Atabəy yarım saatdan bəri tək-tənha oturub Qətibəni gözləyirdi. Birinci görüşün intizarı Atabəy üçün bir müharibənin qələbəsini əldə etməkdən də ağır idi. Qətibə Atabəyin görüşünə həddindən artıq bir təxirlə gəldi.

Nəhayət, Qətibə gözəl kənizlər və cariyələrin müşayiətilə daxil olub böyük salonun ortasında dayandı. Atabəy bu dayanışın mənasını dərhal anladı, o bildi ki, gözəl qız böyük bir məmləkətin hökmdarını öz ayağına gətirmək istəyir.

Atabəy bu fikirlə ayağa qalxdığı vaxt bir an qıza baxıb fikrə getdi, sonra öz-özünə:

– Buna layiqdir! – dedi və irəliləyib qızı salamladı.

Qətibə başını aşağı salıb durmuşdu. O indi ikinci bir kişi ilə görüşdüyü barəsində düşünürdü. Birinci görüşdüyü ilə o xoşbəxt olmadığı kimi, ikinci görüşdüyü ilə də xoşbəxt ola bilməyəcəyini fikirləşirdi.

Kənizlər və cariyələr artıq bir xəyal kimi gözdən yox olmuşdular, salonda Atabəy və Qətibədən başqa heç kəs yox idi; üçüncü adam isə Qətibəni hələ tək buraxmağın qeyri-mümkün olduğunu Atabəyə bildirmək üçün bu pərdənin dalından çıxıb o biri pərdənin dalına keçirdi: bu adam minlərcə bu kimi mənzərələrin tamaşaçısı olan xacə Müfid idi.

Atabəy sükutu pozmaq üçün bir neçə qədəm də irəli gəlib Qətibəyə dedi:

– Gözəl qız icazə versəydi, xoşbəxt əlini əlimə alardım.

– Siz bu əlin xoşbəxt olduğunu haradan bilirsiniz?!

– O əlin sahibi xoşbəxt olmasaydı, böyük bir məmləkət yerindən qopub onun ayağına gəlməzdi.

– O əl nəyinizə lazımdır?!

– Mən öz qəlbimi haman ələ tapşırmaq istəyirəm.

– Mən bilmək istərdim, əlahəzrətin neçə qəlbi vardır. Eşitdiyimə görə, əlahəzrət indiyə qədər qəlbini iki qadına tapşırmışdır. Mən üçüncü olmalıyam. Əcəba, bir nəfər üç qəlbə malik ola bilərmi?!

– Xeyr, gözəl qız, mənim bir qəlbim var, onu da bir nəfərə verirəm. Xəlifənin müqəddəs əmmaməsinə and içirəm, qəlbim bir kəsə verilmişdirsə, indi artıq geri alınmışdır. İndi o, gözəl qızın ixtiyarındadır.

– Zənnimcə, hələlik bu tezdir. Xüsusən böyük hökmdarlar hər bir işi gördükləri zaman düşünür və səbir ilə iş görürlər.

– Xoşbəxtliyi mənimsəmək üçün səbr etmək iqbala qiymət qoymamaqdır. Mən öz iqbalıma inanıram. Tanımadığım bir qızın əlini yox, Əmirin qızının, xəlifənin nəvəsinin, bütün varlığından bir nəcabət oxunan Qətibənin əlini istəyirəm.

Qətibə bir az da düşünərək, sual verdi:

– Mən bir məsələni aydınlaşdırmaq istərdim, əlahəzrət üçün qadınmı, yainki məmləkətin idarəsi işlərində çalışa bilən bir şərikmi lazımdır?

– Sizə and içirəm, Qətibəni öz taxt-tacımın şəriki kimi tanıyacağam. Gözəl qız mənim tacımın qiymətli cavahirini təşkil edəcəkdir. Mən onun iradəsi xaricində heç bir iş görməyəcəyəm. Siz əlinizi məndən əsirgəməyin, mən sizdən heç bir şey əsirgəməyəcəyəm.

– Siz mənim babamın tərəfdarlarının əlindən alınan malikanələrin özlərinə qaytarılması üçün heç bir qəti söz deməmişsiniz. Bunun üçün də mən əlimi sizə uzatmağa cürət etmirəm. Çünki kişilər daima qızlarla qarşı-qarşıya durduğu zaman başlarından, canlarından, varlarından keçməyə and içərlər. Lakin bu andlar kişilərin ağıl və etiqadlarından deyil, müvəqqəti hissiyyatından doğur. Lakin mən əlahəzrəti bu saydığım kişilərin cərgəsinə salmaq cəsarətinə malik deyiləm, eyni zamanda öz əlimin qiymətini də əlahəzrət Atabəyə deməkdən çəkinməyəcəyəm. Mən əlimi əlahəzrətə yeddi şərtlə verə biləcəyəm. Onlar bundan ibarətdir:

Birinci: Atabəy nə qədər sağdırsa, atam Şimali Azərbaycanın hökumətini idarə edəcəkdir.

Atabəy əlini döşünə qoyub dedi:

– Gözəl qız, bu təklifə nə kimi etirazım ola bilər?! Mən öz məmləkətimi öz möhtərəm qayınatama tapşırmaqdan boyun qaçıra bilərəmmi?! İkinci şərtiniz nədir, mənim həşəmətli mələkəm?

– İkinci şərtim bundan ibarətdir: məni qısqandırmayacaqsınız.

– İzah edin görüm, bununla nə demək istəyirsiniz?!

– Demək istəyirəm ki, bir neçə qadına evlənməyəcəksiniz.

– Sizin gözəlliyinizə and içirəm, qəlbimi heç bir kəsə verməyəcəyəm.

– Üçüncü şərtim budur: Şimali Azərbaycan Təbrizə yox, bilavasitə əlahəzrətinə özünə, yəni Həmədana tabe olmalıdır.

– Əcəba, Qızıl Arslan sizin atanıza qarşı bir hörmətsizlikmi etmişdirmi? Onunla öz aranızda düşmənçilik yaratmaqdan məqsədiniz nədir?! Hərgah siz Qızıl Arslanın nə qədər aqil, tədbirli, alim, mərhəmətli və əliaçıq bir hökmdar olduğunu bilsəydiniz, yəqin ki bu şərti irəli sürməzdiniz. O ki qaldı Şimali Azərbaycanın bilavasitə Həmədana tabe olması, onsuz da bütün məmləkətlər paytaxtımıza tabe olmalıdır. Gözəl Qətibə bundan əmin ola bilər.

– Dördüncü şərtim, Nizami şairə olan hörmətinizə təğyir verməkdən ibarətdir. Çünki haman şair mənim babam Əmirəlmöminin dostu deyildir.

– Mən onunla bir kərə görüşdüm, zənnimcə, daha görüşməyəcəyəm.

– Beşinci şərtim, mənim atamın şairi Əbül-Ülanı mükafatlandırmaqdan ibarətdir. Ancaq Nizami özü də mükafat verildiyi zaman məclisdə iştirak etməlidir.

– Heç bir etirazım yoxdur.

– Altıncı şərtim, istədiyim zaman Gəncədə yaşamaq ixtiyarına malik olmaqdır.

– Bu da qəbulumdur.

– Yeddinci şərtim bundan ibarətdir: Şimali Azərbaycan işlərinə baxıldığı zaman mən də iştirak etməliyəm.

Bu göstərdiyim şərtlər Atabəy tərəfindən qəbul olunarsa, mən əlimi də, qəlbimi də əlahəzrətin sərəncamına verməyə hazıram.

Atabəy qızın göstərdiyi şərtlərin heç birisini rədd edə bilmədi, çünki o, öz qarşısında yalnız sadə bir gözəl deyil, nadir bir möcüzə durduğunu hiss edirdi.

Qətibənin parlaq alnına tökülən səkinəvi qara tellər və tellərin üzərinə taxılmış brilyantlı ay-ulduz salonda yanmaqda olan yüzlərcə şamların işığını gözəl qızın çöhrəsində cəm edirdi.

Qətibə özünü düzəldərək bütün gözəlliyini Atabəyin qarşısında nümayiş etdirirdi. Atabəy özünü unudaraq ağzından bu sözləri çıxardı:

– Hamısını qəbul edirəm! Sözüm yoxdur, mənim mələkəm!

Qətibə əlini Atabəyin əlinə uzadırkən, Atabəyin titrək dodaqları da Qətibənin dodaqlarına tərəf uzanırdı.

Xacə Müfid pərdənin dalından öskürə-öskürə çıxdığı zaman əlahəzrət Atabəyin dodaqları Qətibənin dodaqlarından ayrıldı.

Yarım saatdan sonra Gəncə qazisi ilə Gəncə xətibinin salona daxil olması, onların vaxt ikən xeyir işi başlamaq üçün saraya dəvət olunduqlarını məlum edirdi.

Gecə saat birin yarısında, nişan rəsmi bitdi. Qətibənin barmağına Şərqin ən qiymətli cavahirini daşıyan bir üzük taxıldı, kəbin siğəsi oxundu, sonra da şam süfrəsinin başına keçdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Erməni-müsəlman qırğınının zəminəsi

Bakı qubernatoru Peterburqa getməzdən bir gün əvvəl, Bakı varlıları və Bakı qoluzorluları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. Bu görüş həmişəki kimi Bakıda müsəlmanlara başçı kəsilmiş olan Hacı Zeynalabdın Tağıyevin evində olacaqdı.Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. Ziyafətdə Hacının özünə və Bakı qubernatoruna lazım olanların hamısı iştirak edirdi.

8 min
Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundur

Xanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı.Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı:

5 min
İki direktor arasında

Xanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi.Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi.

7 min
Nakaşidze Peterburqdan gəldi

Hacı yuxusundan duran kimi, Bakı qubernatoru Nakaşidzenin Peterburqdan göndərdiyi məktubu ona verdilər.Məktubu oxumaq üçün adam lazım idi. Lakin çox tez idi. Buna görə də Hacı məktubu xanıma oxutdurmaq istəyirdi, xanım isə ondan küsmüşdü. Hacı onun otağına adam göndərib görüşmək istədiyini bildirdi.

14 min

Poems by other poets