Page 4 of 5 · 60%

Malakan bağı ətrafında başlanmış atışmalar iki saatdan bəri şiddətlə davam edirdi. Hacının öz sarayı ilə yanyana duran bu hissədəki vuruşmaların nəticəsi bəlli deyildi. Hacı həyəcanlı dəqiqələr keçirirdi. Onun bir qulağı telefonda, bir qulağı da yaxında eşidilən atışma səslərində idi. Qara camaatın «rəhbərləri» Hacının yanını kəsib oturmuşdular. Əhalinin böyük təhlükə qarşısında qalmasına səbəb olan bu xainlərin özü də, qonşuluqda davam edən atışma ilə maraqlanırdı. Ağa Bala Quliyev və başqaları qoşunun şəhərə çıxarılmasından və qırğınlara mane olmaq istəməsi şayiələrindən rahatsız olduqlarını Hacıya söyləyir, hökumətə etiraz edirdilər.

Hacı özü də qubernatorun və general Fadeyevin verdiyi vədələrə baxmayaraq, həyəcanlı dəqiqələr keçirirdi.

İntizar və həyəcan çox uzun çəkdi. Nəhayət, telefonun zəngi səsləndi, Hacının qulağı telefonun dəstəyində, salonda oturanların gözləri isə Hacının ağzında idi. Bu zəngin kimdən və haradan olduğunu bilmək üçün hamı öz diqqətini toplamışdı.

Hacının üzündə birdən-birə görünən şadlıq əlaməti onun üzünə baxanlarda da bir şadlıq yaratdı. O, xeyli qulaq asıb, danışmağa başladı:

– Eşitdiyimə görə şəhərə çıxarılan qoşunlar müsəlmanların işinə mane olurlar. Hərgah doğru olsa, cənab qubernatorun özü də bu işdə məsuldur. Bundan əlavə, şəhərdə nə olduğundan xəbərim yoxdur. Bunu bizdən gizlətmək də doğru deyildir.

Hacı bu sözləri dedikdən sonra dəstəyi bir necə dəqiqə qulağında saxlayıb dinlədi. Bir əli yorularkən dəstəyi o biri əlinə alırdı. Üzündə narazılıq əlamətləri görünürdü. Bu, Hacının qonaqlarına da təsir etdi. Onlar bir-birinin qulağına pıçıldamağa başladılar.

Salonda dərin bir səssizlik var idi.

Hacı dəstəyi acıqlı bir surətdə yerinə qoyub salondakılara dedi:

– Mən çox savadsızam, amma nə qədər savadsızamsa, bir o qədər də təcrübəliyəm. Mən savadsız ola-ola əbəs yerə Hacı Zeynalabdın Tağıyov olmamışam. Mənim həyatım təcrübələr süzgəcindən keçib saflanmış bir həyatdır. Mən hadisələrin qəlbirindən keçmişəm. Bunun üçün mən bu müsəlmanları hər kəsdən artıq tanıyıram. Mən hər zaman bu milləti məzəmmət eliyəndə bizim ruhanilərimiz elə bilir ki, mən dinsiz olduğum üçün müsəlmanları bəyənmirəm, yainki ruslara xoş gəlmək üçün öz dinimi pisləyirəm. Müsəlmanların dəyərsizliyi barəsində dediyim sözlərin hamısı bu iki günkü erməni-müsəlman qırğını vaxtında təcrübədən keçirildi, tamamilə doğru çıxdı. Bunlar öz dinlərini atıb, bolşeviklərin sözünü tuturlar, dostlarını, düşmənlərini tanımırlar. Odur ki, bu müsəlmanlara rəhbər olmağın özü də axmaqlıq və şərəfsizlikdir. Mən bunu Şeyxəlislamın və qazı Mir Məhəmmədkərimin də yanında demişəm, sizə də deyirəm: bu müsəlmanlar ayrı cür də ola bilməzlər, çünki onlar cürbəcür millətlər yığınından ibarətdirlər. Bunlar bir neçə kərə dinlərdən dinlərə keçən və müxtəlif səbəblərə görə dinini başqa bir dinlə əvəz edənlərin nəslidir. Bunlarda yeganə bir fikir, müstəqil bir əqidə axtarmaq — cahillik və axmaqlıqdır. Bu müsəlmanlar bir hissəsi pul, bir hissəsi cənnət xatirəsinə, bir hissəsi də cəhənnəm qorxusundan müsəlman olanların nəvələridirlər. Bunların qanları da, əqidələri də, düşüncələri də sürüşkəndir.

Bu sözlər Hacının ağzından birinci kərə deyil, çox tez-tez eşidilirdi. Buna görə də salonda oturanlara bir təsir buraxa bilmirdi. Salondakıların marağını cəlb edən şey, Hacının acığlanması idi.

Hacı acıqla ayağa qalxıb gəzinməyə başladı. Salonda oturanlardan bir çoxu tısbağa kimi başını qınına çəkib qorxu ilə baxırdı. Musa Nağıyev su qırağındakı otların altına girən qurbağa kimi kiçik gözlərini həddindən artıq bərəldərək baxırdı.

Hacı bir necə kərə o tərəf-bu tərəfə getdikdən sonra salondakıları gözdən keçirib dedi:

– Alçaqlar! İdraksız, mərifətsiz, şüursuz tör-töküntülər!

Hacı bu sözləri dediyi vaxt Əlimərdan bəyin üzünə baxırdı, salonda oturanlardan bir çoxu bu sözlərin Əlimərdan bəyə aid olduğunu zənn edərək təəccüb etməyə başlamışdı.

Hacı sözünün gərisini deməmiş olsaydı, Əlimərdan bəyin özü də başqaları kimi düşünəcək idi. Hacı sözünə davam etdi.

– Bu müsəlmanlar mənim bildiyim kimidirlər. Bu alçaqlar öz düşmənlərini müdafiə edirlər. Erməniləri dəstə ilə evlərinə doldurub müdafiə edirlər. Görün bir iş haraya yetişmişdir ki, cənab qubernatorun da bu işə acığı tutmuşdur. Cənab qubernatorun özü də bu millətin nə cür millət olduğuna təəccüb edir.

Salondakılar, suda öz şəklini görən qazlar kimi boğazını uzadaraq Hacıdan soruşdular:

– Necə yəni müsəlmanlar erməniləri müdafiə edirlər?!

Hacı papağını qaldırıb, adəti üzrə əlini başına çəkdi, saqqalını tumarladı, narazı bir halda dedi:

– İndi mən telefonda cənab qubernator ilə danışırdım. Cənab qubernator müsəlmanların erməniləri evlərinə doldurub müdafiə etdiyindən şikayətlənirdi. İndi bu saat Səlyan alayının polkovniki Kuzminski məruzə üçün bura gələcəkdir. Onun dediklərindən müsəlmanların ağılsızlığını görəcəksiniz; bu millətin doğrudan da ölməli bir millət olduğunu təsdiq edəcəksiniz. Bizim millət bu hadisələrin ölüm-dirim məsələsi olduğunu anlamır. Biz bu gün yalnız Bakı məsələsini deyil, bütün Qafqaz məsələsini həll edirik. Bu günlərdə hər kəs qalib gələcəksə, gələcəkdə Bakının ağalığı da onun əlində olacaqdır. İşi bu yerə gətirib çıxarınca yüzlərlə bizim kimi adamlar baş sındırmışdır. Mən istəmirəm ki, ermənilər Tiflisi yeyən kimi, Bakını da bizim əlimizdən alıb yesinlər. Mən istəmirəm ki, Bakı evlərinin doxsan beş faizi erməni varlılarının əlində olsun. Bizim arxalandığımız uzunqulaqlar bunu anlamır, bu məsələyə əhəmiyyət vermirlər.

Səlyan alayı komandiri Kuzminskinin gəldiyini xəbər verdilər. Hacı polkovniki çox ehtiramla qəbul etdi. Oturdular. Söhbət başlandı.

Alay komandiri dedi:

– Fevralın altısında baş verən hadisələr haqqında danışmayacağam. O barədə Hacı cənablarına müfəssəl məlumat verilmişdir. Hacı cənabları icazə verərsə mən ancaq bu günkü hadisələr haqqında qısa məlumat verəcəyəm.

Bu günkü hadisələr dünənki hadisələrə heç də bənzəmir. Bu günkü hadisələr dünənki hadisələrin davamı da deyildir.

Dünənki hadisələr yüngül vuruşmalar idi. Bu vuruşmalar hər iki tərəfin hazırlanmasına səbəb oldu. Hökumətin milli müharibələrə bitərəf baxması və qırğının qabağını almaması istər erməniləri, istərsə müsəlmanları hazırlıq görməyə məcbur etdi. Bu gün ermənilər tərəfindən başlanmış atışma olduqca hazırlıqlı və mütəşəkkil idi. Bunları nəzərə alaraq mən vəziyyətin ciddi olduğunu anladım, şəhərə sayı on nəfərdən artıq olmayaraq qoşun dəstələri çıxardım. Bu barədə cənab general Fadeyevin icazəsini almışdım. Cənab generalın verdiyi əmrə görə güllə atılan erməni evlərini gülləyə basmaq lazım gəlirdi.

Qoşun dəstələri, küçələrdə azad gəzən müsəlmanların hərəkətinə heç də mane olmamışdır, bu dəstələr azad hərəkəti daha da asanlaşdırmışdır.

Bunu da qeyd etməliyəm ki, atışma nəticəsində müsəlmanlardan da ölənlər az deyildir. İndiyə kimi küçələrdən 50 nəfərə qədər erməni meyiti götürülmüşdür, evlərə aparılan meyitlər bu hesaba girmir. Müsəlmanların da meyitləri evlərə aparılmışdır. Hər halda ölənlər çox azdır. Biz atışmaların əvvəllərində ermənilərdən çox tələfat gözləyirdik, lakin bizim fikrimizin əksinə oldu. Bunun səbəbini biz müsəlmanların özündə aramalıyıq. Biz ermənilərin çoxu tələfat verəcəyini nəzərə aldığımız hissələrdə müsəlmanlar erməniləri doxsan faiz mühafizə etdilər. Halbuki, müsəlmanların əlində onları yüz faiz qırıb məhv etmək imkanı var idi. Müsəlman qadınları erməniləri evlərinə doldurub qapını kəsdilər. Lakin erməni hissələrində olan müsəlman mağazinlərinin yüz faizi talanmışdır. Minas Simonyans, Muqdusi Oqanesyan və Ayrapetyan qardaşlarının dükanını müsəlmanlar qarət edib malını aparırkən pristavlardan bəziləri tərbiyəsizlik edib buna mane olmuş, lakin yaxında duran iyirmi nəfərlik kazak dəstəsinin zabiti onları qandırmış, pristavlar da səhvlərini dərhal düzəltmişlər. Hər halda müsəlmanların tam bir qələbəyə malik olmamalarına səbəb öz avamlıqları, düşüncəsizlikləri olmuşdur.

Mən özüm Krasnovodski küçədən keçirkən yenə bir nəfər pristavın dükanın dağıdılmasına mane olduğunu gördüm. Bakı polis müdirinə bu barədə qəti tapşırıq verildiyi üçün bütün ədəbsizliklərin qabağı alındı. Mən onu demək istəyirəm ki, möhtərəm Hacı rahatsız olmasın. Ancaq Hacı cənablarından rica edəcəyimiz bir şey varsa — o da müsəlmanların sadə və avamcasına hərəkətlərinə nəhayət verməkdən ibarətdir. Belə olsa, xainlər bizim öz əlimizlə ölümdən və qarətdən yaxalarını qurtara biləcəklər. Ümumiyyətlə demək olar ki, Krasnovodski və Suraxanski küçədə yaşayan ermənilərin burnu da qanamamışdır. İşlər belə gedərsə, müvəffəqiyyətin uduzulacağı şübhəsizdir. Baş verən uyğunsuz hallardan birisi də budur ki, 195 nömrəli evdə Akim İsayeviç kimi bir müsəlman düşmənini öz ailəsilə bərabər Ağa Kişi Əliyev, Hüseynqulu Kəblə Abdulla oğlu evinə salıb qorumuşdur. Bunların hamısının adı yazılıb lazımi yerlərinə göndərilmişdir. Malakan bağının yanında yaşayan Ağa Dadaş Vəliyevin xəyanəti nəticəsində Mixail Artemyan, Babaçanov, Sərkis Oqanesov, Arşaq Durniyan və sairələri öz ailələri ilə bərabər ölümdən qurtarmışlar. Hələ erməni tələbələrini öz evlərində mühafizə edənlərin həddi-hesabı yoxdur. Hələ Arzumanovların müsəlmanlar tərəfindən saxlanılması daha təəssüf ediləcək hallardandır. Karaxanyansla əlli nəfər də başqa erməniləri dörd nəfər müsəlman arvadı evdə gizlətmişdir. Halbuki, erməni evlərində mühafizə olunmaq üçün saxlanan müsəlmanların hamısını daşnaklar kəsmişlər. Müsəlmanlar isə onları yedirib saxlamaqdadırlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets