Page 5 of 5 · 80%

Alay komandiri sözünü bitirdikdən sonra Hacı soruşdu:

– Mədən və fabrik-zavod dairələrindən nə xəbəriniz vardır?

– Fevralın altısında olan hadisə mədən dairələrinə o qədər də dərin sirayət edə bilməmişdi. Ancaq Balaxanı—Sabunçu və Ramana dairələrində tək-tək öldürmə hadisələrinə təsadüf olunmuşdur. Başqa rayonlardan hələlik məlumat yoxdur.

Hacı təkrar soruşdu:

– Balaxanı—Sabunçu dairəsində hərəkatı kim idarə edir?

– Maştağalı Pəhləvan, buruq ustası, iranlı Məşədi Şaban və Qala kəndi sakini Hacıbala. Ermənilər tərəfindən silahlı daşnaklar vardır. Ermənilərə məxsus mədənləri silahlı dəstələr qoruyur. Şəhərlə mədən dairələrini birləşdirən yolların hamısı Səlyan alayı hissələri əlindədir. Atlı kazak dəstələri də vardır. Mədənlərdə iş tamamilə dayanmışdır. Fabrik və zavodlar da işləmir. Məruzəmdə göstərdiyim məlumat bu gün saat on ikiyədək alınmış məlumatdır, bunların hamısı müxtəlif raportlardan götürülmüşdür. Son hadisələr haqqında cənabınıza xüsusi raport verəcəyəm.

Kuzminski məruzəsini bitirdi. Hacının evinin qoruğunda duran zabitlər otağına keçdi, öz yazı işləri ilə məşğul olmağa, Hacının telefonu ilə lazımi yerlərlə danışmağa başladı.


Jenya Bakının başına gətirilən fəlakətin haradan göyərdiyini görür, danışılan sözlərə qulaq asırdı, lakin eşitdiklərini yoldaşlarına xəbər vermək imkanını əldə edə bilmədiyindən ilan vurmuş adam kimi qovrulurdu. O, doğrudan da hökumətin müsəlmanlar tərəfini saxladığına və müsəlmanların dostu olduğuna inanmağa başlayırdı, çünki o, hökumətin müsəlmanlara göstərdiyi simasını görür, lakin ermənilərə göstərdiyi simasını görmürdü. Jenya bilmirdi ki, çar hökuməti millətlərin qardaşlığını pozmaq üçün erməni və müsəlman burjuaziyası arasında olan rəqabətdən də istifadə edir. Jenyanın zehnində bir düşüncə yerləşmişdi: ermənilər Zaqafqaziyada mədəni və bacarıqlı bir xalqdır. Onlardan həmişə hökumətə qarşı üsyanlar və çıxışlar gözləmək mümkündür. Buna görə də onları müsəlmanların vasitəsilə məhv etmək istəyirlər. Doğrudan da ermənilər müsəlmanlara nisbətən siyasi duyğularla silahlanmışdılar, lakin bu erməni-müsəlman qırğınının əsas cəhətini təşkil etmirdi. Çar hökumətini rahatsız edən başlıca şey — müsəlman və erməni fəhlələrinin bolşeviklərin rəhbərliyi ilə təşkil olunub, həmrəylik və qardaşlıq əmələ gətirmələri idi. 1903-cü ilin iyul və 1904-cü ilin dekabr tətilləri və bu tətillərdə fəhlə sinfinin həmrəyliyi çar hökumətinin diqqətini Bakıya cəlb etmişdi. Xüsusilə son zamanda müsəlman fəhlələrinin fəallığı hökuməti qorxuya salmışdı.

Gənc Jenya çar hökumətini tanısa da, onun xainliyinin və riyakarlığının iç üzünü lazımınca bilmirdi.

Kuzminski zabitlər otağına girəndə Jenya da xanımın yataq otağına tökdüyü paltarları yığışdırırdı.

Jenya Kuzminskinin oynadığı rolla çox maraqlanırdı. Kuzminskinin, zabitləri kabinetdən bayıra çıxarıb təkbaşına məşğul olması gizli bir məqsədlə əlaqədar olmamış deyildi.

Kuzminski olduğu otaq Hacının iş otağı idi. Jenya bir şey hiss etdi və bu hisslə də telefonun yanına yüyürdü. Bir neçə saniyə telefona diqqətlə baxdı.

Hacının iş otağındakı telefonun həmişə xanım tərəfindən nəzarət olunduğu üçün xanımın yataq otağında da xüsusi dəstək asılmışdı. Hacı neçə kərə buna etiraz etmişdisə də, xanım bu nəzarətdən əl çəkməmişdi. O, həmişə Hacının kimlərlə danışdığına nəzarət edir, xoşuna gəlməyən adamlarla Hacının danışmasını qadağan edirdi.

Jenya qorxa-qorxa dəstəyi götürüb qulaq asmağa başladı. Kuzminski telefonla danışırdı, ancaq kiminlə danışdığı məlum deyildi. Jenya dəstəyi qulağında tutub dayandı. Kuzminski deyirdi:

«Necə ki, cənab Fadeyev buyurmuşdur, elə də etmişəm. Sizin passajı kazaklar mühafizə edir. Nikolayevski küçədə olan dükanlarınız da silahlı soldatların mühafizəsi altındadır. Stanislavski küçədə gəzən qoşun dəstələri də ermənilərin hərəkətinə asanlıq və imkanlar yaratmışdır. Bolşaya morskaya və Telefonnı küçələrindəki hadisələrdə qoşun hissələri özünü çox ədəbli aparmışdır. Lakin bəzi ermənilərin müsəlmanları öz evində saxlaması erməni xalqı kimi mədəni bir xalqa heç də yaraşan iş deyil. Halbuki, müsəlmanlar erməniləri qorumaq bəhanəsi ilə evlərinə doldurub kəsirlər. Suraxanski küçədə və Malakan bağı yanlarında yaşayan müsəlmanlar bir çox erməni ailələrini aldadıb evlərinə aparmış, məhv etmişlər. Mən hər halda aldığım tapşırığa görə cahil müsəlmanların qalib çıxmamasına çalışıram. Siz də öz tərəfinizdən təsir etməli, sadə qonşuluq nəzakəti göstərən və müsəlmanları qoruyan erməniləri intizama çağırmalısınız. Hər halda, cənab Lalayev bizim səmimi sədaqətimizdən əmin olmalıdır. Yanınıza gəlmək mümkün olmadığından bu gün saat on ikiyədək olan hadisələr haqqında yazılı məlumat göndərəcəyəm...».

Kuzminskinin Lalayevə söylədiyi sözlər, yarım saat əvvəl Hacıya dediyi sözlərin eyni idi, fərq yalnız «erməni» və «müsəlman» kəlmələrində idi.

Jenya bu sözlərdən Bakıda oynamaqda olan faciələrin əsasını bilmiş oldu. Bununla da erməni və müsəlman burjuaziyasının həqiqi simasını gördü, onların öz səadətlərini erməni və müsəlman zəhmətkeşlərinin meyitləri üzərində qurmaq istədiyini yəqin etdi; çar hökumətinin, zəhmətkeşlərin həmrəyliyini, zəhmətkeşlərin inqilabi hərəkatına sərf etdiyi qüvvələrini parçalamaq və pozmaq üçün erməni-müsəlman burjuaziyasından istifadə etdiyini, eyni zamanda erməni və müsəlman burjuaziyasının da bir-birinə üstün gəlmək üçün çarın bu xəyanətinə arxalandığını lazımınca təyin edə bildi. Jenya hökumətin erməni və müsəlman burjuaziyasına arxalanaraq, qalib gəlmək istədiyini təsəvvür etdikcə qəlbində çarın agentləri olan milyonçulara qarşı bəslədiyi nifrəti daha da artırdı.

Jenyanı çağırdılar. Zabitlərə günorta yeməyi hazırlanırdı. Süfrəni idarə edəcək qulluqçular az olduğundan həmişəki kimi xanımın qulluqçu qızları səfərbərliyə alındı.

Bütün ömrü boyu xalqın boynunda gedən, xalqın qanını sorub damarlarına dolduran, yeri gəldikdə xalqı çar hökumətinə ucuzcasına satan və eyni zamanda özünə «millətin babası» damğasını yapışdıran Hacı, Bakını zəhmətkeş qanına boyayan çar zabitləri ilə bir süfrədə oturub yemək yeyirdi. Yüzlərcə erməni və müsəlman yoxsullarının qan çalalarında can verməsini təşkil edənlər qırmızı şərabları qədəhlərə doldurur, bu qırğınların başçıları olan Nakaşidzenin, Hacının və başqalarının şərəfinə içirdilər.

Kuzminski yenə də yeknəsəq sözlər deyir, tökdüyü qanların mükafatı olan yağlı və ləzzətli xörəklər yeyirdi.

Yemək bitməmişdi, miralay Kuzminskiyə general Fadeyevdən gələn mühüm bir telefonoqrammanı verdilər.

«7 fevral 1905-ci il. Saat 3—5 dəqiqədə. General Fadeyevdən miralay Kuzminskiyə.

On dəqiqə bundan əvvəl bizim aldığımız xəbərlərə görə, Bayıl-Bibiheybət rayonunda Pyotr Montinin təşəbbüsü ilə üç min nəfərlik bir mitinq düzəlmişdir. Montin, mitinqin qarşısında şəhərə hücum etmək, hökumətə erməni-müsəlman qırğınını yatırmaq tələbini vermək, tələbi yerinə yetirməsə, polis və qubernator idarəsinə hücum etmək məsələsini qoymuşdur. Bu qorxulu hadisənin qabağını almaq üçün Səlyan alayının bir taboru ilə bərabər bir eskadron kazak götürüb Bayıl-Bibiheybət rayonu ilə şəhərin əlaqəsini kəsmək lazımdır. Lazım görülərsə, qəti tədbirlər görülməsinə icazə verirəm.

Fadeyev».

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets