Susanna
Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi.
İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı.
Müraciətnamələr çox tez hazırlandı. Onları fəhlə dairələrinə aparıb lazımi yerlərə paylamaq çox çətin idi. Buna baxmayaraq müraciətnamələri yaymaq üçün vəzifələr bölündü, Vasya ilə Əsgər də Balaxanı — Sabunçu rayonuna getməli oldu.
Rayonlara ancaq qaranlıqda getmək lazım idi; polis, jandarm və qoşun dəstələri şəhər ilə rayon arasını ciddi nəzarət altına almışdı. Bolşeviklərin təşəbbüsünə qarşı və düzəldilmiş xəyanətə onların əngəl törətməsinə mane olmaq üçün ciddi tədbirlər görülmüşdü.
Vasyanın Balaxanı—Sabunçu rayonuna gedib-gəlməsi çox da uzun çəkmədi. O, evə qayıdanda gecə saat üçü vururdu. Həyətə girəndə, keçən gecə olduğu kimi, otağında lampa yandığını gördü. Susanna hələ yatmamışdı. Vasyanı gözləyirdi. Vasya içəri girəndə Susanna çox sevindi.
– Nigaran qalmışdım, — dedi. — Belə qorxulu zamanda çölə çıxmaq heç lazım deyil. Salamat evə dönəcəyinə heç ümidim yox idi. Güllə göydən yağış kimi yağır. Ölmək ani bir hadisədir. Mən səndən çox rica edirəm ki, bir də belə cəsarətləri etməyəsən. Doğrusu, bu gün mən çox qorxdum, çünki atışmalar heç dayanmırdı.
Vasya qıza fikirli-fikirli baxdı:
– Əfv ediniz! — dedi. — Qonağı evdə təkbaşına qoyub gecə saat üçdə evə qayıtmaq yaramaz; ancaq mən buna məcbur idim.
– Belə bir gündə nə kimi məcburiyyət ola bilər?
– Rayonda qohumlarımız vardır, onlardan xəbər tutmaq lazım idi.
– Qohumlarınız hansı rayondadırlar?
– Balaxanı — Sabunçu rayonunda.
– İndi ki, sən ora gedəcəkdin, nə üçün mənə söyləmədin? Mən sənə bir kağız yazıb verərdim; sən bilirsən ki, evdə nigarandırlar.
– Mən özüm bir parça kağızı əvəz edə bilməzdimmi?
– Doğrudan da bizim evimizə getdinmi?
– Əlbəttə ki, getdim. Əsil məqsədim də bu idi.
Susanna ayağa qalxıb Vasyanın əlini sıxdı.
– Mən nə qədər doğru düşünürmüşəm. Mən birinci kərə səni görən kimi ləyaqətli bir oğlan olduğunu yəqin etdim. Mən bu iki günün müddətində bir il dostluq edən adamlar kimi sənə bağlanıb ülfət tutmuşam. Anam mənim haqqımda nə söylədi? De görüm, sən onun gözlərinə baxdınmı? O mənim üçün ağlamışdımı? De görüm, o mənim sağ qaldığıma inandımı? Sən onu təskin edə bildinmi? Doğrusunu söylə; onlar məni mühafizə etdiyinə qarşı sənə lazımınca razılıq verə bildilərmi? Onlar səni layiqincə qəbul elədilərmi?
Vasya qoynundan bir məktub çıxartdı.
– Bu məktubu sənə anan yazmışdır, — dedi. — Mən birinci kərə onunla görüşürkən, sənin anan olub-olmadığını bilmək üçün onun gözlərinə baxdım. Gözləri qaradır, gözlərinin ağı da tam mənasilə ağdır. Onun ağladığını görmədim; lakin gözləri qızarmışdı. Bu onun ağladığını göstərirdi.
Susanna məktubu gah döşünə qoyur, gah da dodaqlarına tutaraq ağlayırdı. Vasyanın ona ürəyi yandı, onu sakit etməyə çalışdı, əlini onun çiyninə qoyub dedi:
– Mənim əziz qonağım! Ağlamaqdan nə çıxar? Sənin vəziyyətin o qədər də çıxılmaz bir vəziyyət deyil, sən ancaq bir-iki gün öz ailəndən ayrı düşmüsən. Sən bilməlisən ki, ailəni gördükdən və sənin haqqında məlumat verdikdən sonra, onlar tamamilə arxayın olmuşlar və sənin salamatlığından şadlanmışlar. Heç də ağlama! Məktubu aç oxu, o sənin qəlbinə təskinlik verər.
Susanna məktubu açıb oxumağa başladı:
«Əziz qızım Susanna! Biz elə bildik ki, sənin başına bir fəlakət gəlmişdir. Çünki şəhərdən çox qorxulu xəbərlər eşidirdik, lakin bu gün Vasili bizə müjdə gətirdi! Mən onun ayaqlarına düşüb, öpmək istədim; o razı olmadı. Biz onu qonaq saxlamaq istədik, o tələsirdi, qalmaq istəmədi.
Qızım, indi ki, Vasili səni mühafizə edib evində saxlayır, ondan razı qal, hələlik bayıra çıxma! Burada da işlər qorxuludur. Bu oğlan namuslu adama oxşayır. Danışığından ziyalı adamdır. Sənin üçün pul göndərmək istəyirdik, razı olmadı.
Anan Sara, 7 fevral 1905».
Susanna məktubu oxuduqdan sonra Vasyanın iki əlindən tutaraq dedi:
– Üç tərəfin üçündən də arxayınam. Özüm də salamatam, anam və ailəm də salamatdır; şükür olsun ki, sən də salamat qayıtdın. İndi mənə söylə görüm yemək istəyirsənmi?
– İstəyirəm. Səhər evdən çıxandan bəri dilimə bir şey dəyməmişdir.
Susanna durub yeməyi gətirdi. Çay da hazır idi.
Süfrə başında Susanna dedi:
– Səndən nigaran qalmışdım. Mənim üçün sən olduqca qiymətlisən. Söhbətlərin də mənim ruhuma uyğun söhbətlərdir. Lakin gecə keçdiyi üçün söhbətləri sabaha saxlamaq lazımdır.
Vasya özünü başqa bir aləmdə hiss edirdi. O, indiyə qədər işdən çıxıb evə gəldiyi vaxt nə isti xörək, nə də isti çay görmüşdü. İndi o özünü ailəli bir evdə hiss edirdi, sevinirdi. Gözəl, gənc, özü yaşda bir qız onun nazını çəkir, yedirir, yeməyin ən yaxşısını ona verirdi.
Vasya bir də öz yoxsul otağına göz gəzdirdi. Otaq əvvəlki otağa bənzəmirdi. Təmizlənmiş, yuyulmuş və silinmişdi. Otağın tavanında Vasyanın bir ildən bəri çəkdiyi maxorkanın tüstüsünün izi də qalmamışdı. Daha künclərdə, tavanda hörümçək toru görünmürdü. Qablar və başqa şeylər yuyulmuş, təmizlənmiş, hər biri öz yerinə qoyulmuşdu. Vasya bir bunları, bir də qızın gözəlliyini və əynindəki qiymətli paltarları gözdən keçirib heyrətlənirdi; «Bu qızla əbədi ailə həyatı qurmaq nə qədər böyük bir səadətdir!» deyirdi.
Vasya bunları düşünürkən Susanna da qabları təmizləyir, süfrəni yığışdırırdı.
Vasya Susannadan heç göz götürə bilmirdi. Bunu Susanna da hiss edirdi; gözünün uçu ilə Vasyaya baxır və gülümsünürdü. Vasya paltosunu götürüb yatmağa qonşu evə gedərkən Dan ulduzu Nargin adasının dalından boylanır, Susannanın pəncərəsinə baxırdı.
Fevralın səkkizində öldürmə və qarət hadisələri daha da şiddətləndi. Gubernski, Suraxanski və Sisianovski küçələrdə talan edilməmiş ev və mağazin qalmadı. Talançılar müsəlman evinə, erməni evinə fərq qoymur, hər ikisini talan edirdilər. Talanlarda erməni, müsəlman və ümumiyyətlə yerli əhali iştirak etdiyi kimi, küçə hambalları və iranlılar da iştirak edirdilər. Suraxanski və Voronsovski küçələrin tinindəki Aslanovların evi qarışıq soyğunçular tərəfindən talan edilmişdi. Şəhərin başqa hissələrində də soyğunçuluq və adam öldürmə hadisələri artırdı. Bulvar tərəfdə qızğın surətdə adam öldürmək və qarət etmək hadisələri davam edirdi. Yanğınlar əmələ gəlirdi.
Suraxanski, Voronsovski, Gubernski və Bulvar tərəflərini Dağıstan alayının bir hissəsi və yanğın keçirən dəstələr əhatə etmişdi.
Çar jandarmeriyası və çar polisi Bakı şəhərini özlərindən bir qat daha etibarlı olan qarətçilərə, quldurlara, adam öldürənlərə tapşırmışdı.
Şəhərə buraxılan qoşun dəstələri bu gün öz qışlalarına çəkilmişdi. Qorodovoylar da öz postlarında görünmürdülər. Bu gecə hər kəsin əli varsa, öz papağını başında saxlamalı idi, hər kəs öz qarovulunu çəkməli, malını və canını qorumalı idi.
Bu gecə Vasya bayıra çıxmaq istədi, lakin Susanna mane oldu. Həyətdə yaşayan adamlar da heç bir tərəfə getməmişdilər, onlar da öz küçələrində qarovul dəstələri təşkil etmişdilər. Vasya da öz vaxtında növbəyə getməli idi.
Vasya oturub Pavluşanın Bibiheybətdən qayıdıb-qayıtmamasını düşünür və Jenyanın belə bir mühüm gündə komitənin ixtiyarında olmamasına təəssüf edirdi. Susanna ona dedi:
– Sən bu gün tamamilə dəyişmişsən, dünən belə deyildin.
Vasya fikirli bir surətdə dedi:
– Doğrudur, bu gün vəziyyət də dəyişmişdir. Kütlələr ölüm və talanlar qarşısında qalmışdır. Bu kimi hallara qarşı qeydsiz qalmaq mümkün deyildir.
Hökumət açıqdan-açığa xalqı bir-birinə qırdırır. Bu fəlakətin qabağını almaq üçün əldə heç bir vasitə yoxdur. Hələ bu hadisənin rayonlara təsir etməsi də mümkündür. Hökumət fəhlə sinfinin qardaşlıq və həmrəylik düzəltməsini belə qarşıladı. Təəssüf ediləcək bir hal da budur ki, biz bu hadisələri öz vaxtında hiss etmədik, birinci güllə açılana qədər biz bu hadisələri bir şayiə hesab edərək durduq.
Susanna Vasyanın sözlərinə diqqətlə qulaq asırdı. Vasya sözünü qurtardıqdan sonra o fikirli-fikirli dedi:
– Məsələ işi öz vaxtında hiss edib-etməməkdə deyildir. Siz bunu vaxtında hiss etsəydiniz də qabağını ala bilməyəcəkdiniz. Azsınız. Hələ bu günə qədər burjuaziyanın iç üzünü anlamayan bir çox fəhlələr vardır. Onlar bu vuruşmalarda burjuaziyanı tanıyacaq, onun ikiüzlü siyasəti haqqında məlumat əldə etmiş olacaqdır. Mən sənin hansı cəbhədə çalışdığını bilmirəm, bunu bilsəydim daha açıq danışardım. Mənə qalırsa, fəhlələr üçün bolşevik platforması daha əlverişlidir. Mən Şendrikovun bacısı olmasaydım, bolşeviklər mənə inansaydı, onlarla birlikdə işlərdim. Lakin bunu bilirəm ki, onlar mənə inanmayacaqlar. Buna haqları da vardır. Bir damın altında, bir havada yaşayanların bir-birindən xəstələnəcəyi nəzərə alınsa, mənə etibar edilməyəcəyi təbiidir. Lakin mən fikir və əqidəcə olduqca müstəqil bir qızam. Menşevik hərəkatı pis bir hərəkat olsa da, mən yenə də hərəkat içində böyümüşəm, mübarizə yollarını çox gözəl bilirəm. Öhdəmə düşən vəzifələri gözəl ifa edə bilərəm. Şüurlu və idraklı fəhlələrdən heç də geri qalmaram.
Vasya tərəddüd içində qalmışdı. Öz-özünə deyirdi: «İnanımmı? İnanmayımmı?»
Susanna əllərini bir-birinə sürtərək dedi:
– Mən çalışmaq istəyirəm. Doğrusu, menşevik xətti-hərəkəti çox da oynaq deyildir. Bu məfkurə intibahverici bir xüsusiyyət daşımır. Hərəkətləri ürək sıxıcıdır. Yolları səadət yolu deyildir. Mən bunu qardaşlarıma da demişəm. Demişəm ki, siyasi intibahdan məhrum olan bir məfkurənin gələcəyi yoxdur. Əslinə baxsan bizim ailədə məfkurə mübarizəsi gedir. Mən heç də qardaşlarımla razılaşa bilmirəm. Qardaşlarım həmişə təşkilata qoşulmağı mənə qadağan edirlər: «Hələ gəncsən, müstəqil fikir sahibi deyilsən» deyirlər. Mən onların yanında siyasi söhbətlərdən də çəkinirəm.
Vasya papirosunun ucunu külqabına basıb keçirdi, dedi:
– Doğrudur, menşevik həyatı quru və marağsızdır. Orada siyasi intibah yoxdur. Bunu onlardan tələb etmək də doğru deyildir. Onlarda siyasi intibah olsaydı, menşevik olmazdılar.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-susanna
Use ← → keys to move, R for a random poem
More by this author
Atabəy yarım saatdan bəri tək-tənha oturub Qətibəni gözləyirdi. Birinci görüşün intizarı Atabəy üçün bir müharibənin qələbəsini əldə etməkdən də ağır idi. Qətibə Atabəyin görüşünə həddindən artıq bir təxirlə gəldi.Nəhayət, Qətibə gözəl kənizlər və cariyələrin müşayiətilə daxil olub böyük salonun ortasında dayandı. Atabəy bu dayanışın mənasını dərhal anladı, o bildi ki, gözəl qız böyük bir məmləkətin hökmdarını öz ayağına gətirmək istəyir.
ToyAtabəyin Qətibəyə evlənməsi məmləkətin hər tərəfinə xəbər verilmişdi. Buna görə də bu şənliyi təbrik etmək və toy ziyafətində iştirak eləmək üçün hər tərəfdən nümayəndələr gəlmişdi. Birinci heyət Soltan Toğrulun tərəfindən gəlmişdi. Atabəyin özü isə Qızıl Arslandan heyət gözləyirdi. Qızıl Arslanın nə təbrik məktubu, nə də heyət göndərməməsindən kədərlənir və düşünürdü. O, Qızıl Arslanın bu izdivacdan razı qalmayaraq toya düşmən gözü ilə baxmasından qorxurdu. Çünki Qızıl Arslan məmləkətin idarəsi işində Toğrul kimi laqeyd deyildi. O, hansı məmləkəti idarə edərsə, orada asayiş və intizam olmalı idi.Qızıl Arslanın etinasızlığından Atabəy Məhəmməd nə qədər kədərlənirsə, onun gənc mələkəsi Qətibə bir o qədər sevinirdi. Çünki Qətibə Nizami ilə dostluq əlaqəsi bəsləyən bu hökmdarı görmək istəmirdi. Qətibə, bu ixtilaf nəticəsində Qızıl Arslanın Azərbaycan hökumətindən götürüləcəyi və bununla da atasının Şimali Azərbaycan hökumətində yaşaya biləcəyini zənn edirdi. Bunun üçün Qətibə daima Atabəy Məhəmmədi gördüyü zaman deyirdi:
Sevgi məktublarıQətibənin qəlbi köhnə sevgilisi Hüsaməddindən əmin deyildi. Çünki Əmir Hüsaməddinə illərdən bəri vədlər verib, “Qətibə səninkidir” – demişdi. İndi Qətibə Atabəy Məhəmmədə ərə veriləndən sonra, Hüsaməddin aldandığını görərək Əmir İnanca ədavət bəsləyirdi, neçə gündü ki, o, saray ətrafında belə görükmürdü. Qətibə bu işin intiqamsız həll olunmayacağını yəqin etmişdi. Çünki Hüsaməddinin inadlı olduğunu bilirdi və onun son kərə dediyi “Mənim olmasan da, heç bir kəsin də olmayacaqsan!” sözlərini yadından çıxarmamışdı. Buna görə də o, Hüsaməddini görmək, onun qəlbini ələ gətirmək və aldatmağı düşünürdü. O, Səbanı yanına çağırıb:– Sənə bir iş tapşıracağam, – dedi. – Onu yerbəyer edə bilərsənmi?
Qütlüğ İnancQətibə xatun oğlan doğdu. Uşağın bir ayı tamam olan günü Atabəy paytaxtında böyük şənliklər başlanmışdı. Həmədan şəhəri başdan-başa çiçəklər və əlvan güllər ilə bəzənmişdi. Küleyin qalasının divarları üzərinə taxılan minlərcə fənərlər və alovlu məşəllər on səkkiz verstlik məsafəni əhatə edən eniş-yoxuşlu şəhəri gündüz kimi işıqlatmışdı. Şəhərin ortasındakı Baba Tahirin məqbərəsindən şəhərə baxıldığı zaman insanın fikri uzaq tarixlərə qayıdırdı. Od içində parlayan şəhər, II Keyxosrovun Midiya imperatoru Astiyaqın paytaxtına girdiyi zamanı və tarixin məşhur Əkbatanını yandırdığını xatırladırdı. Əlvənd dağının ətəklərində yanan məşəllərin şöləsi iki fərsəng məsafədən imamzadə Hüseynin məqbərəsini işıqlandırır və dəmir şəbəkəli pəncərədən içəri girməklə mərmər sütunlar arasında uçuşan gecə quşlarının rahatlığını pozurdu. Şəhərin bu başından o biri başına çəkilən ipin bir ucu Dəccanə məqbərəsi, o biri ucu isə şəhərin cənubundakı İsmayıl məqbərəsindəki minarəyə bağlanmışdı. İpin üpərinə düzülən əlvan fənərlər, göydən yerə əlvan rəngli ulduzların axıb gəldiyini xatırladırdı.Qətibə, Atabəy sarayının uca köşkündə oturub oğlunun doğulması gününün şərəfinə düzələn çırağbanlığa baxırdı. Lakin onu nə bu təntənə, nə də oğlunun doğulması şadlandırmırdı. Çünki o, özünün və oğlunun gələcəyindən əmin deyildi. Eyni zamanda Qətibə, Qızıl Arslanla Atabəy Məhəmməd arasında mövcud olan əlaqədən də razı qala bilmirdi. Çünki Qətibə Qızıl Arslandan Atabəyə gələn məktubları gizlincə götürüb oxuduğu zaman Qızıl Arslanın Atabəy Məhəmmədə müraciətlə yazdıqlarını xatırlayırdı:
Poems by other poets
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Qəzəl: Qəm tutma, könül, eşqi ziyafətlü deyirlərQəm tutma, könül, eşqi ziyafətlü deyirlər,Xof ilə bu sərmənzili heybətlü deyirlər
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,