Page 9 of 11 · 73%

Rzaqulu xan — (Ağlaya, ağlaya) xudavənda, mənim arzularım övladımın əsir və dərbədər olması ilə xatəməpəzir oldu. Daha mən ömrü istəmirəm, mən bundan sonra hansı vəsilə ilə vətənə xidmət edim? Qol-qanadım sındı; vətənimə rəxtxab içində yatmaq ilə kömək edə bilmərəm, vətən məndən də naxoşdur. Allah, daha diriliyim ruhuma əziyyətdir!

Zavallı Rzaqulu xan bu sözlərdən sonra qəşş eləmişdi, doktor da dəsmalını gözlərinə basıb uşaq kimi ağlayırdı. Jorj və Olqa xanım da Münəvvərə məşğul olub ona təsəlli verib deyirdilər: qardaşlarımız Tehrana qaçdı, sən də bədbəxt oldun, bizim sizin musahibətinizdən əlimiz çıxdı, indi Parisə yola düşürük. Ağlamaq və ayrılığın acı hissləri bizi Parisə qədər müşayiət edəcəkdir. İndi bacı, sən də al bizim siz ilə bir yerdə aldırdığımız təsviri. Yanında yadikar saxla. Hər vaxt xəyalında qardaşların və bizlər gələrsə bu əksə bax, ağla! Biz də öyləcə etməyi qərarlaşdırdıq! Bacı, biz əslən firəng övladlarıyıq, lakin iranlıyıq, çünki İranda doğulduq, İranı da çox istərik. Getdiyimiz Paris bizə vətən hesab olunursa müstəar bir gəlmədən ibarət qalacaqdır. İran bizcə bahalı bir şeydir. Əfsus ki, bizim kimi övladını insaniyyətcə tərbiyə etməyə qadir olmadığı üçün qürbətə vadar edir. Biz İranı Parisdən dost tutmaqdayıq. Fəqət Parisin darülelm və mənbeyi-insaniyyət olması bizi bu səfərdən bir az məmnun edir.

Münəvvər xanım — (boğazı ağlamaqdan tutulmuş) Bədbəxt olan, elmdən, təhsildən məhrum olub bir nakəsə əsir kimi satılan bacınızı yadınıza salın, qardaşlarım qaçdı, yoldaşlarım da arzularının dalınca gedirlər, müsahibətləri ilə nəşvünüma etdiyim bütün munislər dağıldı: mən təkcə bir zalımın, bir insan qatilinin əlində əsir qalıram. Amma siz gəlib daha məni həyatda görməzsiniz. İrana qayıtdıqda müsəlmanlar arasında nəşri-maarifə çalışın! Qəbrim üstünə zəhmət çəkib gəlin, ruhum bəlkə bir axirətdə şad olsun. Məzar daşını vurun, məni gəlməyinizdən xəbərdar edin... Bir də bunu yəqin ediniz ki, sizin şirin müsahibətnizi və təhsilin qiymətli günlərini ruhum, məqərri-əbədidə də xəyalına gətirərsə, fəryad edəcək, fəganə gələcəkdir. Məni halal eliyin! Ah bədbəxt ana! Özün də bədbəxt oldun, mən də bədbəxt oldum, qardaşlarım da! Sənin elmsizliyin bu ailəni dərbədər etdi! Məni əcələ, qardaşlarımı qürbətə verdin. Atam isə rəxtxab içində sızıldayır. Münəvvər xanım bu sözlərdən sonra qəşş elədi. Olqa xanım, Jorj və ataları qalxıb faytona rakibən Parisə yollandılar. Doktor da evinə getdi. Rzaqulu xanın isə bütün sənələrcə çəkdiyi arzular xitamə yetişdi. Naumid oldu, mərəzi də şiddətləndi.

Axşam olub Rzaqulu xanın və Münəvvər xanımın yataq otağını qaranlıq tutmuşdu. Qulamhüseyn nökər stulu ayağının altına qoyub əlində kibrit, lampanı yandırırdı. Bir tərəfdən də Böyükxanım şad və xürrəm gümüş padnos içində iki istəkan kəmrəng çay gətirmişdi. Çırağın şəfəqi Münəvvər xanımın gözlərinə düşdükdə yuxudan ayılıb, yaxud qəşş aləmindən huşa gəlib vida üçün başı üstünə gəlmiş yoldaşlarını axtarırdı. Yuxudan gözlərinin nisfi açılmış, nisfi açılmamış halda əlini o tərəf bu tərəfə atıb gah Jorj, gah Olqa səsləyirdi. Lakin heç kəsi görə bilmirdi, və də bir səs eşidə bilmirdi. Nəhayət naumid əllərini sinəsinə qoyduqda əlinə bir paket təsadüf etdi. Ruhu, hissi haman paketə məşğul olduğundan Qulamhüseyndən lampa istəyib oxumağa başladı. Məktub kimdən idi? Jorjdan və Olqa xanımdan yazılmışdı. Məzmunu nə idi? Aşağıdakı dilsuz məqalədən ibarət idi: məhəbbətli bacımız! Səni vida üçün gəldik! Qəmli bir lisan, aləməfza bir üslub ilə danışdıq. Əfsus ki, səndən son vidada bir söz eşitmək müvəffəqiyyətinə nail olmadıq. O axırıncı kəlməni biz çox qiymətdar hesab edirik. Zira, bizim dilimizdə, qəlbimizdə qiyamət olunca ruhumuzun da yanında bir yadikari-qiymətdar olmaq üzrə hifz ediləcək idi. Sən və sənin şirin müsahibətin gözümüzdə mücəssəm duracaq idi. Sənin son vidadakı vəziyyətin, halətin də çox faciəanə idi. Haləti-qəşşin bizi ağlatdı, o müsibətli dəqiqələr, o faciəanə saat, niskil və təhəssürlə malamal olan ürəyimizdə nəqşpəzir oldu. Camalın solmuş, xəzan fəslində peşiman-peşiman pərdəsini atan güllər kimi ağarmış, kamincə açılıb bacın və qardaşınla danışmayan dodaqların xəzanə təsadüf etmiş qönçələr kimi qaralmış, rəngi-təbiisindən çıxmışdır. Filhəqiqə sıhhət və salamətinə talib olduğumuz Münəvvərin bu halı pək ağlamalı, pək qüssəli idi. Lakin bizə yaxşı meymannəvazlıq edəmədiyin üçün darılma, xəcalət çəkmə! Zira sənin o halətin ixtiyari deyil, məcburi bir iş idi. Bizdən sonra anam Lizaya gedib təsəlli verərsən! Anam da sənə təsəlli versin! Hər ikiniz ağlayın, zira ki, bizlər də ağlayırıq. Məktubumuzu Parisdən və Şvetsariyadan gözlə! Meyriban və bədbəxt bacımız, salamat qal! Əlinizi sıxıb ayrıldıq!

Sizin mühubbiniz: Jorj və Olqa»

Münəvvər xanım məktubu ağlaya-ağlaya büküb sinəsinə basdı, sonra başının üstündən Olqa xanım verdiyi təsviri götürüb baxmağa başladı. Münəvvər xanım təsvirdə ən əvvəl öz qiyafətinə baxıb təhsil zamanlarını dərxatir etməklə ağlayırdı... Gah Jorj, gah Olqa, gah da öz qardaşları ilə iştiğal edib ağlamaqda idi. Şiddəti-təhəssürdən yerindən çıxıb qaçmaq istədi, lakin neçə günün şiddətli naxoşluğu bədənində qüvvət qoymadığı üçün otağın nisfində yıxılıb qəşş elədi. Rzaqulu xan yerindən qalxıb balam öldü! — deyə qışqırır. Öz-özünə deyir: xudavənda mənim övladımı dağıdıb təhsildən qoyanların, mənim evimi dağıdanların divanını elə. Allah, məni öz insaf və mürüvvətimin yanında xəcalət qoydular...

Münəvvər xanımı qulluqçular rəxtixabinə saldılar. Bir azdan sonra huşa gəldi, yenə əvvəlki suziş və fəryadi-təhəssürünə davam edirdi. Amma Böyükxanım da öz-özünə deyirdi: allah o adama divan eləsin ki, övladımın başına uşaqlıqdan sövda saldı. Qız nə bilirdi ki, Şvetsariya nədir? Frənkistan haradadır ki, indi ora getməkdən ötrü qəşş eləsin? Hələ utanmır da danışır.

Münəvvər xanım da əlindəki təsvirə baxıb qardaşlarını müxatəb etməkdən çəkinmirdi: Qardaşlarım! Gözümün işıqları! Ruhumun, cismimin ənisləri! Bədbəxt Münəvvəri kimin ümidinə tapşırdınız? Olqaya, Jorja isə onlar da məni öz dərdimə, qüssəmə buraxıb vida etdilər. Mən bu qaranlıq evdə qaldım, amma bu qaranlığa razıyam. İnsafsız və meyribanlığın əksincə olan anam ona da razı olmur... Məni əsir olaraq satır. İnsan alış-verişi mənim üzərimdə təcrübə olunur. Mən əsir gedirəmsə də sizin qürbətzədəliyiniz mənim əsarətimdən də qəlbimcə müəlləmdir. Təhsildən qalmaq dərdini, naxoşluq xülyasını, əsirlik bəlasını büsbütün unutmuşam. Fəqət sizə məşğulam. Çünki siz qürbət görmüyubsunüz, siz atanızın ziyarətinə Ermənistandan xiyabana gələndə nökər və fayton ilə gəlirdiniz: indi qorxulu, xətərli əllərdə sizə yolda kimdir? Siz gecələri iki qardaş bir də bacı bir otaqda yata bilmirdiniz, bir halətdə ki, bütün mücavirət və ziyarətdən asudə idiniz. İndi hansı murdar və kəsif karvansaranın bucağında qısılıb yatmısınız? Tükdən rəxtxab, təmiz və lətif kravatda yatmağı istəmirdiniz, indi heç rəxtxabınız da varmı? Libasınızı təbdil edib, çay, təam hazır edən varmıdır? Ah, xudavənda cəhalət nə təxribedicidir? Görəsən ilahi, bizim kimi də İran mülkündə bədbəxt olan bəndə vardır? (Anasının dalınca) Ana, heç kəs də sənin kimi bədbəxt olmadı. Sən hələ bilmirsən öz-özünə nə zülm elədin, tutduğun işlər bizim qapının bağlı qalmasına böyük isbatdır. Heyif qardaşlarım, heyif atam, amma mən öz ölməyimi istəyirəm, çünki qız uşağının istiqbalı o qədər də gülməz, qüssə, ələm, ağır təhmilatdan ibarət bir dövri-mənhusə olar.

Rzaqulu xan bihuş, Münəvvər ağlamaqda idi. Amma Böyükxanım da fürsəti qənimət bilib, sahibi yaxşı olub ayağa durmamış Münəvvərin işini düzəldib köçürtmək istəyirdi. Otaqları ziynətləndirib lazım olan bə’zi şeyləri bazardan aldırırdı. Sonra gəlib əlini Münəvvərin başına qoyub deyirdi: Bala ağlama, dur bir az otur, çox da ağlama! Fikir eləmə! Sabah səni köçürdəcəyəm, görərsən Qulam xan necə oğlandır, sonra bir para işləri yadından çıxararsan.

Münəvvər xanım — Ana, mənə rəhmin gəlsin; məni bu uşaq vaxtımda özgələrin qapısına buraxma! Qoygilən atam evində bir loğmaya iktifa edib oturum. Ana, mənə qəbri təklif elə, nəinki Qulam xanın evinə getməyi, ana, allah xatirinə mənim bu əsirlik və iztirabıma rəhm elə, bu xəyalından əl çək, indi mən cəmi qüssələrimi buraxıb qalmışam qürbətzədə qardaşlarımın dərdinə, ana səndə heç övlad məhəbbəti yoxdur?

Böyükxanım — Qoygilən qardaşların murdar firəngin evində qalınca gedib allahın yaratdığı Tehranda qalsınlar, nə eybi vardır. Atan da öz-özünü həlak edir, ona mən nə qayırım? Sən də gedib məşğul olarsan, heç dinmə.

Münəvvər xanım — Ana, allah məni sabaha qoymasın: mən övrətliyi, yaxud əsirliyi bacarmaram, özümü öldürəcəyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets