalqının başına gətirdikləri fəlakəti Zaqafqaziya ermənilərinin də başına gətirməyə hazırlaşırlar.

Yoldaşlar! Onların Yerevandan silah gətirmələrindən və burada silahlı üsyan hazırlığından dəm vurmalarının mündəricəsi də keçmişdə törətdikləri işin davamıdır.

Yoldaşlar! Daşnaklar Yerevandan silah gətirəcəklərindən və silahlı üsyan hazırladıqlarından dəm vururlar. Daşnakların köhnə fəsadçı olduqları məlumdur. Mən bunlar hazırladığı üsyanın proletariatın ideyaları uğrunda bir üsyan olacağına şübhə edirəm. Gözdə-qulaqda olmaq lazımdır.

Yoldaşlar! Daşnaklar erməni burjuaziyasının əlində bir alətdirlər. Mən qorxuram ki, onlar erməni burjuaziyası ilə birlikdə fəsad törətsinlər. Odur ki, biz erməni fəhlələri daşnak başçılarına inanmırıq, onların dalınca getmək istəmirik. Biz Lenin yoldaş göstərən yolla gedirik və gedəcəyik də!..

Ayrapet sözünü daşnakların səs-küyü altında qurtardı:

– Verdiyimiz tələblərin bir çoxunu burjuaziya qəbul etmişdir. Tətili davam etdirməyəcəyik, işə başlayacağıq. Yenə də fürsət ələ keçdikdə başqa tələblərimizin həyata keçirilməsi uğrunda çalışacağıq!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets