Page 2 of 4 · 25%

Əmir və xətibin dəstəsi dayandığı zaman köşkün pəncərəsindən belə bir mahnı ətrafa yayılırdı:

“Gər mülki tö Misr, Rum, Çin xahəd bud,
Afaq türa ziru nikin xahəd bud.
Xoş baş ki, aqibət nəsibi mənu tü,
Yek gəz kəfən, se gəz zəmin xahəd bud”.

Pəncərədən eşidilən bu rübai küçədə duranlar tərəfindən böyük bir maraqla qarşılandı. Hökumətin zülmündən təngə gəlmiş xalq hökumətə qarşı yazılan bu rübainin təkrar edilməsini tələb etməyə başladı. Səs-küy ucaldı və dəstələrin hamısından: “Bir daha! Bir daha!” sözləri eşidildi.

Əmir İnanc Hüsaməddinə sual verdi:

– Bu ev kimin evidir?

Hüsaməddin baş endirib:

– Bu ev məşhur şairə Məhsəti xanımındır, – dedi.

– Oxuyan kimdir?

– Oxuyan Məhsəti xanımın özüdür. Musiqi və nəğmə müəlliməsidir. Bir ay əvvəl cənab xətibin şikayət etdiyi əxlaqsız qadındır. Xalqın qızları bunun yanına gəlib, musiqi və nəğmə dərsi oxuyurlar.

Hüsaməddinlə Əmir İnancın söhbəti bitməmiş pəncərədən daha bir musiqi nəğməsi eşidildi:

“Yek dəst bə mushəfəm, yek dəst bə cam,
Gəh nəzdü həlaləmü, gəhi nəzdü həram.
Maim dər in günbədü nə püxtə, nə xam,
Nə kafəru mütləq, nə müsəlmanü təmam”.

Bu rübai eşidildikdən sonra iki səs ucadan:

– Əhsən, yüz əhsən! – dedi.

Bunların birisi Fəxrəddin, o birisi isə İlyas idi.

Dəstələrin içərisində də gurultu eşidilirdi. “Yaşa, yaşa!” səsləri bir-birini təqib edirdi.

Xətib uzunqulağın başını çevirib Əmir İnanca yanaşdı və dedi:

– Kafirdir, ədəbsizdir! Bunu Gəncə xalqının başından rədd etmək lazımdır.

Bu anda Məhsəti xanım da “yaşa, yaşa!” – deyə qışqıranlara razılıq vermək üçün başını pəncərədən eşiyə çıxartdı. Onun ixtiyarlaşmış başının ağarmağa başlamış saçları, gülümsər və təbəssümlü gözləri, minlərcə rübainin xəzinəsi sayılan sinəsi görünərkən, xətibin müridləri belə gözlərini pəncərəyə dirəyib böyük şairə və müəlliməyə baxmağa başladılar. Xətib bu vəziyyəti görüncə müridlərinə əmr verdi:

– Daşa basın! Dağıdın bu fisq-fücurun yuvasını!

Pəncərə örtüldü, sanki bir günəş buludun altına çəkildi. Musiqi və rübai səslərini pəncərəyə və divarlara toxunan daşlar əvəz etdi. Lakin xalq dəstələri xətibin və Gəncə hakiminin bu kimi vəhşiliyinə qarşı öz nifrətini gizlədə bilmədi. Xətibin müridlərinə hücum etdilər. Onları döyüb Məhsəti xanımın qapısından kənara atdılar. Xətibin müridlərindən bir çoxu ölmüş və yaralanmışdı. Xətibin özü isə Əmir İnancın sarayında gizlənməklə yaxasını xalqın intiqamından qurtara bilmişdi...

Üç gün sonra İlyasla Fəxrəddin Pir Osman məhəlləsində görüşdülər. Fəxrəddin birinci növbədə İlyasın əlini sıxaraq sevincli bir səslə dedi:

– Biz düşünən kimi oldu. Kütlələr Əmir İnanca qarşı hörmət bəsləmirlər. İndi başqa bir məsələ də vardır.

– Nə kimi məsələ? – deyə İlyas soruşdu.

– Atabəyin təzə səfərbərliyinə əngəl törətmək məsələsi.

– Bu yalnız Gəncənin işi deyil, buna bütün Azərbaycanı hazırlamaq lazımdır. Sən getməsən də, Atabəy Cənubi Azərbaycanı səfərbərliyə ala bilər.

Fəxrəddin etiraz edərək dedi:

– Fikrinizlə şərik deyiləm. Rəhbərlik daima Şimali Azərbaycanın vəzifəsi olmuşdur. Paytaxt Həmədanda olduğu üçün Atabəy hökuməti zülmlərinin bütün ağırlığı Cənubi Azərbaycanın üzərinə düşür. Biz onlara rəhbərlik etmiş olsaq, onlar üsyana tez qoşula bilərlər. Buna görə də şimalda başlanmış üsyanın xəbərini Cənubi Azərbaycana yaymaq lazımdır. Üsyan etmək üçün bu gündən daha əlverişli gün əlimizə düşməyəcək.

İlyas bir az düşünərək dedi:

– Doğru deyirsən. Lakin üsyan əsaslı və siyasi bir məqsəd daşımadıqca, xalqı vaxt ikən o məqsədlər ətrafında səfərbər etmədikcə, ümumi üsyan məsələsindən danışmaq artıqdır. Üsyanın arxasında silahlı qüvvə lazımdır. Bu qüvvə olmadan, başıpozuq xalqla hökumət qarşısına çıxmaq savadsızlıqdır. Xüsusən Cənubi Azərbaycan barəsində ehtiyatlı olmaq lazımdır. Çünki Atabəylər İraq və Bağdad qoşunlarının köməyilə Cənubi Azərbaycanı bir neçə günün içərisində xarabazara döndərə bilərlər. İndi de görüm, elə bir hadisədə sənin köməyə getmək üçün silahlı qüvvən vardırmı?

Fəxrəddin dərin-dərin düşünəndən sonra bir ah çəkərək dedi:

– Təəssüf olsun ki, o qüvvə bizdə yoxdur. Lakin mən onu düzəldəcəyəm. Bunun üçün də mən bütün fikrimi silah işlətməyə vermişəm.

– Belə də lazımdır. Lakin biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir.

Fəxrəddin İlyasa bir sual da verdi:

– Sənin Təbrizdə tanışın vardırmı?

– Vardır, Şəmsəddin İbn Süleyman bizimlə həmfikir bir gəncdir. Mən səni onunla tanış edərəm.


Günəş Sultan Səncər camesinin minarəsinin mavi rəng kaşılarını işıqlandırmağa başladığı zaman quşlar da günəşi salamlamaq üçün zərdəşti nəğmələri oxuyurdu. İlyas adəti üzrə otağından çıxıb, qərənfil güllərini sulamaq istəyirdi. O, qızılgüllərin ətrafında dolaşan bülbülləri rahatsız etməmək üçün qədəmlərini çox ehtiyatla götürürdü. Birdən qapı bərk döyüldü. Bu, İlyasın qaçırmamağa səy etdiyi quşların qaçmasına səbəb oldu.

İlyas çox narazı bir surətdə qapıya getdi, qapıda Fəxrəddini görüb:

– Öz ehtiyatsızlığın nəticəsində sakit bir cəmiyyətin rahatsızlığına səbəb oldun. Mən bu gündən etibarən qapının çax-çaxını çıxarıb atmalıyam. Mən quşlardan eşq və məhəbbəti öyrənirəm, onlar isə məndən ülfət və dincliyi öyrənir.

Fəxrəddin ağızucu dedi:

– Bəli, elədir. Lakin...

Fəxrəddin sözünü yarımçıq qoyub daha danışmadı.

– Nə üçün sözünü bitirmədin?

– Ah İlyas, ülfət və dincliyi yalnız sənin həyatında yox, bütün məmləkətdə qurmaq lazımdır. Hazırda Atabəy Məhəmmədin cəza dəstələri Məlikşah meydanında dar ağaclarını qurmaqdadır.

İlyas evə gedib paltarını dəyişmək istərkən:

– Burada təəccüb yeri yoxdur, – dedi. Bu olacaq idi.

– Bəla burasındadır ki, Məhsəti xanım yaşayan məhəlləni dağıdırlar. Məhsəti xanımı bir tərəfə qaçırmaq lazımdır. Bütün fəlakət ancaq onun ətrafında dolaşır.

Onlar evdən çıxdılar. Pir Osman məhəlləsinə tərəf yollandılar. Xərabat məhəlləsinin tininə yetişərkən, oranın hökumət qoşunları tərəfindən mühasirə edildiyini gördülər. Ətraf küçələr başıpozuq camaatla dolu idi. İrəli hərəkət etmək mümkün deyildi. Xətibin müridləri bütün təşəbbüsü əllərinə almışdılar. Məhsəti xanımı görmək və son kərə onunla görüşmək üçün şəhərin bütün şeir və musiqi maraqlıları Xərabat məhəlləsinin tininə yığışmışdılar.

Məhəllə qarət olunurdu. Evlər binasından sökülüb dağıdılırdı. Toz məhəllənin ətrafını bürümüşdü. Tozun içərisində nələr olduğundan kimsənin xəbəri yox idi. Oradan ancaq ağlamaq, qışqırıq, qamçı səsləri eşidilirdi.

Bir neçə saatdan sonra toz təbəqələri parçalandı, bir dəstə mürid tozdan ayrıldı. Onlar saçları bir-birinə qarışmış bir qadını, təhqirli söyüşlərlə söyə-söyə gətirirdilər. Qadın Məhsəti xanım idi. Lakin şairə öz vüqar və əzəmətini pozmamışdı. O, sıra ilə düzülən xalqın içərisindən ətrafa baxa-baxa gedir, göz gəzdirib öz dostlarını axtarırdı. Demək lazımdır ki, bir yığın mürid və mövhumatçılardan başqa, Xərabat məhəlləsi ətrafına yığılan xalq onun dostu idi. Məhsəti bir kərə üzünü xalqa tutaraq: “Vurun bu alçaq mövhumatçıları!” – desəydi, Gəncədə bir üsyan başlanacaqdı, ancaq Məhsəti qan tökülməsini istəmədi. O, gözlərini dolandırıb Əmir İnancı gördüyü zaman belini düzəldərək ona diqqətlə baxdı. Əmir İnanc atın üstündə durub məhəllənin dağıdılmasına tamaşa edirdi. Məhsəti xanım Əmir İnancın yanında durub bu rübaini oxudu:

Dünya bəməsəl çü kuzeyi zərrinəst,
Kəh ab dəru təlx, kəhi şirinəst.
Tə ğürrə məşov ki, ümri mən çəndinəst,
Çün əsbü əcəl həmişə ziru zinəst.

Əmir İnanc heç bir cavab vermədi. O, əhalinin üsyanından qorxurdu. Məhsəti xanımı şəhərdən çıxarmağa məmur olanlar onu Əbubəkr kəndinin yanına qədər aparıb, oradan qayıtdılar. Məhsəti xanımın yanında ancaq sadiq və səmimi xidmətçisi Yəqub qalmışdı. Onlar çox yorulmuşdular. Dincəlmək üçün “Çadır bulağı” adlı çeşmənin başında oturdular. Qaranlıq düşürdü. Məhsəti xanım bir daha dönüb Gəncədən gəldiyi yollara baxdı və Yəquba müraciət etdi:

– Deyəsən uzaqdan qaraltılar görünür. Əmirin adamları olmasın?!

Yəqub bir neçə dəqiqə uzaqdan görünənləri nəzərdən keçirdi. Qaraltılar getdikcə böyüməkdə və canlı bir şəkil almaqda idi. Nəhayət, bir azdan sonra gələnlərin Fəxrəddin və İlyas olduğu anlaşıldı. Məhsəti xanım onların əlini sıxaraq:

– Sizin gəlişinizdən sanki mən öz vətənimə qayıtdım. Nə edim? Bu fəlakətə özümüz səbəb olmadıq. Bizim əsas düşmənimiz gəncəlilərin düşdüyü mövhumatdır. Onlar hələlik musiqi sənətinin qiymətini xətiblərin tərəzisi ilə ölçürlər. Nə Əmir, nə də onun qoşunları bizə bir şey edə bilərdi. Bizi ancaq xalqın avamlığı və düşüncəsizliyi məğlub etdi. Lakin onlar mənim evimi dağıtsalar və mənim əsərlərimi cırıb yandırsalar da, xalqın qəlbini yarıb mənim rübailərimi oradan silməyi bacarmayacaqlar. Onlar məni qovsalar da, xalqın qulağını vətən etmiş səsimi bu məmləkətdən qova bilməyəcəklər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şeyx Əbdüləzəl Müəyyəd

Təbrizdə başqa söhbət yox idi, bütün bazarlarda, məscidlərdə, camaat yığılan yerlərdə Sahibəzzəman Mehdinin zühur etdiyi söhbəti idi. İngilis-rus konsulxanaları tərəfindən düzəldilmiş bu macəra, İntizariyun firqəsinin xətti-hərəkətini doğrultmaq məqsədi ilə düzəldilmişdi, çünki onların İraqa cİntizariyunə adı altında göndərdikləri casus təşkilatının birinin fəaliyyəti eSahibəzzəman Qaiməl-Məhəmmədə:i zühur etdirməkdən ibarət olmalı idi. Nəhayət, onlar bu macəranı həyata keçirməyə başladılar.15-ci ilin əvvəllərində İranda Rusiya dövlətinə qarşı alman-osmanlı təbliğatı ciddi bir şəkil almışdı. Osmanlıların bu təbliğatda iştirak etməsi rus və ingilis dövlətlərini dini macəralar törətməyə və İran xalqının şüurunu din və mövhumat ətrafında səfərbərlik etmək məcburiyyəti qarşısında qoymaqda idi.

6 min
Arşak Surenyans

Mən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.

15 min
Çar kazakları mərsiyəxanlıqda

Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.

5 min
Şeyx Əbdüləzəlin nümayəndəsi

İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.

8 min

Poems by other poets