XIX. Yeni hökumətin «birinci iclası»
Page 1 of 2
İyul ayının otuz birində Hacı Zeynalabdin Tağıyevin qapısında fövqəladəlik vardı. Hacının möhtərəm qonağı Leyla xanımın ziyarətinə gələn ağ yaxalı, qara vizitqalı menşevik sağ eser nümayəndələri Leyla xanımı görmək üçün hacının qapısında toplanmışdılar.
Sadovski şəhadət barmağı ilə qapının zənkini basdı. Zənk, sifətinə yabançı əl toxunan utancaq qız kimi səsləndi. O dəqiqədə qapı açıldı, uzunsaqqal qapıçı əli ilə: «buyurun» işarəsi verərək əllərində gül dəstələri tutan Mərkəzi Kaspi diktaturasının nümayəndələrini içəri buraxdı.
Sadovski və Ayollo güzgü divarlı pilləkənlərdən yuxarı qalxdıqları zaman, Leyla xanım da xidmətçiləri çağırıb qonaqları qəbul etmək üçün sifarişlər verirdi.
Rəhbərlər balkonda sıra ilə düzülərək Leyla xanımın nə zaman qəbul edəcəyini gözləyirdilər.
Sadovski bloknotunu çıxarıb uzun bir şey yazdı: onu, xanıma təqdim olunmaq üçün müntəzir duran rəhbərlərin hamısı imza etdi. Sonra Sadovski Leyla xanımın xidmətçisinə verdi. Sadovski yazmışdı:
«Möhtərəm Leyla xanım! Mərkəzi Kaspi diktaturasının divani-riyasət üzvlərini lütfən qəbul etməyinizi rica edirik. Hökumət üzvləri birinci mərhələdə, şahzadə Bahadır xanın sevgili rəfiqəsini görməklə tarixi bəxtiyarlığa nail olmaq istəyir.
Gələcək hökumətin üzvləri:
Sadovski.
Ayollo.
Məlik-Elçiyan.
Velonts.
Sako-Saakyan.
Bakı, 31 iyul, 1918-ci il».
Xidmətçi qız məktubu alıb içəri girdi. Məktubun cavabı keçikdiyindən hökumət üzvləri müvəffəqiyyətsizlik olduğunu güman etdilər.
Xidmətçi qız kiçik bir məktub gətirdi. Sadovski məktubu səbirsizliklə oxudu.
«Möhtərəm cənablar! Bakıda siyasi təbəddulat yaratmaq işində müvəffəqiyyət qazanmış və yeni hökumət təşkilində fəaliyyət göstərmiş hörmətli və nəcib hökumət üzvlərini 15 dəqiqədən sonra təbrik etməyə nail olacağam.
Səmimi dostunuz Leyla».
Hökumət üzvlərinin azğın və məğrur başları daha da yuxarı qalxdı. Hamısı bir-birinin üzünə baxır, dişlərini ağardırdı. Məktubu dönə-dönə oxudular. Onlar «yeni hökumət təşkilində fəaliyyət göstərmiş» deyə başlanan cümləni xüsusi sevinclə oxuyurdular.
Ayollo:
– Verin baxım,–deyə məktubu Sadovskidən aldı, nəzərdən keçirərək vizitqasının cibinə qoymaq istədi. Sadovski onun əlindən alaraq cibinə qoydu:
– Məktubun,–dedi,–həm siyasi, həm də tarixi əhəmiyyəti vardır. Buna görə də məktub dövlət arxivinin birinci nömrəli sənədi sayılır.
Bundan sonra hamı saatını cibindən çıxarıb baxdı. Altun qaytanlı saatların əqrəbləri çox təxirlə sürünürdü.
Leyla xanım qeyd etdiyi «15 dəqiqə» onlara 15 ay qədər uzun gəlirdi.
Gözləri saata baxmaqdan yorulduğu üçün hökumət üzvləri ağ dəsmallarla gözlüklərini təmizləyib yenə taxdılar.
Məlik-Elçiyanın gözləri yoruldu. O köksünü ötürərək dedi:
– Mirasa qalmış əqrəbləri sanki zəncirlə çəkib bağlamışlar. Yerindən tərpənmək bilmir.
Qapı açıldı və xidmətçi qadının başı göründü, intizar çəkənlər üçün bu hal böyük bir şadlıq xəbəri idi. Onlar hərbi nizam alaraq xidmətçinin sözünə müntəzir durdular. Xidmətçi qadın:
– Leyla xanım əlahəzrətlərin intizarındadır,–dedikdə, hökumət üzvləri «əlahəzrət» sözünü təkrar etdirmək üçün xidmətçidən soruşdular:
– Bağışlayasınız, xanım həzrətləri necə buyurdu?!
Qadın cavab verdi:
– Leyla xanım əlahəzrətlərin intizarındadır.
Hər kəs yaxalığını, vizitqasının ətəklərini, jiletinin düymələrini sahmanladı. Jiletinin cibindən bığ çötkəsini çıxarıb bığlarını sildi. Onlar içəri girdilər. Gül dəstələrini açdılar.
Sadovski, gətirdiyi gül dəstəsinin üzərinə belə bir məktub qoymuşdu:
«Əlahəzrət şahzadə Bahadır xanın həşəmətli xanımı Leyla xanım həzrətlərinə Mərkəzi Kaspi diktaturası üzvü Sadovskidən».
Hamı Leyla xanıma baxırdı. Leyla xanım üzünü onlara tərəf çevirərək dedi:
– Bu gün tarixi gündür. Bu günü adi günlər kimi qarşılamaq tarixə qarşı etinasızlıqdır. Buna görə də mənim sizdən kiçik bir ricam var.
Hökumət üzvləri:
– Buyurun!–deyə birdən səsləndilər:
Leyla xanım sözünə başlayaraq:
– Mən əlahəzrətlərin gəldiyini eşidərkən, fotoqraf üçün adam göndərmişəm,–dedi,–yeni hökumət üzvləri, söz yoxdur ki, öz əkslərini almağa icazə verərlər.
Hökumət üzvləri cavab verdilər.
– Xanımın hörmətindən razıyıq! Biz bu iltifata qarşı Mərkəzi Kaspi diktaturası tərəfindən izhari-təşəkkür edirik. Bunu, şifahən olduğu kimi yazılmış halda da Leyla xanıma təqdim etməyi öhdəmizə alırıq.
Heç kəs yerə oturmamışdı, çünki Leyla xanımın özü də ayaq üstə durub danışırdı. Leyla xanım ha tərəfə çevrilirsə, hökumət üzvləri də posla əqrəbi kimi o tərəfə çevrilirdi. Leyla xanımın abı ipək donunun ətəkləri yelləndikcə, loriqan qoxusu otağı ətirlədikcə yeni hökumət üzvləri də dərin nəfəs almağa çalışırdılar.
Fotoqraf gəldi. Leyla xanım gül dəstələrini hökumət üzvlərinin qucağına verdi:
– Əvvəlcə əlahəzrətlərin rəsmini birlikdə aldırmaq istəyirəm,–dedi,–çünki bu gün alınacaq rəsm, Mərkəzi Kaspi hökuməti Dövlət Muzeyinin birinci nömrəli asarı olacaqdır.
Sadovski Leyla xanımdan icazə alaraq danışdı:
– Leyla xanımın icazəsilə bizim rəsmlərimizin Dövlət Muzeyində birinci yeri yox, ikinci yeri tutmasını ərz edərdim.
Leyla soruşdu:
– Əcəba, birincilik üçün bundan qiymətli bir asar varmı?
Sadovski dişlərini ağardaraq:
– Bəli, vardır,–dedi.–Leyla xanımın iki dəqiqə əvvəl yazdığı məktub birinci yeri tuta biləcək bir sənəddir.
Leyla nazlanaraq:
– Etirazım yoxdur,–dedi,–ikinci bir ricam var.–Mən istərdim ki, Qafqaz səfərindən qiymətli bir yadigar olmaq üçün, əlahəzrətlərlə birlikdə əksimi aldıram. Mənimlə birlikdə əks aldırmaq əlahəzrətlərin siyasi əzəmətlərinə toxunmazsa mən bundan razı qalar və şad olardım.
Hökumət üzvlərinin hamısı birdən:
– Bütün hökumət üzvləri Leyla xanımın sərəncamındadır,–deyə səsləndilər və baş əydilər.
Söhbətin mövzuu dəyişdi, hələ oturmadan Leyla xanım onlara belə bir sual verdi:
– Madam ki, mən əksimi əlahəzrətlərlə birlikdə aldıracağam, bir halda ki, əlahəzrətlər məni bu şərəfə nail etməyə tənəzzül buyururlar, mənim nə paltarda əks aldırmağım da aydınlaşmalıdır; bunu əlahəzrətlərin təyin etməsi lazım deyilmi? Xüsusən mənim əlaqə saxladığım Sadovski cənabları, bu barədə öz fikrini söyləməlidir. Çünki onun fikri mənim şəxsi həyatımda da həlledici fikirlərdəndir.
Bu sözdə Sadovski sevincindən özünü itirdi. O, Leylanın sözlərini ürəyində təkrar edir və danışırdı: «Qız məni sevir. Qız özünü mənə təslim edir. Ölsəm də, məhv olsam da bunu şahzadə Bahadır xanın əlindən alacağam. O nə adamdır? Mədəniyyətsiz bir hindistanlıdır. Belə deyilmi? Çox da ki, o Dehli ölkəsinin padşahıdır. Hazırda mən ondan yüksək mövqe tutmayırammı? İndi mənim idarə edəcəyim ölkə bütün dünyada yanacaq sahəsində ikinci mövqe tutmurmu? Mən istəsəm bir gündə dünyanın böyük bir hissəsini qaranlıqda qoya bilərəm. Bahadır xan nə edə bilər?! Heç bir şey!.. İndi bu saat Hindistan deyil, Hindistanın sahibi inkilislər belə mənim əlimə baxırlar. Mən təklif etsəm, inkilislər yüzlərcə Bahadır xanları qurban verməyə razı olarlar. Çünki Bakı hər şeydən qiymətlidir».
Sadovski bu dumanlı fikirlərlə uğraşarkən, Leyla xanım əlini onun çiyninə qoyub bir daha səslədi:
– Buyurun! Mən sizi gözləyirəm! Neçə paltar geyməli olduğumu təyin edin!
Bu sözlər Sadovskinin fikirlərini təsdiq etdi. Sadovski bu güman ilə dedi:
– Mənim əziz dostum! Əksimizin yaxşı çıxması üçün qara paltar geymək daha münasibdir.
Leyla xanım başqalarına müraciətlə:
– Birlikdə aldırdığımız şəkil, böyük simaların stolu üzərində duracaqdır, ona görə əlahəzrətlər də öz fikrini bildirməlidir.
Bu söz hökumət üzvləri arasında ruh yüksəkliyi oyatdı. Sadovski fotoqrafçıya müraciətlə:
– Elə isə eşik otaqda rahat olun, ağalar qəti qərara gəldikdən sonra sizi dəvət edərik,–dedi.
Leyla xanımın icazəsilə rəhbərlər vizitqalarının ətəklərini qaldıraraq qoltuqlu stullarda oturdular. Xidmətçi qadınlar stol üzərinə şəkərçörəyi, konfet və çay düzürdülər. Milyonçu evində dəfələrlə Əmiri-Buxaraya, qubernatorlara, valilərə, nazirlərə açılan çay stolu, indi də Leyla xanımın əziz qonaqlarının qarşısında açılmışdı.
Gümüş samovar stol üzərinə qoyuldu. Leyla xanım xidmətçi qadına dönərək:
– Özüm çay verəcəyəm,–deyə onu azad etdi.
Hökumət üzvləri arasında Leyla xanımın hansı libasda əks aldırması barəsində mübahisə qopdu.
Bu iclasa Mərkəzi Kaspi hökumətinin birinci iclası demək olardı. Bu iclas hökumət üzvlərinin 31 iyul axşam saat 11-də çağırdığı birinci rəsmi müşavirəni əvəz edirdi, çünki mübahisə çox uzun çəkdi. Müşavirənin vaxtı ötdü.
Leyla xanım özünün çap olunmuş geyim albomunu stol üzərinə qoydu. Yeni hökumət üzvləri gözlüklərini taxaraq, albomu gözdən keçirdilər. Geyimlərin modu, cinsi, rəngi və qiyməti haqqında öz cib dəftərlərində qeyd etdilər. Mübahisə qızışdı. Hər kəs rəng üzərində, hər kəs bir mod və bir cins üzərində dayandı və çıxış etdi.
Gecə saat üçə qədər danışdılar, razılaşa bilmədilər. Leyla xanım iclasın mabədini sabaha qoymağı təklif etdi. Sadovski söz aldı:
– Xanım həzrətləri, etiraz etməyə icazə verin. Çünki vaxt hazırkı momentdə hər dəqiqə yeni hökumət üzvləri üçün qiymətlidir. Hökumətin bir çox təcili məsələləri var, rica edirəm bu gün işimizi bitirək.
Bu təklif bir səslə qəbul olundu.
Müşavirə davam edirdi.
Bu gecə Bakı mühiti, Bakı fəzası, Mərkəzi Kaspi hökuməti üzvlərinin fikirləri qədər qaralmışdı. Mərkəzi Kaspi hökuməti üzvləri Leyla xanım ilə əyləndikləri, mədələrini şəkərçörəyi ilə doldurmağa çalışdıqları halda, hökumətdən çəkilən bolşeviklər yenə də Kommunaya sadiq qalan Bakı proletariatına başçılıq edərək Petrovun dəstəsinə qoşulub Bakının müdafiəsinə çalışırdılar.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xix-yeni-hokumetin-birinci-iclasi
Use ← → keys to move, R for a random poem
More by this author
Vallah genə sözü aşikar söyləmək lazımdır, mətləbi gizləməkdən fayda yoxdur. Qoy genə Molla Məs’um çıxsın mənbərə və qətlimə fitva versin, necə ki, bir ay bundan əvvəl mənbərdə movizə vaxtı deyib, deyib, ağzı köpüklənib və axırda huşu başından çıxandan sonra mübarək ağzından bu sözlər çıxıb:«Bu tazələr bir gün olar ki, bəlayi-nakəhanə rast gələrlər. Görürsən bir paralarının axırı necə oldu? Odu Sibiriyaya təşrif aparırlar. Ay camaat, şəriət əldən getdi, qoymayın, içinizdə olan tazələri öldürün, hər nə günahı olsa mən qəbul edirəm. Günahı yoxdur, savabı var. Qoymayın, öldürün, vurun, boğun, çırın, yırtın, parçalayın, hər nə günahı var mənim boynuma. Bir paraları güman edirlər ki, axund o gün dəli olmuşdu və hətta rəvayət edirlər ki, o gecə axundu həkimə göstərdilər və həkim deyib ki, axundun beyninə qurt düşüb.
Yeni bir qit’ə, yaxud supalar çölüAvropanın gözüaçıq çoğrafiyun və riyaziyunları Zöhrə ulduzunu mülahizə edib bilmişlər ki, hənuz kəşf olunmamış genə yer üzündə bir qit’ə qalıbdır. Buna görə qütbün hər tərəfinə gözüaçıq adamları göndərib qütbü dolandırırlar. Bu günlərdə Qütbi-cənubidən çox qəribə xəbərlər gəlir. Səyyahlar Asiyanın qərbi-cənubisində bir qit’ə tapıb «Supalar çölü» adlandırmışlar. Məzkur qit’ənin əhvali-coğrafisi böyük əhəmiyyəti haizdir: şimalən Rusiyə, Bəhri-xəzər, şərqən Əfqanıstan, Bəluçustan. Cənubən Ümman dənizi, Bəsrə körfəzi. Qərbən Osmanlı ilə həmhududdur. Bu qit’ə müxtəlif ölkələrdən ibarət olub, qalın meşələr, qorxulu çənkəllər, uçurumlu dərə-təpələrdir. İçində müxtəlifülcins heyvanlar vardır. Cənab allah bu yerləri xəlq edən gündən insan ayağı dəyməyib. Meşələrin heyvanları heç bir iş görməyib, ancaq, ot, ələf və ağacların meyvələri ilə güzəran edirlər. Bu qit’ənin supaları və qeyri heyvanları movqe’ və havasına görə doğrudan da müxtəlifülcinsdir. Astarabad, həmçinin Bəmnən, Nərməşizdən uzanıb Sistana qədər rəngləri boz və surətləri qıllı supalar vardır. Ançaq Türbət və Tus çöllərində ağbaşlı və sarıdırnaqlı, qulaqları qayət tüklü ulaxlar həddən ziyadədir. Xorasandan başlayaraq Məsqət hududuna qədər Kirman həvalisində elə ulaxlar vardır ki, üstlərində qalın və uzun çulları var. Kirman məsqətindən başlamış Bəluçustan, Küləhr, Kirmanşahdan, Bilubur, Sərdəşt, Sinən, Dəclədən Van gölü sahillərinə qədər çul-çapuqları dağılmış, palanı qarnı altına düşmüş, örkəni qırılmış, qarınaltısı yerdən sürünmüş supalar həddən ziyadədir. Bu tərəfdə Umru adlı qayət cəsim və qalın bir meşə tapılmışdır ki, içində olan canavarların cinsini bilmək əbədən mümkün deyil. Bu meşənin Van gölü sahilindən başlamış Maku xərabələrinə, oradan da Ararat dağlarının ətəklərinə qədər dağ-daş bütün-bütünə başları müdəvvər, qarınları yoğun, umuzları iri canavarlar doludur. Maku çənkəlliyindən başlayıb Aras çayını başaşağı Zənkilan, Muğan, Beləsuvar namında bir çox supa çöllərini dolaşıb, Kür çayı ilə Aras çayı Bəhri-Xəzərə tökülənə qədər elə uzunqulaqlar var ki, qulaqlarının kölgəsində on beş xırda heyvanlar daldalanar. Səyyahın verdiyi mə’lumata görə bu tərəflərdə, yə’ni sərhəddin içərisində elə bir meşə kəşf etmişlər ki, supa çöllərinin ən əhəmiyyətlisidir. Bu qit’əni də çox fikirdən sonra Azərbaycan adlandırmışlar. Çünki buranın supaları özgə çöllərin supaları kimi başlı-başına buraxılmayıb, qonşuluqda olan şimal ovçuları onları bir-bir tutub gətirib məxsusu töylələrə doldurmuşlardır. O ki, supalara layıq tərbiyədir bunlara edirmişlər. Lakin burada tərbiyəli supalar getdikcə çoxaldığından meşələrin əlafiyyatı daha kifayət verməyib şimal tərəflərdən buralara məxsus azuqə də gəlirmiş.Tazə tapılan qit’ənin Əstərabad adlı meşəsindən bu günlərdə bir heyvan peyda olmuş ki, bütün qit’ənin heyvanları onun zühurundan təşvişə düşüb qulaqlarını sallamışlardır. Bu heyvanın adına «Supaqıran» deyildiyindən bütün supalar qorxuya düşmüşlər. Səyyahın dediyinə görə, bu heyvan neçə il bundan qabaq bir də zühur etdiyindən supalar şıllaqlayıb qovmuşdular. İndi genə zühur etmişdir. Amma bu canavar Türkmənə mənsub olduğu üçün Türkmən və Mazandaran supaları bunun səsini eşidən kimi qulaqlarını şişləyib yanında quyruqlarını buluyurlar. Qərəz yer üzündə qəribə çöllər, əcayib biyabanlar və əntiqə supalar varmış.
AçığnanTöhfətül-məcalis kitabında yazılıb ki, ziyarətə getmək insanın özü ilə deyil, qismət ilədir. Yə’ni kimə qismətdir, imam onu çağıracaq, kimə qismət deyil, canı çıxsa da ziyarətə çata bilməyəcəkdir.Kitab sahibindən təvəqqe edirik ki, bizi bağışlasın, bir az səhvi var. Ziyarətə getməyin bir üsulu vardır ki, ibarət olsun «açığnan» getməkdən.
Gözüm aydın!20-ci ildə İran parlamanının açılması.*İranda güşad oldu parlaman, gözüm aydın!
Poems by other poets
Ağzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Gəraylı: Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
Bəri baxŞəninə dastan yazıram,Ay qoşa duran, bəri bax!