XVIII. Bakı kommunarları
Hava durğundu. Uzaqdan top səsi eşidilirdi.
Bakı şəhəri iyul istilərindən qızmış çuğun tavaya bənzəyən fəza altında uyumuşdu. Sahil boyunca yanan elektrik lampaları vərəmli bir xəstənin nəzərləri kimi solğun idi. Narkin adasının önündən keçən yelkənli qayıqlar qanadı sınmış kəpənək kimi ruzigar qabağında süzürdü. Qara şəhər bacalarından çıxan tüstülər qaranlığa qarışmaqda, Xəzərin sakit dalğaları qanad çalmaqda və qocaman Qız qalası su altında yatan əski Səbayel şəhərinin tarixindən parçalar oxumaqda idi.
Bakı yatmışdır, lakin Bakı proletariatının rəhbərləri yatmamışdır. Komissarlar Sovetində lampalar yandığından burada fövqəladə bir iclasın davam etdiyi məlum idi. Bütün xalq komissarları, cəbhədə baş verən pozğunluğun nə kimi bir bədbəxtliklə nəticələndiyini həyəcan ilə düşünürdülər.
Şaumyan tez-tez dəstəyi alıb ərkani-hərb ilə danışmaq istəyirdisə də telefonun azad olmadığını görüb dəstəyi yerinə qoyurdu. Çünki cəbhə telefonu ancaq doktor Araratyanın evi ilə danışırdı.
Bir qədərdən sonra telefon azad oldu. Şaumyan ərkani-hərbi miralayı Avetisovu səslədi və bir az gözlədi, sonra dedi:
– Komissarlar Soveti vəziyyəti müzakirə etdikdən sonra belə qərara gəldi: Mütarikə və sülh müzakirəsinə heç vəchlə imkan verilməməlidir. Şəhərdəki bütün hərbi qüvvələr çağırılıb cəbhəyə göndərilir. Sülh müzakirəsinə girişmək lazım olsa belə, cəbhədə lazımi qədərə qüvvəmiz olmalıdır.
Şaumyan Avetisov ilə danışdıqdan sonra, hərbi hissələrə verilən xəbərdarlıq işlərinin nə halda olduğunu yoxlamağa başladı.
Cəbhə telefonunun zənki çalındı. İki dəqiqədən sonra Petrovun ərkani-hərbindən Komissarlar Sovetinə verilən telefonoqrammanı gətirirdilər.
«Otryadın (dəstənin) üçdən iki hissəsi qırılıb məhv oldu. Sol qanadı indiyə qədər saxladıq. Düşmənin təzyiqi nəticəsində sol qanadı da açıb şəhər kənarına çəkildik, çünki öz qüvvəmizlə cəbhəni saxlaya bilmədik. Bir neçə saata şəhər mütləq təslim olar.
Petrov dəstəsinin ərkani-hərb rəisi
Stepanov».
Bu telefonoqrammanın müzakirəsindən qabaq, başqa bir telefonoqramma da gətirdilər.
«Vədə olunan qoşunlar cəbhəyə gəlmədi, şəhəri əlaçsızlıqdan türklərə verməliyik. Vədə verdiyiniz qoşundan 320 nəfər gəlmişdir. On altıncı batalyondan gələn saldatlar da müharibədə iştirak etmək istəmirlər.
Mənə təcili surətdə ağ bayraq qaldırmaq ixtiyarı və sülh nümayəndələri göndərmək icazəsi verilməsə yüz minlərcə qurbanların məsuliyyəti sizin öhdənizə düşəcəkdir.
Cəbhə komandanı Avetisov.
30 iyul, 1918-ci il.
Telefonoqramma müzakirəyə qoyulurkən, qapı açıldı. Başda Külxandanyan və miralay Qazarov olaraq, erməni milli sovetinin nümayəndələri salona girdilər.
Külxandanyan iclasa müraciət edərək, böyük həyəcan və şiddətli ürək döyüntüsü ilə elan etdi:
– Bu saat erməni milli soveti öz qərarını verdi. Milli sovet ağ bayraq qaldırmağı və qaliblərə təslim olmağı qət etdi.
Dərhal Komissarlar Sovetinə başqa bir xəbər gəldi:
«Sağ eser, sağ daşnaq və menşeviklər qarışıqlıqdan istifadə edərək inkilisləri Bakıya gətirmək üçün nümayəndə və gəmi göndərmişlər».
Şaumyan otağı dolaşdı və sonra da iclasa müraciətlə:
– Bakı işçilərinə belə bir müraciətnamə buraxmalıyıq,–dedi və müraciətnaməni yazmağa başladı.
«Bakı proletariatı, şəhəri qəhrəmancasına müdafiəyə davam edərkən, ancaq Rusiyadan gələn sovet qoşunundan dostluq köməyi ala bilər.
Almaniya-Türkiyə-İnkiltərə imperialistlərinə qarşı Bakını ancaq onlar müdafiə edə bilər. Mərkəzi hökumətin göndərdiyi hərbi komissar Petrov yoldaş, hazırda eyni mübarizəni aparmaqdadır.
İşçi yoldaşlar! Yoldaş Petrovun bayrağı altına toplanın! Bizdən ötrü ən qiymətli olan işçi-kəndli bayrağının, inqilabi Rusiya tərəfindən göndərilən bayrağın altına!
Yaşasın mübariz Bakı proletariatı!
Yaşasın böyük Rusiyanın Sosialist Sovet Respublikası!
Yaşasın Rusiyadan ayrılmaz və imperialistlərdən asılı olmayan inqilabi Bakı!»
26 Komissar birlikdə iclas salonundan çıxdı. Lakin bu son iclas deyildi. Son iclas günortadan sonraya qalmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xviii-baki-kommunarlari
Use ← → keys to move, R for a random poem
More by this author
Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. Onun birisi aşura günü münasibətilə saxlanan matəm, ikincisi də inqilab rəhbərlərinin dara çəkilməsi matəmi idi.Təbriz xalqının zehnini, hər şeydən artıq imam Hüseynin matəmi məşğul edirdi. Bu matəm başqa illərə nisbətən bu il daha geniş və daha təntənəli keçirilirdi. Bu gün Təbriz camaatı özünü qismən azad hiss edirdi, çünki çar konsulu aşura gününü nəzərə alaraq, küçədə gəzən əhaliyə mane olmamasını və vəsiqə soruşulmamasını tapşırmışdı. Şəhər camaatına gəldikdə, bu azadlığın konsul tərəfindən deyil, imam Hüseyn tərəfindən verildiyi etiqadı ilə təziyə ənənəsini daha da canlandırırdı. Hər kəsin alnında qırmızı lakla yazılmış – «ya imam Hüseyn» möhrü, hər kəsin boynunda qara şal, yaxud təziyə əlaməti olaraq bir hamam qətifəsi vardı. Birisi üzünü palçıqlamış, özünü xortdan şəklinə salmış, o birisi bədəninə dəmir parçaları keçirmiş, bir başqası zəncir vurur, o birisi böyük bir daşı götürüb döşünə döyür, başqası da şir dərisi geyinib, yerdə sürünür, onun dalınca gedənlər isə:
General-qubernatorBu il, yüz illərdən bəri görülməyən bir hadisə zühura gəldi. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı. Onlar adət üzrə imamın qırxı çıxana qədər ağladılar. Lakin bu il, məhərrəm ayının 14-də bütün təziyə məclisləri yığışdı, çünki bu gün Azərbaycan valisi adı ilə gələn çar qubernatoru Hacı Səmədxan şəhərə daxil olacaq idi.Bu günü təntənəli keçirmək üçün istər Rusiya konsulxanası, istərsə yerli əks-inqilab böyük bir bayram hazırlığı görmüşdü.
Misyonerlər və müstəşriqlərMən bu adı daşıyanlarla görüşmək və onlarla mübahisəyə girişməyi heç də sevməzdim. Hələ özüm deyil, başqaları belə bunlarla mübahisəyə girişdiyi zaman dinləməkdən iyrənərdim.Bəzən miss Hannanın dini məsələlərə aid söhbətləri də məni yorurdu. Qızın özü də bunu anlayırdı. Lakin buna baxmayaraq, yenə də o, dini söhbətlər və təriqət mübahisələri, məzhəb ixtilafları barəsində uzun-uzadı danışırdı. Çünki miss Hanna lap əvvəldən İrana bu vəzifə ilə gəldiyini söyləmişdi.
Çar konsulxanasında ziyafətİki gün bundan əvvəl çar konsulxanasında, Hacı Səmədxanın şərəfinə böyük və təntənəli bir ziyafət veriləcəyini eşitmişdim. Bu ziyafətdə bəzi mühüm xəyanətlər üçün zəminə qoyulacağı şübhəsiz idi. Ninanın burada iştirak edib-etməyəcəyi bəlli deyildi. Hər halda mən Nina ilə bu barədə danışmaq, hərgah o ziyafətdə iştirak edəcəksə, bəzi məsələləri tapşırmaq istəyirdim. Mən bu məqsədlə də faytonu qoşdurub evdən çıxmışdım.Ninanın evinə getmək vaxtı deyildi, hələ tez idi. Şəhəri dolaşmağa qərar verdim. Məcidülmülk mağazalarına tərəf gedərkən bağ-meşə qapısında həddindən artıq camaat toplandığını görüb faytonu saxlatdım.
Poems by other poets
Çığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Ay ağa səniƏrş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
DüşdüQurudu kökümüz, bu Şura gəldi,Türk - türkdən ayrıldı, yaralı düşdü.