Səfərnamə
Contents
Page 7 of 15 · 40%
[Mədineyi-münəvvərədən Şamadək]
[Səneyi-1269]. Məhərrəmin on biri. Bu gün bir para şəxslərlə mülaqata məşğul olduq. Mədinə əhlindən əski müftizadə mülaqat edib, həm yeməyə təklif etdi. Və həm müfti Seyid [...] əfəndi və Seyid Hafiz əfəndi Diyar bəkri və Şeyx Məhəmməd əfəndi Zahid və Osman əfəndi Çərkəz və Seyid Abdulla əfəndi Qilisi gəlib bizim[lə] mülaqat etdilər. Və qabiliyyətli adamlardırlar. Əlavə, Dağıstan və Cəzair və sair məmləkətlərdən gəlib burada sakin olanları gördük. Hər kəs öz hallarına məsrur və məğrur. Lakin maaşları az olmağı işarə ilə bəyan edirlər.
Hərəmi-şərif müdiri Lətif əfəndi ilə həm mülaqat etdik. Biz namazda ikən vəzir Məhəmməd paşa oraya gəldi. Bizə qayətdə mehribanlıq edib, mənzilinə təklif etdi. Orada qəhvə içib, özü də bizim ilə bərabər [gəldi] hərəmi-şərifin təzə təmir olan yerlərin bizə göstərməyə. Həqiqətdə, qayətdə iyi təmir olur xüsusən üzlü yonma daşları və bütöv sütunları qırıb.
Paşanın təqririndən, ol daşlar məkanı bulunmağı bir kəramətdir. Xeyli müddət iyi daş yeri arayırkən, məəttəl ikən bir bədəvi gəlib söyləyir ki, siz daş bulmayırsız, bən göstərim. Bu, bələdlik edib, iki saatlıq da bu daşlar[ın] yerin göstərib özü qaib olur. Sonra çox axtarırlar ki, ona ənam versinlər, lakin hənuz bulunmayır.
Paşa bizə özü etdiyi təmiri göstərib və planları göstərdi. Ol sayaq üzrə tamam olsa bərbinalı və bərdavam olur, inşaallah.
Sonra çadırlarımıza gəlib, hərəmimizi ziyarətlərə göndərdik. Və ol axşam “Mövludi-şərif” oxundu. Hərçənd qırx il xidmət etmiş hərəmağası Osman ağa orda idi, lakin qayətdə binizam oxudular və məclisi dağıtdılar.
Məhərrəmin on ikisində sübh namazın hərəmi-şərifdə qılıb və vida ziyarətin edib, dübarə bizə nəsib olmaq duasın edib, çadırlara gəlib, tədarükümüzü görüb, taxtlar qoşulub, yüklər çatılıb, düşdük yola.
Necə ki tamam hüccac düşürlərdi yola, qala qapısından çıxıb sol tərəfdə mərhum Davud paşanın imarətinə və bağçasına girdik. Səliqəsi və bağçasının abadanlığı və gunəgun ağacları qayətdə xoşuma gəldi. Bir qədər oturub genə ata mindik.
Şəhər kənarından çıxıb burulduq sol tərəfə. Dağın dibində məsacidlərə və “Sureyi-Fatihə” nazil olan məkana ziyarət etdik. Dağın səkisində iki gümbəz və dibində üç dəxi ibadətgahlar vardır (lakin şimdi xaraba olmuş). Qayətdə gözəl məkanlardır.
Oradan gedib, Qibləteyndə iki rükət namaz qılıb, xaraba olmuş qəryədən keçib, cərfədə qurulmuş çadırlarımıza [qayıtdıq].
Bu aralarda bostan yerləri çoxdur. Su burda üzə çıxır. Hər qisim ziraətə layiqatı olan yerlərdir. Mədinədən buraya iki saat yol hesab olur. Yolun sağı və solu tamam ziyarətgahlardır. Hər bir məkanın şərafətindən yazmaq xahiş edən kəs üçün lazımdır ki, neçə sənə burda qalıb onun şüğlü ilə zövq edə və xəyal-fikrin ol əyyama saldıqda insanın şərafətliləri ilə özünü bu fəna əsrdən kənar edib, bəlkə ruh[u] rahat olub, nicat [tapa]. Yoxsa, özümüz fəna və işlərimiz fənadır.
Mədineyi-münəvvərə və ətrafı insanı məfərrih edib islam zövqü ilə şad edir.
Cərfədə çox mədinəlilər gəlib, hüccacı ötürürlər və vidalaşırlar.
Məhərrəmin 13[-ü] çərşənbə günü sübhdən hüccac qafiləsi yola düşdü. Şimdi qafilə bir qədər xəfif oldu, çün İran əhlindən Bəsrə tərəfinə, Kərbəlaya ziyarət etmək üçün gedənlər Mədineyi-münəvvərədə Nəcd tərəflərinin ərəblərinə bir dəvəni otuz əşrəfiyə (bəlkə dahı ziyadəyə) kira tutub, şərq tərəfində olan Nəcd qəbilələrinin arasından gah söyülə-döyülə, gah xərc verib iyirmi gündə Bəsrəyə çatırlar, oradan ziyafət edib öz məmləkətlərinə gedirlər.
Saniyən, Misir qafiləsi Şam qafiləsindən bir-iki gün sonra Mədinədən çıxıb, Nəxləteyn mənzilinə qədər bu yol ilə gəlib, sonra Hədyə çeşməsinə çatmamış Məğrib tərəfinə dönüb, əlahiddə Şəb dənizinin kənarından yavuq Misir yolu ilə müraciət edirlər. Və Məğrib hüccacı (ki, müqəvvimlərə tutulmayıb) özləri Məkkeyi-mükərrəmədə və Mədineyi-münəvvərədə özləri üçün dəvələr alıb, əlahiddə karvan qayırıb, Misir qafiləsi ilə dəxi gedirlər.
Üçümcü, Məkkeyi-mükərrəmənin cənubi tərəflərində Yəmən və Hindustan və Cava və sair Bəhri-mühit cəzirələrində və kənarlarında olan müsəlmanlardan həcci qılıb və rəsulillahın mərqədi-mübarəkinə ziyarət edib, qayıdıb, Ciddə boğazından keçib, Yənbu iskələsinə gedirlər. Oradan bəhrən hər kəs öz məmləkətinə müraciət edir. Və bir para fəqir-füqəra ki, Şam və ya Misir qafilələrində dəvə kira etməyə taətləri yoxdur, onlar dəxi əlli-a[l]tmış quruşa bir dəvə kira edib, Yənbu iskələsinə gedib, orada dəxi əlli-a[l]tmış quruş (bəlkə bir az kəm) verib, Bəhri-şəbi keçib, Misir məmləkətində Qüseyr, yainki Süveyş iskələlərinə çatırlar. Oradan Misrə düşüb, Misrində Nili-mübarəki ilən İsgəndəriyyəyə gəlib, Bəhri-səfid dəryası ilə öz məmləkətlərinə müraciət edirlər. Bu səbəblərə görə bizim karvanımız bir qədər azaldı və on saat yol etdikdən sonra Biyari-cəbr adlı mənzilə çatdıq. Yolu düzə maildir, ətraflarında ancaq dağ-təpələr var. Biz keçdikdə quyularında su bulunmadı.
Məhərrəmin 14[-ü]. Sabaha dörd saat qalmış qafilə doqquz saat yol edib, günortaya bir saat qalmış Biyari-nəsib adlı mənzilə düşdü. Bu mənzilin sağ tərəfi vadiyi-miləl olduğuna, yolu qayətdə düzdür və susuz məhəldir.
Məhərrəmin 15[-i]. Sabaha beş saat qalmış qafilə yola düşüb, on saat sonra Nəxləteyn adlı mənzilə çatdıq. Yolumuzun sağ və solu dağ olsa da arası vase və qum sal meydandır. Nəxləteynin bir balaca qalası var və quyu suyu var.
Məhərrəmin 16[-sı]. Su tədarükümüzü götürüb, gecə, sübhə səkkiz saat qalmış qafilə yola düşdü. Sübh əvafına enib və qalxıb günortaya iki saat qalmış Vadiyi-üzamiyyə (və nami-digər Cəbəli-əntərə) məkanına düşdük on bir saat yol edib. Nəxləteyndən çıxanda yolumuz əqəbədir. Sonra dağlar bir qədər uzaqlaşır. Yolumuzun sağ və solu vase görünür. Günortanı qılıb yola düşdük.
Əsr və axşam namazı üçün əvaf edib axşamdan saat yarım keçmiş Hədyə aşmasının əqəbəsinə yavuq olduqda bizim müqəvvimlər və hükkamlar arasında bir şadlıq zühur etdi. Və şamlı uşaqlarından çoxu qışqıra-qışqıra qabağa yügürüşdülər və bizim qafilədən toplar və fişənglər atıldı və Əqəbədən dəxi toplar və fişənglər atıldı. Mundan məlum oldu ki, Şamdan gələn cərdə gəlib çatıbdır. Bu şənlik ilə qafilə əqəbəyə çatdı.
Əqəbədə cərdə valisi miralay Məhəmməd Xosrov bəy çoxlu çırağban və şənlik, çalan-çağıran mühəyya edib, çadırlar qurdurub, miri-hacpaşanı və bizi düşürüb bizə şərbət və qəhvə verdi. Bir saatdan ziyadə bu münval üzrə Əqəbədə atəşbazlıq, şənlik oldu ta qafilənin dalı gəlib keçdi.
Və həcceyn ilə gələn ərəblərdə oxumağın və oynamağın və tüfəng və tapança atıb zopı getməyin [görüb] və fitil ilə atan tüfənglərinə tamaşa edib, heyvanlarımıza minib axşamdan dörd-beş saat keçmiş Hədyə aşmasında cərdə ordusuna çatdıq.
Günorta əvafından buraya qədər səkkiz saat yol gəldik. Bu gecə cərdə ilən gələn şamlılar və bizim ilən gələn qafilələr yatmadılar bir-birləriylən mülaqat və görüşmək şövqündən.
Şimdi cərdə nə olduğun bəyan edəlim.
Dövləti-Ali-Osman padşahları[nın] hüccaci-müslimini bu yol ilə aparıb-gətirmək üçün qayətdə ehsanları və məsarifləri vardır. Əmiri-hacpaşa Şamdan əsgər və mühümmat ilə hüccacı Məkkeyi-mükərrəməyə aparıb qayıdana qədər, əlbəttə, əsgər-dəvələr yorulub və mühümmati-zəxirə azalmağın mənzurda tutub, qədimi padşahlar qərardad qoymuşlar ki, qurban bayramının sabahı Şami-şərif dən cərdə vali-əl qabı ilə bir paşa bir qədər əsgər və dəvələr lazım olan mühümmat götürüb hüccacın qabağına getsinlər. Bunlara dəxi Şam əhlindən gunəgun məkulat satmaq üçün tüccarlar qoşulub dəxi gedirlər. Və cərdə valisinin borcudur ki, Şamdan Hədyə aşmasına qədər yolda olan mənzilgahlara və qalalara və sulara mülahizə etsin ki, hüccac gələndə bir qüsurluq olmasın. Həqiqətdə, cərdə[nin] bizə Hədyə aşmasında çatmağından qayətdə məsrur olduq.
Hədyə aşması dağın dibində bir balaca səhradır, özü də xırda daşlıq, müqəvvimlərin səqqaları düşən kimi. Daşı bir arşın, iki arşın həfr etdikdən [sonra] təmiz su çıxır. Lakin suyundan hüccaclar bir qədər ehtiyat edirlər. Çün bu məhəllin ətraflarında çox sinamək ki olduğuna, ishaldan ehtiyat edirlər. Həqiqətdə, deyirlər ki, bu sudan ishala düşən çox olur. Və o su çıxan məhəllin kənarındakı dağda bir iyi və gərək çağlı böyük qala yapmışlar. Heyf ki, şərqi tərəfindəki bürcü yıxılır və özünə də müqəyyəd olmayır. Deyirlər, buradan Xeybər qalasına səkkiz, ya on saat yoldur.
Məhərrəmin 17[-si]. Günortaya qədər bu mənzildə məks edib, cərdə ordusunda qurulmuş bazardan hər kəs özü üçün mayəhtacın alıb və cərdə valisi Məhəmməd Xosrov bəyin qonaqlığın yeyib, zöhr namazın qılıb və cərdə ilən bizim qafilə qarışıb, əmiri-hacpaşa qafilənin sağ tərəfi ilə və cərdə valisi sol tərəfi ilə yola düşdük.
Kitabxana.az · https://kitabxana.az/en/works/qutqasinli-sefername
Poems by other poets
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Qənimətdir səfa sürməkFürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: