Page 2 of 4 · 25%

Pavluşa bu ağır düşüncələr içərisində əzilərkən Jenya Yujinin mənzilinə girdi. Pavluşa indi başqa cür düşünməyə başladı: «Bunun məsələsini özəkdə qoymaq lazımdır. O bizim sirlərimizi Yujin yoldaşdan alıb milyonçulara da verə bilər. Gərək Yujin yoldaş bunu qəbul etməsin. Yox, yox! İndi onu gözləməyin mənası yoxdur. Qayıtmalı. Bir daha ona qoşulmaq mənim özüm üçün də ləkədir».

Pavluşa qayıtdı, lakin onun ürəyi sanki kürəkləri arasından çıxıb geriyə baxır və Jenyanı gözləyirdi. O, Jenyanı izlədiyi yolla geri qayıdırdı. Özünü hiss etmədən və addımlarını hara qoyduğunu bilmədən gedirdi. Birdən sərt bir səs eşitdi:

– Rədd ol buradan, heyvan! Yoxsa bu saat sənin qol-qabırğanı sındıraram!

Pavluşa düşüncələrindən ayrıldı, dayandı, yenə də özünü Qorçakovski küçədə gəzən qorodovoyun qabağında gördü. Geri qayıtdı. Staro-Poliseyski küçə ilə Parapetə getmək istəyirdi ki, çiyninə bir əl qoyulduğunu hiss etdi. Bütün bədəni titrədi, bu əldən bir istilik duydu. O, istilik illər, aylar, həftələr tarixini bir anda xəyalında canlandırdı. Dönüb geriyə baxdı. Yanında Jenyanı gördü.

Jenya:

– Gəl, yoldaş, – dedi, – gəl! Hara getsəm dalımca gəl!

Pavluşa düşünmədən, kipnoza tutulmuş adamlar kimi bilmədiyi tərəfə gedirdi. İpək donun incə xışıltısını dinləyə-dinləyə irəliləyirdi. Duyduğu ətir iyi damarlarında uyumuş sevgi hisslərini oyandırırdı.

Pavluşa öz-özünə dedi: «Mən bu qızla barışa bilsəydim, istədiyim həyatı qurmağı bacarsaydım, onu əvvəlki yolda saxlasaydım, o, əvvəlki kimi bir inqilabçı olsaydı, mən nə qədər xoşbəxt olardım! Onda bütün Bakı mənə həsəd aparardı. Məni barmaqla göstərərdilər. – Dərindən bir ah çəkdi. – Ah, bu qız nə qədər sehirkar bir qız imiş!»

Jenya, Bayıl yoxuşu başlanğıcında yolu dəyişdi, dəniz qırağına sarı irəlilədi. Bir az getdikdən sonra kiçik bir təpənin üstündə oturdu və Pavluşaya dedi:

– Gəl otur, yoldaş!

Pavluşa onun yanında oturdu.

Danışmırdılar. Yan-yörələrinə, qabaqlarındakı dənizə baxırdılar. Hər ləpədə bir ulduzun göz bəbəyi parlayırdı; hər dalğanın qəlbində bir şəfəqin məhəbbəti çırpınırdı. Ayın sakit işığı Bayıl təpələrini işıqlandırırdı; Jenya ilə Pavluşanın kölgələri ləpələrlə oynayırdı. Qaraşəhərin bacalarından çıxan tüstülərin dənizə əks edən kölgələri, dəmir şəbəkəli pəncərələrin dalında duran, çar üsuli-idarəsinə kin bəsləyən Bakı əməkçilərinin baxışlarını andırırdı. Gəmilərin yelkənləri sönməkdə olan şam şöləsi kimi sola-sağa əyilərkən, Jenyanın başı da Pavluşanın çiyninə düşdü. Jenyanın gözü ayın üzündəki ləkəyə sataşdı, dərindən ah çəkdi:

– Ayın da üzü ləkəlidir, – dedi. – Hər şeydə bir ləkə vardır. Bizim apardığımız mübarizə, həyatımızın həqiqiliyini pozan, onun ahəngini dəyişən ləkələri təmizləmək üçündür. Bu günkü mənzərəni tamaşa etmək insana həyatdakı yorğunluğu unutdurur. Məndə bir ruh yüksəkliyi doğur, sanki bütün varlıq mənə öz mübarizəmdə qalib gəlmək imkanı yaradır. Pavluşa, yaxşı bax! Dənizin qəlbi də mübarizin qəlbi kimi həyəcanlı və çırpıntılıdır. Mənə elə gəlir ki, fəzanın geniş pəncərəsindən baxan milyonlarla ulduzlar gözlərini mənə dikmiş, mənim qələbə yollarımı işıqlandırmaq istəyir. Pavluşa, sən görürsən ki, hər şeydə bir şüur, hər görünüşdə bir duyğu hiss edilir. Mən bunların hamısını sevirəm, bütün bu hərəkətlər məni nəşələndirir, ancaq məni düşündürən bir şey varsa, o da yelkənlərdir, çünki onların ixtiyarı küləklər əlindədir. Onlar öz taleyinin, öz müqəddəratının idarəçisi deyildir. Onlar küləklərin əmrini yerinə yetirmək məcburiyyətindədir. Lakin mən belə deyiləm. Mənim ixtiyarım öz əlimdədir. Bizim mübarizəmiz də bu sahədə gedir, biz burjuaziyadan asılı olmamaq, insan kimi yaşamaq uğrunda mübarizə aparırıq. Sən Pavluşa da belə olmalısan! İnsan öz həyatında yelkənə bənzəməməlidir, iradəsi olmalıdır.

Pavluşa Jenyanın sarı saçlarına, gözəl üzünə, parlaq gözlərinə baxıb soruşdu:

– Bununla nə demək istəyirsən?

– Sən inqilabçısan. Vasya da inqilabçıdır. Yaxşı olardı ki, sən özünü onun iradəsi ilə deyil, Bakı komitəsinin intizamı ilə, daha açığı, öz partiyaçı şüurunla idarə edəydin. Mən bir neçə dəfə sənin Vasyanın təsiri altına düşdüyünü görmüşəm. Doğrusu, mənim səninlə olan ixtilafımın səbəbi də budur.

Pavluşa papirosuna dərin bir qullab vurub yerə atdı; burun deşiklərindən çıxan tüstü ilə Jenyanı rahatsız etməmək üçün üzünü yana çevirdi. Jenya bunu bir nifrət nümayişi kimi hiss edərək başını Pavluşanın çiynindən çəkdi, acıqlı-acıqlı ona baxdı:

– Mən özümün bu qədər mənfur bir qız olduğumu bilmirdim, – dedi. – Sən tamamilə dəyişmisən, mənə başqa cür baxırsan.

Pavluşa özünü itirdi. Udqundu, nə deyəcəyini, Jenyanın hiddətini nə ilə sakit edəcəyini bilmədi. Jenya sözünə davam edərək dedi:

– Nədənsə səndə son vaxtlar pis fikirlər olur. Sən həmişə insanın pis tərəflərini görməyə çalışırsan. Hətta bir çox adamlar kimi sən də insanların yaxşı tərəfini görməyə qabil deyilsən. Tənqid edənlərlə buyuranlar heç yorulmaz. Sən yazılarını öz həyatından alan, ilhamını öz əxlaqından götürən bir yazıçıya bənzəyirsən. Bir çox tənqidçi yazıçılar vardır ki, yazdığı parçaları öz həyat dəftərindən köçürür. Lakin sən onu bilməlisən ki, insanın verdiyi tiplərdə yalnız mənfi cəhətləri göstərməsi, sağlam və müsbət tərəfləri görə bilməməsi, onun tam mənası ilə yarımçıq yazıçı olduğunu isbat edər.

Pavluşa:

– Jenya, sən nə danışırsan?! – dedi. – Mən sənə papiros tüstüsü verməmək üçün üzümü çevirdim. Lakin sən məni öz daxili düşüncələrinlə ölçdün. Sən onu bilməlisən ki, hər şeyi bir ölçü ilə ölçmək insanın intixab şüurundan məhrum olması deməkdir. Mən əvvəllər də sənin kişilər haqqındakı fikirlərinə razı deyildim. Sən həmişə kişiləri müvəqqəti, sevgisində yalançı, qadınlara yalnız qadın olduqları üçün yanaşan, ailə həyatına yabançı, sevgi ilə heyvani duyğulara fərq qoya bilməyən bir ünsür kimi hesab edirsən.

Jenya təəssüfedici bir halda dedi:

– Mən sənin cavabını vermək, məni kişilər haqqındakı mənfi fikirlərlə təhmətləndirmək istədiklərini rədd etmək istəmirəm. Elə olursa, onda bu təpənin üstündə günlərlə oturmağımız lazım gələr. Mən özümü o cür təhmətlərdən tamamilə uzaqda görürəm. Bunu da deməliyəm ki, biz bu uzun müddətdə tapmaca və müəmma şəklindən çıxa bilmədik. İndi bizim ikimiz də fantastik roman tipləri kimi oxucular üçün şübhəli və anlaşılmaz tiplər şəklində qalmışıq.

Jenya bu sözlərlə Pavluşanın dərdlərinin qapısını açdı. Pavluşa həyəcanlı bir səslə dedi:

– Mən də neçə ildən bəri səni öyrənə bilmədim. Məndən inciməmə, Jenya, sən mənim üçün oxunmaz bir kitab oldun. Səni oxumaq işində sanki mən tamamilə savadsızam. Səni düşünmək olduqca yorucudur. Sən həmişə özün arzuladığın kimi həyatı davam etdirmək istəyirsən, öz dediyin sözləri həyata keçirməyə çalışırsan. Mən səni heç vaxt şüursuz və həyatda yabançı qadınlar çərçivəsində qoymaq istəmirəm, lakin sən bir çox hərəkətinlə özünü o kimi qadınlara bənzədirsən.

Sənin bütün hərəkətlərin, oturuş-durushun, məni özündən rədd etmək üçün başlanan bir oyunun zəmanəsidir. Bunu açıq söyləmək və dostcasına rəftar etmək daha gözəl olardı. Sən bunu birkərəlik deməlisən. Sözü gizlətmək və «rədd ol» sözünü dildə deyil, hərəkətdə ifadə etmək mənim yuxarıda söylədiyim qadınların xasiyyətidir. Mən ki sənə heç vaxt mane olmadım, lakin indi...

Pavluşa sözünü bitirmədi. Utandımı? İxtilaf çıxacağından qorxdumu? Bunu təyin etmək çətindi.

Heç birisi danışmırdı. Bu hal bir neçə dəqiqə davam etdi. Onlar Bakı limanının içərisində üzən gəmiləri, yelkənləri, elektrik lampalarını və sairələrini seyr etməyə başladılar.

Şimal küləyi tez-tez Jenyanın saçlarını qaldırıb Pavluşanın üzünə tökürdü. Qarşıdan keçən barkasın trubası boz saçlarını dalısına tökərək şimala doğru üzürdü.

Balıq beli kimi titrəyən ləpələr yavaş-yavaş qabarır, ay işığı altında qızıl balıq pərəkləri kimi parlayırdı.

Bayıl dağında dustaqxana qarovulunu çəkən soldatın əlindəki süngünün kölgəsi sanki dalğaların incə qəlbini deşməyə tələsirdi. Ayın işığı ilə mübarizə edə bilməyən dəniz fənəri sönməkdə olan məşəlin sarı işığı kimi görünür, yenə də dalğaların arxasında itirdi. Sahil daşlarına toxunub səslənən dalğalar kazakların qamçı səslərini, kənara sıçrayan minlərlə damlalar isə minlərlə dul qadının göz yaşlarını xatırladırdı.

Pavluşa uzun sükutdan sonra danışdı:

– Jenya, biz dəfələrlə bir-birimizdən küsdük, bir-birimizi qısqandıq, bir-birimizi həftələrlə, aylarla görmədik. Bir-birimizin ayaq qoyduğumuz yeri qılınçladıq, axırda yenə də barışdıq. Bu təbii bir haldır. Müvəqqəti bir hadisədən doğan hər bir ixtilaf uzun müddət davam edə bilməzdi. Lakin bu günkü ixtilaf tamamilə başqadır. Bu ixtilaf, nə müvəqqəti bir hadisədən, nə şəxsi məsələdən, nə də sevgidən doğmuş bir ixtilafdır. Bu, əqidə və məfkurə məsələsindən doğan ixtilafdır. Bu ixtilaf bizi müvəqqəti deyil, həmişəlik ayıra bilər. Sən burjuaziya lagerində möhkəmlənirsən, buna görə də bizimlə olan əlaqən zəifləşir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XLV

Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.

1 min
Böyük quruluşda

(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər

1 min
Birinci pərdə

Səhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.

7 min
İkinci pərdə

Qoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.

15 min

Poems by other poets