XXXIII. Osmanlı xəfiyyəsi
Page 2 of 2 · 50%
Bu belə... Vaxtında getdim. Neçə saat gözlədikdən sonra bir rus qızını gətirib faytona qoydular. Özü də pis qız deyildi. Aparıb lazımi yerinə qoydum, qoy ağa desin, indiyə qədər bir dəfə də ağzımdan qaçırmışammı?
Gərək ki, ayın 14-ü idi. Ağa buyurdu ki, yenə faytonu Hacının qapısına sürərsən. Bildim ki, yenə arvad aparmaq lazım olacaqdır. Arvadı hara aparacağımı bilirdim. Çünki o evə neçə kərə arvad aparmışdım. Müxtəsər faytonu Hacının qapısına sürdüm. Ağa məni yuxarı çağırıb bir qız göstərdi. Anam, bacım olsun, gərək müsəlman qızı idi.
Ağa qızı göstərib dedi ki: «bu xanım nə desə əməl edərsən».
Mən qayıdıb küçədə durdum, bir saatdan sonra oradan iki nəfər kişi çıxdı. Onlardan yarım saat sonra xanım faytona oturub dedi ki, «Stanislavski küçəyə sür!» Mən xanımın əmri ilə faytonun üstünü örtmüşdüm. Mən bir erməninin evinin qabağında faytonu saxladım. Orada tanıdığım faytonlar da var idi.
Görünür ki, ev sahibi yığışıb İrana getmək istəyirdi. Yarım saat sonra qapıda duran bir nəfər gənc erməni gəlib mənə dedi xanım deyir ki, məni gözləməsin, çünki burada yubanacağam. Başqa fayton ilə qayıdaram.
Mən daha nə deyə bilərdim? Atların başını çevirib qayıtdım.
Onu da yadınıza salım ki, həmən gecə gəlib məsələni ağaya xəbər verdim. Vəssalam. Bundan artıq bir şey bilmirəm, inansanız da budur, inanmasanız da.
Nəcməddin bəy Ağabala Quliyevdən soruşdu:
– Bunun dedikləri doğrudurmu?
– Hamısı doğrudur. Lakin xanımın, bunun faytonu ilə Araratyanın evinə getməyindən xəbərim yoxdur.
Nəcməddin faytonçunu qaytarıb dedi:
– Get! Səni yenə çağıracağam!
Faytonçu baş əyib dal-dala gedib eşiyə çıxdı. Ağabala Quliyevin qoçuları içəri girdi.
Nəcməddin qoçuları başdan-ayağa, parlayan çəkmələrinə qədər süzdü.
Birinci qoçunu danışdırdı:
– Səndən hər nə sual etsəm, gərək tamamilə doğrusunu deyəsən. Bircə kəlmə yalan desən, qıçının ətini tökdürəcəyəm. Adın nədir?!
– Adım Əliabas Kəbləməhərrəm oğlu.
– Hansı məhəllədə yaşayırsan?
– Poxludərədə.
– Savadlımısan?!
– Xeyr!
– De görüm uşaqlıqdan indiyə qədər nə işdə olmusan?
– 15 yaşıma qədər şəhərdə konkaduran yerlərdə işlərdim. Sonra gedib vağzalda iş tapdım.
– Oralarda nə iş görürdün?
– İşləyirdim.
– Pəzəvənk, oğlu, işin adı yoxmu?
– Nə üçün yoxdur, kasıblıq edirdim.
– Yahu, kasıblığını bildim. İşinin adı nə idi?
– Ciblərdən pul çıxarırdım. Çamadan və xurcun götürüb qaçırdım.
– Öz cibindənmi?
– Xeyr, başqalarının cibini kəsirdim.
– Bir kərə «xuliqanlıq və dolandırıcılıq edirdim» deyəməzmisən?!
– Nə bilim, ağa. Bizdə belə deyərlər.
– Söylə baxayım! Sonra nə edirdin?!
– Qoçuluq edirəm.
– Necə qoçuluq?!
– Elə belə də, məhəllə cayılıyam.
– İşin nədir?
– Əvvəlcə Nəcəfqulunun dəstəsində idim.
– Nə iş görürdün?
– Kəndliləri soyurdum, Məşədi Nəcəfqulunun tapşırığına görə atışırdıq.
– Necə adam öldürmüsən?!
– Heç necə!
– Nəcəfqulunun dəstəsindən niçin çıxdın?
– Onun verdiyi pul məni dolandırmadı.
Nəcməddin bəy ikinci qoçunu çağırdı və sual verdi:
– Adın nədir?
– Mənə cibkir Rəcəbli deyərlər. İndi də işim cibkirlikdir. Bir dəfə də tutulmamışam.
– Çoxmu pul qazanmısan?
– Bəli, çox qazanmışam.
– Bəs pul haradadır?
– Harada olacaq! Teymur bəyin cibində. Biz gətirdiklərimizi ona veririk. O da bizim ağzımıza hərdən-bir tulapayı atır.
– Adam öldürmüsənmi?
– Bəli öldürmüşəm!
– İndi ikiniz də deyin görüm sizi ermənin qapısına nə üçün göndərdilər?
Əliabas Kəbləməhərrəm oğlu irəli keçib danışdı:
– Cənab Ağabala bizə buyurdu ki, siz haçının evindən bir erməni qızını faytona basıb yuxarı məhəlləyə aparacaqsınız. Biz haçının evinə getdik, orada gözəl bir qız bizə rast gəldi. Bizi bir otağa oturdub dedi: «Burada oturun, nə vaxt ki, sizi çağırdım, o vaxt gələrsiniz». Bizə çay gətirdilər. Adama üç stəkan şirin çay içdik, sonra yaxşı xörək də yedik. Bir az sonra qız yanımıza gəlib dedi: «İndi iş başqa cürdür. Siz bu saat gedərsiniz və Stanislavski küçə ilə Nijni Priyutski küçələrinin tinində durarsınız. Mən fayton ilə gəlib orada bir erməni evinə girəcəyəm. Siz məni gözləyərsiniz, elə ki, mən erməni qızı ilə çıxıb faytona oturdum, siz də atılıb faytona oturarsınız və tapançanı erməni qızının döşünə dirəyib çığırmağa qoymazsınız...»
– Bəs nə üçün siz gedib orada durmadınız? Siz nə üçün onun dediklərinə əməl etmədiniz?!
– Ay başınıza dönüm, özünüz bilirsiniz ki, orası erməni məhəlləsidir. Bizim də hərəmizin bir bölük əhl-əyalımız var. Getdik, allah eləməsin bir erməni dığasının biri pəncərədən «part!» bir güllə başımıza vurdu. Onda bizim əhl-əyalımızı kim saxlayacaqdı?
Nəcməddin bəy açıqlandı və yanında duran əskərə əmr etdi:
– Apar bu əclafları qayimməqama tapşır, bunların dərisini soyduracağam! Pəzəvənk oğlanları!
Doktor Yusifidisi Ağabala Quliyevin bağından gətirmək üçün gedən maşın qayıtmışdı.
Doktor Yusifidis qoltuğunda bir portfel içəri girərək:
– Mərhəba əfəndilər!—deyərək durdu.
Nəcməddin bəy:
– Mərhəba, oturun!—dedi.—Söylə baxayım, siz tanış olduğunuz qız Leyla indi haradadır?
– Xəbərim yoxdur. Çünki mən, iyulun 25-dən ondan ayrılmışam. Mən haman qızın əmri ilə cənab Ağabalanın bağında həbsə alınmışdım. O qız məni həbs edirkən onun tərcümeyi-halını bir roman şəklində yazmağımı əmr etmişdi.
– O qız kim idi?
– O qızın kim olduğu və Bakıya nə vasitə ilə gəldiyini mən müfəssəl və bədii bir şəkildə yazmışam. O qız olduqca maraqlı, tədbirli, ağıllı və ömründə səhv etməyən qədər zəkavətli bir qız idi. Əcəba, indi o Bakıda deyilmi?
Nəcməddin bəy məhzun bir surətdə dedi:
– Xeyr! O qız izsiz, xəbərsiz qeyb olmuşdur. Əcəba, siz ondan intiqam aldınızmı? Hərgah böylə isə yaxanızı buraxmayacağam. Yazdığınız roman haradadır?
– Yanımdadır!
– Bana veriniz!
Doktor Yusifidis heç də vüqarını pozmadan portfelini açdı və qalın bir kitabça boyda olan romanı çıxarıb Nəcməddin bəyin önünə qoydu. Nəcməddin bəy romanı diqqətlə nəzərdən keçirdikdən sonra soruşdu:
– Sən o qızla nə üçün və harada tanış oldun?
Doktor Yusifidis dedi:
– Bu suallar lüzumsuzdur. Çünki bu roman Leyla ilə mənim tanışlığımı və həyatımızı təsvir edir. Rica edərdim ki, Leylanı və məni tanımaq üçün bu romanı oxuyasınız.
Nəcməddin romanı oxumağa başlamadan, komissiya üzvlərinə müraciətlə dedi:
– Mən təklif edərdim ki, bu hərif həbsə alınsın, çünki Leylanın qeyb olmasında bunun da iştirakı vardır. Leylanın yerini söyləməyincə, biz bunu azad etməməliyik.
Doktor gülümsəyərək dedi:
– Əvvəla, mən Leylanın harada olduğunu bilmirəm. İkincisi də, siz məni həbsə almaq üçün səlahiyyətə malik deyilsiniz.
Nəcməddin bəy və komissiya üzvləri doktor Yusifidisin üzünə heyrətlə baxıb dedilər:
– Sən məhbussan!
Yusifidis bir daha gülərək əlini qoynuna saldı və bir az qurdalandı, kiçik bir vəsiqə çıxarıb komissiya üzvlərinə göstərdi.
«Osmanlı əks-kəşfiyyat təşkilatının 11 nömrəli vəsiqəsini daşıyan doktor Əli Yusifbəy!»
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xxxiii-osmanli-xefiyyesi
Use ← → keys to move, R for a random poem
More by this author
Ərəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik.
Rusiya sahilindəAraz çayı çox sakit axırdı. Kiçik ləpələrin bir-birini təqib etməsi, bir-birinin ətəyindən tutub gedən səmimi yoldaşları xatırladırdı.Araz çayını çox dinc keçdik, bələdçilər bizi dəmiryol xəttindən keçirib yolun üstündə olan Şahtaxtı kəndinə gətirdilər. Gecəni Kərim ağanın çayçı dükanında qalmalı olduq, çünki Culfadan Tiflisə gedən sərnişin qatarı Şaxtaxtı mövqifində gecə saat 3-də olacaqdı.
«Səyahətnameyi-İbrahim bəy»Axşam saat doqquzda miss Hannanı dəhlizdə gözləməli idik, dəhlizə çıxarkən onun bizi gözlədiyini gördük.– Əcəba, siz istirahət etmədinizmi? – deyə təəccüblə soruşdum.
İran CulfasındaAraz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı..Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.
Poems by other poets
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Ey annın ay, üzün günəş, ey qaşların kəman!Ey annın ay, üzün günəş, ey qaşların kəman!Ceyran gözün, qarışqa xətin, kakilin ilan!
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən