Zidd fikirlər məngənəsində
Page 1 of 4
1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu.
Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər.
Onlar Bakıda olduğu günlər partiyanın III qurultayını çağırmaq kampaniyasını qüvvətləndirməkdən, menşeviklərə qarşı, xüsusilə bu günlər Bakıda olan menşevik komitəsinin nümayəndəsi Qlebova (Noskova) qarşı mübarizəni genişləndirməkdən ötrü ciddi çalışırdılar. Onlar bütün Zaqafqaziyada olduğu kimi, Bakıda da daşnaklar, federalistlər, anarxistlər və başqaları ilə amansız mübarizəyə başlamışdılar. Anarxistlərə, federalistlərə və başqalarına qarşı bir sıra böyük mübahisələr keçirilirdi.
Pavluşa, Vasya, Əsgər, Məmməd və Ayrapet də dəmiryol özəyinə getmişdilər. Özəkdə III qurultaya hazırlanmaq, millətçi partiyalarla mübarizə aparmaq, menşevik nüfuzunun təsviyyə edilməsinə çalışmaq məsələsi qoyulmuşdu.
İclas qurtardı. Hamı bir yerdə iclasdan çıxdı. Soldat bazarının tinində Ayrapet dörd girvənkə çörək aldı və yoldaşlarına:
– Hamınız gedək bizə, – dedi. – Varvara balıq alıbdır, içini soğan və kişmişlə doldurubdur. Özünün də anadan olan günüdür. Sizi qonaq aparmağı mənə dönə-dönə tapşırıbdır.
Hamı getməyə razı oldu. Pavluşa getmək istəmədi:
– Sizdən çox xahiş edirəm, Varvara bacı məni soruşsa, deyərsiniz ki, mümkün edib gələ bilmədi.
Ayrapet soruşdu:
– Nə üçün?
Pavluşa:
– Mənim üçün belə bir gündə Varvara bacının yanına əli boş getmək ölümdən pisdir. Heç olmazsa adam bir dəstə gül almalı idi.
Nə qədər dedilərsə, Pavluşa razılıq vermədi, yoldaşlarından ayrıldı. Hara gedəcəyini bilmirdi. Telefonnı küçə ilə düşünə-düşünə gedirdi. Bütün fikirləri Jenya ilə, onunla keçirdiyi günləri xatırlamaqla məşğuldu. Neçə gündən bəri idi ki, Jenyanı görmək istəyirdi. On beş gün idi onunla görüşmürdü. Buna özü səbəb olmuşdu, çünki ona acıqlanıb «Daha görüşməyəcəyik» demişdi. Lakin indi qəlbinin arzusu ilə öz iradəsini qarşı-qarşıya qoyduğu zaman belə düşünürdü: «Dünyada milyon-milyon pavluşalar, jenyalar vardır. Onların içərisində bizim kimi sevişənlər və bir hadisə nəticəsi olaraq ayrılanlar olmamışmı? Mən nə üçün onunla bu qədər maraqlanıram? İndi o mənim üçün yad bir adam deyilmi? O mənim sözümə baxmadı, gedib milyonçu evinə girdi. Daha nə dostluq, nə sevgi?! Mən boş yerə onunla köhnə əlaqəni davam etdirmək istəyirəm. Mən bilirəm ki, o öz inqilabi ruhunu saxlaya bilməyəcəkdir – milyonçu evi onu zəhərləyəcəkdir. Hazırda onun xarici görünüşü dəyişdiyi kimi, tədricən düşüncə və əqidəsi də dəyişəcəkdir. Eybi yoxdur, mən də dəyişilərəm! İnsan nə qədər tez üns tutucu bir məxluq olsa da, o qədər də sürətlə unutmağı bacarandır. Mənim fikrimcə Jenyanın özü də belədir; məni sevirsə, bəs nə üçün həftələrlə məni aramır, öldüyüm və ya diri qaldığımla maraqlanmır? İndi o mənə tamamilə yad bir adamdır».
Pavluşa bu sözləri desə də, ürəyi buna razı deyildi. Onun addımları geriyə atılmaq istəsə də, qəlbi irəli atılmağa tələsirdi. Pavluşa bu cür fikirlərin təsiri altında Baryatinski və Qorçakovski küçələrinin tinində divara söykənib durmuşdu. Onun fikri, yuxu ilə ayıqlığın arasında olan bir aləmdə əl-ayaq çalıb üzürdü. Birdən qulağına belə bir səs gəldi: «Qəbul etmədilər!».
Pavluşa bu səsi birinci kərə Telefonnı küçədə eşitmişdi. Bu sözləri Jenya gimnaziyaya qəbul edilmədiyi və Pavluşa ilə tanış olduğu gün demişdi. Bu səs Pavluşanı ani bir surətdə keçmişlərə qaytardı. Sergey Vasiliçin evində yaşadığı və Jenya ilə keçirdiyi gözəl günlər yazılı bir kitabda oxuyur kimi xəyalında canlandı. Birinci kərə sevgisini elan etdiyi dəqiqələri, Jenyanın ondan utanıb qaçdığını, saçlarını bir-birinə qarışdırıb qoşa oturduqlarını, kitab oxuyub mübahisə açdıqlarını və başqa momentləri xatırladı. Kah da Jenyanın yalandan küsdüyünü, əllərini üzünə qoyub barmaqları arasından Pavluşaya baxıb güldüyünü, Jenyanın nümayişlərdə onu ölümdən qurtardığını, onun qorxmaz və iradəli bir qız olduğunu gözü önünə gətirir, ondan ayrıldığına təəssüf edirdi.
Pavluşanın fikri nazladıçı və nəşəverici bir aləmdə gəzdiyi, sevginin ilk xatirələri ilə qanadlanıb uçmaq istədiyi dəqiqədə bir səs daha eşitdi: «İtil buradan!».
Bu səs sanki Pavluşanın girmək istədiyi səadət qapısını birdən-birə qapadı. Onu yenə də əzici ümidsizlik xarabalarına doğru qaytardı. Birdən o, Hacı Zeynalabdın Tağıyevin bankının qarovulunu çəkmək üçün Qorçakovski küçədə gəzişən qorodovoyu qabağında gördü. O, bığlarını bura-bura bir daha:
– İtil buradan! – dedi. – Yoxsa!..
Pavluşa heç bir söz söyləmədən getdi. Lakin onun bütün varlığı getməsinə etiraz edirdi. Buna görə də o, qorodovoya görünməmək üçün tində durdu, gözlərini milyonçunun böyük şüşə pəncərələrinə dirədi.
Dəmir şəbəkəli və palıd ağacından qayrılmış qapıdan bir qız çıxdı. Bir az əvvəl ona «Rədd ol!» deyən qorodovoy qıza təzim etdi; qız başı ilə onun salamını aldı.
Qızın yerişi Jenyanın yerişinə bənzəsə də, paltarı bambaşqa idi. Pavluşanın qəlbi ona uyuşmurdu, onun qarşısına atılmaq istəmirdi. Jenyanı sevdiyi zaman o bu paltarda deyildi. Lakin yenə də onun ardınca getmək qərarına gəldi. Qaranlıqda, gedə-gedə düşünürdü: «O gəncdir. Onun burjuaziya lagerinə düşməsinin əsas səbəblərindən birisi də iqtisadi vəziyyətidir. İqtisadi vəziyyət həyatda həlledici bir rol oynamırmı? İnsanlar ictimai mühitin təsirində deyilmi?»
Pavluşa bu fikrin doğru olub-olmaması üzərində az düşünmədi. «Bəlkə də bu fikir doğru deyildir? Bolşevik olan hazırkı mühitdən asılı olmaq istəmir, o hazırkı ictimai mühiti dəyişməyə və burjua iqtisadi şəraitindən azad olmağa çalışır. Jenya iqtisadi vəziyyətin ağırlığı nəticəsində burjuaziya mühitinə tabe olmaq və hazırkı cəmiyyətlə barışmaq istəmişsə, daha mənimlə onun nə kimi əlaqəsi ola bilər? Burjuaziyanın tənbəlcəsinə yaşayışı, Jenyanın iliyinə qədər təsir eləmişdir. O, burjuaziya həyatının iyrənc incəliklərini öyrənmiş, nazik ipəklərə bürünmüş, ətirlər içərisində çimməyi sevmişdir».
Pavluşa, xışıltı ilə hərəkət edən, ipək don içərisində süzən qızın yerişinə baxdıqca qəlbi bir daha yaxın keçmişinə qayıtdı: «Vaxtilə bu qız hər gecə öz köynəyini, səhər təmiz geymək üçün axşamdan yuyub qurudurdu və ütüləyirdi; geymək üçün ikinci bir köynəyi də yox idi. Ayaqqabısının dağılmış yerlərini bəzən özü tikirdi. Çoxdan bəri baş örtüsü də yox idi; olanı yırtılmışdı, örtmək mümkün deyildi. Həmişə evdə otururdu, çünki gəzməyə çıxmaq üçün adi bir paltarı da yox idi. Gənc idi, aldatdılar. Burjuaziya çirkabının içinə düşən işçi qızların hamısı paltarın, zinətin və şux yaşamaq düşüncəsinin tələsinə düşür. Burjuaziya fahişəxanalarını dolduran, kapitalist saraylarındakı ziyafətlərin əyləncələri olan, sərxoşların piyalələrinə şərab tökərək bəzən onların şəhvətlərini söndürməyə məcbur edilən fəhlə və kəndli qızlarının hamısı əvvəlcə Jenya gedən yollar ilə getmişdir. Mənim də təqsirim böyükdür. Onu mənim sevgim də pozdu. Bundan sonra mən əqidə yoldaşımı sevməyəcəyəm. Mən onu sevmək və özümü sevdirmək üçün hər cür rolları oynadım; hətta şəhvətpərəst və köhnə adamlar kimi qısqandım da... Böyük təqsir mənimdir. Mən ona bir yoldaşa yanaşan kimi yox, gözəl bir qıza yanaşan kimi yanaşdım. Ona sevmək, qısqanmaq, kişiyə bir qız kimi yanaşmaq və onun ruhunu oxşamaq yollarını öyrətdim. İndi Jenya həmin yolu gedir, «Pavluşa olmasın, başqa bir kişi olsun, fərqi nədir?» deyir. Mən əminəm ki, Jenya polis, jandarm ilə mübarizə edə bilər. Lakin şəhvətpərəst bir kişinin, Bakıda olan zəngin kişilərin yağlı vədləri və dadlı dilləri ilə mübarizə aparmağı bacarmaz, çünki bəzən qızların öz gənclik tələbləri də şəhvətpərəst kişilərin çirkin tələblərinə müsaidə göstərə bilər».
Jenya gedirdi. Pavluşa da düşünə-düşünə onun ardınca irəliləyirdi. Jenyanın paltarı yaz küləyilə nazlanan bahar yarpağı kimi xışıldayır, fənər yanından keçəndə qara ipək donu qara göz kimi parlayırdı. Şlyapasının üstündəki daşlar qara bulud içərisində görünən ulduz kimi titrəyirdi.
Pavluşa diqqətlə bir ona, bir də özünə baxdı, özünü tənqid etməyə və təhmətləndirməyə başladı: «Yox, yox! Mən ona layiq deyiləm! Əvvəlcə layiq olsaydım da, indi aramızda böyük bir fərq vardır, indi o mənim kimi üstü-başı çirkli bir adama qoşulmaqdan utanmazmı? Mənim ona keçmişdə bir yaxşılıq göstərə bilməməyim də, onun məndən qaçmasına səbəb olacaqdır».
Pavluşa bir-birinə zidd fikirlər içərisindən çıxa bilmirdi. O, hələ sevgilisinin paltar və dövlətlə hesablaşmadığını bilmirdi. O, qadın ruhunun nə qədər sadə, nə qədər incə olduğunu təyin etməyi bacarmırdı. O, sevgi həyatında gözəlliklə zənginliyin çox dəyərsiz bir şey olduğunu anlamırdı. O bilmirdi ki, qadın, başqaları tərəfindən hiss edilə bilməyən ən incə, ən kiçik bir xüsusiyyət üçün kişini sevə bilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-zidd-fikirler-mengenesinde
Use ← → keys to move, R for a random poem
More by this author
Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.
Böyük quruluşda(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəSəhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.
İkinci pərdəQoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.
Poems by other poets
Oktay Kazımov bəstələmişdir*Kaş yenə mən deyən illər olaydı,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvanSizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.