Page 1 of 2

Əmirin son çarəsi əvvəlcə düşündüyü məsələdən ibarət idi. O, ifşa edilmişdi. O, hökumətdə qalmaq üçün nə qədər düşünürdüsə də özündə müsbət bir tərəf görə bilmirdi. Onun xalq şikayətinə yol verməmək tədbirləri, Atabəyə mədhnamə yazdırması tamamilə əks nəticə verəndən sonra qadınını yanına çağırıb çox qəmgin bir halda dedi:

– Ata-babaların sözüdür: “Yaxşı şeyi yaman gün üçün saxlarlar”. Çox yerində deyilmiş sözlərdir. Sən qızın özünə də tapşır, bir daha bunun kimi əlverişli fürsət heç kəsin əlinə düşməz. O ki qaldı atan xəlifəyə, o da çox qocadır. Onun da başını dəmirə tutmayıblar. O, dünya durduqca yaşamağı bacarmayacaqdır. Buna görə də biz arxamızı daha möhkəm, daha yıxılmaz bir sütuna söykəməliyik. Hökuməti əlinə alan və təzə xanədan təşkil edən Eldənizlərin məhv olması bu gün və ya sabahın işi deyil, onlar hələ çox zaman yaşaya biləcəkdir. Biz mühüm bir cəhəti də nəzərdə tutmalıyıq, qızımız Qətibənin gələcəyi haqqında düşünməliyik. Nə qədər ki, xəlifə ölməmişdir, o, qiymətli və əzəmətli bir qız kimi yaşayacaqdır. Xəlifə öləndən sonra isə işlər tamamilə dəyişəcəkdir. Gözəllik, nəcib bir xasiyyətə bağlı olmadan heç bir iş görə bilməz. Sən bilirsən ki, Bağdadda köhnə xəlifələrin minlərcə cariyələrdən minlərcə qızları və nəvələri vardır. Onlar hamısı da vaxtında xəlifə nəvəsi kimi şöhrət tapmışdılar. Lakin xəlifələr öləndən sonra kölələr, qatırçılar və sairələrlə yaşamağa məcbur oldular. Biz də fürsəti əlimizdən buraxsaq, qızımız haman qızların tayı olub qalacaqdır.

Safiyə xatun ərinin uzun-uzadı sözlərini eşidəndən sonra ona bu sualı verdi:

– De görüm, nə istəyirsən? Nə üçün açıq danışmırsan? Tutaq ki, sən dediyin sözlərin hamısı bir həqiqətdir. Mən nə edə bilərəm?!

Əmir təəccüblə onun üzünə baxaraq dedi:

– Necə yəni mən nə edə bilərəm?! Ana deyilsənmi?! Qızı bəzəndirib Atabəyə göstərə bilməzsənmi?!

– Mən qızı nə vasitə ilə Atabəyə göstərə bilərəm? Bu hərəkət yersiz düşməzmi?

Əmir öz-özünə mırıldandıqdan sonra Safiyə xatuna tərəf dönərək dedi:

– Heç də yersiz düşməz. Səni Bağdad sarayında mənə nə cür təqdim etdilərsə, sən də Qətibəni Gəncə sarayında Atabəyə o cür təqdim edərsən.

– Məsələnin çətin yeri burasındadır ki, qızının yanında ərə getmək adı çəkiləndə dünyanı dağıdır.

– Mən bilmirəm, buna hər nə ad qoyursan qoy, o sənin öz işindir. Amma gərək qızı Atabəyə göstərəsən. O ki qaldı qızın dünyanı dağıtmasına, o da ümumi haldır. Sən də mənə göstərildiyin zaman demişdin ki, Bağdadı dağıdaram. Amma heç köhnə bir damın kərpicini də yerindən tərpədə bilmədin.

– Qız şairdən ümidini kəsəndən bəri bütün kişilərə nifrət edir, onların üzünü görmək istəmir.

– Ağıllı ol, kişilər hamısı birdir. O bilsə ki, böyük Atabəy, doğrudan da, ona evlənəcəkdir, kişilərə olan nifrəti yadına da düşməz. Qız uşağı hiyləgər pişiklərə bənzər, əlinə gəlməyən hər bir şeyə nifrət bəslər, əlinə keçən şeyi isə heç kəsə verməz. Bunların hamısı sənin qıza nə cür yanaşmağından asılıdır.

Sən qızı inandırmalısan ki, bizim bütün müqəddəratımız onun bu görüşməyə razılıq verməsindən asılıdır. Burada taxt-tac məsələsi də vardır. Mənim qızımın bacarığı olsa, Azərbaycan taxt-tacını əlindən buraxmaz, bir neçə ildən sonra mən öz nəvəmi həqiqi bir varis kimi Azərbaycan taxtına çıxarmağı bacararam. Atabəy Eldəniz kim idi? Bir kölə idi. Bu gün isə onun oğlanları ucu-bucağı olmayan bir məmləkətin hökmdarlarıdır. Mənim nəvəm isə bir tərəfdən xəlifənin nəticəsi, o biri tərəfdən də mənim, Əmirin nəvəsi olacaqdır.

Mənim də başımı dəmirə tutmamışlar, mən də bu gün sabah öləsiyəm, lakin arzulara çatandan sonra ölmək o qədər də nisgilli və qorxulu bir ölüm deyildir. Dediyim kimi olarsa, mən arxayın ölərəm, bilərəm ki, mənim övladımın gələcəyi təmin edilmişdir.

Əmirin son sözündə Qətibə də otağa daxil oldu. Əmir İnanc onu adəti üzrə öz yanına çağırdı:

– Gəl otur sevimli Qətibəm, gəl otur!

Qətibə oturdu, Əmir yenə də onun alnından öpüb saçlarını sığalladı və dedi:

– Atabəy şərəfinə verilən ziyafətdən o qədər də ümidverici bir təsir ala bilmədim. Atabəy hər bir sözündə Nizami ilə Qızıl Arslan arasında mövcud olan dostluğu qeyd etdi. Şübhəsiz ki, bu dostluğun içərisində mənə qarşı bir düşmənlik qoyulmuşdur. Yerlilərin bizim başımız üzərindən Qızıl Arslana müraciət eləməsi, mənim Şimali Azərbaycanda nüfuzumun düşməsi deməkdir. Biz hər halda bu suiqəsdin qarşısını indidən almalıyıq. Atabəyin Əbül-Üla əleyhinə olan çıxışı və Xaqani şairi müdafiə etməsi də batində mənim əleyhimədir. Çünki Əbül-Ülaya mən xələt verib irəli çəkmişdim. Bunların hamısı mənim hökmranlığımın son günlərini yaxınlaşdırır. Görünür ki, Atabəy buradan müsbət bir fikirlə getməyəcəkdir. Atabəy hazırdakı əhval-rühiyyə ilə Təbrizə gedərsə bir aydan sonra Qızıl Arslan mənim yerimə təzə hakim göndərəcəkdir.

Atabəyin qəbul rəsmindəki sözləri də mənə yaxşı ümidlər vermədi. Xüsusən kənd və torpaq məsələlərində bizim adamlarımızın sükut etməyə məcbur olmaları, Fəxrəddinin isə çıxış etməsi mənim həyatımın dəyişməsi üçün qorxulu bir başlanğıcdır. Hərgah Atabəy buradan getməmiş onu ələ almazsaq, Gəncədə bizim düşmənlərimiz hakim olacaqdır.

Bu barədə anan da, sənin özün də düşünməlisən. Gələcəyin qeydinə qalınmazsa, əmr-vaqe bizi alt-üst edəcəkdir.

Qətibə başını atasının çiynindən qaldırıb soruşdu:

– Tutaq ki, dediklərinin hamısı doğrudur. Mənim əlimdən nə gələr?

– Sənin əlindən hər şey gələr. Bu işlərin mən istəyən məhvər üzərində davam etməsi üçün sənin böyük vəzifən vardır. Sən Şərqin birinci gözəlisən, Əmirin qızı, xəlifənin nəvəsisən. Bir az əvvəl anana danışdım. Bu gözəllik, bu şöhrət mənim və xəlifənin nüfuzuna əsaslanır. Lakin mən və xəlifə öləndən sonra bu gözəllik adi bir gözəllik olaraq qalacaqdır. Buna görə də sən öz gələcəyini möhkəm bir əsas üstündə qurmalısan. Atabəy də pis namizəd deyil. Sonrasını özün bilərsən, bunu heç vaxt atalar qızlarına öyrətmirlər. Ağıllı qızların özü bunu bacarmalıdır.

Qətibə artıq atasının nə demək istədiyini anladı və ciddi bir vəziyyət alaraq dedi:

– Mən birinci kərədir ki, qızların öz-özünə ərə vermək üçün elçi getdiklərini eşidirəm. Mən heç vaxt bunu bacarmaram. Mən gedib Atabəyə deyə bilərəm ki, bunu bacarmaram. Mən gedib Atabəyə deyə bilmərəm ki, “gəl mənə evlən”. Bu təklif mənim də, ailəmizin də şərəfsizliyini göstərər.

Əmir gülərək onun saçlarını oxşadı və:

– Ağılsız qızım! – dedi. – Burada heç bir şərəfsizlik yoxdur. Bəzən şərəflər şərəfsizliyin içərisindən süzülüb çıxır. O ki qaldı sənin gedib evlənmək üçün təklif edə bilmədiyinə, bunu mənə danışma, qızlar istədikləri zaman bu təklifi etmək üçün yol tapırlar, ən buna qadir olduğunu şairlə olan yazışmalarında göstərdin.

Bu söhbətlər əsnasında xacə Müfid daxil olub Atabəyin gəldiyini xəbər verdi. Safiyə xatun və Qətibə özlərini itirdilər, hansı tərəfdən çıxıb gedəcəklərini bilmədilər. Lakin Əmirin özü, çox soyuqqanlı hərəkət etdi, çünki xacə Müfid Əmirin tapşırığına görə Atabəyi qəfildən Əmirin ailəsi olan otağa gətirmişdi.

Qətibə və Safiyə xatun çıxmaq istərkən Atabəy içəri girdi, lakin o içəridə qadın və qız olduğunu görərkən qayıtmaq istədi, Əmir isə onu qarşılayaraq:

– Buyurun, əlahəzrət! – dedi və təzim etdi. – Yanımda yabançı adam yoxdur. Yanımda xəlifənin qızı və nəvəsidir. Əmirəlmömininin qızı və nəvəsi əlahəzrəti ziyarət etmək istəyirdilər.

Atabəy Əmir İnancın bu sözlərindən sonra bir an durub düşündü, sonra irəli gəlib xəlifənin qızının əlindən öpdü və:

– Biz də Əmirəlmömininin övladıyıq, – dedi. – Həzrət xəlifə bizim atamız olmaqla bərabər, eyni zamanda, bütün islam xalqının da ruhani və mənəvi atasıdır.

Əmir dərhal əlavə etdi:

– Mənim də xoşbəxtliyim xəlifə ailəsi üzvlərindən hesab olunduğumdur. Çünki xəlifənin ən uzaq bir qohumu belə peyğəmbər ailəsinə yaxın olmaq şərəfini daşımaqdadır. Dünyada və axirətdə mənim üçün də bu şərəf lazımdır.

Bu söhbət zamanı Safiyə xatun ilə Qətibə Atabəylə vidalaşıb getmişdilər. Atabəy isə zahirdə Əmir İnancı dinləyir, batində isə bir neçə dəqiqə əvvəl gördüyü gözəl afət haqqında düşünürdü. Onun canında sanki özünün hiss etmədiyi bir şey dolaşır və rahatlığını pozurdu. Əmir İnanc gözünün ucu ilə ona baxırdı. Atabəyi adi halında görməyərək oxunun hədəfə dəydiyini hiss edir və sevinirdi.

Atabəy isə şam süfrəsi başında da qızı düşünürdü. Onu ani olaraq gördüyü üçün şəklini tez-tez unudur, beynini və hissini səfərbər edərək Qətibənin çöhrəsinə qəlbində müəyyən bir biçim verirdi. Lakin cürbəcür düşüncələr, yenə də qızın çöhrəsini onun qəlbinin güzgüsündən silirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca felyeton

Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.

4 min
Qəlbim tutulmuşdu

Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,

2 min
Məktub

Cənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.

2 min
Bəyani-həqiqət

Get, ay Molla Nəsrəddin əmi, allah sənin kimi mollaları bizə çox görməsin. Bir necə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basıb, utanıb, büküb qoyurdular yerə. Çünki görürlər əlində əsayi-piri, başında əmmaməyi-abidanə, özün də gözlərini tikmisən adamın üzünə. Biçarə uşaqlar xəcalət çəkirdilər. Çox arif molla imişsən!Bu az müddətdə elmi-qiyafə işinə baş tapıb yavaş-yavaş pərdə dalına çəkilməyə başladın. Hərçənd bizim sənə söz deməyimiz qəbihdir, lakin mollalarda hüsn-xülq olduğuna cəsarət ilə ərz edirəm. Axund ağa, bir az da pərdə dalına çəkilsən pis olmaz. Bəlkə allaha təvəkkül, səni pərdə dalında görüb müsəlman aləmində bə’zi biar mollalar ibrət götürsünlər. Təbriz dedim, ağayi-büzürkəvarın sizə təqdim etdiyi sifariş xəyalıma gəldi. Keçən gün Əmir timçəsində Məşədi Qazım dəllal ilə «Ağa»-nın bir-birinə tapança çəkmələrindən söhbət edirdim. Onda gördüm bir nəfər gəldi ki, səni «Ağa» çağırır. Dedim inşallah yaxşı oldu. Görəsən hansı yalançı qəbaləyə qol çəkdirəcək, yenə bir-iki qran mənə yapışar. Haman adam ilə gəlib məhkəməyə, gördüm, «Ağa» oturub mənə baxıb gülür. Mən də salam verib oturdum. Buyurdu, Hərdəmxəyal, bilirsən səni nədən ötrü çağırmışam? Ərz elədim xeyir. Buyurdu, əvvəl bizi bir yaxşı tə’rif edəsən, özgə yerdə millət qəmi çəkən mollalar oxuyub bilsinlər ki, tək onlar deyil, biz də qəm çəkməkdən çöpə dönmüşük. Bir də mənim yoldaşım Fəxrululəmanın şəklini jurnalda çəkəsən, amma qabağından sallanan şalvar bəndlərini çəkməyəsən.

2 min

Poems by other poets