Çiçəklər içində heç bilmirəm mənNiyə meylim düşür sənə, qərənfil!Səni bir gözəlin aldım əlindən,Camalın bənzəyir ona, qərənfil!

Bir zaman məskəndi sənə dağ, dərə,Tər-təzəydin, rast gəlməmiş nəzərə.Ah, nə deyim səni qıran əllərə,Gələrsənmi bir də cana, qərənfil?

Bir sən, bir qızılgül, bir də bənövşə,Könlümün həmdəmi olmuş həmişə;Sizsiz nəyə gərək çəmən, bağ, meşə?Verməz ətrinizi nanə, qərənfil?

“Bir qızın dodağı toxunmuş mənə,Onunçün yanağım aldır” desənə...Buxağından ətir keçibdir sənə,Zərif əllərindən xına, qərənfil!

İndi dəftərimin arasındasan,Burdasa özünü barı xoşbəxt san!Yel atardı səni solduğun zamanKim bilir ki, hansı yana, qərənfil!

Mən ki, tanımıram başqa bir çiçək,Məhəbbət timsalı olsun sənintək;İki sınıq qəlbi birləşdirərək,Yetir dərdlərini sona, qərənfil!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring