İngilislərin Bakıdakı müvəffəqiyyətsizliyi onları Bakıya dəvət edən Mərkəzi Kaspi Diktaturasının fəaliyyətsizliyi, türklərin Bakını işğal etmək fikrindən vaz keçmələri, Londonda olduqca pis təsir bağışladı.

Ənzəlidə oturub Bakının vəziyyəti ilə məşğul olan və Bakıdakı ingilislərə rəhbərlik edən Denster-Vil, Bakı məsələsinin bir neçə günə həll olunacağını bilməmiş deyildi. Çünki ingilislər Bakıya gəldikləri gündən bəri vəziyyəti dəyişə bilməmişdilər. Onlar hələ yerli qoşunu təşkil etməmiş, türklərin Bakıya hücum üçün başladıqları hazırlıq bitmişdi.

Ənzəlidə oturan Denster-Vil öz ərkani-hərbinin Bakıya köçürülməsini faydasız bilsə də, bir neçə gündən sonra ricət edəcəyini yəqin etsə də, yenə Bakıya köçməyə və vəziyyəti yaxından öyrənməyə məcbur idi. Çünki avqust ayının 16-da Bağdaddan və 17-sində Londondan aldığı təcili telegramlarda, onun Bakıya köçməsi və Bakıda ingilis qoşununa şəxsən komanda etməsi tapşırılırdı.

General Bakıya köçmək üçün ən böyük sürətə malik olan «Prezident Kryuker» gəmisini seçmişdi.

Denster-Vili Bakıya gətirən gəmi, avqustun 18-də, axşam saat 18-də Nargin adasına yaxınlaşırdı. General Bakını dənizdən seyr etmək üçün gəmini yavaş sürməyi əmr etmişdi. Həris ingilis generalı, gəminin göyərtəsində Bibiheybətdə görünən buruqları udmaq və neft kralı Deterdinqə hədiyyə aparmağın mümkün olub-olmadığı haqqında düşünürdü. General əlindəki foto-aparatla Bayıl-Bibiheybət rayonunun şəklini aldı və yanındakı yaverinə verib dedi:

– Çox ehtiyat və səliqə ilə bunların surətini alarsan. Bunlardan bir nüsxə müstəmləkə nazirinə, birini maliyyə nazirinə, üçüncü nüsxəni isə Deterdinq cənablarına göndərərsən.

Gəmidəki radio general Denster-Vilin telegramını hava dalğaları vasitəsilə London saraylarına verir və İngiltərə imperializminin illərdən bəri düşündüyü arzuların həyata keçdiyini deyirdi:

«18 avqust. Saat 18—12 dəqiqə.

İngiltərə bayrağı altında üzən «Prezident Kryuker» gəmisi, Eyfel qülləsinə bənzəyən minlərcə neft buruqları yanından keçib, Mazut şəhərinə yanaşmaqdadır. Hazırda gəmimiz bolşevikləri Həştərxan şəhərinə aparan və dənizdə Mərkəzi Kaspi Diktaturasının göndərdiyi «Ərdəhan» hərbi gəmisi tərəfindən 26 Komissarlarla bərabər həbsə alınaraq, Nargin adası yaxınlığında çərkələnən 13 gəminin yanından keçir. Gəmimiz böyük bir qalibiyyətə doğru irəliləməkdədir.

Denster-Vil».

Lakin bu «qalibiyyətə» heç kəs inanmadığı kimi general özü də inanmırdı; bu telegramı İngiltərə mühitinə yayan hava cərəyanları da deyirdi: «yalandır!».

Generalın qələmi də, kağız üzərində gəzdikdə deyirdi: «bu yalandır!».

Radio aparatı başında oturan radistin barmaqları hərflərə toxunduqca səs çıxırdı: «bu yalandır!» Generalın gəldiyini xəbər verən gəmi fitləri də deyirdi: «bu yalandır!», daşnaqsütyun partiyasının ərkani-hərbi yerləşən erməni kilsəsinin təbrik üçün çalınan zəngləri də sanki deyirdi: «bu yalandır!» Gəmi körpüsündə boynunu burub duran Mərkəzi Kaspi Diktaturası üzvləri, onların ümidsiz baxışları və sükutları da deyirdi: «bu yalandır!»

Qaliblərə məxsus bir təntənə ilə Bakıya gələn məğlub generalın gəmisi Qafqaz-Merkuri körpüsünə yanaşdığı vaxt miralay Keyvort generala raport verirdi:

– Hər şey öz yerindədir. Şəhərdə sakitlikdir.

Düşməndə aktiv hərəkət yoxdur. Cəbhələrdə seyrək atışmadan başqa bir şey yoxdur!

General körpüyə çıxan kimi Leyla xanımın əlini sıxaraq dedi:

– Cənab şahzadənin kefləri necədir?!

Leyla xanım cavab verdi:

– Cənab adyutant cəbhəyə getmişdir!

General Leyla xanımın əlindən tutaraq gəzişmək istədikdə, Tiq-Çonson Mərkəzi Kaspi Diktaturası divani-rəyasətini, qoyun sürüsü kimi irəli sürüb generala təqdimlə bir-bir generalla tanış etdi. Ayollo generalı hökumət adından «xoş gəldiniz, səfa gəldiniz» kimi sözlərlə qarşıladıqdan sonra gözünü generalı gətirən gəminin qapısına dikmişdi. Oradan, ingilis saldatlarının çıxacağına ümid edirdi, lakin orada generalın yaxın adamlarından başqa bir adam yox idi.

Zatən Ənzəlidə və Rəşt şəhərində ingilislərin qüvvələri də yox idi, çünki türklərin Təbriz və Savuçbulaq tərəflərində hazırlıq aparmaları, bir tərəfdən də Kiçikxanın müharibə başlamaq üçün yeni fürsət gözləməsi, ingilisləri məcbur etmişdi ki, Bakıya gətirmək istədikləri qüvvələri Qəzvində, Lahicanda, Rəşt və Ənzəlidə qoysunlar.

Ayollo general ilə söhbət üçün bir saat vaxt istədisə də müvəffəq ola bilmədi. Çünki general miralay Keyvorta müraciətlə cəbhələrə getmək və vəziyyəti yoxlamaq üçün maşın istəmişdi. Buna görə də general Ayollonun ricasını rədd ilə dedi:

– Bağışlayın, bu gün yorğunam, həm də axşamdır, adətimizcə ən əvvəl kazarmaları və xəstəxanaları gözdən keçirməliyəm. Söhbətimiz sabaha qalsın.

O, Leyla xanımın əlindən tutaraq maşına qaldırdı, əvvəlcə özü, sonra da miralay Keyvort əyləşib yola düşdülər.

Avqustun 18-də general Denster-Vil yenə də maşına oturub cəbhəni gəzməyə getmişdi. Hökumət üzvləri bu gün də generalın gəmidə olmadığını, cəbhəyə getdiyini eşidərək, rəsmi paltarlarını soyunmaq üçün evlərinə getdilər.

Axşam saat altı idi. Hökumət üzvləri generalın yolunu gözləyirdi. General cəbhədən qayıdaraq, onları körpü üstündə görərkən öz gəmisinə dəvət etdi və ilk sözü bu oldu:

– Əlahəzrətlər məni bağışlasınlar, cəbhədən təxirlə qayıtdığım üçün rahatsızlığınıza səbəb oldum. Lakin deməliyəm ki, cəbhələrin vəziyyəti ümidverici bir halda deyildir. Siz öz tərəfinizdən ingilislərə lazım olan yardımı verməmişsiniz. Yerli qoşunun hərbi qüvvəsi olduqca zəifdir. Siz belə qoşunlara arxalanaraq türkləri Bakıdan uzaqlaşdıra bilməzsiniz.

Görünür bizim dostlarımız müharibədən və Bakı üstünə gələn ordunun nə qədər müntəzəm və itaətli bir ordu olduğundan, hətta ölümdən belə qorxmadığından xəbərdar deyildirlər.

Ayollo buna cavab olaraq dedi:

– Çox təəssüf edirik ki, cənab general bizim gözlədiyimizdən çox az və müdafiə üçün kifayətsiz qüvvət gətirmişdir.

Bu sözlər generalın xoşuna gəlmədi və yerindən qalxaraq gəminin salonunda gəzişdi və sonra da trubkasını dişindən alıb dedi:

– Mən Bakıya nə qədər qüvvə gətirəcəyim haqqında heç bir kəsə müəyyən vəd verməmişəm! Mən necə ki, Həmədanda və iki kərə də Ənzəlidə cənab Araratyana demişəm; elə də avqustun 7-də, Qazyanda rəsmən aşağıdakı cümlələri yazmışam: «Biz, Bakıya siz düşündüyünüz qüvvəni gətirə bilməyəcəyik, siz gərək özünüz də çalışasınız!»

Bu sözlər, hökumət üzvlərinin gələcək haqqındakı ümidlərini qırdı. Onlar bu hökumətin bir neçə ay deyil, bir neçə gün davam edə biləcəyinə belə inana bilmədilər. Onlar düşünür, bir-birinin üzünə baxırdılar, general isə tez-tez saatını yoxlayırdı. General yerli qoşun rəhbərlərini ziyafətə dəvət etmişdi; ziyafət vaxtına az qaldığına baxmayaraq, hökumət üzvləri qalxıb getmək istəmirdi. Salonun bir tərəfində ziyafət süfrəsi hazırdı. Xörəklərin qoxusu salonu bürümüşdüsə də hökumət üzvləri yenə də tərpənmirdilər. Nəhayət, general darıxdı, bir daha saata baxaraq dedi:

– Əlahəzrətləri artıq rahatsız etmək istəmirəm!

Sadovski məsələni hamıdan qabaq hiss etdi və yoldaşlarına göz vurub qandırdı. Hamısı birdən qalxdı, generalın əlini sıxaraq eşiyə çıxdılar.

Hökumət üzvləri körpüdən düşüb getdikləri zaman, qoşun rəhbərləri də maşınlarla gəlib gəmiyə getmək üçün körpünün qarşısında düşdülər.

Ayollo gözünü ayaqlarına dikib düşündükcə yenə də Şaumyanın iyulun 26-dakı iclasda dediklərini xatırlayırdı: «Bakı Sovetinin dağılması nəticəsində siz ingilis kapitalı, ingilis təlimatçıları və ingilis avtomobillərindən başqa bir şey əldə edə bilməyəcəksiniz...».

Hökumət üzvləri görürdü ki, onları saya salan və banketə dəvət edən yoxdur. Və buna o qədər sıxılmırdılar. Çünki onlar 14 gün ərzində ingilisləri yaxşıca öyrənmişdilər. İngilislər Bakıya gəldiyi gündən bəri yalnız Bakıdakı hərbi qüvvələri tanıyırdılar. Bu vəziyyətlə də sanki Mərkəzi Kaspi hökuməti, ingilisləri Bakıya gətirmək üçün sağ eser, sağ daşnaq və menşeviklər tərəfindən düzəlmiş bir komissiya vəzifəsini daşıyırdı. İngilislər gəldikdən sonra isə komissiyanın vəzifəsi bitmiş və komissiya ləğv edilmiş sayılırdı. Mərkəzi Kaspi hökumətinin bütün fəaliyyəti, ingilislərin çıxardığı qərarları imzalamaqdan və iclas açaraq bütün günü nəticəsiz, qərarsız və yersiz məsələlərlə məşğul olmaqdan ibarət idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXXI. Qəti vuruşmalar

Avqustun 31-də başlanmış və ingilislərin tam məğlubiyyəti ilə qurtarmış qanlı müharibə, indiyə qədər tərəddüdlə danışılan ricət məsələsini çox qəti qoymuş oldu. Beş saat davam edən bu qanlı müharibə ingilislərin Bakı haqqındakı arzularını sabun köpüyü kimi puç etdi. Türklərin hücumu həm sağ, həm də sol cinahın böyük tələfatla çəkilməsinə səbəb oldu.Tam bu həlledici müharibə zamanında Bakı müdafiəsinin nə vəziyyətdə olduğunu yoxlamaq üçün Bağdaddan gələn general Liyuin də Bakıya varid olmuşdu.

7 min
XXXII. Sentyabrın 14-də Bakı

İngilis generalı Mərkəzi Kaspi Diktaturası üzvlərindən aldığı etiraz məktubu barəsində London və Bağdad ilə müzakirə apardıqdan sonra Bakını boşaltmağın təxirə salınmasını qət etdi.İngilislər Almaniya-Fransa çəbhəsindəki dəyişikliklər və Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxması ilə əlaqədar olaraq, Bakının türklərə təslimini təxirə salmağa qərar verdilər. Zira Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxaraq müttəfiqlərin təkliflərini qəbul ilə ayrıca sülh müqaviləsi imza etməsi, İstambula quru yolu açmış olacaq və bununla da müttəfiqlərin qoşunu İstambula girə biləcəkdi.

16 min
XXXIII. Osmanlı xəfiyyəsi

Osmanlı xəfiyyə təşkilatının birinci gündən başladığı iş, Leyla xanımı axtarmaqdan ibarət idi.Əvvəlcə onlar Leylanın sentyabrın 14-də axşam saat ona iyirmi dəqiqə işləmiş Hacının evindən faytona oturub getdiyini öyrəndilər. Bütün şəhəri alt-üst etdilər. Onun erməni qızı Esterlə tanış olduğunu və Esterin də sentyabrın 14-də oğurlandığını öyrəndilər. Bu da fayda vermədi. Sonra onlar Bakı qoçularının şöhrətlilərini toplayaraq Leylanı və erməni qızı Esteri onlardan tələb etdilər.

12 min
XXXIV. Leylanın romanı

1. Bağdad, mart 1917-ci il.Şərq ölkələrinin tükənməz sərvətini Dəclə çayı kimi xəlifələrin xəzinəsinə axıdan, ticarət və siyasətin əsas qərargahı kəsilən Bağdad şəhəri, martın ortalarında sanki yeni bir dövrə girməyə hazırlaşırdı.

12 min

Poems by other poets