Dedi: müstəmləkədir yurdum, aman, ağlayaraq,Öz əliylə özü öz mənliyini dağlayaraq.

Bu dedi, xalqıma aləmdə böyük bir ləkədir,Yazıq olmuş o ulus ki, adı müstəmləkədir!

Özün öz bağrına dağ çəkmə, qəhərlənmə, dedim,Acı müstəmləkə qəhriylə zəhərlənmə, dedim.

Bura müstəmləkəmi, yox, bu tamam başqa cəfa,Nə dəva var ona dünyada nə məlhəm, nə şəfa!

Çünki müstəmləkələr mənliyini əyməzlər,Ruhuna əsla toxunmaz, dilinə dəyməzlər.

Adəti, ənənəsi, musiqisi, şeri durar,Tarixi, təntənəsi, mənzərəsi, seyri durar.

Yer üzündə var əsrlər boyu müstəmləkələr,Gündə üsyan edir eldə, çıxarır mərəkələr!

Çox da müstəmləkədir, təhrif olunmur ki adı,Qondarılmır, dəyişilmir kökü, itmir soyadı.

Hankı müstəmləkə xalq sürgün edilmiş, nə zaman?Səsi, haqqı alınıb, ölgün edilmiş nə zaman?!

Hankı müstəmləkə yurd doldurulub yadlarla,Şairi susdurulub ölkədə cəlladlarla?!

Hankı müstəmləkə xalq oxlanıb öz taxtında,Doğmalar tabe olub yadlara paytaxtında?!

Hankı müstəmləkə yurd əsnəbi adlarla dolub,Küçələr xalqa yasaq yapma soyadlarla dolub?

Hankı müstəmləkə xalq öz dilinə həsrət olub,Hankı müstəmləkə yurd parçalanıb, qarət olub?!

Ey zavallı, dedim, ey kaş, dediyin gerçək ola,Bura müstəmləkəmi, yox, bu tamam başqa bəla!

Bura müstəmləkəmi? Yox! Demə müstəmləkədir,Bu cəfanın adı yoxdur, bu böyük təhlükədir!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland