XXI. Esterin romanı
Page 5 of 5 · 80%
23 avqust, 1905-ci il».
Esterin anası yenicə ölmüşdü. O, daima anasını xatırlarkən Qar-qar çayı sahilinə gəlir, anası ilə birlikdə gəzdiyi yerdə oturur, düşünür və ağlayırdı. O, axşamlar da evə çox gec qayıdardı. Bəzən onu qulluqçu qadın, bəzən də Araratyan özü tapıb evə aparardı.
Ester hər gün dağları, quşlar yuva saldığı yaşıl budaqları gördükdə, çiçəklər, kəpənəklər və yaşıl yamacları nəzərdən keçirdikdə, anasının söhbətlərini xatırlayar və ağlardı. Onun səsi suların və quşların səsinə qarışardı. Kəkliklər dağda qaqqıldaşanda, qızlar meşədə odun qıran kəndli gənclərin qəlbinə məhəbbət aşılayanda, uşaqlar sular üzərində üzən ördəkləri daşlayanda, Ester anasının «nadinc uşaq» nağılını xatırlayırdı.
Çamlı meşələrin qəlbindən axan sular bulaqlara, bulaqlar irmaqlara, irmaqlar isə böyük çaylara axaraq dağa-daşa səs saldığı zaman, Ester ətrafına baxaraq, zalım Araratyanın işkəncələrilə ölən anasına ağlardı. Torpağın son beşiyi sayılan incə otlar, ana qucağında nazlanan körpə kimi baxdığı ağ dumanlardan yarpaqların çöhrəsinə şəbnəm düşdüyü zaman, Esterin anasına həsrət qalmış gözlərindən şəbnəmlər axardı.
Anasından yenicə ayrılmış quzuların dodaqları, yumşaq otlara dəydiyi zaman Ester də anasının dodaqlarını öz dodaqlarında hiss edərdi.
Hər şey gülərkən, anasız qalan Ester, ayaqlarını Qar-qar çayına sallayıb düşünürdü. Bu vaxt sürüdən ayrılmış bir qoyun yeni doğduğu quzunu yalayırdı. Bu mənzərə Esteri ucadan ağlamağa məcbur etdi. Çünki o hələ öz uşaqlıq dövrünü bitirmədən anasından ayrılmışdı. O, səs eşitdi:
– Nə üçün ağlayırsan?!
Ester dönüb arxasına baxdıqda, qara, qıvrım saçlı bir uşaq gördü. Onun əynində yamaqlı və göy rəngli bez köynək, ayağında köhnə çarıq vardı. O, Esterdən nə böyük, nə də kiçikdi. Ester ona baxıb durdu və gözlərinin yaşını tökdü.
Oğlan bir də soruşdu:
– Sən nə üçün ağlayırsan?! Meşəyə gələndə anan sənə çörək verməmişsə ağlama, gəl sənə çörək verim. Anam çörəyimin arasına şor da qoyubdur, meşə gəvəri yığmışam, gedib çay qırağından nanə də yığacağam.
Ester oğlanın «anan sənə çörək verməmişdir» sözündən qəhərlənib şiddətlə ağladı və ixtiyarsız cavab verdi:
– Anam yenicə ölmüşdür. Mən hər il bura anamla gəlirdim. Onunla həmin bu yerdə oturardıq. O, məni sevər, qucağına alardı, mənə cürbəcür nağıllar söylərdi. Saçlarımı bu çayın kənarında yuyub darardı.
Oğlan ona təsəlli verdi və qolundan yapışıb dedi:
– Sən heç ağlama. Dur gedək nanə dərək, pendir-çörəyimizi yeyək, mən də acmışam. Sonra da səni anamın yanına aparacağam. Kəndimiz bura yaxındır. Anam səni sevər. Saçlarını darar. Sənə tülkü nağılı deyər. O çox yaxşı nağıllar bilir. Dünən gecə mənə keçəlin nağılını söylədi. O qədər güldüm ki, qarnım ağrıdı.
Onlar yerlərindən qalxıb nanə dərməyə getdilər. Sonra çam ağacının dibindən qaynayan sərin bulağın başında oturdular. Oğlan belindən dəstərxanı açdı, otların üstünə döşədi. Arpa çörəyini parçaladı, çoxunu Esterin, azını isə öz yanına qoydu. Dağ gəvəri və nanəni də bulağın suyunda yuyub, təmizlədi. Qayışından asdığı bıçağını çıxarıb süfrəyə qoydu və bıçağın ucu ilə arpa çörəyinin üstünə şor yaxıb yeməyə başladı. Ester də ona baxıb iştah ilə şor-çörək yedi və ömründə heç nədən almadığı ləzzəti aldı.
Oğlan Esterə sual verdi:
– Bəs sənin adın nədir?!
– Esterdir.
– Bəs burada nə üçün oturmuşdun?
– Mən hər gün burada oturub anam gəzən yerlərə baxıram.
– Mən də bura gələndə və sürüləri görəndə rəhmətlik atamı xatırıma salıram.
– Sənin atan nə iş görərdi?
– Çoban idi.
– Sənin atandamı zəhər içib öldü?!
Oğlan bu sözdə tikəsini süfrəyə qoydu:
– Xeyr,—dedi,—anamı da yandıran budur ki, atam xəstəlikdən ölmədi. Bir gün də olsa yorğan-döşəyə düşmədi.
– Bəs ona nə gəldi? Xəstəliyi nə idi?
– O xəstələnmədi. Onu öldürdülər.
– Müsəlmanlarmı öldürdü?
– Xeyr, atamı ermənilər öldürdü.
– Nə üçün?
– Erməni-müsəlman bir-birini qırırdı...
Vahan sözünü bitirməmiş Ester soruşdu:
– Nədən ötrü?
– Bilmirəm nədən ötrü. Ancaq onu bilirəm ki, erməni-müsəlman bir-birini harada görsə öldürürdü.
– Bəs onda sənin atanı nə üçün ermənilər öldürdü?
Ağlamaqdan Vahanın boğazı tutuldu. İki əlini birləşdirib, bulağın sərin suyundan içib danışmağa və atasının ölümünə səbəb olan hadisəni söyləməyə başladı:
– İş belə idi, amma çox uzun əhvalatdır...
– Eybi yoxdur, danış!
Vahan başına hərəkət verərək:
– İş belə idi, atam çoban idi. Bu kəndlərdə «Arustam yaxşı adamdır» deyə hər kəs təriflərdi. O, günün birində sürüsünü Əskərandan keçirdiyi zaman bir dəstə silahlı xumbların oturduğunu görür.
Ester soruşdu:
– Xumblar kimdir? Nəçidirlər?
– Onların peşəsi adam öldürməkdir, həmişə də bellərində uzun tapança gəzdirərdilər.
– Çox yaxşı, danış.
– Bəli, atam sürüsünü oradan keçirəndə xumbların birisi gəlib ondan soruşur ki, «Arustam, doğrusunu de görüm müsəlman çobanları hansı yol ilə gələcəklər?»
Atam cavab verir ki, haman bu yol ilə gələcəklər. Atam anlayırdı ki, xumbların fikri çobanları öldürməkdir. Haman saat sürünü yatırdıb, başqa bir kəsmə yoldan qaçır, müsəlman çobanlarına xəbər verir ki, xumblar yolu kəsiblər. Beləliklə, müsəlman çobanları qaçıb ölümdən qurtarırlar.
Xumblar bu işi biləndən bir gün sonra, evdə yatmışdım, anamın çığırtısına yuxudan ayıldım. Bir də gördüm ki, atamı vurublar, başı anamın dizi üstündə can verir. Mən özümü atamın üstünə saldım. O məni bircə kərə öpdü, ancaq heç bir söz demədi.
Ester bu faciəni eşidib yenə ağladı və soruşdu:
– Bəs sənin adın nədir?!
– Mənim adıma bu kənddə Vahan deyərlər. Məni hər kəsdən soruşsan tanıyar və deyər ki, Vahana əvəz oğlan yoxdur. Amma heyif ki, məni dərsə qoyan yoxdur. Kənd məktəbində oxuyuram. Ondan nə çıxacaqdır? Kənd məktəbindən çıxanların hansı birisi adam olub adamlara qoşulmuşdur ki?..
– Dərs oxumaq nəyə gərəkdir? Atam da məni zor ilə, danlaya-danlaya məktəbə göndərir. Amma getməyə ayağım gəlmir, çünki ordakılar xoşuma gəlmir.
Vahan ona cavab verərək dedi:
– Mən də eləyəm, məktəbdəkilərə qoşulmaq belə istəmirəm. Onlar çox tərbiyəsizdirlər. Adama çəkmələrini, arxalıqlarını, buxara papaqlarını göstərir, adama gülürlər.
– Sən çox yaxşı oğlana bənzəyirsən. Mən də ki, yaxşı oğlanları sevirəm. İkimizin də xasiyyəti birdir. Mən dinc qızam, sən də dinc oğlansan. Amma heyif ki, 15 gündən sonra şəhərə gedəcəyəm.
– Elə isə salamat get, yaxşı yol!
– Sən də Bakıya gəlsəydin çox yaxşı olardı. Bakı çox böyük şəhərdir. Sənə bir çox qəribə yerlər göstərərdim. Ata minib gəzərdik. Yellənçəyə oturub uçunardıq. Bakının bir eybi var ki, nə çayı var, nə meşəsi. Qoşulub oynamalı uşaqlar da yoxdur. Adamın başından papağını götürüb qaçırlar.
– Elə, anam da Bakıya köçüb getmək istəyir. Orada yeznəm və bacım var.
– Bakıda nə iş görürlər?
– Mədəndə işləyirlər. Amma mən bilmirəm ki, bu paltarda Bakıya gəlsəm, məni şəhərə buraxarlar ya yox?
– Nə üçün də qoymasınlar? Sən çox təmiz oğlansan. Xasiyyətin də yaxşıdır.
– Bilirsən mən Bakıya necə gələcəyəm?
– Bilmirəm!
– İki quzu alıb bəsləyəcəyəm. Elə ki, böyüdü qoyun oldu, satıb yol pulu edəcəyəm. Anamı da götürüb Bakıya gələcəyəm.
– O çox uzun çəkməzmi?
– Uzun çəkdi-çəkmədi, əlacımız nədir?
Axşama az qalırdı. Araratyanın xidmətçisi yenə də adəti üzrə Esteri axtarıb meşədə tapdı. Ester Vahandan ayrıldığı zaman dedi:
– Yadından çıxmasın. Sabah bu çayın kənarında olarsan.
– Salamat get, yaxşı yol!..
Bu sözlər illərdən bəri Esterin qulağında səslənirdi. O hər il yaylağa gəldiyi zaman vaxtını Vahan ilə keçirir və ayrılarkən «salamat qal» sözünü eşidirdi. Ester son dəfə eşidirkən, bu səsin Vahandan yox, özünün qəlbindən gəldiyini zənn etdi. Lakin dönüb ətrafına baxdıqda Vahanı öz yanında gördü.
Şiddətli küləklər yenə davam edirdi. Gözlər bir-birinə dikilir, çırpınan qəlblər qovuşur, titrək dodaqlar da bir-birinə yapışıb qalmışdı. Qara saçlar külək təsiri ilə bir-birinə qarışmışdı. Ester ancaq bu sözləri deyə bildi:
– Vahan, üç-dörd günə qayıdacağam. Sən inananlara inanıram. Sənin məsləkini sevirəm.
Vahan:
– Ester, ev tapmışam, anam da gəlmişdir,—deyərək onun əlini sıxdı.
Ester Vahana sual verdi:
– Yanında duran oğlan kimdir?
– Bu mənim yoldaşımdır.—Vahan bunu deyib Esteri Heydərlə tanış elədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xxi-esterin-romani
Use ← → keys to move, R for a random poem
More by this author
Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib, bitirmək üzrə idi.Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman, şam ağacları da ağır-ağır başlarını əyirdi.
HüsaməddinQətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Lakin Hüsaməddinin bir saatdan bəri ortalığa atdığı məsələlərin heç birisi Qətibənin eşitməmiş olduğu məsələ deyildi, çünki Hüsaməddin daima Qətibəni gördüyü zaman bu cür söhbətlərdən başlayırdı. O yenə də sözünü öz qəhrəmanlığından başlamışdı:– Mən yalnız Araz ölkəsinin qəhrəmanı deyil, bütün Azərbaycanın tanınmış və sınanmış qəhrəmanıyam. Siz özünüz bilirsiniz ki, Əmir həzrətlərinin hökmranlığı ancaq mənim qılıncımın sayəsində möhkəm olur. Pozulan cəbhələr, boğulan üsyanlar, tökülən qanlar, yüzlərcə qurbanlar da buna şahiddir. Bunun səbəbinədir ki, atanız mənim xidmətlərimi sizin gözəlliyinizlə mükafatlandırmaq vədəsini vermişdir. Atanız indi də öz sözünün üstündə durubdur, lakin mən sizdə bu meyli görə bilmirəm. Siz mənə adi adamlara baxan kimi baxır və mənim qəhrəmanlığımı qiymətləndirmirsiniz. Çox təəssüf ediləcək bir haldır ki, mənim sevgimi, mənim səadətimi yoxsul bir şairin əlinə tapşırmaq istəyirsiniz.
FəxrəddinMüşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı:“Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür.
DilşadBu gecə Əmir İnanc həddindən artıq içmişdi. İstinin şiddəti də onun sərxoşluğunu artırmış və hissiz düşüb qalmasına səbəb olmuşdu. Rəqqasələr və saqilər bu vəziyyətdən istifadə edərək çəkilib yataq otaqlarına getmişdilər. Xidmətçi və cariyələrdən də bir çoxu gözə dəymirdi. Gecə saat 2-də cariyələr və qulamlar Əmiri sərxoş bir halda xalçanın üstünə qoyub yataq otağına gətirdiyi zaman Əmirin süfrəsindən qayıdan artıq şərabları da Əmirin saray qarovulları içib bitirmək üzrə idi. Saray həyatı büsbütün dayanmışdı. Otaqlarda yanan şamdanlar söndürülmüşdü. Piy çıraqlarının piltələri yanıb böyrü üstünə düşürdü.Əmirin qapısında yanan fənərlərin piltəsindən qalxan sünbül biçimli alovlar minlərcə pərvanəni yandırıb səkidə mürgüləməkdə olan qarovulun başına tökürdü.