Ana yurdum, aman oy!..
Dostum Vasim Məmmədəliyə
Adımızı qonaqsevər qoydular,Xalqımızın saflığını duydularYurdumuzu taladılar, soydular,Halımızı eylədilər yaman, oy!
Gülüstanda çalağanlar göründü,Azərbaycan iki yerə bölündü,Dağlarımız tüstülərə büründü,Üstümüzü aldı qara duman, oy!
Bir gün bizə güldü ömür novrağı,Bayram etdik ay-ulduzlu bayrağı,Günəşləndi Azərbaycan torpağı,Güldü dəniz, zirvə, dərə, orman, oy!
İkicə il atdı ömür danımız,İkicə il rahat oldu canımız,Sonra axdı su yerinə qanımız,Ürəyimiz oldu qırıq kaman, oy!
Oylaqları yıxıb viran etdilər,Yaylaqları yaxıb aran etdilər,Yurdumuzu gülləbaran etdilər,Yaralandı şəhər, dəniz, liman, oy!
Düşündük ki, bu nə kabus, bu nə sir?Torpaq əsir, vətən əsir, xalq əsir,O vəhşəti çəkmiş idik bir əsr,Yenə gəldi o dəhşətli zaman, oy!
O gerçəkdən qorxunc olan nağıl yox,Yurdumuzda dəlinməyən çağıl yox,Başçıların başlarında ağıl yox,Haman dərddir, haman dərddir, haman, oy!
Qurşunlanır könüllərdə ümidlər,Susdurulur qurd ürəkli igidlər,Şəhidlərin üzərindən şəhidlər,Alçaqlara yabançıdır iman, oy!
Bolşeviklər daşnaklara qatıldı,Bazar oldu satılanlar satıldı,Ərdəmlilər zindanlara atıldı,Bulunmadı dərdimizə dərman, oy!
Divan oldu, dağıdıldı ordumuz,Tülkülərlə çevrələndi qurdumuz,Qara geydi qara baxtlı yurdumuz,Aman yoxdur bugün bizə aman, oy!..
Ankara, 1990
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-ana-yurdum-aman-oy
Use ← → keys to move, R for a random poem