Ruh verdi Xuda cismə, insan belə dirçəldi,Heç olmadı insanda, nöqsan belə dirçəldi.

Bir xeyli zaman ötdü, əmma yaranan bir gün,Bu dirçəlişə oldu peşman belə dirçəldi.

Ruh göylü bədən yerli, başlandı dalaş-dava,Söz düşdü yer üstündə şeytan belə dirçəldi.

Bir gün belə minvalnan bu Azərbaycanda,Məqsədlərin uğrunda imkan belə dirçəldi.

Minlərlə piyadayçün bağlandı bütün yollar,Top vurdu Vəzir qaçdı meydan belə dirçəldi.

Nəsrani qırıb-çatdı, bizsə oturub-durduq.Təslimçi növü üzrə idman belə dirçəldi.

Çox kəndi soyub gəldi, yəqin ki, doyub gəldi,Xankəndi qoyub gəldi bu "xan" belə dirçəldi.

Əql ilə dolu başlar, təyyarədə odlandı,Xatircəm olub bundan, nadan belə dirçəldi.

Millət oda yandıqca, mətləbləri qandıqca,Atəşkəs uzandıqca düşman belə dirçəldi.

Ol vəqti Mübariz də, qulpnan çıxıb ekranda,Qulpsuzlara qulp qoydu, ekran belə dirçəldi.

Dünyaya vida etdi, bir ömrü təmam etdi,Ta zühr İmam etdi, Pünhan belə dirçəldi.

16 may, 2001

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets