Bizim məmləkətdə bəzi şeylərin pulnan olduğunu bilirdim. Əttövbə, tullanmağın yox. Bunu da bildim. Yatıb yuxuma da girməzdi ki, abituriyentlərinin əksəriyyətini qızlar təşkil edən litseylərdə, məktəblərdə, texnikum və institutlarda bizim müsəlman qızlarına idman dərsini kişi müəllimlər keçə. Dar retuz və ya şortik geyinmiş bir dəstə yeniyetmə qızı, bir kişi qabağına qatıb kross qaçıra, hoppandıra, nə bilim onlara cürbəcür hərəkətlər etməyi öyrədə. Bunu gözümlə görməsəydim inanmazdım.

İdman dərsi uzunluğa tullanmaqdan başlandı. Qızlardan kimi 2 metr, kimi 2,5 metr, kimi də 3 metrə qədər tullandı. Müəllim hər üçünə «2» yazdı. Qızlardan birinə yan alıb soruşdum ki, bəs «2» almamaq üçün neçə metr tullanmaq lazımdır. Dedi, 4 metr. Açığını bilmək istəyirsinizsə, ya 4 metr tullanmalısan, ya da bir «şirvan» verməlisən. Metrəsi 2500 manatdır. Şükürlər olsun ki, bizim texnikum ucuzluqdu.Mən elə məktəb tanıyıram ki, orda hündürlüyə tullanmağın metrəsi 5 «məmməd»dir. Müəllim hündürlük taxtasını qoyur 2 metr ölçüsünün üstünə, pulun yoxdursa, taxtanın üstündən tullanırsan, varsa altından keçirsən. Dedim, qızım müəllimizin adı nədir? Dedi, Qeyrət müəllim. Bəli, Qeyrət müəllim bığıburma olmasa da, saçıburma bir kişi idi. Deyirlər insanının adı özünə uyğun olur. Doğrudan da, bu kişiyə baxanda əyninə geydiyi dar «cins»indən onun əsli, nəsli, cinsiyyəti məlum eləyirdi. Qeyrət müəllimin «2» yazdığı qızlar, yaxınlaşıb ona yalvarmağa başladılar ki, ay müəllim, başına dönüm, qadanı alım, bəs semestr yaxınlaşır, amanın bir günüdür bizi «kəsir»li eləmə. Qeyrət müəllim, bir o yana, bir bu yana baxdı, barmaqlarının ucu ilə saçlarını burub, bir ayağını qabağa qoyub, sanki Koroğlu «stoyka»sını aldı və acıqlı-acıqlı dedi:

– Ey mənim «nigar»larım, pulunuz var, verin canınızı qurtarın, yoxdursa, gedin tullanmağınızın dalınca. Vsyo!

Stadionu dolaşa-dolaşa demək olar ki, idman növlərinin bütün qiymətlərini öyrəndim. Uzununa qaçmaq bir «şirvan», yanbəki qaçmaq «şirvan yarım». Dedim, dayan-dayan, heç «yanbəki» qaçmaq eşitməmişəm. Bu nə olan şeydi? Dedilər bunu Qeyrət müəllim pul qoparmaq üçün səmərələşdirici təklif kimi irəli verib. Soruşdum ki, ay qızlar, bəs geri qaçmaq neçəyədir? Dedilər ki, onu bizə öyrətmirlər, axı o kişilərə aiddir!

– Nə dedin, kişilərə? Siz nə danışırsınız? Haçandan-haçana yadıma düşdü ki, həə... Qarabağ məsələsi... torp... sat... qaç hə, hə yadıma düşdü. Pa atonnan huşa bax ee.. deyirəm adamın nə tez yadından çıxır. Atalar düz deyib ki, torpaq hər heyi soyudur. Beş-on dəqiqəyə stadionu tərk edib, məktəbin binasına daxil oldum ki, içərinin ab-havasından hali olum. Və təsadüfən bir hay-küylə qarşılaşdım. Məktəbin direktoru (qadın idi) bir neçə hicab bağlayan qızın üstünə qışqırırdı:

– Sizə kim icazə verib ki, məktəbdə başı bağlı gəzəsiniz, camaat az qalıb tumançaq gəzsin (koridorda yarı çılpaq ora-bura qaçan qızları göstərir) siz isə özünüzdən fokus çıxarırsınız. Ya başınızı açın, ya gedin icazə kağızı gətirin, ya da...

... Stadiona qayıtdım. Qumbara atırdılar. 20 metrdən az atanlara Qeyrət müəllim «2» yazırdı. Soruşdum ki, nə əcəb qumbara atmağı qızlara öyrədirlər, oğlanlara yox? Dedilər, oğlanlara öyrətməyə qorxurlar. Axı onlar dəliqanlıdır, birdən öyrənərlər, qızışıb gedərlər Qarabağa, başlayarlar partizan dəstəsi düzəldib, Mİxaylo kimi ermənilərin «vajnı» obyektlərini partlatmağa. Olmaz axı... Ayıbdır axı... Atəşkəsdir axı... Kişi kimi söz vermişik axı... Qızlardan biri mənə dedi ki, ay əmi, deyəsən, jurnalistsiz, qəzetdən gəlmisiniz. Amma xahiş edirəm qeyrət müəllimdən pis şeylər yazmayasınız. Bir az pulgir olsa da, yaxşı adamdır, kişi adamdır. Kasıba əl tutandır. Həmişə idman dərsində kasıb qızların əlindən tutur, belindən tutur, elə vaxt olur ki, lap ayağından da tutur. Bax, o toppuş qızları görürsüz? Yazıq kişi, hər dəfə onları turnikə əlləri üstə qaldırır. Axı belə etməsə onun qonşu binada oxuyan qızına da idman dərsində kömək eləməzlər.

... 45 dəqiqə sona yetməkdə idi. Qeyrət müəllim qızları bir cərgəyə düzüb, özü də gəlib dayandı onların qabağında:

– Hə qızlar, mənim sözlərimin ritmi ilə hoppanmağa başlayın!

Kim nə de-yər biz-də olan qey-rə-tə,

Qey-rə-ti-miz bəl-li-dir hər mil-lə-tə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire