Bu gün səni gördüm... kaş görməyəydim,Duydum ki, nə böyük günahım olmuş.Nahaqdan incidib qəlbinə dəydim,O qəlb ki, bir zaman pənahım olmuş.

Bu gün səni gördüm... yenə təzə-tər,Elə bil zərrəcə dəyişməmisən.Baxış o baxışdır, gözlər o gözlər,Duydum o əllərin istisini mən.

Bu gün səni gördüm... durduq yanaşı,Sevindim – tapmışam mən öz sonamı.Yox, o başqa gölə verir yaraşıq,Uçuq yuvasına bir də qonarmı?!

Bu gün səni gördüm... gözüm önündəGəlib ötən günlər bir-bir dayandı.Mən yada salıram, xatırla sən dəDəniz kənarında içilən andı!

Bu gün səni gördüm... o gülüşlərin,Küsüb barışmağın düşdü yadıma.Yenə də gülürsən sən şirin-şirin,Mənsə kədərliyəm, çat imdadıma.

Yox, çata bilməzsən, əlin çatarmı –Kəsmiş aralığı dağlar, dərələr.Daha indən belə mənası varmı –Gecikmiş sevdaya baxanlar gülər.

Bu gün səni gördüm... dərdim yüz oldu,Od qoydu sinəmə əzəl sözlərin.İlk eşqin qönçəsi gör necə soldu...Riqqətdən yaşarmış gülən gözlərin.

Bilirəm, bilirəm çox gileyin var,Yaxşı duymamışam o zaman səni.Qəlbən sevinərdi dostlar, tanışlarSəninlə mehriban görəndə məni.

O vaxt aramıza girənlər oldu,Ayıra bilmədim düzü əyridən.Heyif, ayrılığa qədəm qoyuldu,Bütün günahlara bais mənəm, mən.

Gətirib qaytardın məktublarımı,Gülümsər şəklini verdim özünə.Apardı xəzrimi, de, gilavarmı? –Leysan yağışları düşdü izinə.

Ayrıldıq... qəzəblə coşan dalğalarÇağırıb bir daha sınadı bizi.Əhdə şahid olan o təzə çinarYelləyib başını qınadı bizi.

Hərəmiz bir səmtə üz tutub getdik,Arzular necə də tez oldu hədər.Fəqət qəlbimizdə biz söhbət etdik,Gecəni yatmadıq səhərə qədər.

Sənin bizdə qalan mürəkkəbqabınDəydi qələmimə, qələm ağladı.Əmanət verdiyin dəftər-kitabınElə bil mənimlə küsü saxladı.Çəkindim hər şeydən... əllərin dəyənBir şeyə əlimi vura bilmədim.Gəl ötən günləri xatırla deyənÇinarın yanında dura bilmədim

Bu gün səni gördüm... o vüqarınla,O saf ürəyində əlimi sıxdın.Zaman imtahandır – düz ilqarınlaHər sorğu-sualdan sən haqlı çıxdın.

Bu gün səni gördüm... kaş görməyəydim.Dedim tanımaram qarşıma çıxsan.Durmusan önümdə.Kim inanar, kimAh, necə yaxınsan... necə uzaqsan...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets