Page 2 of 4 · 25%

Hacı Aslanın qaşları ilə gözləri birləşib dodaqları titrəşirkən və başını xoruz kimi o tərəf-bu tərəfə çevirirkən, qonaqların qəlbi çırpınmağa başlamışdı.

Hacı Aslan danışdı:

– Sağlıq olsa, cənab qubernator sonra biləcəkdir ki, bu oğlan necə oğlandır! Mən olmasam buradakıları fəhlələr cücə kimi yeyərlər. Nə qədər ki, mən ölməmişəm, bunların gözünə də püfləyən olmaz! Bu saatda qubernator cənabları kimi, buyurarsa, deyərəm bir gecənin içində motalını dünyadan bayıra atarlar.

Hacı Aslan bu sözləri deyəndən sonra üzünü Əlimərdan bəyə tutub dedi:

– Niyə gözünü döyürsən? Dediklərimi ağaya tərcümə etsənə!..

Əlimərdan bəy sözə başlamamış general Əlixanov Avarski:

– Mən cənabınızı anlayıram! — dedi. — Sözlərinizi cənab qubernatora tərcümə edərəm! Buna razı olursunuzmu?

Hacı Aslan Əlixanovdan bu sözü eşitcək Bəşir bəyə:

– Ada Bəşir, ağa müsəlman imiş ki, — deyə Əlixanova tərəf irəlilədi və onun da əlini sıxdı. — Hacı Aslan sənin nökərindir! Bu saat buyurun ki, Hacı Aslan, ölməlisən — ölməsəm kişi deyiləm!

Əlixanov bütün bu danışıqları qubernator Nakaşidzeyə tərcümə etdi, qubernator isə Hacı Aslanın əlini ikinci kərə sıxaraq:

– Ümid edirəm ki, bizim dostluğumuz möhkəm və faydalı bir dostluq olacaqdır, — dedi və Hacı Zeynalabdına tərəf döndü: — Məni Hacı Aslan cənabları ilə tanış etdiyinizə qarşı təşəkkür edirəm.

Hacı qabaqda, dalınca qubernator Nakaşidze, Məsud bəy Avarski (Əlixanov) və bunların da dalınca birinci, ikinci və üçüncü dərəcəli qonaqlar Hacının xüsusi salonuna keçdilər. Burada Hacının xanımı ilə tanış olacaqdılar.

Xanımı bir necə dəqiqə durub gözləmək məcburiyyətində qaldılar. Xanım gündüz yuxusundan vaxtından əvvəl qalxmadığı və adətini pozmadığı üçün bəzəyini, tualetini hələ qurtarmamışdı. Bir də məclisə tez gəlmək və intizarda duran qonaqlara təqdim olunmaq üçün bəzək otağından vaxtından əvvəl çıxmaq xanımın adəti deyildi. O, həmişə qonaqların intizarda durmasını sevirdi.

General-qubernator və Əlixanov xanıma vermək üçün gətirdikləri gül dəstələrini əllərində saxlamaqdan yoruldular, gül dəstələrini kah sağ, kah da sol əllərində tuturdular.

Xanımın salona çıxan qapısı açıldı. Xanım, on səkkiz nəfər qadın və qız qulluqçuları arasında salona girdi. Qulluqçuların hamısı bir rəngdə, bir modada və bir qiymətdə paltar geymişdi. Qara ipək donlu qulluqçular içərisində gələn xanım tünd qırmızı ipək üzərində tikilən ulduzlu paltarda parlaya-parlaya generallara yaxınlaşdı. Generallar onun əlini öpüb gül dəstələrini təqdim etdilər. Xanım gülləri yanında duran qulluqçu qıza verdi; qızlar yerindən hərəkət etmədən dəstələri bir-birinə ötürdülər, axırıncısı da onu qapıda duran qulluqçuya verdi.

Hamı xanımın əlini öpdü. Növbət Hacı Aslana yetişdi. Hacı Aslan onun əlini sıxmaq istəyəndə:

– Hacı Aslan millətimizin anasının qulluğunda hazırdır! Nə qulluğun olsa, nökərinə buyura bilərsən! — dedi.

Xanım Hacı Aslanı birinci dəfə deyil, bir neçə dəfə görmüşdü; buna görə də onun «siz» yerinə «sən» deməsindən heç də incimədi.

Xanım öz müəllimi Mixaylovskinin əlini sıxdıqda, müəllim də onun saçlarını öpdü.

«Əziz» qonaqlar süfrəyə əyləşmək üçün başqa bir salona keçdilər. Hər kəsin oturacağı stolun bir nömrəsi də yemək stolu üzərindəki şərab piyaləsinin içinə qoyulmuş vərəqədə göstərilmişdi. Adları şərab piyaləsindəki vərəqədə yazılmayanlar «əziz» qonaqlarla bir süfrədə oturmaq səadətinə nail olmadılar.

Süfrədə ancaq birinci dərəcəli qonaqlar əyləşdi, başqaları üçün ayrı bir otaqda süfrə açılmışdı.

Yemək başlanırkən xanım, qızların getməsinə icazə verdi. Bir boyda, bir geyimdə olan ev qulluqçuları başqa qapıdan çıxıb getdilər.


Qonaqlar süfrədən qalxdılar. Qubernator, general Əlixanov, Əlimərdan bəy, yerli neft sahibləri və xarici neft kompaniyalarının nümayəndələri başqa bir otağa, qalan qonaqlar isə çay içmək üçün yenə də ayrı bir otağa keçdilər.

Likör və qəhvə içilirdi. Generallara və neft ağalarına qəhvə, likör gətirənlər xanımın gənc qulluqçu qızları idilər. Qızların hər birisi bir ağaya qulluq etməyə təyin edilmişdi.

Jenya, hamıdan kənarda, kiçik bir stolun yanında oturan Mixaylovskiyə qulluq edirdi. Nədənsə, Mixaylovski general Nakaşidzenin təkrar təklifinə baxmayaraq, yenə də kənarda oturmuşdu.

Birinci sözə Hacı başladı. Əlimərdan bəy tərcümə edirdi:

– Bu tətil ki var, özü çox böyük bədbəxtlikdir. Bu, biz və başqaları üçün bədbəxtlik olduğu kimi, fəhlələrin özləri üçün də bədbəxtlik gətirir. Mən burada and içib deyirəm ki, fəhlələrin yoxsulluğuna, fəqirliyinə, dilənçiliyinə səbəb — bu vəhrimar olmuş tətildir. Hərgah belə deyildir, qoy burada olan ağalar desinlər ki, belə deyil. Sizə bir misal deyəcəyəm. 1903-cü ildə iyul ayı tətillərində əlli mindən artıq fəhlə tətil etmişdi. Bunlar həftələrlə işsiz qaldılar. Bu gör nə qədər puldur?! Bunların hamısı fəhlələrin cibindən getdi. Mən həmişə çalışırdım ki, mənim fəhlələrim tətilə qoşulmasınlar, başlarını aşağı salıb adam balası kimi işləsinlər. Mən buna müvəffəq olmuşdum. Buna görə mən çalışıb iranlıları işə götürürdüm, çünki bunların başı haramzada işlərdə işləyə bilmirdi; onlar sosialistləri, bolşevikləri tanımırdılar. Tətildə iştirak etmirdilər; hətta bir neçə dəfə tətilçilərlə döyüşdülər də. Ancaq bolşeviklərin sosial-demokratlardan ayrılması və müsəlman fəhlələrinin iradəsinə işləməsi, mənim fabrikimdə işləyənlərin əxlaqını lap pozdu. Bu günkü tətildə mənim həmin anlaqsız fəhlələrim hamıdan qabağa düşdülər, dəzgahları bir saatda dayandırdılar. Bizə verilən tələblərdə heç bir iqtisadi rəng yoxdur, fəhlələrin danışıqları siyasi sözlərdir. Elə sözlərdir ki, mən cənab generalın yanında deməyə cəsarət etmirəm. Buna görə də gərək cənab qubernator və cənab Əlixanov Bakıya ciddi bir surətdə diqqət versinlər. Bakıda hərbi qüvvə azdır. Fəhlələr əldə silah nümayişə çıxırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, fəhlələr hökuməti bir şey saymırlar, imperatorun məmləkətində şuluqluq salmaqdan qorxmurlar. Belə olan surətdə bizim nəinki malımız, hətta canımız da təhlükə altında qalır, adam börkünü başında saxlamağı bacarmır. Siz bir yaxşı düşününüz, cənab qubernator! Nümayişdə qubernator müavininin başını vurub yaranda, mənim başım nədir ki, onu dünəndən vurub yararlar. Hələ atalarına rəhmət olsun ki, bizim canımıza qəsd eləməyiblər. Vurub öldürsələr, kim qabaqlarını alacaqdır?

Cənab qubernatora cəsarət edib sual verirəm: o qız ki, qubernator köməkçisinin başını vurub yarmışdı, ona nə cəza verildi və onu niyə tutmadılar? O ki bir bismillah olub göyə çəkilmədi?

Hacı bu sözləri deyərkən Jenya Mixaylovskinin qabağındakı boş qəhvə fincanını götürüb gedirdi.

Qubernator Hacının sözlərini tamamilə təsdiq etdi, qubernator köməkçisinin başını yaran qızın Bakıdan qaçırıldığını söylədi.

General Əlixanov çallaşmış yoğun bığlarını barmaqları ilə səhmana salaraq danışdı:

– Diqqətlə eşitdim. Onların hamısı doğrudur. Mən özüm Bakıya təyin olunduğum gündən Hacı buyurduqlarının hamısını təyin etmişəm. Mən öz vaxtında, soldatlar arasına proklamasiya dağıdılması, Bakı qarnizonu arasına inqilab mikroblarının girməsi, kazakların içərisinə zərərli vərəqələr paylanması məsələsini hələ 1903-cü ilin iyun tətilləri zamanı Zaqafqaziya hərbi dairəsinin hərbi qüvvələri komandanı adına göndərdiyim raportumda təfsilən göstərmişəm. Mən yenə də burada təkrar deyirəm: Bakı – bolşevik təşkilatının yuvasıdır. Burada Ladoları tutmaqla, Ladonu güllələməklə məsələ qurtarmadı. Hazırda Leninin və başqa başçıların bütün diqqəti və siyasi hərəkatı Bakıda mərkəzləşmişdir. Gizli mətbəə yenə də proklamasiya və «İskra» qəzetini nəşr eləməkdədir.

Bizim bolşevik dediyimiz adamlar, o qədər sadə və avam adamlar deyildir. Hələ üç ildən bəri Bakıda davam edən gizli mətbəəni aşkara çıxaran olmamışdır. Biz bütün sınanmış qüvvələrimizi Bakıya gətirdik. Lavrovları, Rüniçləri ancaq gizli mətbəəni aşkara çıxarmaq işinə təyin etdik, yenə də bir nəticə əldə edilmədi, çünki burada oturan ağalar bolşevik məsələsini yalnız hökumətə aid bir məsələ hesab edirlər, halbuki, bolşevik akitasiyasının məhv edilməsi məsələsi, burada oturan ağaların şəxsi mənfəətinə aid bir məsələdir.

Bolşevik mətbəəsini tapmaq, bolşeviklərin gizləndikləri yerləri göstərmək və bu kimi sair işlər tamamilə burada oturan ağaların şəxsi vəzifələridir, İndiyə qədər ağalar bu barədə hökumətə heç bir kömək etməmişlər, hökumətlə əlbir işləməmişlər; bunda biz də təqsirliyik, çünki rəhbərlik etməmişik.

Əlixanovun bu sözündə Hacının bütün qonaqları bir ağızdan dedilər:

– Biz cənab generalın dediklərinə şərik oluruq. Biz bu barədə işləyəcəyik, hökumətə kömək göstərəcəyik.

General Əlixanov sözünə davam etdi:

– Hazırda Bakıda mədən və fəhlə dairələri genişlənir. Şəhərdə çox şübhəli yığıncaq yerləri vardır. Burada əlli üç minə qədər müxtəlif yerlərdən gəlmiş fəhlələr, ustalar, sənətkarlar vardır. Bunların arasında müəyyən bir işi olmayan adamlar da çoxdur.

Kanikula gəlmiş ali məktəb tələbələri, iki yüz iyirmi nəfərə qədər polis nəzarəti altında olan qırmızılar, bir çox şübhəli almanlar və ziyalı yəhudilər vardır. Mən bunların hamısını Qafqaz hərbi dairəsi komandanına bildirdim və Bakı kimi böyük bir şəhərin az qoşun və az polis qüvvəsi ilə idarə oluna bilməyəcəyini yazdım. Özünüz deyin: burada iki yüz nəfər polis nə iş görə bilərdi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets