Page 1 of 2

  1. Bağdad, mart 1917-ci il.

Şərq ölkələrinin tükənməz sərvətini Dəclə çayı kimi xəlifələrin xəzinəsinə axıdan, ticarət və siyasətin əsas qərargahı kəsilən Bağdad şəhəri, martın ortalarında sanki yeni bir dövrə girməyə hazırlaşırdı.

Bağdad sanki öz tarixini təkrar etdirir, daha uzaqlara baxmaq üçün ayağa qalxırdı. O, yenə də şair Əbu Nəvvasın «Bağdad gecəsi» sərlövhəli poemasını eşitmək üçün Vəliəhd sarayını arzulayırdı. Şair Əbu Lətahiyyənin Harunərrəşidə yazdığı və musilli İbrahimin bəstələdiyi rübailəri, Gülüstandan Haruna hədiyyə aparılan Qərənfil xanımın dodaqlarından dinləməyə hazırlaşırdı.

Bağdad yeni bir həyəcan keçirir. Fəqət bu həyəcan, Səlamə xanımın səlis rübailərindəki bədii həyəcana heç də bənzəmir. Bağdadın mavi səmasındakı saflıq diqqəti cəlb etsə belə, yenə də o, xəlifə saraylarını gülüşləri ilə nəşələndirən Səlamə xanımın mavi gözlərini heç də əvəz edə bilmirdi.

Daima sükutla axan və bununla da xəlifələrin nəzərini cəlb edən Şarüə xanımın sakit yerişini xatırladan Dəclə çayı da, əski sükutunu itirmişdi.

Yaz dalğaları da Sımra xanımın Məmunları, Rəşidləri heyran qoyan göz bəbəkləri kimi ahəstə çırpınmırdı.

Dəclə çayı, yenə də uzun zamanlar Şəanin xanımın saçları ilə oynayan İraq ruzigarı ilə axmaqda idi.

Öz çöhrəsini Dəclənin güzgüsündə görməyə tələsən cənub ulduzları, Harunərrəşidin «Qəsri-xüld» sarayında yanan ənbərli şamları xatırlatmağa çalışsa da, müvəffəq olmurdu.

Sərv ağacları arxasından ötən Əbbasə qəsrinin pəncərəsi önündə, öz sevgilisi Cəfəri gözləyən parlaq çöhrəyə tamaşa edirdi. Minarələrin bacasında səslənən ruzigar, şair Xasirin öz quranını satarag aldığı tənburun səsini təqlid edə bilmirdi.

Bağdad üfüqlərindən yüksələn səslər, nə Əliyəxatunun mənsuriyə səsləri, nə də xəlifəni yuxusundan oyadan Fəridənin həyəcanlı nəfəsləri idi.

Bu həyəcanlar, nə xəlifənin qucağında çırpınan Susən xanımın ürək döyüntülərinə, nə də vəliəhdin pəncəsində titrəyən Minnət xanımın keçirdiyi həyəcanlara və yaxud Dinar xanımın vəziri sərxoş pəncələrində keçirdiyi kədərli zamanlara oxşayırdı.

Açıq və aydın fəzalarda hiss olunan siyasi qaranlıqlar, İraqın məhtab gecələrini qara ipəklərə bürümək istəyən qorxulu hadisələr, Əliyə xanımın alnına bağladığı qara, ipək keysübənddən də qaradır.

Ruzigarın qarşısında oynamaqda olan xurma budaqları şair Əbuətahiyyənin xəlifə Rəşidə bağışladığı yelpazələri təsvir etsə də, yelpazənin kənarlarında şairin məşuqəsi Ətəbəyə yazdığı bu şeri oxuya bilmirdi:

«Sənin gözəlliyin olmasaydı,
Dünyada nə eşq və nə fitnə olardı».

Dəclə çayının hər iki tərəfinə yayılmış Bağdad şəhəri, qarışıq səslər içərisində idi. Lakin bu səslər, vaxtilə bütün Şərq dünyasında Bağdad şəhərinə toplanan xanəndələrin səsi deyildi. Bu səslər, nə xanəndə Mərvan-ibni-Həfzənin Mehdi xəlifəyə oxuduğu mənsurəyə, nə quranı satıb tənbur alan Salimu-Xasirin hicaz muğamlarına, nə ibni-Öcəmeinin nəğmələrinə, mosullu Əqil və İbrahimin bəstələdiyi təsniflərə, nə də Dehman xanəndənin xəlifəyə oxuduğu iraq səslərinə bənzəyirdi. Məşhur ərəb məzhəkaçilərinin yumor və satirası ilə külən və Əbülhəsən Biarın həcvləri ilə qəhqəhələr yağdıran Bağdad, bu gün dodağını dodağından ayırmaq istəmirdi.

Sahil boyu ağaclardan sallanan xurma salxımları, artıq Zübeydə xatunun boynundakı qırx min dinarlıq qırmızı yaqutu xatırlada bilmirdi.

Cənubda, şimalda, şərqdə və qərbdə dəvələrin boynunda inləyən kiçik zənglər, Əbbasə xanımın ağ topuqlarına bağladığı zümrüd xalxalların uçundakı altun zənglərin səsini təmsil edə bilmirdi. Qeyri-adi gurultular və Bağdad fəzasını tutan, Əliyə xanımın ansamblının səslərindən alınan nəşələri unutdururdu.

Abbasilərin israf, səfahət, əyləncə və şəhvətlərə tutduqları şəhərin xarabaları üzərində yaşayan osmanlılar, əski tənbəlliklərin xatirəsi ilə nazlanır və xumarlanırkən, dəhşətli bir səs onları ayağa qaldırır və mövqeyini ingilis-rus ordusuna təslim etməyə məcbur edirdi.

Abbasiləri yola salan Bağdad, moğolları, iranlıları yola saldığı kimi hazırda osmanlı paşalarını da fəlakətə düçar etməkdə idi.

«Darülqərar» sarayının xərabələri yanında Mosula doğru gedən paşalar, yenə də saray daşlarının üzərinə ayaq basdığı zaman, vaxtilə haman daşlar üzərində xəlifə hərəmi Zübeydənin brilyant başmaqla gəzdiyini xatırlamaqda və tarixin bu səhifələri ilə sərxoş olmaqda idilər.

Hər kəs gedirdi, Mülkiyyə məmurlarından Eynəddin bəy də qaçqınlar karvanı ilə bərabər qadını və qızı ilə sınıq bir arabaya oturub çəkilirdi. Təkərli nəqliyyatla qaçmaq hər kəsə mümkün deyildi. Çünki yüz illərcə Bağdadda yaşayan osmanlılar, təkərli nəqliyyata deyil, nəqliyyat vasitəsi olaraq dördayaqlı heyvanlardan istifadə ilə kifayətlənib qalmışlardı. Araba gedir, arabada Eynəddin bəyin ailəsi ilə bərabər iki nəfər də qoca gedirdi. Onlardan birisi müharrir, digəri isə istefaya çıxmış bir türk məmuru idi.

Qaçqınlar karvanı, Rəşidin vəliəhdi Əminin yaşadığı qəsrin xərabələri üzərindən keçərək şəhərin şərq tərəfində vaqe Məhzəm məhəlləsinə gəlirkən Eynəddin bəyin arabasındakı qocalar da danışır və keçdikləri xərabələrin tarixindən məlumat verirdilər.

Eynəddin bəyin qızı Leyla bu söhbətlərlə artıq maraqlanırdı.

Qoca bir dəri, bir sümükdən ibarət olan barmağını uzatmaqla Əminin sarayını göstərərək dedi:

– Buradır! Çin dənizlərindən başlayıb Sind çayına qədər bütün şərq ölkələrinin sərvətini səfahət və israfla sərf edən binalardan biri də həmin bu saraydır.

Leyla bu söhbətlərlə maraqlanır və müharriri dinləyirdi.

Müharrir davam etdi:

– Abbasilərin səltənəti, səfahət üzündən məhv olduğu kimi, bizim fəlakətimiz də eyni səfalət və eyni tənbəllikdən oldu. Osmanlılar öz əsaslarını xəlifələrdən qalan israf və ifratın töküntüləri üzərində qurdular. Burada hər bir paşanın bir xəlifə qədər təntənəsi var idi. Mərkəzi hökumət bu israf və ifratla mübarizə apara bilmirdi, çünki mərkəzdəkilər də özü üçün həramxanalar, çüftlüklər, təntənələr düzəldirdilər. Gördüyünüz bu sarayı Harunərrəşid öz on yeddi yaşlı vəliəhdi Əmin üçün düzəltmişdi. Harunərrəşid dövlətinin gəlirinin üçdən biri, həmin bu binada sərf olunurdu. Məhəmməd Əminin yalnız qoçxana və quşxanasını saxlamaq üçün Buxara məmləkətinin birillik gəliri sərf edilirdi.

Əmin sarayının xiyabanları Xorasan, Qaşan və Türkustanın ən nəfis xalçaları ilə döşənirdi. Həramxana və saray qapılarının hamısından mavi rəngdə ipək pərdələr asılır, haşiyələrində Əbu Lətahiyə və Əbu Nəvvasın mədhiyyələri yazılırdı. Əminin həramxanasında 50 nəfər qız çalır, 50 nəfər oxuyur, 50 nəfər də oynayırdı.

Bu sarayda yüzlərcə gənc oğlanları xacə edib həramxanada xidmətə götürmüşdülər. «Çərədiyə» adında düzələn gözəl oğlanların dəstəsi vəliəhdin şərab məclisini idarə etmək üçün düzəldilmişdi ki, bizim osmanlı paşaları da bunu davam etdirdilər. Gənc vəliəhdin yelpazəsini çəkmək üçün ətirə tutulmuş yüzlərcə gürcü qızları saxlanırdı.

Şərqdə birinci olaraq Rəşidin gənc vəliəhdi oğlanlara qadın paltarı geyindirib oynatmış, oxutmuş və əylənmişdi. Əminin ruhunu oxşamağa, ondan böyük mükafat almağa çalışan şairlər, mədhiyyələr yazmaqla, bu günkü osmanlı şairləri və osmanlı müharrirlərinə silinməz bir irs buraxmışlar.

Ortalığı sükut bürümüşdü. Arabadakılar keçdiyi küçələr və təsadüf etdiyi hadisələrlə məşğul idilər.

Əski sarayların qırıq kərpiclərindən yeni Bağdad tikən, əski mədəniyyət və əski cahangirliyin sərxoşluğu ilə yatan osmanlılar yuxudan ayılmış və özünü iki tərəfdən təhlükə altında hiss edərək qaçmağa başlamışdı.

Bir tərəfdən Baratov ordusu, digər tərəfdən İngiltərə ordusu osmanlı ordusunu sıxışdırır və Bağdada soxulmağa tələsirdi.

Sanki hər şey təslim olur. Nayirə xanımların ud səslərini bu günə qədər mühafizə edən «Darülqərar» sarayı, Zübeydə xatunun qaşlarını andıran mina taqlar, «Min bir gecə» romanındakı əsrarəngiz otaqlar dəxi özünü təslim ərəfəsində götürdü. «Əlif Leyla» romanını doğan Bağdad, sanki ikinci bir Leylanın romanına müqəddimə yazmağa başlayırdı.

Bağdadlılar yox, yüzlərcə il bundan əvvəl Bağdada gələnlər qaçır, minlərcə qaçqınların karvanı «Darüzzəhəb» sarayının tökülmüş kərpiclərini ayaqlayaraq ötürdü. Qaçanlar titrək və həyəcanlı addımları ilə minlərcə qurbanların qafa tasını andıran qırıq və miniatür, sütun başlarını fırladaraq özünə yol açırdı. Karvan «Cəfər» qəsrinin qabağından keçdiyi vaxt qoca müharrir qərbə doğru işarə edərək, barmağı ilə Leylaya göstərdi:

– Baxın,—dedi,—bura da tarixi hadisələr ocağı olmuşdur. Bura Harun Xəlifənin vəziri Cəfərin qəsridir. Şairanə xəyallara dalıb dünyadan xəbərsiz qalan Bağdad, bu gün varlığını dəyişmək ərəfəsində idi.

Mesopotamiya ticarətinin meydanı olan «Davud paşa» bazarı, hazırkı həyəcanın mərkəzini təşkil edirdi. Hər kəs bir söz danışırdı:

– Baratovun komandası altında gələn çar ordusu Yəqubə və Şəhrəban şəhərlərini işğal edib osmanlı ordusunun Mosula doğru yolunu kəsmək istəyir.

– İngiltərə ordusu cənub tərəfdən Bağdada girməkdədir.

Yerlilərin nə dərdi var? Onlar osmanlıların çəkilib getməsini allahdan istəyir.

– Osmanlılar gedir, Bağdaddan bəla kəsilir.

– Paşaların, qayimməqam və jandarmların əlindən qurtulmağa kim sevinməz?

Arabada gedənlər bu sözləri eşidib bir-birinin üzünə baxırdı.

– Bizimkilər də Abbasilər kimi xəlifələr, vəliəhdlər, Ulduzlar, Dolamabağçalar, Çirağban saraylarını düzəltdilər. Onların içərisində dünyanın müxtəlif ölkələrindən gətirilən nadir gözəllər saxladılar. Sarayda Abbasilər dəskahı düzəldi, lakin saray və məmləkət ölkənin ümumi vəziyyəti, xilafətin və xilafət dairəsindəki təntənələrin yaşamasına imkan vermədi. Çünki xalq artıq sərxoşlara və qatillərə xəlifə deyə səcdə etmirdi. Biz osmanlıların indiki qoşunları da Abbasilər dövründəki kimi aciz və təşkilatsız deyildir. Bizim qadınlarla əyləncəyə və gözəl rəqqasələrə sərf etdiyimiz vaxtı və vəsaiti, qonşularımız dəmir yollar çəkməyə, texnika yaratmağa, məktəblər, universitetlər təşkilinə sərf edirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Jenya milyonçu evində

Jenyanın vəziyyəti ağırlaşmışdı. Sergey Vasiliç artıq işə çıxa bilmirdi. Xəstələndiyi və zəiflədiyi üçün işdən çıxarılmışdı; buna görə də ailənin yaşayışı çox çətinləşmişdi. Jenya bilirdi ki, onu fabrik və zavodlarda işə götürməyəcəklər. Onun özü də o kimi yerlərdə işləmək istəmirdi, çünki Bakı polisi onu tamamilə öyrənmiş və tutmaq üçün təqibə başlamışdı. Jenya özünü polis əlinə verməmək üçün bütün vaxtını Bakı hərbi general-qubernatoru Əlixanovun evində keçirirdi. Əlixanovun ev xidmətçisi Serafima onu polis əlinə verməmək üçün öz yanında saxlayır və gizlədirdi. Lakin bu həyatı uzun müddət davam etdirmək mümkün olmayacaqdı, çünki Serafima yaxın günlərdə Əlixanovun evindən çıxıb evlərinə getməli idi.Buna görə də Jenya həm polisin təqibindən qurtarmaq, həm də ata-anasına kömək etmək üçün varlı bir evdə qulluğa girməyə çalışırdı.

13 min
Hacının evində ziyafət

1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı.Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi.

23 min
Zidd fikirlər məngənəsində

1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu.Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər.

28 min
Menşeviklərin yeni xəyanəti

Bu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.

7 min

Poems by other poets