Aşiqəm, yoxdur sazım – dınqıl sazım, dınqıl sazım,Bülbüləm solmuş yazım – dınqıl sazım, dınqıl sazım.

Çatdı axır mətləbə, yüksəldi üç-dörd mərtəbə,Yaltağım, arvadbazım – dınqıl sazım, dınqıl sazım.

Qışda dondum şaxtadan, qaz yox, işıq yox, isti yox,Gəlmədi bir gün qazım – dınqıl sazım, dınqıl sazım.

Olmayıb ki, çox ola rəbbim verən azdan çoxum,Çox olub azdan azım – dınqıl sazım, dınqıl sazım.

Qaz kimi bir «çil-çil»im, dar gündə ümmidim idi,Uçdu bu «çil-çil» qazım-dınqıl sazım, dınqıl sazım.

Ac uyubdur tox kimi, kef çəkməli ruzgara bax,Ustadır sehribazın – dınqıl sazım, dınqıl sazım.

Düz danışmaqdan dəyir, hər gün qapazlar başıma,Get-getə artır dağım-dınqıl sazım, dınqıl sazım.

Qış günü qoymaz papaq bir kimsə bu daz başıma,Dalbadaldır qappazım – dınqıl sazım, dınqıl sazım.

Siz gülürkən yazdığım, hər beytə, hər bir kəlməyə,Pünhanam, ağlar yazım – dınqıl sazım, dınqıl sazım.

10 mart 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets