Çatdıq qalın meşəyə, aşıb neçə yol, gədik,Hər ağaca burada inci düzmüş sırsıra.İşarəylə dayanır, işarəylə gedirikAyaq altda çör-çöpü biz sındıra-sındıra.

Ovçu Murad yanaşıb pıçıldayır: “Yavaşın,Tövşümək də yaramaz – qulağı var dağ-daşın.Usdub-usdub yeriyin, tələsməkdən nə fayda.Vardır qədim zamandan ovçuluqda bu qayda:Yaramaz, heç yaramaz səbirsizlik, qovhaqov,Tələsənin, qaçanın ürcahına çıxmaz ov.Lap vaxtında gəlmişik, səbr eləyin bir qədər,Ovun gürrah yurdudur, məkanıdır bu yerlər.Ay uşaqlar, elə bil, tüfəngimdən qan damır...”

Onun iti gözləri dörd bir yanı dolanır.Çırtıq vurur qəlbində, üzdə susur o, lakin:“Ov həssasdır, iy duyar papiros da çəkməyin,Var-gəl etmək də olmaz qış gününün sazağıDoğrasa da, kəssə də burda əli-ayağı...”

O, münasib yer seçir bir daldada hərəyə –Sürək başlanan zaman ov gələcək bərəyə.Dayanmışıq müntəzir on beş addım aralı,Gözləyirik əliyi, gözləyirik maralı...Bir atəşlə sürəyə veriləndə işarə,“Hey! Hey!!!” səsi yayılır, guruldayır dağ-dərə.İrəliyə tuşlanan zağlı qoşa lülələr –Barmaq dəysə tətiyə şaqqıldayıb gülərlər...

Mən elə bir bərədə əldə silah durmuşam –Gəlib keçsə neçəsi vurmuşam ki, vurmuşam...Bircə anlıq zövq üçün həvəsə bax, həvəsə!!Qabaqcadan özümü gör bir necə öyürəm.Açmasam da qəlbimi yoldaşlardan bir kəsə,Pıçıldayıb yavaşca öz-özümə deyirəm:“...Girəvəni ötürsəm dostlar qaxar başıma,Bircə ov da çıxmaya, kaş ki, mənim qarşıma...”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets