Page 2 of 2 · 50%

Geyim üstündə mübahisə davam etdiyi zaman Bakını mühasirə edən Türkiyə ordusu ərkani-hərbində də müşavirə vardı.

Mürsəl paşa və Nuru paşa Bakı xəritəsini açıb, Bakı proletariatının qəlbinə hansı tərəfdən yara vuracaqları haqqında mübahisə edir və hücum nöqtəsini təyin etməyə çalışırdılar. Paşalar hücum üçün orduya təlimat göndərdikləri zaman, menşevik və sağ daşnaq nümayəndələri də Leyla xanımın qara paltar geyməsini qət etdilər. Sağ esərlər buna qəti etiraz etdilər. Onlar deyirdilər:

– Əvvələn, Leyla xanımın saçları, gözləri və qaşları qaradır. Onun geyimi də qara olsa, tarixi şəklin nəfasəti azalmış olacaqdır. Xüsusən, xanımla birlikdə əks aldıracaq hökumət üzvlərinin də libasları qaradır.

Daşnaqlar 12 nömrəli geyimi bəyənmişdilər. Sağ esərlər 44-cü nömrəni seçdilər. Nəhayət, qırmızı libası təklif etdilər. Menşeviklər qırmızı rəngə etiraz edərək dedilər:

– Ağalar, bu siyasi savadsızlıqdır. Biz hələ qırmızılardan yaxa qurtarmadan, qırmızı rəngə rəğbət göstərmək böyük səhvdir.

Leyla xanım bu kimi yersiz mübahisələrlə Mərkəzi Kaspi hökuməti üzvlərinin vaxtını almağa və onsuz da zəif olan müdafiə işlərini pozmağa çalışırdı. Leyla xanım hökumət üzvlərinə dönərək dedi:

– Əlahəzrətlər icazə versəydi, mən də bu barədə danışardım.

Böyük Britaniyanın kiçik, alçaq və rəzil nökərləri başlarını əydilər ki: «Buyurun, biz xanım həzrətlərinə Böyük Britaniyanın siyasi nümayəndəsi kimi baxır və hörmət bəsləyirik».

Leyla xanım daha da nazlanaraq davam etdi:

– Mənçə ağ paltar geyməyim məsləhətdir. Zira, ağ paltar Mərkəzi Kaspi hökuməti himayəsində yaşayan Azərbaycan xalqının gələcək işıqlı günlərinin simvoludur. Əlahəzrətlər maraqlanırsa, mən ağ paltarda aldırdığım şəkli göstərə bilərəm.

Leyla xanım əlini atıb redikulundan bir şəkil çıxartdı. Şəkli bir saata qədər əldən-ələ gəzdirdilər. Hamı bəyəndi:

– Belə lazımdır! Əks ağ paltarda alınmalıdır!

Sadovski öz razılığını elan edərək dedi:

– Biz, bolşeviklər kimi inadçı deyilik, menşeviklərin siyasəti barışmaq və razılaşmaq siyasətidir. Biz güzəştə getməklə də əksəriyyət qazana bilərik. Mən əksəriyyətə tabe olanlardanam. Səsə qoyuram: xanımın ağ paltarda əks aldırmasına kim razıdırsa əlini qaldırsın!

Hamı əlini qaldırdı. Gecə saat dörddə məsələ həll olundu. Leyla xanım libasını dəyişmək üçün otağına keçdi.

Leyla xanımın paltarını dəyişməyi və tualetini düzəltməyi iki saatdan artıq çəkdi. Bu zaman xidmətçi qadın içəri girib fotoqrafçının evinə getmək üçün icazə istədiyini xəbər verdi.

Sadovski xidmətçiyə dedi:

– Get fotoqrafçıya de ki, hökumət əmr edir, oturub gözləsin; hökumət onun bu xidmətini qeyd edəcək və bundan sonra mühüm sifarişləri ona tapşıracaqdır.

Leyla xanım hökumət üzvlərini lazımi qədər saxlamışdı. Artıq onların özləri də getməyə tələsmirdilər. Çünki şəhərin müdafiəsi üçün gecə saat on birdə çağırılmış birinci müşavirə pozulmuşdu.

Onlar Leyla xanımın görüşünə gələrkən onu birinci müşavirəyə aparmaq fikrində idilər. Leyla xanım isə onları gecə saat beşə qədər öz yanında saxlamağa müvəffəq olmuşdu.

Saat altının yarısında Leyla xanımın qapısı açıldı. Sadovski ağ ipək paltar geyinmiş Leyla xanımı görüb dilləndi:

– Ağ buludlara bənzəyən incə vücud, yenə də ağ buludlar kimi hərəkət edir. Qara saçları örtən ağ örtüyün ucları da mələk qanadı kimi tərpənir. Biz indi qırmızı təhlükəni təsviyə etməkdən ötrü Bakıya uçan cənub mələyini görürük.

Hökumət üzvləri ayağa qalxaraq Leyla xanımı alğışladılar. Fotoqrafçı gəldi. Əks alınmağa başlanırkən, yenə bir ixtilaf çıxdı, indi də Leyla xanımın kimin yanında oturması məsələsi mübahisə törətdi. Leyla xanım işə girişərək dedi:

– Bu ixtilafı özüm ləğv edəcəyəm: sağ tərəfimdə cənab Sadovski, sol tərəfimdə Velonts həzrətləri, arxamızda sağ daşnaq partiyası nümayəndəsi, qarşıda isə Ayollo cənabları ilə başqaları oturmalıdır.

Bu qərarla fotoqrafçı da razılaşdı. Lakin fotoqrafçı xahiş etdi ki, əlahəzrətlər yarım saat gözləsinlər. Çünki yarım saatdan sonra, hacının böyük şüşəli pəncərələrinə gün düşəcək idi. Buna görə də şam üçün hazırlanmış xörəklər səhər yeməyi əvəzinə sufrəyə verildi. Yeməyə başladılar.

Hacının mahir xidmətçiləri çevik işləyirdilər. Qabların, qaşıqların, çəngəl-bıçaqların, qəhqəhə və nitqlərin səsi evi başına almışdı. Çəbhədən-çəbhəyə atılan yorğun əsgərlərin təngnəfəsliyi, açlığı, xalqın menşeviklərə yağdırdığı lənətlər, hacının evində kef çəkən hökumət üzvlərinin heç vecinə deyildi. Şəhər atəş və dəhşət içində idi. Türk ordusu çəbhəsindən atılan top güllələri bütün Bakı mühitini titrədirdi. Şəhəri müdafiə üçün Petrovski meydançasında toplanan Petrov qızıl əsgərlərinin başına güllə yağırdı.

Sufra yığışdırıldı. Günəş şuaları Leylanın qara ipək saçlarını oxşadığı zaman, fotoqrafçı da içəri daxil oldu.

Bir əks Leyla xanımla, digər bir əks də Leyla xanımın iştirakı olmadan alındı. Fotoqrafçı negativləri öz meşin sumkasına qoyduğu zaman Leyla dedi:

– Negativləri mən özüm düzəldəcəyəm, bu barədə təcrübəm vardır. Öz əlimlə düzəltməyim, əkslərin tarixi əhəmiyyətini bir daha artırmış olacaqdır.

Bu söz Sadovskiyə yenidən ilham verdi. O, Leyla xanımın əlini sıxaraq dedi:

– İndi biz sənin xidmətinizə nə üçün gəldiyimizi söyləyib sizi təbrik edə bilərik, ingilis qonaqları Bakıya gətirmək üçün Ənzəliyə xüsusi heyət və gəmi göndərilmişdir. Heç şübhə yoxdur ki, cənab şahzadə Bahadır xan həzrətləri də tezliklə Bakıya təşrif buyuracaqlar...

Hökumət üzvləri eşiyə çıxdıqda, Leyla xanım qapını bağladı və onların dalınca qəhqəhə ilə güldü.

Xidmətçi qadını çağırıb əmr etdi ki, kimsəni içəri buraxmasın.

Leyla xanım əvvəl hökumət üzvlərinin əkslərinin surətini çıxarmaqla məşğul oldu. Sonra da onlarla bərabər aldırdığı əksə diqqətlə baxaraq şüşəni sındırdı.

Telefon otağına keçdi, Ağabala Quliyevi səslədi və bir neçə saniyə danışdı:

– Leyla xanımdır! Hökumət üzvlərini dünən axşam saat 9-dan səhər saat 7-yə qədər burada saxlamışdım. Axşam saat 11-də çağırdıqları müşavirənin baş tutmasına imkan vermədim. Ordu ərkani-hərbinə göndərilmək üçün əkslərini aldırdım. Lakin olduqca qalın, qaba və axmaq həriflərdir. Bunların hamısından sonra. verdiyiniz vədlərə əməl olundumu?.. Təşəkkür edirəm... İnanmıram... Nə vaxtdan bəri... iki saat əvvəl?.. Əcəba, mənə nə üçün xəbər verməmişdir! İndi danışmaq mümkündürmü? Mümkündür? Elə isə telefonu ərkani-hərbin xüsusi telefonu ilə rəbt etmək olmazmı?.. Olar? Elə isə gözləyirəm. Lakin cənab Ağabala, siz diqqətli olmalısınız. Telefon başqa yerə rəbt olunsa, yaxud bir dolaşıqlıq olsa, başqa telefonlarla əlaqə yaransa, bütün səyimiz hədər gedəcəkdir. Çox gözəl, əmin oluram...

Leyla xanım telefonda durub bir neçə dəqiqə gözlədi. Nəhayət, telefonun zəngi vuruldu, Leyla heç bir söz demədən dəstəyi götürüb dinlədi və:

– Cənab hacı Zeynalabdin Tağıyevin evidir... Əvət! Xaricdə nömrə 11, daxildə 4, vəsiqə 21, vasitə 41, təftiş 55, dolamabağça 16.

Dinləyin şifahi nömrə 1.

Rus ayının 26-daki iclas qırmızıların məğlubiyyətilə nəticələndi.

İclasda menşeviklər, sağ eser və sağ daşnaqlar əksəriyyət qazandı. Sol daşnaqlar və sol eserlər qırmızılara sadiq qalıb, bolşeviklərin tərəfinə keçdilər. Bakıda gələcək hökumət Mərkəzi Kaspi üzvlərindən seçiləcəkdir.

Bolşeviklərin azlıqda qalmalarına baxmayaraq, hələlik Xalq Komissarlar Soveti öz işini aparır. Mərkəzi Kaspi hökuməti təşkil edilmişdir.

İşçilərin çox hissəsi yenə də bolşeviklərə sadiq qalmışdır. Dünən axşam, ingilisləri Bakıya gətirmək üçün gəmi göndərilmişdir. Lakin Ənzəlidən aldığımız məktuba görə ingilislərin qüvvəsi ayın birindəkindən artıq deyildir. Biçeraxov öz qüvvələrini Şimali Qafqaza çəkmiş və bolşeviklərlə əlaqəni kəsmişdir.

Çəbhədəki erməni batalyonları itaətsizliklə davam edir: Mərkəzi Kaspi hökumətinin başıpozuqları intizam altına ala biləcəyi və çəbhəyə göndərəcəyi şübhəlidir. Hazırda çəbhəni, ancaq Şaumyanın tələbi ilə Moskva bolşevikləri tərəfindən göndərilmiş Petrovun dəstəsi müdafiə edir. Onlar öz qüvvələrini şəhərin içinə köçürmüş və toplarını əski qəbiristana baxan geniş meydanda yerləşdirmişlər.

Şaumyan işçiləri Petrovun ətrafında toplamağa çağırır.

İngilisləri Bakıya gətirmək şanyələri müsəlmanlar tərəfindən nifrətlə qarşılanır. Bolşevik ruhlu işçilərdən və bəzi ziyalılardan başqa, bütün camaatın Türkiyə himayəsinə rəğbət bəslədiyi hiss olunur.

Erməni-müsəlman xalqı arasında düşmənçilik yayılmasına menşevik təşviqatçıları yardım vermişlər. Menşeviklər erməni-müsəlman ədavətinin təqsirini bolşeviklərin boynuna atmaq, bununla da bolşeviklərı kütlə arasında etibardan salmaq istəyirlər. Böyük kapitalistlər arasında müstəqim bir fikir yoxdur. Bakı müsəlmanları arasında mötəbər sayılan və eyni zamanda Bakı zənginləri arasında böyük nüfuza malik olan hacı Zeynalabdin Tağıyev olduqca islampərəst adamdır. Bu zat əski Rusiyanın bərpa ediləcəyinə inanmır. O, qırmızılardan və Vətəndaş müharibəsindən qorxur. Buna görə də o, Azərbaycanın bolşeviklərə cavab verə biləcək qüvvətli bir hökumət əlində olmasını istəyir. Tağıyev və onun yoldaşları, açıq deməsələr də, həqiqətdə ingilis tərəfdarıdırlar.

Tağıyev öz xüsusi söhbətində alman-türk ordusunun qalib gələcəyinə inanmadığını dedi. O, «müsavat» partiyasına heç də hörmət bəsləmir. Onların istiqlaliyyət iddialarına gülür. Çünki o, bilir ki, «müsavat» hökuməti onun var-dövlətini bolşeviklərdən qoruya bilməyəcəkdir. Tağıyev Misir və Hindistandakı asılı və yarım müstəqil hökumətlər kimi bir hökumət tərəfdarıdır. Bu kimi fikirlər «müsavat» partiyasının rəhbərliyi altında düzələn, milli komitə üzvləri arasında da yayılır. Lakin Bakı əhalisində Türkiyəyə təslim olmaq meyli gündən-günə artmaqdadır.

Bolşeviklərin inadı ordumuzun Bakıya girməsinə əngəl törədir. Daşnaq və menşeviklərin ayın 26-da da əksəriyyət qazanmaları bir ay bundan əvvəl əldə edilə bilsəydi, ordumuz, qan tökülmədən Bakını alacaqdı. Çünki çəbhədəki orduya, yalnız bolşeviklər rəhbərlik edir. Menşevik təşviqatı nəticəsində bəzi dəstələr müharibədən boyun qaçırmışsa da bolşeviklərin rəhbərlik etdiyi qoşunlar Bakı müdafiəsini özü üçün həqiqi vəzifə saymaqdadır. Yerli əhali Mərkəzi Kaspi hökumətinə inanmır. Onlar yeni bir təbəddülat gözləyirlər. Yerli burjuaziyanın müəyyən bir qrupu ingilislərin Bakıda qalacağına inanmasa da, nəticədə Bakını ancaq çar generallarına təslim edib gedəcəyinə inanırlar. Mərkəzi Kaspi hökuməti üzvlərinin rəsmini aldırmışam. Sabahkı məktubumla göndərəcəyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dərd

Vallah genə sözü aşikar söyləmək lazımdır, mətləbi gizləməkdən fayda yoxdur. Qoy genə Molla Məs’um çıxsın mənbərə və qətlimə fitva versin, necə ki, bir ay bundan əvvəl mənbərdə movizə vaxtı deyib, deyib, ağzı köpüklənib və axırda huşu başından çıxandan sonra mübarək ağzından bu sözlər çıxıb:«Bu tazələr bir gün olar ki, bəlayi-nakəhanə rast gələrlər. Görürsən bir paralarının axırı necə oldu? Odu Sibiriyaya təşrif aparırlar. Ay camaat, şəriət əldən getdi, qoymayın, içinizdə olan tazələri öldürün, hər nə günahı olsa mən qəbul edirəm. Günahı yoxdur, savabı var. Qoymayın, öldürün, vurun, boğun, çırın, yırtın, parçalayın, hər nə günahı var mənim boynuma. Bir paraları güman edirlər ki, axund o gün dəli olmuşdu və hətta rəvayət edirlər ki, o gecə axundu həkimə göstərdilər və həkim deyib ki, axundun beyninə qurt düşüb.

2 min
Yeni bir qit’ə, yaxud supalar çölü

Avropanın gözüaçıq çoğrafiyun və riyaziyunları Zöhrə ulduzunu mülahizə edib bilmişlər ki, hənuz kəşf olunmamış genə yer üzündə bir qit’ə qalıbdır. Buna görə qütbün hər tərəfinə gözüaçıq adamları göndərib qütbü dolandırırlar. Bu günlərdə Qütbi-cənubidən çox qəribə xəbərlər gəlir. Səyyahlar Asiyanın qərbi-cənubisində bir qit’ə tapıb «Supalar çölü» adlandırmışlar. Məzkur qit’ənin əhvali-coğrafisi böyük əhəmiyyəti haizdir: şimalən Rusiyə, Bəhri-xəzər, şərqən Əfqanıstan, Bəluçustan. Cənubən Ümman dənizi, Bəsrə körfəzi. Qərbən Osmanlı ilə həmhududdur. Bu qit’ə müxtəlif ölkələrdən ibarət olub, qalın meşələr, qorxulu çənkəllər, uçurumlu dərə-təpələrdir. İçində müxtəlifülcins heyvanlar vardır. Cənab allah bu yerləri xəlq edən gündən insan ayağı dəyməyib. Meşələrin heyvanları heç bir iş görməyib, ancaq, ot, ələf və ağacların meyvələri ilə güzəran edirlər. Bu qit’ənin supaları və qeyri heyvanları movqe’ və havasına görə doğrudan da müxtəlifülcinsdir. Astarabad, həmçinin Bəmnən, Nərməşizdən uzanıb Sistana qədər rəngləri boz və surətləri qıllı supalar vardır. Ançaq Türbət və Tus çöllərində ağbaşlı və sarıdırnaqlı, qulaqları qayət tüklü ulaxlar həddən ziyadədir. Xorasandan başlayaraq Məsqət hududuna qədər Kirman həvalisində elə ulaxlar vardır ki, üstlərində qalın və uzun çulları var. Kirman məsqətindən başlamış Bəluçustan, Küləhr, Kirmanşahdan, Bilubur, Sərdəşt, Sinən, Dəclədən Van gölü sahillərinə qədər çul-çapuqları dağılmış, palanı qarnı altına düşmüş, örkəni qırılmış, qarınaltısı yerdən sürünmüş supalar həddən ziyadədir. Bu tərəfdə Umru adlı qayət cəsim və qalın bir meşə tapılmışdır ki, içində olan canavarların cinsini bilmək əbədən mümkün deyil. Bu meşənin Van gölü sahilindən başlamış Maku xərabələrinə, oradan da Ararat dağlarının ətəklərinə qədər dağ-daş bütün-bütünə başları müdəvvər, qarınları yoğun, umuzları iri canavarlar doludur. Maku çənkəlliyindən başlayıb Aras çayını başaşağı Zənkilan, Muğan, Beləsuvar namında bir çox supa çöllərini dolaşıb, Kür çayı ilə Aras çayı Bəhri-Xəzərə tökülənə qədər elə uzunqulaqlar var ki, qulaqlarının kölgəsində on beş xırda heyvanlar daldalanar. Səyyahın verdiyi mə’lumata görə bu tərəflərdə, yə’ni sərhəddin içərisində elə bir meşə kəşf etmişlər ki, supa çöllərinin ən əhəmiyyətlisidir. Bu qit’əni də çox fikirdən sonra Azərbaycan adlandırmışlar. Çünki buranın supaları özgə çöllərin supaları kimi başlı-başına buraxılmayıb, qonşuluqda olan şimal ovçuları onları bir-bir tutub gətirib məxsusu töylələrə doldurmuşlardır. O ki, supalara layıq tərbiyədir bunlara edirmişlər. Lakin burada tərbiyəli supalar getdikcə çoxaldığından meşələrin əlafiyyatı daha kifayət verməyib şimal tərəflərdən buralara məxsus azuqə də gəlirmiş.Tazə tapılan qit’ənin Əstərabad adlı meşəsindən bu günlərdə bir heyvan peyda olmuş ki, bütün qit’ənin heyvanları onun zühurundan təşvişə düşüb qulaqlarını sallamışlardır. Bu heyvanın adına «Supaqıran» deyildiyindən bütün supalar qorxuya düşmüşlər. Səyyahın dediyinə görə, bu heyvan neçə il bundan qabaq bir də zühur etdiyindən supalar şıllaqlayıb qovmuşdular. İndi genə zühur etmişdir. Amma bu canavar Türkmənə mənsub olduğu üçün Türkmən və Mazandaran supaları bunun səsini eşidən kimi qulaqlarını şişləyib yanında quyruqlarını buluyurlar. Qərəz yer üzündə qəribə çöllər, əcayib biyabanlar və əntiqə supalar varmış.

2 min
Açığnan

Töhfətül-məcalis kitabında yazılıb ki, ziyarətə getmək insanın özü ilə deyil, qismət ilədir. Yə’ni kimə qismətdir, imam onu çağıracaq, kimə qismət deyil, canı çıxsa da ziyarətə çata bilməyəcəkdir.Kitab sahibindən təvəqqe edirik ki, bizi bağışlasın, bir az səhvi var. Ziyarətə getməyin bir üsulu vardır ki, ibarət olsun «açığnan» getməkdən.

1 min
Gözüm aydın!

20-ci ildə İran parlamanının açılması.*İranda güşad oldu parlaman, gözüm aydın!

19201 min

Poems by other poets