Contents
  1. [Şamaxıdan Qutqaşınadək]
  2. [Qutqaşından Trabuzanadək]
  3. [Qırmızı dəniz sahillərində]
  4. Misirdən ta Süveyş
  5. Süveyşdən ta Ciddə
  6. [Mədineyi-münəvvərədən Şamadək]
  7. Şami-şərif
  8. Şamdan Beyruta qədər
  9. Qüdsi-şərif[dən İzmirə qədər]

Page 6 of 15 · 33%

Misirdən ta Süveyş

Şəvvalın iyirmisində azimi-məqsəd olduq. İki gün müqəddəm ətba adamlarımızı və yüklərimizi on dörd dəvələr ilə Süveyşə göndərdik. Özümüz və hərəmimiz bir neçə xidmətkar ilə axşama iki saat qalmış araba ilə Misirdən yola düşdük.

Haman gecə yol sürüb, sübhdən bir saat keçmiş iyirmi dörd saat yol edib, Süveyşə daxil olub, orada bizdən neçə saat müqəddəm gəlmiş ətbalarımızı tapdıq bizim üçün oranın hakimi mühəyya etmiş mənzildə.

Bizim böylə tez gəlməyimizə səbəb budur ki, sədarət payəli Misir valisi Abbas paşa Yevrapa sayağında yolda hər iki saatlıq da çaparxanalar təmir etdirib, içlərində iyirmi dörd at və qatır qoyub. Və arabalar tərtib olmuş ki, at və adamlar çaparxanadan çaparxanaya dəyişilməyə. Və üç yerdə böyük mehman xanalar yapdırıbdır ki, içində hər yemək və içmək mühəyyadır ta yatacaq, yorğan-döşəklər ilə. Biz qayətdə rahat on beş saatda gəldik üç-dörd çaparxana. Oraların yolu təmir və düzdür və mübaqilərinin arası şimdi yapılır. Bu arabalar ilə gəlmək çox rahatdır, amma hər adamın gəlməyə qüdrəti olmaz. Ol arabalarda oturan şəxs gərək min quruş və bir nökərinə yeddi yüz əlli quruş versin. Dəvə ilə üç günə gəlsə də əlli quruşa dəvəni tuturlar.

Misirdən çıxanda yolun sağ tərəfində uzaqdan mərhum Məhəmmədəli paşa təzə tikdirən camenin qoşa minarələri görünür. Sonra xırda dağlar, yəni təpələr yanmış torpaq kimi, çün üzündə ağac yox və ot yox və təmiz. Və amma yolun sol tərəfi neçə saat qayətdə xoş görünür. Ol tərəfdən axan Nili-mübarək ətrafı tamam bağ və abadanlıqdır. Yaşıllıq qayətdə səfalı görünür. Və şimdi Abbas paşa təzə saldığı Abbasiyyə dəxi haman tərəfdə, yol kənarındadır. Axşam olduqdan sonra heç bir tərəf müşahidə olmayır ta Süveyşə qədər. Amma, deyirlər, yolun sol tərəfində Abbas paşa bir böyük dağ üzərində köşk tikdirmiş. Və yol kənarında bir tək ağac gördük. Sual etdikdə bizə cavab verdilər ki, övliyalardan bir zatdır ki, ona ziyarət edirlər.

Şəhri-Süveyş Şəb dənizinin bir iskələsidir. Özünün əhali[si] yeddi-səkkiz yüz ev ancaq olur, lakin bu halda qayətdə izdihamlıq vardır. Bu yol ilə gedən hüccaclar — və əksəri Məğrib tərəfdən — burada gəmiyə minirlər. Bu yol ilə çox ticarət gəmiləri Ciddəyə gedir və əlavə, ingilislərin ayda iki dəfə vapurları gəlir. Hindustan tərəfindən bu iskələyə qayətdə mal gəlir. Şəhərin özü[n]də bir ol qədər abadanlıq yoxdur, lakin gəlib-gedən gəmilər və karvanlar abadan göstərir. Və bir neçə xaraba karvan sarayları var.

Süveyşin özündə su yoxdur; neçə ağaclıqda quyu suyu var bir qədər təmilə, amma bərgəsuyu yaman deyil. Eşşək və dəvə ilə gətirib bir eşşək yükün quruş yarıma satırlar.

İki gün bu şəhərdə qaldıq. Havası yaman deyil, lakin gecələr dərya rütubəti var və istisi [...] dərəcədədir. Günortadan neçə saat keçmiş şəhərin qabağındakı adaları su basıb, gecənin yarısında genə su çəkilir, sübh vaxt[ı] genə quru görürsən. Haman adaları bəzi vaxt, deyirlər, üç-dörd arşın su qalxır.

Burdan Bəhri-səfid kənarındakı Qəzza şəhərinə at və ya dəvə ilə səkkiz günə gedilir, oradan Beytül-müqəddə[sə] dörd günə.

Və bu şəhərin dörd saatlığında Qəleyül-cərud var. Misir hüccac[ı] cümləsi oraya cəm olub, qara ilə Hicaz torpağına gedirlər.

Süveyşdən ta Ciddə

Şəvvalın iyirmi üçündə axşama iki saat qalmış yelkan gəmisinə minib düşdük yola. Bir saat yarım getdikdən sonra rəisimiz gəmini sağ tərəfə çəkib, Ütatəiskələsində ləngər salıb haman gecə orada qaldıq. Ay doğandan sonra başladı gəmi hərəkət etməyi.

Ol günü sürüb, genə axşama iki saat qalmış sol tərəfdə Abu-suxva [adlı] iskələdə qaldıq. Sübhdən yola düşüb Fərərdə (?) çatanda dəniz ləpələri bizi bir qədər incitdi isə də günorta vaxtına Tur adlı kəndə gəldik və ləngər salıb dayandıq.

Süveyşdən çıxanda dəniz dar[dır], getdikcə ennənir və iki tərəflərindən dəxi dağlar gedir. Ol dağların içində köçəri bədəvilər olur. Lakin dərya kənarında bir abadanlıq yoxdur. Amma sol tərəfdə — Süveyşin iki ağaclığında Eyni-Musa adlı yerdə bir balaca su var. Orda üç küçük bağça salmışlar. Gah-gah Süveyşdən oraya gəzməyə gedirlər.

Biz Tur iskələsinə çatanda kənddən və uzaqda olan bədəvilər görüb, eşşək və dəvələrin[i] qabaqlarına salıb gəldilər tuluğlar ilə dolusu və xurma, sütül olmuş [qarğudalı] və üzüm və xırda, dənizdə bulunan sədəf və möhrə və xırda daşlar ilə. Və bizdən neçə saat sonra dalda qalmış iki yelkan gəmiləri də bu iskaləyə gəldilər, camaat oldu çox. Dərya kənarı döndü bir küçük bazara. Təzə gələn gəmilərin adamları da çıxdılar kənara bir qədər nəfəslərin almağa, çün oturduqları gəmilər ol qədər izdihamlıqdır ki, dolanmağa, yatmağa və oturmağa çox zəhmət ilə hər kəs yer tapırlar. Bu gəmilər də qayətdə zəhmət çəkirlər.


[Şəvvalın iyirmi doqquzu].

Axşama bir Əbu-Həlhələ adlı iskələdə gəmidə qaldıq. Sabahı ki zil qədənin qürrəsidir, bir az yol edib, Yənbu şəhərinə daxil olduq.

Dənizdə zəhmət çəkdiyimizə binaən şəhərdə bir mənzil tutduq ki, barı bir gün rahat olaq. Bu şəhər Mədineyi-münəvvərə iskələsi hesab olur, çün oranın maaşı buradan keçir. Dəvə karvanı [oraya] dörd gündə gedir. Bu iskələyə Misir tərəfindən hər gunə taxıl və məkulat və Hindustandan ora məta gəlir, sonra Mədinə[yə] və sair bədəvilərə dağılır. Şəhər böyük olmasa da, lakin ticarət və alış-veriş çoxdur. Xalqı səliqə bilməzlər, amma qazanmağa ustadırlar. Şəhərində ətrafında torpaqdan qala var.

İki gecə rahat olub, zil qədənin dördündə sübh çıxıb [yola düşdük]. Dəryada bir qədər furtına oldu, amma ruzgar səmt olduğuna, axşama Rabe iskələsinə çatdıq. Qara ilə getsə dörd mənzildir. Burada kənara çıxıb, çadır qurub, qüsl edib ehram bağladıq və Zəmzəm suyundan içdik, çün Məkkeyi-mükərrəmədən qabağa dəlillər gəlmişdilər. Buradan bizə fərəh gəldi, çün əsl mətləbə yavuqlaşmağımız müşahidə oldu. Və suyu da iyi idi.

Ayın beşində oradan çıxıb, ruzigar olmadığına, dəryada daşlar kənarında ləngər salıb qaldıq. Ehramlı olduğumuza, savuqdan ehtiyat etdik. Allahın kərəmindən, salamat gecəni keçirib yola düşdük. Axşama üç saat qalmış Ciddəyə daxil olduq.

Random poem

Poems by other poets