Diş tökülür, bel sınır, nur gözümdən gedir,İt gününə düşmüşəm, zəhləm özümnən gedir.

Doğma deyil, yadmışıq, biz evi bərbadmışıq,Bağımızı satmışıq, söhbət üzümnən gedir.

Pünhanı pıç-pıç olub, aşkarı puç-puç olub,Lağlağılar səmtinə ölkə əzmnən gedir.

Dad edirəm haqq üçün, yoxdu dalımca gələn,Bir özüməm, bir də ki, kölgəm izimnən gedir.

Atdı-qarışdırdı bu, satdı-qarışdırdı bu,Qatdı-qarışdırdı bu, guya düzümnən gedir,

Rastrapoviç gəlir, Bıstratoviç gedir,Xalq çörək tapmayır, amma dözümnən gedir.

Bəzmi–Füzuli olub, bəzmi-müqəddəs mənə,Həzi bəzmnən gəlir, bəzm nəzmnən gedir.

Şerdə səhv eyləsə, tən eləmə Pünhana,Çünki mənim hər sözüm, öz tərəzimnən gedir.

21 may 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland