Xodaya, cahan-padşahi torast,
Ze ma xedmət ayəd, xodayi torast!
(İlahi, dünya şahlığı sənə mənsubdur,
Biz xidmət etməliyik, sahiblik sənə mənsubdur! – red.)

“İskəndərnamə” hicri 597-ci ildə (miladi 1200-cü il) Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr Məhəmmədin adına yazılmışdır.

Bu dastan yunanca orijinalı itdiyi halda, Şərq dillərində tərcüməsi mühafizə olunmuş Yunanıstanlı Klastinesin uydurma kitabından götürülmüşdür.

Öz adəti üzrə Nizami, müxtəlif qədim və yeni qaynaqlardan toplayaraq işlədiyi bu süjeti 10 540 beytlik bir məsnəvi halına salmışdır.

“İskəndərnamə” iki hissədən ibarətdir. 6896 beytlik birinci hissə “Şərəfnameyi-İskəndəri”, 3644 beytdən ibarət olan ikinci hissə “İqbalnameyi-İskəndəri” adlanır. Hər iki hissə, çox güman ki, bir-birinin ardınca, fasilə verilmədən yazılmışdır.

Nizamidən əvvəl bu süjet məşhur İran şairi Firdovsi tərəfindən qələmə alınmışdır. Nizami də şübhəsiz, bu məsələdən agahdır. Amma məsələ burasındadır ki, Firdovsi İskəndərdən, qədim İran şahlarının tarixindən ibarət olan “Şahnamə”sində qismən bəhs etmişdir. Nizami isə əsərini bütünlüklə, idealizə etdiyi bu qəhrəmana həsr etmişdir. Və xüsusi qeyd etdiyi kimi, mövzunu tamamilə yeni mövqedən qələmə almışdır.

“İskəndərnamə”nin məzmununu xülasə etmək üçün əslində şairin öz köməyinə müraciət edəcəyik. O, bunu əsərinin müqəddiməsində mükəmməl bir surətdə etmişdir. On mindən artıq beyti əhatə edən bu nəhəng əsəri barədə Nizami deyir ki, nəzm bəzəyindən ayırd edilsə, “İskəndərnamə”dəki həqiqətləri bir səhifəyə sığışdırmaq mümkündür. Bunu da şair özü etmişdir. Kitabının bütün xülasəsini əvvəlcə bir səhifədə vermişdir.

Biz, ustadın ruhuna min rəhmət və təşəkkürlə, bu ecazkar səhifəni oxucularımıza nəql etməklə kifayətlənəcəyik. Bununla da, həm onları yormadan böyük poemanın ruhu ilə tanış edəcək, həm də Nizami şerinin parlaq dili ilə təsvir olunan böyük İskəndərin dünya qədər əngin və xəyal qədər zəngin həyatının xülasəsini vermiş olacağıq:
“İskəndər dünyanın dörd tərəfini gəzmiş bir padşahdır. Zərdüşt dinindən başqa, heç bir adət və mərasimə toxunmayaraq Kəyanilərin taxtına çıxmışdır. Yunanıstanda qızıla ilk sikkə vurduran odur. Dəri (qədim fars) dilindəki hikmət kitablarını yunan dilinə o tərcümə etdirmişdir. Güzgünü icad edən odur. Misirliləri zəngibarlılardan xilas etmişdir. Daranın taxt və tacını almışdır. Yer üzünü “hindu qaralığı” və “rus sarılığı”ndan təmizləyərək “gəlin otağı” kimi bəzəmişdir. Çinlilərə gəmiçilik öyrətmiş, Keyxosrova naib olmuşdur. Iyirmi yaşında ikən şahlıq təbili onun adına çalınmış, iyirmi yeddi yaşında ona peyğəmbərlik verilmişdir. Onun peyğəmbər olduğu gün tarixin başlanğıcı sayılmışdır. Din sayəsində insanlara bilik, ədalətli dövlət sayəsində məmləkətlərə dinclik və səadət gətirmişdir. Dinin bir çox hikmətləri, dünyanın saysız-hesabsız tikililəri ondan qalmış nişanələrdir. Hər səfərində dünyanı qaydaya salmış, bir çox mühüm şəhərlər tikdirmişdir. Hindistandan Ruma qədər bir çox imarətlər, karvansaralar və binalar tikdirmişdir. Dərbəndi ilk dəfə “dərbənd” edən odur. Bulqar deyib keçməyin: o da yaranışını İskəndərə borcludur. Yəcuc-Məcuc səddi də onun nişanəsidir. Bunlardan başqa ondan qalma daha o qədər şeylər var ki, deməklə qurtarmaz!”.

“Kürəmizi məchulluqdan qurtarmaq əzmi ilə bu mübarək şəxs dünyaya çəlipayi (xaç kimi) bir bölgü vermişdir; xaç əlaməti bizə ondan qalmışdır. Bu dörd bucaqlı xəritə vahidlərinə o, bir ölçü vermişdir. Şimal qütbünə bir, Cənub qütbünə digər bir mismar çalmış, Şərqdən bir, Qərbdən digər bir ip çəkərək bu uzunluq (tul) və en (ərz) içində heç kimin bilmədiyi bir əsas qurmuşdur”.

“Dünyanı səyahətə çıxarkən keçdiyi yolları ölçməyə başlamışdır: fərsəx (ağac), mil, mərhələ anlayışları peyda olmuşdur. Xüsusi təyin etdiyi yerölçənlər, yüzlərlə katiblər ip çəkərək ölçü götürmüşlər və quruda hər yerə yetişərək mənzillər (dayanacaqlar – red.) təsbit etmişlər; dənizlərə də gəldikdə, ölçü götürmək yolu tapılmışdır: hazırlanmış iki gəmi bir-birindən ayrı və bir çatı ilə bağlı olduqları halda, bütün sahilləri dolaşaraq, dəniz yollarını ölçmüş və mənzillərini müəyyən etmişlər. Bu səy nəticəsində kürəmiz tamamilə ölçülmüş, onun gördüyü tədbirlər sayəsində yer üzündəki yollar kəşf edilmişdir: hal-hazırda yaşadığımız “Rüb-i məskun”u kəşf edən odur”.

“Onun at sürdüyü hər bir ölkə abad olmuş, hər tərəfə ədalət yayılmışdır; (o) dağların, dərələrin ehtiyaclarına baxmış, çarəsini tapmışdır”.

Fəqət...

“Fəqət ölüm gəldikdə, o da, digər fanilər kimi aciz qalmışdır!..”

“İskəndərnamə”nin xülasəsini Nizami bu sözlərlə tamamlayır:

“O tac sahibinin tarixindən kara gələni budur. Bunun xaricində qələm nə yazarsa, ya artıqlıq, ya da əskiklikdən qurtulmaz!”

“İskəndərnamə”nin əsl “özəyi” həqiqətən bundan ibarətdir. Fəqət şair bu özəyi dolğunlaşdırmış, öz zövqünə uyğun “bəzəmişdir”. Bunu həyata keçirərkən Nizami sənət baxımından olduğu kimi, hikmət nöqteyi-nəzərindən də “İskəndərliyi” idealizə etmişdir. Bu yolda o, bəzən anaxronizmə də yol vermişdir. Məsələn, İskəndəri bir müsəlman kimi Kəbə ziyarətinə gətirmiş, bir türk və ya qafqazlı kimi onu ruslarla vuruşdurmuş, Bərdə hökmdarı gözəl Nüşabəni “rus vəhşilərinin əsatirindən” onun əli xilas etmişdir.

Şair özü də anaxronizmi yaxşı başa düşür: necə ki deyir:

“Hekayətimdə irəli-geri çəkmələr görsəniz, eyib tutmayın; bundan qaçmaq mümkün deyildir”.

XII yüzilliyin mütəfəkkiri Nizami, çox vaxt XIX əsrin filosofu Spencer (Spenser) kimi, sənət lüzumu ilə söylənən “yalan”ı, doğruya ləzzət gətirən “duz” kimi işlətməkdə eyib görmür; çünki “yalana bənzər doğrudansa, doğruya bənzər yalan yaxşıdır”.

Nizami təxəyyülünün meyarı məhz budur. Bu meyara (“əndazə”) sadiq qalan şair “İskəndərnamə”ni “Məxzənül-əsrar”dakı hikmətləri, “Xosrov və Şirin” ilə “Həft peykər”indəki bədii ustalığı, “Leyli və Məcnun”dakı psixoloji təhlil ilə yoğuraraq, həm forma, həm də məzmun baxımından yüksək olan monumental əsər yaratmışdır. Elə bir nəhəng əsər ki, onun “nə zaman unutdura, nə yağışlar dağıda, nə də küləklər uçura bilər”. Şairin sözləri ilə desək, İskəndər bir vaxt “Zülmət”də aramış olduğu dirilik çeşməsini, “Beşliyin” sonuncu xəzinəsini təşkil edən bu nəhəng əsərdə, yəni “İskəndərnamə”də tapmışdır.

Nizaminin “İskəndərnamə”sindəki ədəbi özünəməxsusluğun tarixi süjeti müasir mənalandırılmasından ibarət olmasına baxmayaraq, şairin orijinallığını təşkil edən lirizmdir. Fateh və islahatçı bir qəhrəmana dair tarixi dastan olmasına baxmayaraq, “İskəndərnamə”də də şairin lirik mövqeyi epik mövqeyə üstündür. Iskəndərin hər hansı hərbi və siyasi qələbəsi belə mütləq könülə aid bir eşqin qələbəsi – bir toyla tamamlanır.

Iskəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də, bir aşiqdir.

Beş əsərinin xülasəsini bitirərkən, Nizaminin oxucularından rəhmət gözləyən bir diləyini də burada qeyd etmək istərdik:

Varaq, varaq yazıb burda bitirdim
Qutluluqla sözü sona yetirdim.

Şad ola ruhu o kəsin, kim deyə:
Nizamiyə Tanrı rəhmət eyləyə!


Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Azərbaycan XII əsrdə

XII əsr** böyük Səlcuq imperiyasının süqut dövrünə təsadüf edir. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən tənəzzül edən böyük səltənət yerli əmirliklər və atabəyliklərə parçalanmışdı. Məhz bu dövrdə islam Şərqi qərbdən xaçpərəstlərin, şərqdən isə bütpərəst monqolların basqınlarına məruz qalmış, əsrlik mədəniyyət süquta üz qoymuşdu.Bu qarışıqlıq və səbatsızlıq dövründə Anadoludakı Konya sultanlığı kimi, Şirvan şahlığı ilə Azərbaycan nisbi əmin-amanlıqda olmuş, Şərq islam mədəniyyətinin, xüsusən klassik İran ədəbiyyatının mühüm sığınacağına çevrilmişdir.

19497 min
Milliyyət baxımından ədəbiyyatda forma və məzmun

Şərq və Qərb tədqiqatçıları tərəfindən Nizami daha çox İran ədəbiyyatı nümayəndəsi kimi öyrənilmiş və onun şəxsiyyəti yalnız həmin sifət ilə tanınmışdır.Kök salmış bu yanlış təsəvvürə baxmayaraq, Nizami bizim qənaətimizcə, Azərbaycan şairidir və bu həqiqət yalnız onun nisbətinin “Gəncəvi” olmasından irəli gəlmir.

19493 min
Nizami Azərbaycan şairi

Nizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir.

19491 min
Nizaminin yaradıcılığı

Nizami yalnız klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri, həm özü yaratdığı yeni janr (eşq əfsanəsi), həm bu janr ilə tam ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünəməxsus kəskin ifadəli (rəmzli) dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş (qüdrətli təsvir), həm yüksəklərdə uçan geniş təxəyyüllü parlaq obraz və təşbehlər, həm də təsadüfə yer vermədən hər şeyi dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə (vəhdəti-vücud nəzəriyyəsi) ilə eni-boyu ölçülməyən ucaman bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir.N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Həmin sistem elə bir sistemdir ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.

19492 min

Poems by other poets