Page 11 of 11 · 91%

Münəvvər xanım atasını rəxtxab içində qucaqlayıb ağlaya-ağlaya danışdırırdı: Baba, allah xatirinə məni bunların əlindən qurtar. Baba, bu nə bəladır mən uşaq vaxtımda düşdüm? Mənim anamın allahı yox, peyğəmbəri yox? Xudavənda belə şəriət, belə də məzhəb olar? Belə müsəlmanlıq olar? Mən nə vaxt ərə getməyə, əsir olmağa ixtiyar verdim? Hansı insafsız bu əsirliyi rəva gördü? Ondan sonra atasına yalvarıb deyirdi: Baba, əlacın varsa elə! Məni bunların əlindən qurtar. Baba, məni qoyma aparsınlar, mənim dərsdən, yoldaşdan, qardaşdan naumid olmağım bəs deyil? Baba, vallah mən bu əsirliyə tab edə bilmərəm!

Zavallı Rzaqulu xandan səs eşidilmirdi, çünki evdə övrətlərdən çıxan hay-huy və səslər səbəbinə qəşş eləmişdi. Münəvvər xanım babasından səs eşitmədiyi üçün anasını çağırıb deyirdi: Ana, sən insaf elə, qoy mən o qədər bu evdə qalım ki, babam huşa gəlsin, deməli sözlərimi deyib gedim. Mən bilmirəm ki, sənə nə təqsir etdim ki, mənim həyatıma qəsd elədin! Ana, gəl mənim bu bir sözümü yerə salma! Atamın evində bircə saat qalmağa mənə imkan ver.

Böyükxanım — Qız, ağlın başında olsun, huşun olsun! Bəylərbəyinin övrətini burada məəttəl qoyma, övrət-uşaq hamısı ayaq üstə məəttəldir. Tez qalx düş yola, xalqı bizə güldürmə! İnsaf elə, mən səni bir ağıllı qız bilirdim.

(Münəvvər xanım üzü övrətlərə) Siz yəqin eləyin ki, bu cəhalət müsəlman övrətlərini dağıdacaqdır. Mənim ərə getməyə, kişi görməyə hər kəs olursa-olsun, rəğbətim yoxdur. Məni əsir aparan məndən asudəlik gözləməsin. Mənim asudəliyim qurtardı, çünki qəlbimin istədiyi şey ancaq elm təhsil etmək idi, mənim əməlim yarımçıq qaldığı üçün dünyada qalmağı istəmirəm. Bu dərdlər məni öldürəcəkdir. Yainki intihar edəcəyəm.

Münəvvər xanım da qəşş eləyib atasının üstünə düşdü. Bəylərbəyinin övrəti Şahnavaz xanım alnını ovub huşa gətirmək istəyirdi. Rzaqulu xanın evini bir gül-ğülə tutmuşdu. Övrətlərin hər birisi bir söz deyirdi. Amma Böyükxanım da qaravaşlara xitabən: Götürün qoyun faytona, eşikdə başına sərin hava vurandan sonra ayılar. Balaca və bəxtsiz Münəvvəri atasından qəşş aləmində ayırıb faytona qoydular, fayton qapıdan uzaqlaşıb zavallı Münəvvəri apardı. Əcəba hara aparmaq istəyirdi? Münəvvərin bütün əməl və arzusuna xatimə çəkən Qulam xanın əsiredici zindanına!

Münəvvər getdi, Rzaqulu xan da bir neçə saatdan sonra gözlərini açıb nə Münəvvəri, nə də evdəki övrətlərdən bir nümunə gördü. Ancaq Qulamhüseyn nökər bir küşədə əyləşib yanındakı qulluqçulara deyirdi: Gördüz Böyükxanım necə daş ürəkdir? Yazıq atasını görmək üçün bir saat möhlət istədi ona da razı olmadı, biçarəni qəşş aləmində faytona qoydular. Doğrudan, Münəvvərin bu işi gəlin getmək deyil, ata evindən məcburən qovulmaq kimi bir şeydir. Bilmirəm bu övrətin həyatı nədir. (Sonra öz-özünə) yə’ni onun xəyalını kim bilmir ki, hamı bilir də!

Rzaqulu xan ucadan ağlayıb, ah yazıq, tərbiyəli Münəvvərim! Heyif mənim müqəddəs arzularım! İlahi, cəhalət nə yaman şeydir deyə təzədən qəşş elədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets