Page 4 of 4 · 75%

– Məhsəti xanımın hökumət əleyhinə olmasında, şeir və sənəti əxlaq pozğunluğu kimi təbir edənlər müqəssirdir. Hökumət onu nə üçün sürgün etdi? Yalnız və köməksiz bir qadını xalqa incəsənət öyrətdiyi üçün sürgün etmək, onda hökumətə qarşı mənfi bir əqidə oyandırmazmı? Əqidələr belə doğur, Əmir həzrətləri! Hökumət bir nəfər xətibin haqsız tələblərini razı salmaq üçün böyük bir şəhərin məhəbbətini itirdi. Bir məhəlləni kökündən qazdırıb atmaq, xalqın ürəyində hökumətə qarşı nifrət, haqsızlığa qarşı üsyan fikrindən başqa bir əqidə yarada bilməzdi. Mən də şairəm, mən də öz xalqımın iradəsini ifadə etməyə çalışıram.

Əmir İlyası diqqətlə dinlədikdən sonra:

– Əgər bu “xalqın iradəsi” sözünü bir də təkrar etsən, səni də Məhsətinin getdiyi yerə göndərəcəyəm.

– Məni haman yerə getməyə məcbur etmək lazım deyil. Həyat bu məhvər üzərində davam edərsə, siz sürgün etməsəniz də, xalq özü dağılıb gedəcəkdir. Yaxşı diqqət verin, Aranda kim qalmışdır? Xalqın bir hissəsi Abxaza, bir hissəsi də Şirvana köçübdür. Qalanlarını isə siz sürgün edirsiniz.

Qətibə qulunu atasının çiyninə qoyub İlyası dərin bir diqqətlə dinləyirdi. O öz qarşısında tam mənasilə ölüm və işgəncədən qorxu duymayan bir qəhrəman durduğunu hiss edirdi. O öz qəlbində: “Qəhrəmanlığın tələb edəcəyi hər bir xüsusiyyət bu gəncdə vardır. Belə bir gənci kim sevməz?! Hətta mənim özüm də belə bir qorxmaz adamı sevə bilərəm. Bunda özünü dünyaya tanıtmaq qabiliyyəti vardır. Mən bununla tanış olacağam. Bunun cəzalanmasına imkan verməyəcəyəm. Atam bunu cəzalandırmaq istərsə, ağlayacağam və onun qəzəbini soyudacağam” – deyirdi.

Əmir xeyli sonra başını qaldırıb böyük bir təəccüblə İlyasdan soruşdu:

– Kimin oğlusan?

– Babam – Məhəmməd, atam isə Yusifdir.

– Atan nə işdədir?

– O, mən uşaq ikən ölmüşdür.

– Demək ki, tərbiyəni anandan almısan?

– Anam da mən körpə ikən ölmüşdür.

– İndi kimin himayəsində yaşayırsan?

– Dayılarım vardır. Lakin öz himayəmdə yaşayıram.

– İndiyə qədər kimin himayəsində yaşayırdın?

– Dayılarımın.

– Onlar kimdirlər, adları nədir?

– Kürdlərin nücəbasından – Qafar ağa, Abdulla ağa və Seyfəddin ağa.

– Onlar hazırda nə işdədirlər?

– Onlar burada deyillər, Bağdadda yaşayırlar.

– Nə işdədirlər?

– Xəlifənin xüsusi mühafizə dəstələrinin rəisləridirlər.

– Dayıların xəlifənin sadiq qulları olduğu halda, nə üçün sən xəlifənin əleyhinə danışırsan?

– Mənim dayılarım xəlifənin qulları deyil. Nə ana, nə də ata nəslimizdə qul olmuşdur. Bizim dayılarımız xəlifə himayəsində yox, əksinə olaraq xəlifənin özü dayılarımın qılıncı himayəsində yaşayır.

Əmir:

– Bu da təzə bir xəbər! İndi bir az da Məhsəti ilə əlaqəndən danış.

– Əlaqə düzəltməyə çalışıram, təəssüf olsun ki, hələlik buna nail olmamışam.

– Sən bunu özün üçün bir iftixarmı bilirsən?

– Nə üçün də bu şərəfi daşımamaq? Məhsəti xanım olmasaydı, Şərqdə məşhur rübai sənətkarı Xəyyamın adı tək qalacaqdı.

– İndiyə qədər Məhsəti xanımdan neçə məktub almısan?

– Hələlik o cürə xoşbəxtlik mənim qapımı döyməmişdir.

Əmir gülərək dedi:

– Elə isə səni təbrik etmək lazımdır. Haman xoşbəxtlik qapını döyməyə başlamışdır. Məhsəti xanım sənin adına məktub göndərmişdir. Budur, haman məktub mənim əlimdədir.

– Madam ki, ölkə xalqının bir-birinə məktub göndərməyə ixtiyarı yoxdur, o zaman başqalarını hökumət əleyhdarlığı ilə təqsirləndirməyin özü də haqsızlıqdır.

Bu sözlərdən sonra nə İlyas, nə də Əmir danışdılar. Qətibə isə böyük bir həyəcanla işin nə ilə qurtaracağını gözləyirdi. İlyas nə ətrafına baxır, nə də öz yerindən qımıldanırdı. O, Əmirin böyük salonunda qoyulmuş tunc heykəllər kimi bütün ağırlığı ilə durmuşdu.

Xeyli sonra Əmir başını qaldırıb dedi:

– Səni məhv etmirəm, çünki səni məhv etmək xəlifənin ən yaxın adamlarını təhqir etməkdir. Kübar tayfaların içərisində sənin kimi itaətsiz adamlar çox az tapılar. Mən bu gün onlara məktub göndərəcəyəm. Sənin Aranda yaşamağın böyük bir nəslin rüsvayçılığına səbəb ola bilər. İndi gedə bilərsən. Lakin sənin Arandan bir tərəfə getməyinə icazə vermirəm.

Əmir sonra da Hüsaməddinə müraciətlə tapşırdı:

– Bunu nəzarət altında saxlarsınız. İndi isə evinə buraxın.

Qətibə sevindi və atasının başını sığallamağa başladı.

Fəxrəddin bir qapıdan içəri girdiyi zaman, Nizami də bu biri qapıdan dəhlizə çıxdı. İlyas Əmirin evindən küçəyə çıxdığı zaman artıq gecə idi. Çinarın dibində bir qaraltı durmuşdu. İlyas yolunu davam etdirərkən qaraltıdan belə bir səs eşidildi:

– İlyas, səni buraxdılarmı?

İlyas bu səsi eşidib dayandı. Səs ona tanış gəldi və sanki İlyasın bütün varlığına kəmənd atıb onu saxladı. O səs, İlyasın gənc sevgilisi Rənanın səsi idi. İlyas da, qaraltı da bir-birinə tərəf irəlilədi. O səs bir də eşidildi:

– İlyas səni buraxdılarmı?

– Bəli, buraxdılar, mənim sevgili dostum, buraxdılar. Gözəl Rənam, kədərlənmə!

Rəna başını İlyasın çiyninə söykəyib ağladı. İlyas isə onun saçlarından öpərək:

– Gedək, Rəna, qorxma, onlar mənə heç bir şey edə bilməzlər, – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şeyx Əbdüləzəl Müəyyəd

Təbrizdə başqa söhbət yox idi, bütün bazarlarda, məscidlərdə, camaat yığılan yerlərdə Sahibəzzəman Mehdinin zühur etdiyi söhbəti idi. İngilis-rus konsulxanaları tərəfindən düzəldilmiş bu macəra, İntizariyun firqəsinin xətti-hərəkətini doğrultmaq məqsədi ilə düzəldilmişdi, çünki onların İraqa cİntizariyunə adı altında göndərdikləri casus təşkilatının birinin fəaliyyəti eSahibəzzəman Qaiməl-Məhəmmədə:i zühur etdirməkdən ibarət olmalı idi. Nəhayət, onlar bu macəranı həyata keçirməyə başladılar.15-ci ilin əvvəllərində İranda Rusiya dövlətinə qarşı alman-osmanlı təbliğatı ciddi bir şəkil almışdı. Osmanlıların bu təbliğatda iştirak etməsi rus və ingilis dövlətlərini dini macəralar törətməyə və İran xalqının şüurunu din və mövhumat ətrafında səfərbərlik etmək məcburiyyəti qarşısında qoymaqda idi.

6 min
Arşak Surenyans

Mən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.

15 min
Çar kazakları mərsiyəxanlıqda

Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.

5 min
Şeyx Əbdüləzəlin nümayəndəsi

İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.

8 min

Poems by other poets