Hacının evində ziyafət
Page 1 of 4
1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı.
Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi.
Lakin o, xanımın tapşırığına görə axşam saat beşdə evdə olmalı idi. Çünki Hacının evinə möhtərəm bir qonaq gələcəyi söhbəti hələ bir neçə gün bundan qabaq başlanmışdı. Buna görə də Jenya konfransın qərarları haqqında məlumatı axıra qədər dinləyə bilməyəcəyinə təəssüf edirdi.
Tiflisdən gəlmiş nümayəndə konfransın qərarlarına keçərək dedi:
– «Azlıq» adlananların partiya intizamına tabe olmaq istəmədiklərinə görə, II qurultaydan sonra, dərhal baş vermiş partiya böhranı, bütün qurultaydan sonrakı dövr ərzində Rusiya proletariatının mənafeyinə az-çox qənaətbəxş surətdə xidmət etmək imkanını partiyaya vermirdi. Mərkəzi idarələrimizin, partiyanı bu qədər çətin vəziyyətdən ancaq öz qüvvələri ilə çıxara biləcəklərinə ümid bağlamalarının yuxarıda qeyd edilmiş səbəblərə görə heç bir əsası yoxdur... Bunu edə biləcək bir vasitə varsa, o da, qurultay yolu ilə, partiyanın ancaq özüdür. Mərkəzlərin işi bacara bilməsi üçün lazım olan itirilmiş etimadı onlara ancaq partiya qurultayı qanunu yolu ilə qaytarmaq olar...
Saat beşin yarısı idi. Əsgər Jenyanın yanında oturmuşdu. Jenyanın qulağına pıçıldadı:
– Yoldaş Jenya, saat beşə az qalır. Sən dur get işinə. Pavluşanın sözünə baxma; girdiyin qulluqda çalış; bəlkə ora təşkilatımız üçün bir mənfəət də verə bildi. Dur get. Mən burada gedən söhbətlərin hamısı haqqında sənə məlumat verərəm.
Jenya qalxıb bayıra çıxanda, Pavluşa da onun dalınca getdi:
– Hara gedirsən?
Jenya dönüb onun yanına gəldi və yavaşcadan dedi:
– Mənim əzizim, gərək saat beşdə evdə olam, Hacının xanımı belə əmr etmişdir.
Pavluşa səsini qaldırdı:
– Yetər tənbəllik! Sən orada işə girəndən bəri partiya işindən tamamilə uzaqlaşmışsan.
– Mən heç vaxt partiya işindən uzaqlaşmamışam. Hərgah mənim milyonçu evində işə girməyimə görə bunu deyirsənsə, bu tamamilə yersizdir, çünki proletariatın hamısı kapitalistlərin, milyonçuların müəssisələrində çalışır. Proletariatın hələ öz müəssisəsi yoxdur.
Bu sözlər Pavluşanı qane etmədi. O, Jenyanın paltarını, ayaqqabısını və baş örtüyünü gözdən keçirib dedi:
– Sən gərək özünü bu şəkildən çıxarasan. İnqilabçı heç vaxt ipək paltar geyə bilməz! Qiymətli paltar səni proletar şəklindən çıxarıbdır.
Pavluşanın yersiz mühakimələri Jenyanı gülməyə məcbur etdi.
– Pavluşa! — dedi. — Gəl bu cür mənasız mühakimələrindən əl çək. Mən səni əmin edirəm ki, bu cür sözlər üçün sənə gülərlər. Proletar olmaq paltara, baş örtüyünə baxmır. Proletar sinfi duyğusu və sinfi iradəsi ilə ölçülür. Sən, Pavluşa, çılpaq olsan da, qiymətli paltar geysən də, proletarsan. Sən öz sinfinin içərisində böyümüsən, sən bu məktəbi uşaqlıqdan başlayaraq keçmisən. Səni öz sinfindən heç bir qüvvə ayıra bilməz. Sənin fəlsəfələrin çox yersizdir. Hətta həqiqi proletarların mühakiməsinə heç oxşamır. Sən aylardan bəri ac və xəstə yatan atamın da halını nəzərə almırsan. Ona heç olmazsa, gündə bir parça quru çörək pulu vermək lazım deyilmi? Kimdən kömək alaq? Üç aydır sənin özünə də iş vermirlər. Sən də atama kömək edə bilmirsən. Mənim öz vəziyyətimi də nəzərə almırsan. Mən hara gedərəm? Əlixanovun süfrəsinin artığını yemək üçün mətbəx pişiklərinə, həyət köpəklərinə qoşulub yaşamağamı? Halbuki, bu da mümkün olmadı, məni orada himayə edən qulluqçu qız da öz məmləkətlərinə köçdü.
Pavluşa, mənə qulaq as, əsəbiləşmə! Söylə, mən bu paltarı çıxarıb hansı paltarı geyməliyəm? Tutaq ki, mən özümə layiq paltar tapdım. O paltarla məni milyonçu evinə buraxarlarmı?
Pavluşa acıqlı dedi:
– Qoy buraxmasınlar! Mən işə girərəm, hamballıq edib Sergey Vasiliçi saxlaram.
Jenya:
– Mən onu istəmirəm, — dedi. — Mən özüm işləməliyəm. İndi işim də pis iş deyil, buradan təşkilata da böyük mənfəət vermək olar. İşlədiyim yer inqilabi təşkilatla əlaqədar olan bir yerdir.
Əsgər Jenyanın getdiyini, Pavluşanın da onun dalınca çıxdığını görən kimi bir ixtilaf çıxacağını zənn etdi, qalxıb bayıra çıxdı, onlara yanaşdı. Bu anda Pavluşa əlini Jenyanın əlindən çəkib dedi:
– Elə isə biz bir daha görüşməyəcəyik. Mən əqidəmi sevgiyə sata bilmərəm.
Jenya ağladı. Bu hal Əsgərə çox təsir etdi, Pavluşaya dedi:
– Axır günlər sən tamamilə dəyişmişsən. Sən vəziyyətlə əsla hesablaşmırsan. Səndə bir qəpik yox, məndə yox. Vasya isə, bizdən beşbetər. Məmməd də savadsız və ixtisassız bir adamdır. Ayrapetin özünə də kömək lazımdır, vərəm xəstəliyi var, çox da ki, öz qarnından və balalarının boğazından kəsib Sergey Vasiliçə az-çox kömək edir. Bu köməyi davam etdirməyə onun gücü çatacaqmı?
Sonra Jenyaya tərəf döndü:
– Get, bacım, get! Bunun sözünə baxma. Orada işlə və gözü açıq ol!
Jenya getdi. Əsgər Pavluşanı danlaya-danlaya iclasa qaytardı.
Jenya iclasdan qayıdıb evə gəldiyi vaxt xanım hələ yuxudan durmamışdı.
Bu gecə Hacının evində düzələcək ziyafət Qafqaz xalqlarının həyatında qanlı rol oynamaq üçün hazırlanmış sui-qəsdin əsasını qoyacaq idi.
Bu gecə birinci dəfə olaraq Bakı general-qubernatoru Nakaşidze Hacının evini ziyarət edəcək və daxiliyyə nazirinin göstərişlərini həyata keçirəcəkdi.
Ziyafətə çağırılan qonaqlar bir-bir, iki-iki gəlirdilər. Gələnlər — Bakı milyonçuları, Bakı neft sahibkarları, kiçik və böyük sənaye müəssisələri sahibləri, əcnəbi neft sahiblərinin nümayəndələri, Hacının arxası və dayağı olan Bakı qoluzorbaları və ziyalıları idilər. Qonaqlar ziyafət salonunda yox, əlvan şərablar və cürbəcür məzə düzülmüş bufetin qabağında gəzişir, Rim, Yunanıstan və Bordo konyakları içir, əllərindəki gümüş çənkəllərlə məzə qoyulan nimçələri qurdalayırdılar.
Hacı qonaqları süni bir sevinclə qarşıladı.
Qonaqların hamısı gəlmişdi. Çərkəzi geyimlilər, büzməli çuxalılar, dal ətəkləri yarıq sürtuklular, yaxası ağ düyməli jiletlilər, şlyapalılar, furajkalılar, qara mahud papaqlılar, filanlar, filanlar... bufetin qabağında idi. Gəlməyənlər — Bakı qubernatoru Nakaşidze ilə hərbi qubernator general Əlixanov idi.
Bayırda bir gurultu qopdu. Bu, Hacının evinin qabağındakı daş döşəmələrdə səslənən kazak atlarının dırnaqlarının səsi idi.
Hər kəs üst-başını düzəltdi.
Nakaşidze və general Əlixanov salona girdi. Əvvəlcə Hacı onların əlini sıxdı və sonra möhtərəm qonaqların şərəfinə verilən ziyafətdə iştirak edənləri təqdim etməyə başladı.
– Bu zat Ağa Musa Nağıyev cənablarıdır. Bəlkə bu möhtərəm simanı eşitmiş olasınız. Bu, şəhərimizin məşhur milyonçusu və öz ehsanları ilə tanınmış və imperatora olan sədaqəti ilə şöhrət qazanmış bir zatdır.
Bu da Şəmsi Əsədullayev cənablarıdır. Şəhərimizin birinci milyonçusudur. Yerlilər əlində olan Bakı neftinin böyük bir hissəsi bu cənaba məxsusdur.
Hacının Şəmsi Əsədullayevə birincilik qazandırması Musa Nağıyevin bu ziyafətdən aldığı nəşələri tamamilə dağıtdı. O, boynunun ardına qədər qızardı. Hacıya olan əvvəlki nifrəti bir qat daha artmış oldu.
Hacı qonaqları təqdim eləməkdə davam edərək deyirdi:
– Bu cənab, Əlimərdan bəy Topçibaşevdir. Şəhərimizin birinci ziyalılarındandır. Özü də iqtidarlı bir dava vəkilidir.
Bu cənab da bizim gənc mühəndislərimizdən və rus tərbiyəsi almış cənab Benbudovdur.
Bu da texniklər məktəbinin direktoru Mixaylovski cənablarıdır. İmperatorun həqiqi tərəfdarlarındandır.
Bu tərəfdə duran simalar da Bakıda olan əcnəbi neft sahiblərinin möhtərəm nümayəndələridir.
Qubernatorlara təqdim olunacaq çox qonaq qalmışdı, onları bir-bir təqdim eləmək möhtərəm qonağının vaxtını almaq və onu yormaq demək idi. Hacıda bu cəsarət yoxdu. Ona görə də təqdim olunmaq üçün özünü səhmana salan ağaları göstərərək dedi:
– Bu ağalar da, Bakının əyanları və nücəbasıdır; imperatorun həqiqi tərəfdarları, rus tərbiyəsi almış ziyalılardır.
Qubernator onların əlini sıxmaq və tanış olmaq əvəzinə bir kərə başı ilə salamladı. Məşhur Bakı qoçusu Hacı Aslan bundan razı qalmadı. Hacının onu qubernatora xüsusi bir şivə ilə təqdim etməməsi onun şərəfinə toxundu. Hacının özü də bunu hiss etdi, lakin Hacı Aslanı ayrıca olaraq təqdim etmək mümkün deyildi, çünki ziyafətdə Hacı Aslandan başqa bir neçə qoçu da var idi.
Hacı Aslan ətəklərini yığışdırıb özünü qubernatora təqdim etmək istədikdə, Hacı onu qarşılayıb qubernatora təqdim etdi:
– Şəhərimizin nücəbasından, nüfuzlu şəxsiyyətlərindən birisi olan Hacı Aslan cənablarıdır.
Hacı bu sözləri dedikdə hələ qubernator əlini uzatmadan Hacı Aslan hənalı əlini qubernatora uzatdı. Qubernator isə onun əllərindəki rəngə təəccüblə baxaraq Hacı Aslanın əlini sıxdı. Qonaqların hamısı öz içərisində dərin bir həyəcan keçirirdi; onlar Hacı Aslanın danışmasından və uyğunsuz bir söz buraxmasından qorxurdular, xüsusən Hacı Zeynalabdın özünü itirmiş və nə edəcəyini bilmirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-hacinin-evinde-ziyafet
Use ← → keys to move, R for a random poem
More by this author
(Altı pərdədən ibarət dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəCənubi Azərbaycan. Şimalda Araz çayı, cənubda qarlı dağlar, dumanlı təpələr. Araz çayından cənuba doğru uzanan yolun ortasında bir və ikimərtəbəli damlar görünür. Mülkədarın yaşadığı binanın qarşısı. Uzaqdan top və tüfəng atışmalarının səsi gəlir. Yük daşıyanlar bir-birinin yanına düzülüb keçir.*Mülkədarın silahlı adamları binanın ətrafında gəzişir.*
İkinci pərdəTəbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzişir. Kiçik meydanda dar ağacları hazırlanır. Alverçilərin səsi eşidilir.*Oyuncaq satan** — Ay yaxşı şax-şax, banlayan xoruz!..
Üçüncü pərdəSəttar xanın qərargahıdır. Stol üstündə Cənubi Azərbaycanın xəritəsi salınmışdır. Səttar xan həyəcanla evi dolanır.*Səttar xan** — Bizim evimizi yıxan iki şeydir: idarəsizlik və iradəsizlik. Qalib gəlmək üçün nə lazımdır? Sözdə, işdə, fikirdə birlik. Təəssüf ki, bu da bizim yoldaşlarımızda yoxdur.
Poems by other poets
Qanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Rubaiyat, 124رفت آن که سری پر از خمارش دارمچون جان دارم گهی که خوارش دارم