Gələn ağlar, gedən ağlar
Bir gözlə ölüm hər kəsə baxmaqda əzəldən,Yoxdur ona varlıqda gülün fərqi xəzəldən.
Yox bir cavanın bir qocadan fərqi onunçün.Olmuşmu məhəbbətlə ötən şərqi onunçün?!
Bi yavruya, bir ifritə bir gözlə baxar o,Bir qönçəni şimşək kimi bir anda yaxar o.
Yox fərqi onunçün mələk olsun, ya da şeytan,Yox fərqi onunçün ola dahi, ola nadan.
Yox fərqi onunçün ya kasıbdır, ya da zəngin,Yox fərqi onunçün ya gözəldir, ya da çirkin.
Həm yüksəyə, həm alçağa bir gözlə baxar o,Həm insana, həm daşnağa bir gözlə baxar o!
İnsanlığa böhtan ola, yox fərqi onunçün,İnsanlara qurban ola, yox fərqi onunçün.
Hər an ölə bilməkdə hər insan bu həyatda,Varlıqda ölümdən nədir asan bu həyatda?!
Bir halda ki yüz əlli il ömr eyləyən olmuş,Bir halda ki bir yaşlı çocuq gül kimi solmuş.
Bir halda ki hakim kəsilib vəhşət, ədavət,Bir halda ki vardır nə həqiqət, nə ədalət!
Bir halda ki bar-bar bağırır haq deyə haqsız,Bir halda ki qətl olmada minlərlə yaraqsız.
Sormaq nə gərəkdir ki könüllər nədən ağlar?!Dünya yaranandan gələn ağlar, gedən ağlar!..
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-gelen-aglar-geden-aglar
Use ← → keys to move, R for a random poem