XXVI. «Üçüncü Bahadır şah»
Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.
Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.
Hacının millətpərəstlik pərdəsi altında apardığı şəxsi siyasəti bu ziyafət əsnasında daha artıq gözə çarpdı. Hacı «millətin babası» olduğunu, öz böyüklüyünü isbata çalışırdı. Burada iştirak edən və bu kimi ziyafətlərdə sirk heyvanları kimi əzbərlədikləri eyni və yeknəsəq sözləri deməyə məmur olan beş-on nəfər qarınqulu, yenə də yalaqçasına «hacı baba», «millətin istinadgahı», «müsəlman millətinin şərəfi», «səbəbi-iftixarımız» və sair bu kimi ləqəbləri hər söz başı deməklə hacını tanıtmağa və Bahadır xanın nəzərində böyütməyə çalışırdılar. Bahadır xan bu sözləri çox diqqətlə dinləyərək, hacının bu ziyafətdən məqsədini anlamamış deyildi.
Bahadır xan İngiltərə imperialistlərinin, İran, Qafqaz və Orta Asiya haqqındakı planlarından bəzi parçalar söylədi. İttihadi-islam və «müsavat» partiyası rəhbərləri öz fikirlərini söyləmədən, hacı cənabları sözə başladı.
Hacı öz çıxışında, indi öz sərvətinə səngər qayırmağa, dini müdafiə naminə öz sərvətinin müdafiəsinə qalxışmağa başladı.
Hacının çıxışı müstəmləkə mühitində bəslənmiş, ətinə və qanına qədər ingilisləşmiş Bahadır xanın ruhunu oxşadı.
Ziyafət bitən kimi şəhərə qayıtmaq lazım idi. Çünki gecə saat dörddə şahzadə Bahadır xan Palçıq vulkanı cəbhəsinə gedəcəkdi. Onlar axşam saat birə on dəqiqə işləmiş şəhərdə Hacı Zeynalabdin Tağıyevin balkonunda oturub müharibənin gedişi haqqında danışırdılar.
Leyla onun əlini əlinə alıb dedi:
– Doğrusu, mən sənin bu müharibədə iştirak etməyinə tərəfdar deyiləm, çünki müharibə kar və amansız bir şeydir. O, nə sevgi diləklərini dinləyə bilir, nə də iki sevilinin düşüncələrini duya bilir. Müharibənin ən rəhmsiz tərəflərindən biri də budur ki, o daima gəncləri və gənc arzuları məhv edir. Müharibə nə vəziyyətlə, nə də ona yalvaranlarla hesablaşır.
Doğrusu, mən türklərin Bakını silah gücünə işğal etməsindən qorxuram. Sənin başına bir iş gələcəyini düşünərək titrəyirəm.
Bahadır xan Leyla xanımın əlini sığallayaraq dedi:
– Mənim ruhum, sən boş yerə bu müharibədən qorxursan, bu müharibə mənim taxt-tacımı möhkəmlədən bir müharibədir. Mən buradan zəfərlə qayıdacağam. Londonda kral həzrətlərinin əlini öpüb məmləkətimə qayıdacağam. Atam qocaldığı üçün hökuməti mən idarə etməyə başlayacağam.
Leyla nazlanaraq məhzun bir səslə danışdı:
– Səni müharibəyə buraxmayacağam! İndi ki, sənin taxtın, tacın, səltənət və həşəmətin vardır, bu qorxulu vəzifəni birdəfəlik buraxa bilməzmi idin?!
– Gözəl mələyim, Hindistanda belə bir adət var: böyük hökmdarların vəliəhdi, İngiltərə kralının ailəsindən sayılır. O, kral ailəsi üzvləri ilə bərabər Londonda tərbiyə olunur. Kral xanədanının nəzarəti altında təhsilini bitirdikdən sonra kralın yaveri olaraq orduda xidmətə götürülür. Xidmətdə özünü göstərdikdən sonra kral onu vəliəhd təsdiq etmək ölkəni idarə üçün Hindistana göndərir.
Mənim ruhum! Mənim atamın səltənət sürdüyü Dehli ölkəsi Hindistanda ən böyük və ən məhsuldar yerdir... Bizim babamız İkinci Əkbər şahdır; 1221-ci ildə taxti-səltənətə oturmuş və 22 il hakimiyyət sürdükdən sonra vəfat etmiş və babamız Bahadır şahın məşhur məqbərəsində dəfn edilmişdir. Bundan sonra mənim babam ikinci Bahadır xan, ikinci Bahadır şah adı ilə taxta oturmuşdur.
Hazırda Dehli taxtı atam üçüncü Əkbər şahın əlindədir. Atam qocalmışdır. Bu ilin yanvarında krala müraciətlə ölkəni idarədən aciz olduğunu göstərməklə mənim qayıtmağımı rica etmişdir. Kral isə bu səfərdən sonra qayıtmağıma və taxt-tac qəbul etməyimə icazə vermişdir. Mən tez bir zamanda üçüncü Bahadır şah adı ilə Dehli tac-taxtını qəbul edəcəyəm.
Mənim gözəl və sevimli dostum! Hər şey öz yerindədir. Ancaq sənin bir kəlmə «razıyam» deməyin lazımdır.
Leyla heyrətlə ona baxaraq dedi:
– Əcəba, sən nə kimi razılıq istəyirsən? Əlim sənin ovcunda deyilmi? Əcəba, bu qəlb sənin qəlbinlə bir çırpınmırmı?
– Bakıda islam çoxdur. Zənnimcə, bizim izdivacımızın burada hacının əli ilə baş tutması daha əlverişlidir. İzdivacımızın burada baş tutmasının bir əhəmiyyəti də bundadır ki, biz atamı əmri-vaqe qarşısında qoya bilərik.
Leyla sual verdi:
– Sən hansı əmri-vaqe haqqında danışırsan?!
– Hindistanda belə bir adət var. Hökmdarların vəliəhdi, hökmdar qızlarına evlənməlidir. Mən isə çoxdan belə çürük adətləri pozmaq istəyirəm. Hərgah biz burada evlənib Londona getsək, Londondan kralın icazəsi ilə Hindistana qayıdarıq.
Bahadır xanın bu sözlərində, Leyla xanım vəziyyətini dəyişməyərək dedi:
– Mən heç də buna e'tiraz etmirəm! Gec-tez bu izdivac baş tutmalıdır. Lakin bu barədə tələsməyimiz lüzumsuzdur. Əvvələn, mənim əmim Nurəddin yaxınlarda ölmüşdür. İkinci də, mənim qardaşım yerində olan doktor Yusifidis burada yoxdur. Bir də, sən hələlik cəbhəyə gedirsən.
– E'tirazım yoxdur. Mən sənin əski fikrində qaldığını yəqin edə bilsəydim öz vəzifəmi gözəlcəsinə bitirər, dediyin vaxta qədər də tələsməzdim.
Leyla qəti dedi:
– Mən sənə verdiyim sözə sadiqəm! Sözümü heç bir zaman geri götürməyəcəyəm. Səninlə Hindistana gedəcəyimə əmin ola bilərsən.
Bu sözdə Bahadır xan Leyla xanımın əlini öpdü.
Gecə saat dördün yarısı idi. Hacının qapısında bir minik, iki yük maşını dayandı; minik maşınında şahzadə Bahadır xan əyləşdi; yük maşınlarında da 40 nəfər ingilis saldatı oturdu.
Şahzadə son dəfə Leyla ilə vidalaşıb cəbhəyə getdi. Gecə saat dördə beş dəqiqə qalmış hacının evi ilə cəbhə arasındakı telefon rabitəsi düzəlmişdi. Leyla xanım yenə adəti üzrə aparat başında oturub, Türkiyə əks-kəşfiyyatı ilə danışırdı: «Hacı Zeynalabdin Tağıyevin evidir... Bəli... xaricdə nömrə 11, daxildə 4... vəsiqə 21, vasitə 41... təftiş 55... Dolmabaça 16... dinləyin! Şifahi nömrə 3.
Saat dördə on beş dəqiqə qalmış şahzadə Bahadır xan bir minik, iki də yük maşını ilə Palçıq vulkanı cəbhəsinə yola düşdü. Şimali Stafford alayından 40 nəfər saldat və beş də pulemyot apardı. 26 Komissarlar həbsə alınmış və aparmaq istədikləri ləvazimat müsadirə edilmişdir».
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xxvi-ucuncu-bahadir-sah
Use ← → keys to move, R for a random poem
More by this author
Mən bu adı daşıyanlarla görüşmək və onlarla mübahisəyə girişməyi heç də sevməzdim. Hələ özüm deyil, başqaları belə bunlarla mübahisəyə girişdiyi zaman dinləməkdən iyrənərdim.Bəzən miss Hannanın dini məsələlərə aid söhbətləri də məni yorurdu. Qızın özü də bunu anlayırdı. Lakin buna baxmayaraq, yenə də o, dini söhbətlər və təriqət mübahisələri, məzhəb ixtilafları barəsində uzun-uzadı danışırdı. Çünki miss Hanna lap əvvəldən İrana bu vəzifə ilə gəldiyini söyləmişdi.
Çar konsulxanasında ziyafətİki gün bundan əvvəl çar konsulxanasında, Hacı Səmədxanın şərəfinə böyük və təntənəli bir ziyafət veriləcəyini eşitmişdim. Bu ziyafətdə bəzi mühüm xəyanətlər üçün zəminə qoyulacağı şübhəsiz idi. Ninanın burada iştirak edib-etməyəcəyi bəlli deyildi. Hər halda mən Nina ilə bu barədə danışmaq, hərgah o ziyafətdə iştirak edəcəksə, bəzi məsələləri tapşırmaq istəyirdim. Mən bu məqsədlə də faytonu qoşdurub evdən çıxmışdım.Ninanın evinə getmək vaxtı deyildi, hələ tez idi. Şəhəri dolaşmağa qərar verdim. Məcidülmülk mağazalarına tərəf gedərkən bağ-meşə qapısında həddindən artıq camaat toplandığını görüb faytonu saxlatdım.
Hacı Səməd xana verilən saatMəşrutəyə açıqdan-açığa tərəfdar olan tacirlərin mallarını, konsulxana tərəfindən düzəldilmiş komissiya müsadirə edib qurtarmışdı. Yeni vali Təbrizə girəndən sonra əski zamanda olduğu kimi özü üçün gəlir mənbəyi axtarmağa çalışırdı. Nəhayət, Hacı Səmədxan da çar konsulunun getdiyi yolu təqib etməyə başladı və Təbrizdə yüzlərcə tacirin hücrəsini və anbarını möhürlətdi. Hacı Səmədxan bu barədə çar konsulundan icazə almışdı. Konsul çar təbəələri və çar himayəsində olan tacirlərə toxunmamaq şərtilə buna icazə vermişdi.Yüzə qədər hücrə və anbara möhür vurulmuşdu. Hacı Səmədxanın əmisi oğlu Mahmud xan da Hacı Səmədxanın verdiyi siyahı xaricində olaraq öz kefinə görə istədiyi anbarları möhürləyirdi. Mən bu günə qədər Məşədi Kazım ağanın hücrəsinin və anbarının möhürləndiyini eşitməmişdim.
Rəfizadə və Şümşad xanımHacı Səmədxanın evindən çıxıb Ninanın yanına gəldim. Bütün əhvalatı danışdım, təşəbbüsümü təqdir etdi.Mən Təhminə xanımı göndərib axşam saat doqquzda Həsənağanın Tütünçüoğlunu da götürüb bizə gəlmələri sifarişini verdim.