Erməni-müsəlman qırğını başlandı
Page 1 of 5
1905-ci il fevral ayının altısında çar hökumətinin çoxdan bəri hazırladığı xəyanət şayiələr şəklindən çıxıb, bir həqiqət şəklinə girdi.
Baş verən böyük bədbəxt hadisə kiçik bir hadisədən başlandı.
Bakıda 1905-ci ilə qədər adam öldürmək hadisələri adi bir şəkil almışdı. Erməninin müsəlmanı, müsəlmanın ermənini öldürməsinə heç vaxt milli şəkil və milli məna verən yox idi.
Lakin çar hökuməti 1905-ci il inqilabını boğmaq məqsədi ilə ermənilərlə müsəlmanlar arasında milli qırğın üçün geniş bir zəmin hazırladı.
Fevralın altısında Rəzi Babayevin bir erməni tərəfindən öldürülməsi erməni-müsəlman qırğınının siqnalını verdi. Ümumi vuruşma başlandı.
Bakı komitəsi qırğının qabağını almaq üçün tez iclas çağırdı. İclasda qəti qərarlar çıxarıldı. Lakin bu qərarları həyata keçirmək üçün imkan yox idi. Briqadalar təşkili üçün lazım olan silah da tapılmadı. Bakı komitəsinin iclası bitdiyi zaman, şəhərdə şiddətli atışma gedirdi.
Hökumət qırğına və atışmaya olduqca soyuqqanlılıqla baxırdı.
Montin, yanında bir dəstə bolşevik olduğu halda şəhərin küçələrini gəzir, polisləri, polis müdirlərini məzəmmət edir, qırğının qabağını almağı tələb edirdi. Lakin onları dinləyən yox idi. Polis və jandarmlar hökumətin bu barədə verdiyi gizli əmrləri həyata keçirirdi.
Şəhərin dördüncü polis dairəsi tamamilə atəş içində idi.
Çar polisi, çar jandarmı, Bakının qoçularına, adam öldürənlərinə, milli əməl və milli arzunu öz şəxsi məqsədinin bir aləti etmiş olanlara, daşnaklara və başqa canilərə tam mənasilə azadlıq vermişdi.
Hər tərəfdə atlı və piyada qoşun dəstələri dolaşır, hər tində qruppalaşmış jandarm və polis dəstələri gəzirdi. Bununla da erməni-müsəlman məsələsinin iç üzündən xəbərdar olmayan əhali atışmaları hesaba almayıb şəhər içində gəzirdi. Xüsusilə Parapet və Olkinski küçə bekar əhali ilə dolu idi. Atışma başlanmış küçələrdə güclü qoşun dəstələrinin və qruppalaşmış jandarm və polislərin gəzməsi əhalidə belə bir fikir əmələ gətirirdi ki, guya hökumət bu qırğının qabağını almaq üçün tədbir görmək istəyir. Buna görə də istər ermənilər, istərsə də müsəlmanlar vaxt ikən qaçıb öz evlərində gizlənməmişdilər.
Məsələ xalqın düşündüyü kimi çıxmadı. Qoşun dəstələri şəhəri çox soyuqqanlılıqla gəzir, atışma yerlərindən laqeydliklə keçirdilər. Hökumətin qırğına qarşı tədbirlər görmək istədiyini düşünən camaat az sonra tamamilə başqa cürə düşünməyə başladı və qoşunun, qırğın mütəşəkkil surətdə aparılsın deyə şəhərə çıxarıldığını yəqin etdi. Atlı kazak və piyada qoşun zabitlərinin yanından keçən qırğınçıların öz silahını gizlətməsi də lazım gəlmirdi, çünki şəhərə çıxarılan qoşun zabitlərinə istər general Əlixanov, istərsə də Nakaşidze, Roniç və Lavrov tərəfindən lazımi tapşırıqlar verilmişdi.
Vasya ilə Əsgər iclasdan birlikdə çıxdılar. Onlar da başqa yoldaşlar kimi rayonlara təhkim olunmuşdular. Onlar Balaxanı — Sabunçu rayonuna gedərək, orada şəhərdəki qırğının fəhlə dairələrinə sirayət etməməsi üçün hazırlıq aparmalı idilər.
Bu mümkün olmadı. Şəhər ilə rayonların rabitəsi səhərdən bəri kəsilmişdi. Yollar tamamilə qoşun dəstələri, polis və jandarmlar əlində idi. Konkalar hələ işləyirdi. Piyada getmək qorxulu olduğu üçün camaat konka ilə getməyə tələsirdi. Hər yandan gələn əhali qarışqa kimi konkaların vücuduna daraşmışdı.
Vasya ilə Əsgər də konkaya oturub Voronsov küçəsi ilə gedirdilər. Voronsov küçəsində naməlum bir adam konkada işləyən konduktor Şinkovu vurub öldürdü və bununla da konkada ağlagəlməz bir çaxnaşma başladı. Bir çoxları yanındakını tapdaya-tapdaya konkadan yerə atılırdı. Sağdan, soldan, daldan, qabaqdan düşüb qaçırdılar; qışqıranlar, özündən çıxanlar və bayılanlar da var idi. Oturanlardan bir neçəsi özünü güllədən qorumaq üçün skamyaların altında gizlənmişdi.
Vasya ilə Əsgər şəhərdən gələn güllə səsini eşidir və heyrətlənirdilər.
Konka konduktoruna atılan bu güllə şəhərin başqa hissələrində də yeni atışmalara səbəb oldu.
Ən şiddətli atışma səsi Çadrovı küçədən gəlirdi. Hamı qaçır, hamı qışqırırdı, lakin kimin kimi vurduğu və kimin kimləri soyub-taladığı məlum deyildi, heç kəs də bunu soruşmurdu.
Vəziyyət getdikcə ağırlaşırdı. Vasya və Əsgər konkadan düşüb piyada getməyi qərara aldılar. Aralıq sakit olduqda Vasyanın İçərişəhərdəki mənzilinə getmək istəyirdilər.
Konka dayandı. Konka atları da bu hadisədən istifadə edərək dincini alırdı. Konkada heç kəs qalmamışdı, hərə düşüb bir evə soxulmuş, bir tərəfə qaçmışdı. Konkada bayılıb qalmış gənc bir qızı bir tərəfə çıxaran yox idi. Qızın gözü, qaşı, saçı qara idi. Erməni qızına çox oxşayırdı. Heç kəs ona yaxın durmurdu. Hər kəs qıza yaxın durmasının bir ixtilafa səbəb olacağından qorxurdu. Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. Faytonçular da atlarını döyüb qaçırdı. Vasya faytonçulardan birini səslədi, Əsgərə dedi:
– Mən bu sahibsiz qıza nicat verəcəyəm. Qoy nə olur-olsun, bunun üçün bizi məzəmmət edən də olmaz.
Əsgər buna etiraz etdi:
– Böyük səhv edirsən, — dedi. — Erməni qızıdır. Sabah bizə deyərlər ki, erməni qızını götürüb qaçırmışlar. Heç kəs deməz ki, biz təhlükədən qurtarmaq üçün aparırıq.
Vasya etiraz etdi:
– Fikrin doğru fikir deyildir. Qoy nə deyəcəklər desinlər. Qoy nicat verdiyimiz qızın özü bizdən razı qalsın, başqalarının fikri bizim üçün qorxulu deyil. Sən ki, şərqlisən. Şərqdə qadının hörməti hamıdan irəlidədir. Götür, qoyaq faytona! Bir qızı bu vəziyyətdə qoyub getmək heç Şərq kişisinə yaraşmaz.
Əsgər ilə Vasya köməkləşərək, qara saçlı qızı konkadan götürüb faytona qoydular.
Qızı faytonda Vasyanın evinə apardıqları zaman onun üzünə dağılmış qara saçları altından belə bir səs eşidildi:
– Rica edirəm mənə kömək ediniz.
Qız bu sözü deyib yenə bayıldı.
Əsgər etirazlı baxışla Vasyaya baxdı:
– Bilmirəm biz bu ölünü hara aparacağıq?
Vasya dedi:
– Mənim evimə apararıq. Sağ qalarsa, ailəsini tapıb verərik, ölərsə, dəfn etmək üçün tabut tapmaq da mümkündür.
Əsgər heç bir söz demədi. Faytonda sakitcə oturub onlarla bərabər İçərişəhərə girdi, orada bir nəfər tanışın evində gecələməyi düşünürdü.
Şəhərin güllə altında qaldığına və erməni-müsəlman qırğını başlanmasına baxmayaraq, yenə də çoxdan bəri bir-birini tanıyan qonşular öz qonşularını müdafiə edirdilər. Ermənilər müsəlmanların, müsəlmanlar isə ermənilərin evinə girdikdə özlərini əmniyyətdə hesab edirdilər.
Bakı polisinin əsil siması atışmanın birinci günündə meydana çıxdı. Qoşun dəstələri, içərisindən güclü güllə atılan erməni evlərini gülləyə basdı.
Vasya qızı İçərişəhərdəki mənzilinə gətirdi. Qızı faytondan düşürəndə həyətdəki azərbaycanlı qadınlar faytonu aralığa alıb bir-birinə deyirdi:
– Gözəl qızdır.
– Erməni qızıdır...
– Hayıf bu gözəllikdə qız Vasya kimi ac bir oğlanın əlinə düşübdür.
– Xatası vardır. Bilmirəm nə üçün bura gətirib...
Əsgər bütün bu danışıqları Vasyaya başa saldı. Vasya qadınlara dedi:
– Konkada özündən getmişdi. Yazığımız gəldi, qız uşağıdır, ayaq altında qoyub qaçmaq namusumuza sığışmadı, götürüb gəldik. Ayılar, aralıq sakit olar, yenə də aparıb ailəsinə tapşırarıq.
Qızı gətirib Vasyanın yoxsul taxta çarpayısına uzatdılar. Azərbaycanlı qadınlar dəsmal isladıb onun başına qoydular, qollarını sıxdılar, boğazına su tökdülər, qız dərin bir ah çəkərək yavaş-yavaş gözlərini açdı.
Əsgər vidalaşıb gedərkən Vasyaya dedi:
– Vasya, ehtiyatlı ol ha!.. Elə elə ki, bu günkü tarixi ləkə bizim ətəyimizə sürtünməsin! Qızla namusla davran.
Vasya gülərək:
– Uşaqsan nəsən? — deyib bir papiros yandırdı.
Vasya evdə otura bilməyəcəkdi, bayıra çıxmaq və şəhər içində qalan yoldaşlardan xəbər tutmaq lazım idi. Qızı həyətdəki azərbaycanlı qadınlara tapşırıb getdi.
Vasya, şəhərə çıxanda atışma səsi gəlməyən küçə yox idi. Bakının damlarından güllə yağış kimi yağırdı. İçərişəhərə gələnlərin, bir tərəfə soxulmaq istəyənlərin həddi-hesabı yox idi.
Krasilnikovun, Kersakovun, Melikovun, Tağıyevin evlərinin damından atılan güllələrin kimə və hansı tərəfə atıldığı aydın deyildi.
Daşnaklar «Madrid» mehmanxanası və Mayılovun evlərini hərbi ştab şəklinə salıb şəhərə güllə yağdırırdılar.
Çar məmurları və erməni-müsəlman varlılarının fitnəsinə qurban olmuş idraksız müsəlmanlar erməniləri, daşnakların həyasız təbliğatı təsirinə düşən ermənilər isə müsəlmanları gülləyə basırdılar.
Erməni və müsəlman burjuaziyası həyəcanlı dəqiqələr keçirirdi. Bir-biri ilə rəqabət aparan hər iki tərəfin burjuaziyası qələbənin kimin tərəfində olması ilə maraqlanırdı.
Hacı da maraqlanırdı. O, atışma səslərini eşitdiyi zaman general Nakaşidzenin süfrə başında dediyi sözlərin, verdiyi vədlərin doğru olub-olmadığını, həyata keçirib keçirilməyəcəyini yoxlamağa çalışırdı.
Hacı qırğın başlandığı dəqiqədən telefonun yanından qırağa çəkilmirdi.
Telefonun zəngi qəfildən səsləndi, Hacı diksindi, əli titrəyə-titrəyə dəstəyi götürdü, fabrik müdiri Hacı Məmmədlə danışmağa başladı:
– Sənə yenə də tapşırıram ki... qapıda bir neçə qarovul qoyarsan, məbada, məbada Hacı Mir Ağanın oğlunu, onu, o nəsəyid köpək oğlunu fabrikin həyətinə girməyə qoyasan! Sən qarovula tapşırarsan ki, o haramzada oğlunu qapıda görən kimi vurub öldürsün. İndi sənin xəyalın əvvəlki vaxtlara getməsin. Qoy vurub öldürsün. Anla nə deyirəm! Mən bir iş bilməsəm və əlim bir yerə bağlı olmasa, demərəm. Vursun öldürsün, cavabını mən verəcəyəm! — Hacı bu sözləri dedikdən sonra xeyli dinmədi, birdən barıt kimi partladı: — Yəni necə içəri giribdir?.. Hə?.. Hə?.. Bəs siz ölmüşdünüz?! Yuxulamışdınız? Keflənmişdiniz?! Bəs mən qarovulu nə üçün qapıda qoymuşam? Bəs mən ona ətək dolusu pulu nə üçün verirəm? Bəs mən nə üçün icazə alıb tüfəngi onun əlinə vermişəm?.. Sizə yenə də əmr edirəm hamılıqla çalışıb o köpək oğlunu həyətdən bayıra çıxardın! Getdiyim Məkkəyə and olsun, bilim ki, o bic haramzadanı mitinq eləməyə buraxmısınız, sizsiz mənəm! Daha məndən inciməyə haqqınız yoxdur. Bildin ki?!
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ermeni-muselman-qirgini-baslandi
Use ← → keys to move, R for a random poem
More by this author
– Sən tabağını götür burdan çəkil!– Hara çəkilim?
Hökumətin ikinci xəyanətinə qarşıÇar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.
Çarizm öz işini gördüÇar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı.Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi.
I. QonaqlarCənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.
Poems by other poets
Bir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.