Page 2 of 2 · 50%

Bu söhbətlərdə mülkiyyə məmuru Eynəddin bəy bir ah çəkərək dedi:

– Bizim bəlamız daha böyükdür! Bizim üsuli-idarəmiz heç olmazsa Abbasilərin üsuli-idarəsi kimi əhalini razı salmış olsaydı, bu tezlikdə inqiraz etməzdik.

Onlar əhalinin qismən heç olmazsa, öz ehsanları ilə razı salaraq yaşamağı bacarırdılar. Biz isə bunu da bacarmadıq. Əhaliyə heç bir şey verə bilmədik. Onlara yeni mədəniyyətdən nümunələr göstərməyi bacarmadıq, çünki o mədəniyyət özümüzdə də yox idi. Biz ildə üç kərə məhsul verən İraq torpağı ilə kəndlilər və şəhərliləri tox yaşatmağı da bacarmadıq.

Bizim bu fəlakətimizə səbəb olan cəhətlərin birisi də, osmanlı imperatorluğunun hər tərəfində olduğu kimi İraqda da yerlilərlə türklərin vəhdətini yarada bilməməsidir. Qalib türklər bu günkü ricətə qədər özünü hakim və ağa kimi apardı. Hazırda bizi, nə ingilislər, nə də ruslar qovur, bizi yüz illərdən bəri etdiyimiz zülmlərin nəticəsi olaraq yerli xalqın ürəyində toplanmış nifrətlər və kinlər qovmaqdadır. Biz alim və sənətkarlara qiymət qoya bilmədiyimizdən Abbasilər dövrünün tənbəllərindən çox geridəyik. Onlar bütün dünyanın alimlərini, siyasi adamlarını, şair və sənətkarlarını Bağdada topladığı halda, biz məmləkətimizin fəxri olan Midhət paşa kimi adamların başını Tayif həbsxanasında kəsib Sultan Əbdülhəmidlərə göndərirdik.

Həmin uzunqulaq, at, dəvə tövləsinə yaxşı tamaşa edin! Siz bu böyük, fəqət eyni zamanda tövləyə çevrilmiş bu həqir binanın tarixini öyrənirkən Abbasilərlə biz osmanlıların nə qədər fərqli olduğunu görəcəksiniz.

Bu bina Müstənsirbillah zamanında düzələn məşhur Bağdad universitetidir. Vaxtilə burada ərəb dünyasının ən məşhur alimləri toplanmış, təlim və tərbiyə etdikləri minlərcə alimləri dünyaya buraxmışdı, təəssüf olsun ki, bu universitet bizim vaxtımızda tövləyə çevrilmişdir. Osmanlılar hazırda öz at, qatır, dəvə və uzunqulaqlarını buradan eşiyə çıxarıb qaçır. Bizi düşmən deyil, öz üsuli-idarəmiz qovur. Bu ricətin qarşısını ala biləcək bir vasitə varsa, o da üsuli-idarə ilə mübarizə aparmaq və ona qalib gəlməkdən ibarətdir.

Daha danışan yox idi. Arabadakıların gözləri sağda və soldakı binalara dikilmişdi. Xüsusən Leyla xanım gözlərini Bağdad saraylarından ayıra bilmirdi. «Qəsruz-zəhəb», «Qəsrul-xəzra», «Darul-qərar», «Həmid-İbni-Əbdülhəmid», «Babussəir», «Cəfər», «Tac Firdovs», «İsa», İbnülxətib», «Mötəsim», «Babut-taq», «Mehdi» və «Xuld» sarayları Leylanın nəzərindən keçdikcə ah çəkir, düşünür, lakin bu fəlakətlərin səbəbini təyin edə bilmirdi.

Leylanın arabası saray bağçalıqları içərisindən keçərkən Şəmasiyanın məhəlləsinin qumlu və tikanlı çöllərinə girən zaman, Leyla özünü saxlaya bilməyərək hönkür-hönkür ağlayırdı. Bundan Leylanın anası Səfiyyə və Eynəddin bəy də təsirləndi; onlar da ağladılar.

Mənsur, Müseyib, Kerx, Rəsafə məscidləri minarələrində hər günkü kimi azançılar səslənərək camaatı məscidə çağırırdı. Lakin məscidlərə gələn yox idi. Çünki əhalinin bir qismi qaçır, başqa bir qismi də ingilisləri qarşılamaq üçün ziyafət hazırlayırdı. Çoxu da qorxusundan qapıları bağlayaraq kaşı döşənmiş zirzəmilərdə gizlənmişdir.

Eşikdə çox az adam görünürdü, çünki osmanlılar şəhərdən çəkildikdən sonra əhali «Şam qapısı» həbsxanalarını açıb məhbusları şəhərə buraxmışdı.

Azançı təkbir səslədiyi zaman, qaçqınlar karvanı Rəşidin hərəmi Zübeydənin kaşı məqbərəsi yanından keçərək başqa küçədən axıb gələn qaçqınlara qoşulmuşdu.

Bağdadın kənarından—«Bəsrə qapısı», «Kufə qapısı», «Şam qapısı» və sair tərəflərdən gələn qaçqınlar bir mərkəzə yığılır və «Samiriyyə» yolu ilə məchul bir gələcəyə doğru gedirdi.

Əbu Hənifə və Şeyx Əbdülqadir məscidində çəkilən azan səsi, son təkbiri dediyi zaman, qoca müharrir açıqlanaraq siqarını əzib yerə tulladı. Bağdad minarələrindən gələn səslər, sanki minlərcə qaçqınlara dua oxuyur və onları «göylərin mərhəmətinə» tapşıraraq yola salırdı.

Leyla arabadan qalxıb bir daha şəhərə baxdı və dedi:

– Odur! O görünən hökumət saraylarıdır! Oralar boşaldıldımı?

Leyla baxır, düşünür, köynəyinin qolu ilə gözlərini tutaraq ağlamasını gizləyirdi.

Azan səsləri bitmək üzrə idi. Lakin bu səslərə etina edən yox idi, xalq məscidlərdən nicat gözləmirdi. Çünki məscid, həmişə camaatı aldatmışdı, kimsəyə nicat verməmişdi. Buna görə də qaçqınlar nicatı ancaq nəqliyyat vasitəsində və qaçıb qurtarmaqda görürdülər.

Onlar yalnız ruslar və ingilislərdən deyil, yerlilərdən də qorxurdular. Çünki bir neçə gündən bəri yerlilərin qaçqınlara hücum edəcəyi haqqında bütün şəhərə şayiələr yayılmışdı. Qaçanlar Bağdaddan kənara çıxmışdılar. Uc-bucağı olmayan, Əşkanilər paytaxtı olan «Dəstkürd» xərabələri içərisindən ötürdülər.

Günəş çoxdan İraqın qumlu təpələrində göyərən müğilan tikanları arxasında gizlənmişdi. Uzun zəncir həlgəsi kimi bir-birinə bağlı kimi görünən adamlar sakit yeriyirdilər. Heç bir hənirti yox idi. Milçək uçsa eşidilərdi. Adamlar yumşaq qumlar üzərində gedirdilər. Uşaqlar yatmış, böyüklər isə dəhşət və heyrət dənizinə düşüb boğulmuşdu. Eşidilən bir səs varsa, o da çağqalların ulaşması idi.

Leyla başını anasının çiyninə söykəyib yuxulamışdı. Abadanlıq əlaməti yox idi. Hər kəs addımını bilmədiyi, tanımadığı yerə qoyur və təsəvvür edə bilmədiyi məchul bir aləmə doğru gedirdi. Dəstənin önündəkilər kimsədən soruşmadan qaçır və rusların hərəkət xəttindən kənara çıxmağa tələsirdi. Onların arxasınca gedənlər isə, Samiriyyə yolu ilə getdiklərini düşünürdülər. İraqın üfüqləri hər tərəfi örtmüşdü. Kiçik qum təpələri, müğilan kolları və yurğun çöpləri görünürdü. Çox uzaq xurmalıqlara bənzəyən bir qaranlıq görünürdü. Bu hadisə, qaçqınların dayanmasına səbəb oldu, çünki Bağdaddan Samiriyyə gedən yol üzərində qalın xurma bağları yox idi. Bundan əlavə, Samiriyyə yolu üzərindəki Düceyl şəhərini də keçməmişlərdi.

Çox durdular və çox düşündülər. Bir çokları bu fikirdə idi ki: «görünən qaraltı Samiriyyə yaxınlığında, Dəclə çayının sol sahilindəki qamışlıqlardır!» Qaçqınlar inandılar və yeridilər.

Bir az sonra qarşıda görünən qaraltılar içində çox qısa və qaçqınların ümidi qədər solğun bir işıq göründü. Hər kəs buna şad oldu. Leyla da yuxudan ayılaraq başını anasının çiynindən götürdü. Müharrir yenə də barmağını işıq görünən tərəfə tutaraq dedi:

– Bura «Əliyənnəqi» məqbərəsinin minarəsidir. Minarədə lampa yanır. Bu məqbərəni İran şahı Müzəffəriddin, qızıl ilə düzəltdirmişdir. Rusiya çarından alınan 30 milyonluq birinci istiqrazın çoxu buna sərf olunmuşdur. Allah onun bəlasını versin.

Hər kəsdə bir ümid və şadlıq oyanmışdı. Hər kəs qaçıb qurtaracağını, buradan düz-doğru ordu çəkildiyi yollarla Mosul tərəfə gedəcəyini yəqin edirdi...

Şadlıq uzun çəkmədi. Çünki onlar yolu azıb Baratov ordusunun işğal məntəqələrinə gəlmişdilər. Bu qara xəbəri onlara, qum təpələrinin arxasından açılan yaylım atəş verdi. Qaçqınlar öz ümidləri kimi qırılıb məhv olurdular. Yüzlərcə adamlar torpağa sərildi, kazaklar dərhal qılıncları siyirib qaçqınların ətrafını sardılar və yetəni doğramağa başladılar. Araba hələ gedirdi. O ancaq Savlayevin qılıncı ilə dayandı.

Kazak dəstəsinin komandanı Savlayev əvvəlcə arabaçını, sonra da Eynəddin bəyi və onun qadını Səfiyyəni öldürdü. Leyla özünü arabadan yerə atdı, qaçmaq istərkən yaralanıb əsir düşdü. Qaçqınlardan sağ qalanları bir yerə yığdılar. Biçeraxovun kazakları, onların köynəyini də soyundurdu. Əsirlərin kişilərini bir tərəfə, qadınları isə başqa bir tərəfə ayırdılar. Əvvəlcə Şəhrəban, sonra da Biçeraxovun qərargahı olan Xanəgeyn şəhərinə göndərdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Jenya milyonçu evində

Jenyanın vəziyyəti ağırlaşmışdı. Sergey Vasiliç artıq işə çıxa bilmirdi. Xəstələndiyi və zəiflədiyi üçün işdən çıxarılmışdı; buna görə də ailənin yaşayışı çox çətinləşmişdi. Jenya bilirdi ki, onu fabrik və zavodlarda işə götürməyəcəklər. Onun özü də o kimi yerlərdə işləmək istəmirdi, çünki Bakı polisi onu tamamilə öyrənmiş və tutmaq üçün təqibə başlamışdı. Jenya özünü polis əlinə verməmək üçün bütün vaxtını Bakı hərbi general-qubernatoru Əlixanovun evində keçirirdi. Əlixanovun ev xidmətçisi Serafima onu polis əlinə verməmək üçün öz yanında saxlayır və gizlədirdi. Lakin bu həyatı uzun müddət davam etdirmək mümkün olmayacaqdı, çünki Serafima yaxın günlərdə Əlixanovun evindən çıxıb evlərinə getməli idi.Buna görə də Jenya həm polisin təqibindən qurtarmaq, həm də ata-anasına kömək etmək üçün varlı bir evdə qulluğa girməyə çalışırdı.

13 min
Hacının evində ziyafət

1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı.Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi.

23 min
Zidd fikirlər məngənəsində

1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu.Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər.

28 min
Menşeviklərin yeni xəyanəti

Bu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.

7 min

Poems by other poets