Vasya menşeviklər təsirində
Page 1 of 3
Neçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər.
Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü.
Əsgər bir neçə dəfə Vasya yaşayan həyətə gəlib soruşmuşdu, qonşular isə hər dəfə «Qızla getmişdir. Qızı Balaxanı — Sabunçu rayonuna apardı. Filan yerə getdilər» — deyə cavab verirdilər.
Nəhayət, Əsgərlə Pavluşa sözləşib Vasyanı Balaxanıda tapmaq qərarına gəldilər. Yola düşdülər. Stansiyaya gəldilər. Birinci qatar hələ getməmişdi. Ətrafa göz gəzdirdilər, Vasyanı görmədilər. Vaqona minib, Sabunçuya getdilər.
Onlar Nobel qardaşlarının fəhlə evlərinə qalxan pilləkənlərdə oturub danışırdılar.
Pavluşa deyirdi:
– Biz indi tək qalmışıq. Qəzər öldürüldü, Ayrapet vərəm yorğan-döşəyinə düşdü, Jenya da milyonçular qərargahında... Üzü qara olmuş Vasya isə bir menşevik bacısının quyruğunda... Qalan bir sənsən, bir mən, bir də Məmməd. Biz də ki, düşmüşük bu alçağın dalınca.
Əsgər cibindən dəsmalını çıxartdı, onun ucuna düyümlədiyi tütündən bir papiros düzəltdi, bir papirosluq da Pavluşaya verdi. Hər ikisi papirosdan bir-iki nəfəs çəkib yenə söhbətə başladı.
Əsgər ona ürək verərək dedi:
– Ruhdan düşmə! Əvvələn Vasyanın bizdən ayrılıb getməsi məlum deyildir, ikincisi də, biz tək deyilik: Xanlar Səfərəliyev var, Ayrapetin şagirdi Heybət böyüyür... O ki qaldı Jenyaya, mən yenə də onun barəsində səninlə razılaşa bilməyəcəyəm.
– Nə üçün?
– Çünki sən də, Vasya da bu barədə səhv edirsiniz!
– Necə səhv edirik?
– Bu saat deyim: Vasya Jenyaya əksinqilabçı adı verib, bir tərəfə atmışdır. Onun fikrincə hər kəs Hacı Zeynalabdın Tağıyevin qapısından içəri girsə — əksinqilabçıdır. Onun fikrincə gərək heç kəs varlının evində, varlının müəssisəsində işləməsin. Bu fikir köhnə müsəlmanların fikrinə oxşayır: «Rusca danışdın — kafirsən. Furajka qoydun — kafirsən. Başını qırxdırmadın, tüklü qoydun — kafirsən». O öz gözündə tiri seçmir, özgə gözündə qıl axtarır. Bu, adamı lap hövsələdən çıxarır. Sən Şendrikovun bacısı Susanna ilə gəzmiş olsaydın, o səni xain adlandırardı. Bu, Vasyada bir xasiyyətdir. Sənə gəldikdə, sən Jenya haqqında daha pis fikirdəsən.
– Mən ona nə yamanlıq etmişəm ki?
– Sən onu mənim rəhmətlik anam Xırdaxanımın küpünə salmısan!
– Bu nə sözdür?
– Sən bizim bağçanın divarlarını görmüsən ki?
– Görmüşəm. Jenya məsələsinin bağça divarına nə dəxli vardır? Vasya deyən kimi baş-ayaq vurursan!
– Sən mənim sözümə qulaq ver! Səndən soruşuram: bizim bağçanın divarlarını görmüsən ki?
– Görmüşəm. Çox uca divardır.
– Bizim hovuz başındakı tut ağacını da görmüsən ki?
– Görmüşəm. Nə olsun ki?
– Küçədən birisi baxarsa, o tut ağacı görükməz ki?
– Görükməz, tut ağacı alçaqdır, divar isə ucadır.
– İndi qulaq as! Mənim atam Güloğlan kişini də tanıyırdın ki?
– Niyə tanımırdım!
– İndi ki, tanıyırdın, sənə onun xasiyyətlərindən birisini deyim. Rəhmətlik atam Güloğlan anamı o qədər qısqanırdı ki, evdə nə erkək qoyun, nə də xoruz saxlardı. Bizim evimizdə erkək it və erkək pişik də olmamışdır. Atam deyərdi ki, gərək arvadın gözü erkək adama və erkək heyvana sataşmasın. Günün birində rəhmətlik anam tut yemək üçün ağaca çıxır, atam acıqlanır: «küçədən sənin boyunu görərlər» — deyə çıxıb anamı tut ağacında döyür; anam ağacdan yıxılır, qabırğası sınır. Yazıq anam iki il yorğan-döşəkdə yatdı. Axırda da bu dərddən öldü.
Sən də Jenyanın başına bu oyunu gətirmək istəyirsən. Onu müsəlman kimi qısqanırsan. Qısqandığın bəs deyil, onu tamamilə məhv etmək istəyirsən. Özəyə ərizə verib onu partiyaya düşmən göstərməyə çalışırsan. Bu hərəkət, köhnə, qeyrətdən dəm vuranların hərəkətidir.
– Bilmirəm səbəb nədir ki, həmişə Jenya məsələsi aralığa gələndə, sən onu müdafiə edirsən? Bir neçə həftə bundan əvvəl sən onu aparıb yola salanda, yolda mənim barəmdə onun nələr dediyini mənə deməmişsən.
Əsgər acıqlandı:
– Sən nə danışdığını bilirsənmi? Əvvələn, budur ki, Vasya kimi söz gəzdirməyi, Jenyadan sənə, səndən də Jenyaya söz aparıb gətirməyi bacarmıram. İkincisi də, mən həmişə Jenyanı müdafiə etməliyəm. Mən kiçik yaşımdan onun atası Sergey Vasiliçin əlinin altında böyümüşəm. Onun bircə qızı vardır. Mən ölüncəyə qədər onu müdafiə etməliyəm. Hərgah o qız xain, əksinqilabçı bir qız olsaydı, Sergey Vasiliç onu evə buraxmazdı. Madam ki, Sergey Vasiliç onu öz doğma qızı olaraq tanıyır və evinə gələndə onu qolları arasına alıb öpür, biz də onu «Sergey Vasiliçin qızıdır» deyə hörmətli bir yoldaş kimi müdafiə etməliyik... Sən öləsən, həyalı qızdır. Uruslarda Jenya, müsəlmanlarda isə mənim Suğra xanımım kimi qız yoxdur!
Pavluşa dedi:
– Yox, Əsgər! Məsələni belə qoymaq doğru deyil! İndi ki, sən məsələni belə qoyursan, onda bəs nə üçün neçə gündən bəridir ki, məni Vasya məsələsi üstündə dənk eləmisən? Vasya da özü üçün kimi seçirsə seçsin.
– Sən heç vaxt Jenyanı Şendrikovların bacısı Susanna ilə bir tuta bilməzsən! Vasya boşboğazdır. Demaqoqdur. Biz Vasyanın Susanna ilə gəzmək məsələsinə bu yoldan deyil, tamamilə başqa bir yoldan yanaşırıq. Bizim əl-ayağa düşməmiz Vasyanın özü üçün deyil, təşkilatın mənafeyini müdafiə etmək üçündür. Vasya təşkilatın üzvüdür.
Bir də sən cəsarət edib, mənimlə Jenyanın nə danışdığını soruşma; o bizim öz işimizdir. O mənim partiya yoldaşımdır. Sənə xəbər verilməli bir söz olsaydı, soruşmadan da gəlib sənə deyərdim. Sənə bir sözüm də var: sən gəl, Jenya məsələsini burax! Axırda Jenya səndən də, məndən də, Vasyadan da yaxşı partiyalı olacaq. Mən buna inanıram!
Pavluşa:
– Şeytan qız, özünün yaxşı partiyalı olduğuna səni də inandırmışdır, — deyib susdu, Əsgər də danışmadı.
Hər ikisi gözləri qabağında yüksələn buruqlara baxdı. Nə kəlləçarxların cırıltısı, nə də mazut səsi gəlirdi. Qayışsız təkərlər, müharibədə dağılmış top təkərləri kimi böyrü üstündə yatırdı. Motorları aparılmış elektrik damlarının qapısında çəkilən kəllə şəkli «Əl vurma, öldürər!» sözünə baxıb gülürdü.
Kəlləçarxdan asılan mazut dolları, dar ağacından asılan məhkumlar kimi sallanırdı. Yanmış buruqların skeleti, çar xəyanətinin qara hejkəli kimi baxırdı. Coşqun həyata malik olan mədən sahələri, ibtidai xalqlardan qalmış köhnə qəbristanlara oxşayırdı; yanmış qara sütunlar mənhus bir hadisənin tarixini oxuyurdu.
Qatar Bakıdan gəldi. Vasya oğru adam kimi vaqondan düşdü, ətrafına baxdı, tanış adam olub-olmadığını gözdən keçirdi, sonra Şendrikovların evinə sarı yollandı.
Pavluşa Əsgərə dedi:
– Nə deyirsən? Saxlayıb sözümüzü deyək?
– Sözümüzü deməyəcəyiksə, şəhərdən bura nə üçün gəlmişik?
– Mən dedim ki, bəlkə sən ona bəzi sözlər deyəcəksən?
– Yaxşı, sən deyə bilməzsən?
– Nə üçün deyə bilmərəm?! Amma burası var ki, mən qız ilə gəzməsi barəsində bir söz deməyi bacarmaram.
– Bunun səbəbi nədir?
– Səbəbi odur ki...
– Necə yəni, odur ki?
– Elə belə də... Çünki mənim özüm də bir qızın dalınca gəzirəm.
– O hansı qızdır?
– Jenya.
– Bunun məsələyə nə dəxli var?
– Var! Vasyanı mən necə Susanna ilə gəzməkdən sağındıra bilərəm? Halbuki mən də milyonçu evində yaşayan qızla yaxından tanışam və gəzirəm.
Bu sözdən Əsgərin çini başına vurdu.
– Ada, ay avam, sənə səhərdən bəri bir aləm söz demişəm, yenə də ağlın başına gəlməyib?! Sən yenə də Jenya ilə Şendrikovların bacısı Susannanı bir tutursan?
– Yaxşı, bunu sonra danışarıq.
Əsgər pilləkəndən düşdü, Vasyanı səslədi:
– Ada, Vasili, Vasili!..
Vasya özünü bilməməzliyə vurub, aradan çıxmaq istədi. (Əsgərin səsindən tanımışdı).
Əsgər yenə də səslədi:
– Ada, səninlə deyiləmmi? Dayan! Səninlə işim var.
Vasya dayandı və heyrətlə arxasına baxdı, sanki Əsgərin əvvəlki çağırışını eşitməmişdi.
Əsgər soruşdu:
– Hara gedirsən?
– Sergey Vasiliçin görüşünə!
– Mənə kələk kəlmə. Sergey Vasiliçin evi bu tərəfdə deyil.
– Hə, doğrudan da elədir... Əsgər, sən öləsən, adamı fikir elə götürmüş ki, hara getdiyini və nə danışdığını da bilmir.
Əsgər diqqətlə onun üzünə baxıb dedi:
– Əvvələn budur ki, özün öləsən! Xırdaxanım sağ deyil ki, ikinci bir Əsgər doğsun; ikincisi də budur ki, sən hara getdiyini çox gözəl bilirsən, fikrin də başındadır, nə düşündüyünü də bilirəm. Eybi yoxdur, dalımca gəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-vasya-mensevikler-tesirinde
Use ← → keys to move, R for a random poem
More by this author
Bir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir.*Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir.*
Üçüncü pərdəVaqe olur Misrin kölə satılan bazarında. Tacirlər öz kölələrinə təmiz libas geyindirib saxlamışlar. Yusifin ağası Malik isə öz arxadaşları ilə bərabər, Yusifə bahalı paltar geyindirib satmaq üçün saxlamışdır.*Malik** — *(Yusifə)*
Dördüncü pərdəVaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*
Beşinci pərdəVaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*
Poems by other poets
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
BayatılarMən aşıq, ləngə bizi,Qəşədi, Ləngəbizi.
Səadətnamə, 45خود جز او نیست عارف و معروفاوست وصف، اوست واصف و موصوف
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.